Məhkəmə qərarları › İş №2(3-10)-198/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-198/2026

14.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-198/2026 14.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı (açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi və mənəvi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı, eyni zamanda iddiaçı iddiaçı2 nümayəndəsi iddiaçı1, Cavabdehlər - cavabdeh2 və cavabdeh1 iştirakı ilə, İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, e-*(***)-****/**** saylı qətnаməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Qəbələ rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)- ***/**** saylı qərarının surətinə əsasən cavabdeh1 ##.##.2022-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsi ərazisində 70 ədəd ot presinin yandıraraq iddiaçı1 245,0 manat məbləğində maddi zərər vurduğuna görə AR İXM-nin 231-1-ci maddəsi ilə təqsirli bilinib 245,0 (iki yüz qırx beş) manat cərimə edilmişdir.

2. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)- ***/**** saylı qərarının surətinə əsasən cavabdeh1 ##.##.2022-ci il tarixdə, saat 18-00 radələrində Qəbələ rayonu Bum qəsəbəsi ərazisində iddiaçı2 məxsus olan 6 ədəd 3x1 metr və 4 ədəd 2x1 metr ölçülərdə dəmir listləri oğurladığına görə AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib İXM-nin 34-1-ci maddəsi tətbiq olunaraq 200,0 (ki yüz qırx beş) manat cərimə edilmişdir.

3. İş materiallarında olan X2 (VÖEN: 4401623272; Metak) tərəfindən verilmiş qiymət cədvəlinə əsasən 3 ədəd dəmir nastl 99,0 manat və 4 ədəd 2x1 metr ölçülərdə dəmir listlər 60,0 manat təşkil edir.

II. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar, iddiaçı1 və iddiaçı2 cavabdehlər, cavabdeh2 və cavabdeh1 qarşı vurulmuş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq cavabdehlərin birgə qanunsuz hərəkətləri nəticəsində onlara ümumilikdə 705,0 manat məbləğində (##.##.2022-ci il tarixdə 300 manat dəyərində 6 ədəd 3x1 metr və 160 manat dəyərində 4 ədəd 2x1 metr ölçülərdə dəmir listlərin oğurlanması nəticəsində cəmi 460,0 manat, o cümlədən ##.##.2022-ci il tarixdə 70 ədəd ot presinin yandırılması nəticəsində 245,0 manat) məbləğində maddi zərər dəydiyini göstərərək həmin məbləğin və 1200,0 manat məbləğində mənəvi zərərin ödənilməsi, o cümlədən 100,0 manat hüquqi xidmət haqqı və 40,0 manat dövlət rüsumu tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə (iddiaçı2 ilə) birlikdə Qəbələ rayonu Bum qəsəbəsində yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olur. 2017-ci ildə özlərinə məxsus olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən (Uludaş kəndi yaxınlığındakı ərazidə) 0,80 ha torpaq sahəsini əraziyə nəzarət etmək, kol-kosdan təmizləmək və otundan istifadə etmək (mal-qaranı otarmaq) məqsədilə Uludaş kənd sakini cavabdeh2 vermişdir. 2021-ci ildə cavabdeh2 torpaq sahəsinə yiyələnmək niyyətini bilərək ərazini geri tələb etdikdə aralarında mübahisə yaranmış və indiyədək davam etmişdir. cavabdeh2 və cavabdeh1 tərəfindən ##.##.2022-ci il tarixdə həmin torpaq sahəsində olan onlara məxsus olan 300 manat dəyərində 6 ədəd 3x1 metr ölçüdə (hər biri iki hissəyə bölünmüş 3 ədəd 6x1 metr ölçüdə dəmir listələr) və 160 manat dəyərində 4 ədəd 2x1 metr ölçülərdə dəmir listlər oğurlanmış, o cümlədən ##.##.2022-ci il tarixdə 70 ədəd ot presi yandırılaraq məhv edilmişdir. 6 ədəd 3x1 metr və 160 manat dəyərində 4 ədəd 2x1 metr ölçülərdə dəmir listlərin oğurlanması nəticəsində cəmi 460,0 manat, 70 ədəd ot presinin yandırılması nəticəsində 245,0 manat məbləğində maddi zərər dəymişdir. Ona görə də, ümumilikdə 705,0 manat məbləğində maddi və 1200,0 manat məbləğində mənəvi zərərin ödənilməsi, o cümlədən 100,0 manat hüquqi xidmət haqqı və 40,0 manat dövlət rüsumu tutularaq onlara verilməsi barədə iddia qaldırmışlar.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Uludaş kəndində yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olur. 2011-ci ildə Qəbələ rayonu Bum qəsəbəsində yerləşən (Uludaş kəndi yaxınlığındakı ərazidə) bələdiyyə mülkiyyətinə aid zəbt edilmiş 0,70 ha torpaq sahəsini iddiaçı1 1600,0 manata alımış, ərazini çəpərləmiş, kol-kosdan təmizləyərək peyinləmiş, qoz, şabalıd, fındıq, alça və s. cinsli ağaclar əkərək bağ salmış və indiyədək istifadə etmişdir. 2022-ci ildə torpaq sahəsi onun istifadəsində və çəpəri daxilində olduğundan orada iddiaçı1 məxsus olan müxtəlif ölçülü dəmir listlər və 70 ədəd ot presi ola bilməzdi. iddiaçı1 torpaq sahəsini ondan almaq məqsədilə şikayətlər edərək cavabdeh1 şərləmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir.

7. Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) ## ###### 2025-ci il tarixli, e- *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh cavabdeh1 404,0 (dörd yüz dörd) manat və 30,0 manat dövlət rüsumu tutulub iddiaçılar, iddiaçı1 və iddiaçı2 xeyrinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2.6, 21.1, 1096.1, 1096.2, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 82.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

9. İddiaçı iddiaçı1 Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunanlara baxmayaraq Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi tam təmin edilməmişdir. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin maddi ziyan dəymiş hissədə maddi ziyan “X2 (VÖEN: 4401623272; Metak) tərəfindən verilmiş qiymət cədvəlinə əsasən 3 ədəd dəmir nastl 99,0 manat və 4 ədəd 2x1 metr ölçülərdə dəmir listlər 60,0 manat təşkil edir”. Lakin onlar iddia ərizəsində də qeyd etmişlər ki, 6 ədəd 3x1 metr və 4 ədəd 2x1 metr ölçülərində olan dəmir listlər cavabdehlər tərəfindən oğurlanmışdır. Göründüyü kimi 6 ədəd 3x1 metr dəmir listin 3 ədədi hesablanaraq 99,0 manat etmişdir. 6 ədədi isə 198 manat təşkil edir. Ona görə 6 ədəd 3x1 metr və 4 ədəd 2x1 metr ölçülərində olan dəmir listlər 198,0 manat və 60,0 manat təşkil edir ki, ümumilikdə isə 258 manat olmalıdır. Sözügedən qətnamədə “cavabdeh2 və cavabdeh1 hərəkətləri nəticəsində iddiaçı1 və iddiaçı2 mənəvi zərər çəkmələri və iş üzrə 100,0 manat məbləğində hüquqi xidmət haqqı ödəmələri müəyyən edilməmişdir” qeyd olunmuşdur. Məhkəməyə təqdim olunmuş qərar və sənədlərdə isə bizə mənəvi ziyanın dəydiyi sübuta yetirilir və 100,0 manat məbləğində hüquqi xidmət haqqının ödənilməsi isə bank ödəniş qəbzində öz əksini tapmışdır. Göstərilənlərə əsasən Qəbələ Rayon Məhəkəməsinin ## ###### 2025-ci il tarixli, e- *(***)-****/**** saylı qətnaməsinin qismən ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı, eyni zamanda iddiaçı iddiaçı2 nümayəndəsi iddiaçı1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında cavabdehlər cavabdeh2 və cavabdeh1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Qəbələ Rayon Məhəkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi.

16. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, İş materiallarında olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

37. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh1 ##.##.2022-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsi ərazisində 70 ədəd ot presinin yandıraraq iddiaçı1 245,0 manat məbləğində maddi zərər vurmuş; ##.##.2022-ci il tarixdə, saat 18-00 radələrində Qəbələ rayonu Bum qəsəbəsi ərazisində iddiaçı2 məxsus olan 99,0 manat dəyərində 6 ədəd 3x1 metr (3 ədəd 6x1 metr ölçüdə) və 60,0 manat dəyərində 4 ədəd 2x1 metr ölçülərdə dəmir listləri oğurlayaraq ona 159,0 manat məbləğində maddi zərər vurmuşdur.

38. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh2 və cavabdeh1 hərəkətləri nəticəsində iddiaçı1 və iddiaçı2 mənəvi zərər çəkmələri və iş üzrə 100,0 manat məbləğində hüquqi xidmət haqqı ödəmələri müəyyən edilməmişdir.

39. Kollegiya bildirir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixlə Qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

41. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il # ###### tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli Qərarlar).

42. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il ## ######## tarixli Qərarında, mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

42. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.

43. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

44. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

45. Hazırkı mübahisədə göstərilən halların baş verməsi təsdiq olunmur və iddiaçı tərəf həmin halları təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

47. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

48. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

50. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

51. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

53. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı iddiaçı1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar