Məhkəmə qərarları › İş №2(3-10)-182/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-182/2026

11.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-182/2026 11.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: baxılmamış saxlama, qüvvə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, e-2(063)- 1233/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh olan olan 3000 manat məbləğində cari borcunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, e-2(063)-1233/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinin baxılmamış saxlanılması, iş üzrə tərəflərə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olmasının izah edilməsi qərara alınmışdır. İddiaçı məhkəməyə şikayətlə müraciət edərək, Ucar Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, e-2(063)-1233/2025 nömrəli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin 16 yanvar 2026-cı il tarixli, e-2(063)-1233/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi ərizənin baxılmamış saxlanılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş, cavabdehə isə qeydiyyatda olduğu ünvan üzrə məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamaması əsası ilə təqdim edilmədən geri qaytarılmış, digər yaşayış yeri barədə məlumat verilməmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq hesab etmişdir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakları olmadan baxılması mümkün deyildir, buna görə də iddiaçının cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalı, eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iş üzrə tərəflərə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olması izah edilməlidir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən 2(063)-1233/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardad qəbul edilsə də, iddiaçı olaraq onun iştirak edə bilməməyinin səbəbləri məhkəmə tərəfindən araşdırılmamış, onun məhkəməyə dəvət edilməyi üçün onunla əlaqə saxlanılmamış, işə formal yanaşılmışdır. Halbuki onunla əlaqə yaradıla bilsəydi məhkəmə prosesində hansı üzrlü səbəbdən iştirak edə bilməyəcəyini məhkəmənin diqqətinə çatdırardı. O, hazırki mülki iş üzrə xx.xx.2026-cı il tarixinə təyin edilmiş məhkəmə baxış iclasıdna üzrlü səbəbdən iştirak edə bilməmişdir. Belə ki, dənizdə işləməyi ilə əlaqədar dənizdə səfər müddəti-xx.xx.2025-ci ildən xx.xx.2026-cı il tarixinədək müddəti əhatə edir. Məhz xx.xx.2026-cı il tarixində də fırtına şəraiti ilə əlaqədar onlar dənizçilər heyəti olaraq Rayon Neft Daşlarında olmuş, geriyə qayıda bilməmişlər, hava şəraiti ilə əlaqədar quru ərazilərə daxil ola bilməmişlər. Həmçinin, həmin zaman internet resurslarından istifadə mümkün olmadığından da məhkəməyə elektron kabinet vasitəsilə iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və ya təxirə salınması ilə bağlı ərizə təqdim edə bilməmişdir. Tərəfindən təqdim edilmiş arayışda bu faktı təsdiq edir. Hazırda məhkəmə tərəfindən qəbul edilmiş qərardad işin uzadılmasına, onun yenidən məhkəməyə müraciət edərək vaxt itirməyinə səbəb olur. Onu da qeyd edir ki, bundan öncəki məhkəmə proseslərində iştirak edə bilmiş, yalnızca sonuncu məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilməmişdir. Belə olduğu təqdirdə məhkəmə sonuncu iclasda iştirak edə bilməməyini üzrlü hesab etməlidir. Odur ki, Ucar Rayon Məhkəməsinin 2(063)-1233/2025 saylı, xx.xx.2026-cı il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Ucar Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, e-2(063)-1233/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası şikayətin iddiaçı olaraq onun iştirak edə bilməməyinin səbəblərinin məhkəmə tərəfindən araşdırılmaması, onun məhkəməyə dəvət edilməyi üçün onunla əlaqə saxlanılmaması, onun hazırki mülki iş üzrə xx.xx.2026-cı il tarixinə təyin edilmiş məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. İş materiallarından müəyyən edildiyi kimi İddiaçı 07 yanvar 2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da onun məhkəmə iclasınadək məhkəmə iclasında iştirak etməməsinin səbəb və mümkünsüzlü ilə bağlı məhkəməyə heç bir müraciəti daxil olmamışdır. Bu baxımdan İddiaçı şikayətinin dəlillərini əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlanılması nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir. Lakin kollegiya qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinin tələbinə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yəni iddiaçı iddianın baxılmamış saxlanılması barədə qərardadın əsassız olması səbəbli onun ləğvinə dair şikayətlə deyil, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutları əlavə etməklə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadının ləğvinə dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmək imkanı olmuşdur. Hansı ki, İddiaçı məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutları əlavə etməklə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadının ləğvinə dair həmin vəsatəti hazırda da birinci instansiya məhkəməsinə təqdim etmək imkanları itirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, e-2(063)-1233/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, e-2(063)-1233/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar