Məhkəmə qərarları › İş №2(3-1)-99/2026

Naxçıvan MR Ali Məhkəməsi Qətnamə — İş №2(3-1)-99/2026

23.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Naxçıvan şəhəri İş № 2(3-1)-99/2026 23.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya İddiaçı Cavabdeh qarşı pul tələbi (Açar sözlər: pul tələbi, borc müqaviləsi, əsassız varlanma, sübutetmə yükü, əqdin yazılı forması, əqdin etibarsızlığı) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Quliyev Vüqar Kərim oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclas katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. İddiaçı İddiaçı "21" oktyabr 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Cavabdeh 6700 (altı min yeddi yüz) manat məbləğində borcun və 87 (səksən yeddi) manat məbləğində dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-02).

b) İddia tələbinin əsaslandırılması.

2. İddiaçı tələbini əsaslandıraraq göstərmişdir ki, cavabdeh Cavabdeh aralarındakı razılaşmaya əsasən 2 aylıq müddətinə ## #### 2025-ci il tarixdə ümumi olaraq müəyyən vaxtlarda hissə-hissə 6700 (altı min yeddi yüz) manat borc pul vermişdir. Cavabdeh dəfələrlə borcunu istəməyinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmır. Dəfələrlə ona pulunu ödəməyini bildirsə də hər dəfəsində bəhanələr uydurur. Cavabdeh bundan əvvəl də ondan 3000 min manat borc almışdır. Həmin borcu qaytardığından ikinci dəfə ona inanaraq 6700 manat borcu hissə-hissə vermişdir. Bu işə belə laqeyd yanaşacağını bilməmişdir. Cavabdeh ona olan borcunu qaytarmadığı üçün məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur.

c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

3. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia əsassız olduğundan rədd edilmiş, məhkəmə məsrəfi olaraq dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdi (iş vərəqə 91-96).

ç) Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi.

4. Mübahisəyə baxan birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdı ki, iş materiallarında olan iddiaçının və cavabdehin izahatından, şahidin ifadəsindən aydın olur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 2025-ci ilin mart ayında 6700 manat pul verməsi öz təsdiqini tapmır. Ondan əvvəl tərəflər arasında borc münasibətləri olması tərəflərin izahatları ilə sübuta yetirilir, lakin həmin pulun cavabdeh tərəfindən qaytarılması da iddiaçının izahatına əsasən sübut olunur. İkinci dəfə tərəflər arasında pul münasibətləri olması nə tərəflərin izahatları, nə şahid ifadəsi, nə də iş materiallarında olan səs yazısı ilə təsdiq edilmir. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ###### 2026-cı il tarixli qərarda da tərəflərin izahatları alınmış, araşdırma aparılmış, iddiaçının cavabdehə 6700 manat pul verməsi təsdiqini tapmamışdır.

II. Apellyasiya icraatı. a) Apellyasiya şikayətinin obyekti.

5. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı ## ##### 2026-cı il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək həmin qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 103-106).

b) Apellyasiya şikayətinin əsaslandırılması.

6. İddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsində mövcud iddia tələbinə öhdəlik münasibətlərindən irəli gələn maddələr tətbiq olunmalı olduğu halda əsasız varlanma ilə bağlı maddələr tətbiq olunmuşdur. Halbuki işdə əsasız varlanma halı sübuta yetirilməmişdir. Məhkəmə yalnız iddia tərəfinin və iş üzrə şahid olan X2 ifadələrinə istinad etməklə qətnamə qəbul edərək iş üzrə əsasız nəticəyə gəlmişdir.

7. O, cavabdehdən borc pulun qaytarılmasını tələb edir. Məhkəmə mülki tələb üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc müqaviləsi ilə bağlı 739.1-ci maddəsini tətbiq etməli olduğu halda, qətnamə çıxararkən həmin maddəni tətbiq etməmişdir.

8. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra qiymət verməli olduğu halda bu qayda pozulmuşdur. Cavabdeh Cavabdeh ondan 6700 (altı min yeddi yüz) manat borc aldığını səs yazısı ilə etiraf etməsinə baxmayaraq, məhkəmə bunu sübut kimi rədd etmişdir.

9. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinmişdir. Məhkəmənin yalnız sübutetmə yükünü iddiaçının üzərinə salması prosessual hüquq normasının pozulması kimi hesab edilməlidir.

10. Şikayət edən tərəf birinci instansiya məhkəməsinin maddi hüquq normalarını pozması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 739.1-ci və 739.2-ci maddələrinə, prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq etməməsinin əsası kimi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) İşin apellyasiya icraatına qəbulu.

12. Apellyasiya şikayəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “15” may 2026-cı ildə daxil olmuş və kollegiyanın ## ### 2026-cı il tarixli qərardadı ilə icraata qəbul edilmişdi.

III. İzahatlar və prosesin gedişi.

13. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, cavabdehdən ona verdiyi pulu tələb edir. Cavabdeh 2024-cü ildə 2 aylıq müddətə ondan pul almış və həmin pulu geri ödədiyi üçün onda qarşı tərəfə inam yaranmışdı. Qarşı tərəfə verdiyi pul əslində özünə aid olmamış, başqa şəxsdən aldığı vəsaiti cavabdehə vermişdi. Daha sonra cavabdeh 2025-ci ilin fevral-mart aylarında ondan yenidən pul almış, lakin pulu geri tələb edən zaman ödəyə bilmədiyini əsas gətirmişdi. 2025-ci ilin aprel ayında cavabdeh həmin ilin oktyabr ayında “Birbank” kartını yeniləyəcəyini və pulun üzərində əlavə 3000 manat da verəcəyini vəd etsə də, həmin məbləğ faiz borcu olmamışdı. Cavabdehdən bu dedikləri ilə bağlı imzalı sənəd istəsə də, o bundan imtina etmiş, lakin məsələ ilə bağlı səs qeydləri saxlanılmışdı. 2025-ci ildə cavabdehin həyat yoldaşına müraciət edərək pul sahibinin faizi deyil, sadəcə verdiyi pulu istədiyini çatdırmış, o isə məsələni cavabdehlə öz aralarında həll etmələrini məsləhət görmüşdü. Buna görə də cavabdehin vədini nəzərə alıb 2025-ci ilin oktyabr ayına qədər gözləmiş, lakin həmin vaxt cavabdeh pulu geri ödəməyəcəyini qəti şəkildə ifadə etdikdən sonra ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdi. Cavabdehin ondan pul almasından xəbəri olmayan həyat yoldaşı, xalasının qızları ilə cavabdehin oyunlara qoşularaq pulları uduzduğunu və vəsaiti oraya verdiyini söyləmişdi. Eyni zamanda, özü üçün aldığı 700 manat pulu da səhvliklə cavabdehə verəcəyi pulun içində ona vermiş, geri qaytarmasını tələb etdikdə isə cavabdeh pulları artıq terminaldan keçirdiyini əsas gətirərək həmin məbləğin də borc kimi qəbul edilməsini ondan xahiş etmişdi. 2023-cü ildə cavabdehə heç bir pul verməsə də, qarşı tərəf öz izahatında bunu fərqli formada təqdim etmişdi.

14. Apellyasiya şikayəti verən şəxs ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, Aybənizə 2 aylıq müddətə 200 manat pul vermiş, həmçinin 2024-cü ildə cavabdehin kartından 2 dəfə vəsait çəkərək pulu əsl sahibinə qaytarmışdı. Cavabdehin guya 4200 manat faiz pulunu ona ödəməsi ilə bağlı polisə verdiyi izahat yalan olmuş və qarşı tərəf 2025-ci ildə ondan aldığı pulla bağlı heç bir faiz verməmişdi. Özü 500 manat əməkhaqqı almış, 2024-cü ildə cavabdehə pul verən zaman isə o, əməkhaqqı kartını öz xoşu ilə ona təqdim etmişdi. Belə ki, cavabdeh 2024-cü ilin noyabr-dekabr aylarında aldığı pulu geri ödədikdən sonra əməkhaqqı kartını onun özünə qaytarsa da, 2025-ci ilin fevral-mart aylarında yenidən borc alan zaman kartı təkrar ona vermiş və həmin sənəd 2 ay müddətində onda qalmışdı. İki ayın tamamında pul ödənilməmiş və cavabdeh onu hədələdiyi üçün əməkhaqqı kartını geri qaytarmalı olmuş, bundan sonra cavabdeh borcu ilə bağlı heç bir ödəniş etməmişdi. Cavabdehə verdiyi pulu əslində bir həmkəndlisindən almış, lakin həmin şəxs məhkəmədə adının çəkilməsini istəmədiyi üçün kimliyini açıqlaya bilməzdi. Həmçinin, 2025-ci ilin mart ayında 6700 manat məbləğində pulun cavabdehə verilməsi zamanı yanlarında heç kim olmamışdı.

15. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, verdiyi izahatında bildirmişdi ki, səhhəti ilə bağlı problemləri olduğundan iddiaçıdan bir neçə il öncə, təxminən 2023-cü ilin son aylarında borca pul istəmiş, o isə faiz qarşılığında ona 3500 manat verərək əməkhaqqı kartını almışdı. İddiaçı ona kartdan hər ay pul çəkəcəyini demiş və o zaman 525 manat maaş almışdı. Həmin vaxt pulu Türkiyə Respublikasında müalicə almaq üçün almış, qarşı tərəf isə mütəmadi olaraq onun əməkhaqqı kartından vəsait çəkmişdi. Bir müddət keçdikdən sonra iddiaçıdan aldığı pulu geri qaytarıb əməkhaqqı kartını almaq istəmişdi. İddiaçı 2025-ci ilin mart ayına qədər onun kartından pul çəkmiş, arada pulu olmayan zamanlarda müalicəyə getmək üçün iddiaçıdan əməkhaqqı kartını özü götürmüşdü. Lakin ondan kartı alıb əməkhaqqını çəkdiyi dövrlərdəki ödənişlərin faizləri iddiaçı tərəfindən ona verilmiş 3500 manat pulun üzərinə gəlinmişdi. Prokurorluq orqanlarında aparılan araşdırma zamanı iddiaçının onun əməkhaqqı kartından 2025-ci ilin mart ayına qədər pul çəkməsi sübut olunmuşdu. Həmin ay onlara bayram pulu da verildiyi üçün sonuncu dəfə iddiaçı əməkhaqqı kartından 825 manat pul çəkmişdi. Prokurorluq orqanlarında iddiaçı barəsində geniş araşdırma aparılmış, birinci instansiya məhkəməsində keçirilən iclaslarda isə qarşı tərəf onun əməkhaqqı kartından pul çəkdiyini etiraf etməmişdi. Bununla əlaqədar banka sorğu verilərək bankomatın görüntüləri məhkəməyə təqdim edilmişdi. İddiaçı həmin görüntülərdə olan şəxsin özünün qaynı olduğunu iddia etsə də, əslində həmin şəxs onun qaynı olmamışdı. Birinci instansiya məhkəməsində hakim tərəfindən iddiaçıdan görüntülərdə olan şəxsi tanıyıbtanımaması soruşulduqda, o, həmin şəxsi tanımadığını və pul çəkən zaman təsadüfən orada olduğunu əsas gətirmişdi. Eyni zamanda, iddiaçı prokurorluqda araşdırma aparılan zaman əməkhaqqı kartından 2025-ci ilin mart ayına qədər pul çəkdiyini etiraf etsə də, həmin pulu çəkərək ona verdiyini irəli sürmüşdü. Halbuki, özü iddiaçıdan aldığı pulu faizi ilə birlikdə tam ödəmişdi. Ondan aldığı 3500 manat əsas borcu qaytardıqdan sonra əməkhaqqı kartını tələb etsə də, iddiaçı kartı verməmiş və bundan sonra o, kartını bağlatdırmağa məcbur olmuşdu. Həmin əməkhaqqı kartı hazırda da iddiaçıda qalmış, onu geri qaytarmamış və faktı da qəbul etməmişdi. Bütün sübutların məhkəməyə təqdim edildiyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi.

16. Cavabdeh ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, 625 manat əməkhaqqı almış, qardaşından borca pul götürərək müalicəyə getmiş və həmin vəsaiti qaytarmaq məqsədilə iddiaçıdan pul almışdı. Həyat yoldaşı ilə problemləri olduğu üçün ayrı yaşadıqlarına görə iddiaçıdan borc aldığını ona bildirməmişdi. Əməkhaqqı kartı iddiaçıda qaldığı müddətdə maddi ehtiyaclarını qarşılamaqda valideynləri və qardaşı ona kömək etmişdilər. Öncədən götürdüyü kreditlərə görə yalnız müəyyən edilmiş müddət bitdikdən sonra bankdan yenidən vəsait cəlb edə bilərdi və məhz bankda aktiv krediti olduğu üçün yeni kredit götürərək iddiaçıya olan borcunu bağlaya bilməmişdi. Banka olan kreditini anası ödəmiş, həyat yoldaşı ilə ayrı olsalar da, qayınanası da ona maddi köməklik göstərmişdi. Pulu iddiaçıdan iki hissəyə – ilk dəfə 1500 manat, ikinci dəfə isə 2000 manat olmaqla yalnız bir dəfə 2023-cü ildə almış, 2025-ci ildə isə ondan heç bir borc almamışdı. 2024-cü ildə kartını iddiaçıdan geri alaraq ümumilikdə 6 dəfə maaşını özü çəkmiş və sonradan kartı yenidən ona qaytarmışdı. İddiaçı verdiyi 3500 manat qarşılığında ondan hər ay 525 manata yaxın faiz götürmüş, hər 1000 manata görə əvvəlcə 15 faiz alsa da, daha sonra heç kimin bu faizlə pul vermədiyini əsas gətirərək dərəcəni 20 faizə yüksəltmişdi. İddiaçının ondan tələb etdiyi məbləğlər məhz bu faiz dərəcəsi yüksəldildikdən sonra ödəyə bilmədiyi pullar olmuşdu. Ümumilikdə iddiaçı verdiyi 3500 manat əsas borca görə onun kartından 6300 manata yaxın faiz pulu çəkmişdi. 2025-ci ilin mart ayının əvvəlində iddiaçıdan aldığı 3500 manat əsas borcu tam olaraq onun özünə qaytarmışdı. Borcu tam geri ödəsə də, əməkhaqqı kartı iddiaçıda qalmış və hazırda ona heç bir borcu qalmamışdı.

IV. İşin halları:

17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: 18.- xarici yaddaş qurğusunda olan səs yazısından danışıq zamanı Jalə "heç cürə alınmır, Nailə", Nailə "Sən mayın axırı verərsən?", Jalə "Mayın maaşını sənə verəcəm... Səkkizi də 150 manatını verəcəm", Nailə "O aprelin faizini ver, mən aparım o kimindisə verim", Jalə "Aprelin şey eləyə bilmərəm, qoy, eybi yox, aprelinkini mayda verim. Mayın 8-i deyirəm verəcəm, faizini verim aprelinkini. Elə bil mayın axırı o pulu gətirəndə, maaş alanda, üstünə də qoyaram, bir 100 manat da qoyub elə verərəm", Nailə isə "13-nə ver" deyə bildirməsi (iş vərəqə 33); 19.- Naxçıvan Şəhər Prokurorluğunun ## ###### 2026-cı il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından cavabdehin həyat yoldaşı Nümayəndə iddiaçı İddiaçı qanunsuz olaraq faizə pul verməsi və onlardan hədə-qorxu ilə pul tələb etməsi barədə Naxçıvan Şəhər Prokurorluğuna müraciət etməsi, aparılmış araşdırmanın nəticəsində iddiaçının əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi, lakin iddiaçının lisenziya almadan vətəndaşlara faiz qarşılığında borc pul verməsi faktı aşkar edildiyindən, əməlində İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasının müəyyənləşdirilməsi üçün toplanmış materialların Naxçıvan Şəhər Polis İdarəsinə göndərilməsi aydın olur (iş vərəqə 79-87).

V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri.

20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7ci maddələr).

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsini iddiaçı İddiaçı mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının iddiaçı tərəfindən mübahisələndirilən hissəsi təşkil edir. İşin materiallarından və verilmiş apellyasiya şikayətindən aydın olur ki, iddiaçı İddiaçı sözügedən qətnaməni tam mübahisələndirir.

23. İddiaçı tərəfin verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır.

VI. Tətbiq edilən hüquqi aktlar.

a) Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. - 6.1.9-cu maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülki hüquqların məhkəmə müdafiəsidir;

25. - 324.1, 324.2 və 324.4-cü maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir;

26. - 329.1 və 329.2-ci maddələrində qeyd edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır;

27. - 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər;

28. - 334.1-ci maddəsinin tələbinə görə əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir;

29. - 337.1-ci maddəsi ilə müəyyən edilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər;

30. - 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

31. - 386.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

32. - 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür;

33. - 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır;

34. -740.1 və 740.2-ci maddələrində göstərilir ki, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir;

35. -742.1-ci maddəsinin tələbinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir;

36. - 742.2-ci maddəsinin tələbinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın;

37. - 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir;

38. - 1092.1-ci maddəsinin mahiyyətindən görünür ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir.

b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

39. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir;

40. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;

41. - 76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir;

42. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

43. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

44. - 218.3-cü maddəsində qeyd edilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər;

45. - 392.2-ci maddəsinə görə apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin aktları:

46. - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarında qeyd edilir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir;

47. - "Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarına əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara (elektron yazışmalar, səs yazıları və s.) istinad etməklə təsdiqlənməsi imkanı istisna edilmir və forma tələbinə riayət edilməməsi öz-özlüyündə müqaviləni etibarsız etmir.

VII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

48. Kollegiya mülki iş materiallarını, verilmiş apellyasiya şikayətini, həmçinin işdə olan sübutları və tərəflərin izahatlarını qarşılıqlı, hərtərəfli və obyektiv şəkildə öyrənərək, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin qanuni və əsaslı olub-olmaması məsələsinə apellyasiya şikayətinin dəlilləri hüdudlarında hüquqi qiymət verilməsini zəruri hesab edir. Bu məqsədlə, ilkin olaraq apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq iddia tələbinin həcminə və sübutetmə məsələlərinə aydınlıq gətirilməlidir.

49. İşin hallarından görünür ki, iddiaçı İddiaçı iddia tələbini və onun əsaslandırmasını bilavasitə onunla əlaqələndirmişdir ki, aralarındakı razılaşmaya əsasən ## #### 2025-ci il tarixdə cavabdehə hissə-hissə 6700 manat məbləğində borc pul vermişdir. Cavabdeh Cavabdeh isə həmin iddia tələbini qəbul etməyərək, göstərilən tarixdə iddiaçıdan hər hansı bir məbləğdə borc almadığını, tələb olunan məbləğin yeni verilmiş borc olmadığını və əvvəldən yaranmış borca görə hesablanmış faizlərdən ibarət olduğunu və onu ödədiyini bildirmişdir.

50. Belə olan halda, apellyasiya şikayəti məhz iddia tələbi və onun əsaslandırıldığı halların mövcudluğu nəzərə alınmaqla dəyərləndirilməlidir. Yəni, mübahisənin düzgün həlli üçün məhkəmə qarşısında duran mütləq hüquqi fakt – iddiaçı tərəfindən 6700 (altı min yeddi yüz) manat məbləğində pulun məhz ## #### 2025-ci il tarixdən etibarən cavabdehə verilməsinin sübuta yetirilib-yetirilməməsindən ibarətdir.

51. Kollegiya xüsusilə vurğulayır ki, mübahisənin həlli üçün iddia edilən öhdəliyin məhz ## #### 2025-ci il tarixi ilə əlaqələndirilməsinin ciddi hüquqi əhəmiyyəti vardır. Belə ki, həm məhkəmə iclaslarında tərəflərin verdikləri izahatlardan, həm də iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Prokurorluğunun ## ###### 2026-cı il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarından tərəflər arasında əvvəllər də pul-borc münasibətlərinin mövcud olması inkar edilmir. Mübahisənin əsas xüsusiyyəti isə hazırda tələb olunan 6700 (altı min yeddi yüz) manat pulun məhz hansı öhdəlikdən yaranmasının müəyyən edilməsidir. Yəni məhkəmə iddia edilən bu məbləğin tərəflər arasındakı əvvəlki borc münasibətlərinin qalıq hissəsi (yaxud əvvəlki borca görə qanunsuz hesablanmış faizlər), yoxsa iddiaçının iddia ərizəsində qəti olaraq istinad etdiyi kimi, məhz ## #### 2025-ci ildə verilmiş tamamilə yeni və müstəqil bir borc məbləği olmasını fərqləndirməlidir. İddiaçı öz tələbini əvvəlki borclarla deyil, məhz həmin tarixdə yeni verilmiş pul vəsaiti ilə əsaslandırdığından, iş üzrə sübutetmə prosesi də bilavasitə bu faktın ətrafında qurulmalıdır.

52. Bununla yanaşı, iş materiallarında mövcud olan Naxçıvan Şəhər Prokurorluğunun ## ###### 2026-cı il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarının tədqiqi zamanı aydın olur ki, iddiaçı İddiaçı həmin qərar üzrə verdiyi izahatında cavabdehdən pulu 2025-ci ilin yanvar ayında istədiyini bildirmişdir.

53. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş sübutetmənin mahiyyətinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Həmin maddədən görünür ki, mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bu hüquqi prinsipə görə, pul vəsaitini cavabdehə verdiyini iddia edən şəxs (iddiaçı) ilk növbədə həmin vəsaitin faktiki olaraq verilməsini mötəbər sübutlarla təsdiq etməyə borcludur. Yalnız iddiaçı öz tələbinin əsaslılığını ilkin mötəbər sübutlarla sübuta yetirdikdən sonra, cavabdehin həmin dəlilləri təkzib etmək vəzifəsi (yükü) yaranır.

55. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

56. Bununla bağlı olaraq, iddiaçı tərəfindən iddianın əsası kimi məhkəməyə "WhatsApp" yazışmaları və səs yazıları təqdim edilmişdir. Lakin kollegiya həmin sübutları tədqiq edərək müəyyən edir ki, təqdim olunmuş bəzi "WhatsApp" yazışmaları tərəflər arasında deyil və mübahisəyə birbaşa aidiyyəti yoxdur. Eyni zamanda, cavabdehə aid səs yazısından tərəflər arasında müəyyən pul öhdəliyinin və borcun olması aydın olsa da, həmin öhdəliyin məhz iddiaçının qeyd etdiyi kimi ## #### 2025-ci il tarixdə verilmiş yeni borc məbləği, yoxsa cavabdehin iddia etdiyi kimi əvvəlki borcdan qaynaqlanan köhnə faiz öhdəliyi olması konkret olaraq müəyyən edilmir.

57. Məhz bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün işə baxan birinci instansiya məhkəməsinin hakimi tərəfindən məhkəmə baxışı zamanı verilmiş sübutetmə ilə bağlı suala cavab olaraq iddiaçı pulu 2025-ci ildə verdiyini təkrarən bildirsə də, faktiki olaraq pulun həmin tarixdə cavabdehə verilməsini birmənalı şəkildə təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir.

58. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər Prokurorluğunun ## ###### 2026-cı il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarının məzmununun tədqiqi də iddiaçının iddialarını təkzib edən və cavabdehin mövqeyini dəstəkləyən mühüm halları üzə çıxarmışdır. Həmin qərarda əks olunmuş izahatında cavabdeh Cavabdeh birmənalı olaraq bildirmişdir ki, iddiaçının 2025-ci ilin mart ayında ona 6700 manat borc verməsi yalandır. O, əvvəlki dövrdə iddiaçıdan faizə pul götürərək əməkhaqqı kartını ona vermiş, uzun müddət faiz ödədikdən sonra məhz həmin ayda əsas borcu olan 3500 manatı tam şəkildə iddiaçıya qaytarmışdır və hazırda tələb olunan 6700 manat məbləğ real borc deyil, iddiaçının əvvəlki borca hesabladığı qanunsuz faizlərdir. İddiaçı İddiaçı isə həmin qərar üzrə verdiyi izahatında faizə pul verməsini inkar edərək məhz 2025-ci ilin mart ayında cavabdehə yeni borc verdiyini iddia etsə də, aparılmış obyektiv araşdırma nəticəsində iddiaçının cavabdehə həmin vaxtda 6700 manat pul verməsi faktı öz təsdiqini tapmamışdır.

59. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi, birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 739.1-ci maddəsini (borc müqaviləsi) tətbiq etməməsi barədə dəlilinə münasibətdə isə kollegiya bildirir ki, bu dəlil işin nəticəsinə təsir etmir.

60. Doğrudur, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixli Qərarına əsasən, 3000 manatdan yuxarı borc müqavilələrinin yazılı şəkildə (kağız daşıyıcıda) bağlanmaması borc münasibətini etibarsız etmir. İddiaçı faktiki olaraq borc verdiyini digər yazılı və elektron sübutlarla (WhatsApp yazışmaları, səs yazıları və s.) sübut etmək hüququna malikdir.

61. Lakin, hazırkı işdə problem yazılı müqavilənin olmamasında deyil, iddiaçının təqdim etdiyi sübutların onun iddiasını təsdiq edə bilməməsindədir. Kollegiyanın yuxarıda apardığı sübutların tədqiqindən birmənalı olaraq aydın olur ki, iddiaçının istinad etdiyi səs yazıları və yazışmalar ## #### 2025-ci il tarixdə cavabdehə 6700 manat məbləğində yeni borc verildiyini təsdiq etmir. Əksinə, prokurorluğun materialları və cavabdehin ardıcıl izahatları göstərir ki, tələb olunan məbləğ əvvəlki borc münasibətləri zəminində yaranmış faizlər üzrə mübahisədən qaynaqlanır.

62. Beləliklə, iddiaçı tələbinin əsasını təşkil edən halı – məhz iddia etdiyi tarixdə cavabdehə 6700 manat borc pul verməsi faktını qanunvericiliyin yol verdiyi heç bir mötəbər sübutla (nə yazılı müqavilə, nə də digər elektron-yazılı dəlillərlə) sübuta yetirə bilməmişdir. Sübuta yetirilməmiş iddia tələbi isə təmin edilə bilməz.

63. Eyni qaydada, şikayətçinin məhkəmənin sübutlara obyektiv qiymət verməməsi - Mülki- Prosessual Məcəllənin 88-ci maddəsinin pozulması və sübutetmə yükünün yalnız iddiaçıya aid edilməsi ilə bağlı irəli sürdüyü dəlilləri də qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi tərəflər arasında sübutetmə yükünü qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün bölüşdürmüş, iddiaçının borc verməsini təsdiq edə bilməməsini və cavabdehin irəli sürdüyü arqumentləri əsas götürərək sübutlara tam, hərtərəfli və obyektiv şəkildə hüquqi qiymət vermişdir

64. Beləliklə, yuxarıda şərh olunan maddi və prosessual hüquq normalarını, işdə olan yazılı sənədləri qarşılıqlı əlaqədə qiymətləndirən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları hərtərəfli, tam və obyektiv tədqiq etmiş, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını yerində tətbiq edərək qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı İddiaçı apellyasiya şikayətində irəli sürdüyü dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsasları formalaşdırmır. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

65. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.

66. Məhkəmə xərclərinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

67. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

68. - 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

69. İşin materiallarından görünür ki, iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən 44 (qırx dörd) manat miqdarında dövlət rüsumu ödənilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edərək iddiaçının apellyasiya şikayətini təmin etmədiyindən, yuxarıda göstərilən prosessual normaların tələbinə müvafiq olaraq apellyasiya instansiyası məhkəməsində işə baxılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri - dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

70. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

71. - iddiaçı İddiaçı Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməməli;

72. - Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı;

73. - məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı iddiaçı İddiaçı tərəfindən ödənilmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.

74. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VIII. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq

qət etdi:

İddiaçı İddiaçı Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Məhkəmə aktından apellyasiya şikayəti verilməsi ilə bağlı iddiaçı İddiaçı tərəfindən ödənilmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Vüqar Quliyev və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar