Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-246/2026 02.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI QƏRARDAD Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Kərimov Əyyub Vaqif oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; İddiaçı Əzimova Aynurə Məmmədtağı qızının cavabdeh XXX Roşan İsa oğluna qarşı “pul tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(039)- 28/2025 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Məmmədov Fərhad Möhübbət oğlunun “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətinin təmin edilməməsinə dair” həmin məhkəmənin 23 fevral 2026-cı il tarixli, e- 2(039)-28/2025 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Əzimova Aynurə Məmmədtağı qızı cavabdeh XXX Roşan İsa oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh XXX Roşan İsa oğlunun ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən (rezin sexinin yaxınlığında) evin təmir xərclərini o ödədiyi üçün, həmin təmir xərclərinə görə ona borclu olduğu 27000 (iyirmi yeddi min) manat pulun və ödədiyi 171 (yüz yetmiş bir) manat məhkəmə dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 09 sentyabr 2025-ci il tarixli, 2(039)- 28/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdeh XXX Roşan İsa oğlundan 27000 (iyirmi yeddi min) manat pul və iddiaçının ödədiyi 171 manat (yüz yetmiş bir) manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçı Əzimova Aynurə Məmmədtağı qızının xeyrinə verilməsi, cavabdeh XXX Roşan İsa oğlundan 150 manat qiymətləndirmə xərci tutularaq müvafiq hesaba ödənilməsi, cavabdeh XXX Roşan İsa oğlundan 100 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesaba ödənilməsi qət edilmişdir. Cavabbdeh XXX Roşan İsa oğlunun nümayəndəsi və vəkili Məmmədov Fərhad Möhübbət oğlu 19 fevral 2026-cı il tarixdə Yevlax Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(039)- 28/2025 saylı qətnaməsi üzrə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli, 2(039)-28/2025 saylı qərardadına əsasən, iddiaçı Əzimova Aynurə Məmmədtağı qızının cavabdeh Roşan İsa oğluna qarşı “pul tələbi”nə dair iş üzrə Yevlax Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli 2(039)-28/2025 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər cavabdeh Roşan İsa oğlunun nümayəndəsi və vəkili Məmmədov Fərhad Möhübbət oğluna qaytarılması qərara alınmışdır. Bundan sonra cavabdeh XXX Roşan İsa oğlunun nümayəndəsi və vəkili Məmmədov Fərhad Möhübbət oğlu apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə vermiş və həmin ərizədə göstərilmişdir ki, o, zamanında və vaxtında apellyasiya şikayətini vermişdir. Qətnaməni alan tarixdən dərhal apellyasiya şikayətini vermişdir. Məhkəmə hesab edir ki, o, müddəti ötürmüşdür. Müraciətinin əsası odur ki, buraxılmış prosessual müddəti o üzürlü səbəbdən ötürməmişdir. Məhkəmə qətnaməsi ona gec gəlmişdir. Bu səbəbdən də o, qətnaməni aldığı andan şikayətini vermişdir. Ancaq verilən qərardada bildirilir ki o, müddəti ötürmüşdür. Bununla razılaşmır. Hazırki ərizə ilə müraciət edərək, prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin aidiyyatı üzrə göndərilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Ruslan Əlizadə) 23 fevral 2026-cı il tarixli, 2(039)- 28/2025 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(039)- 28/2025 saylı qətnaməsindən XXX Roşan İsa oğlunun nümayəndəsi və vəkili tərəfindən verilmiş apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdehin nümayəndəsi və vəkili Məmmədov Fərhad Möhübbət oğlu şikayət verərək qərardadın ləğv edilməsini, müddətin bərpa edilməsini, eyni zamanda işin baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 26 fevral 2026-cı il tarixli, 2(039)-28/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılmasına dair vəsatət daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 23 fevral 2026-cı il tarixli, e- 2(039)-28/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarından görünür ki, Yevlax Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2(039)-28/2025 saylı qətnaməsi “Elektron Məhkəmə İnformasiya” sistemində yaradılmış elektron kabinetə 23 sentyabr 2025-ci il tarixdə yerləşdirilmiş, həmin tarixdə də iddiaçı və cavabdehə göndərilmiş, eyni zamanda həmin gün cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili özünə məxsus elektron kabinet vasitəsilə sözügedən qətnaməni almışdır. Bundan savayı məhkəmə qətnaməsinin təqdim edilməsini təsdiq edəcək qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli 2(039)-28/2025 saylı qətnaməsini cavabdeh XXX Roşan İsa oğlu 24 noyabr 2025-ci il tarixdə imza etməklə götürmüşdür. Cavabdehin nümayəndəsi və vəkilinin sözügedən qətnamədən vermiş olduğu apellyasiya şikayəti 25 yanvar 2026-ci il tarixdə, yəni 4 ay 2 gün sonra elektron kabinet vasitəsi ilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Qətnamənin cavabdeh XXX Roşan İsa oğluna şəxsən təqdim edilməsindən də 2 ay 1 gün müddət keçmişdir. Digər tərəfdən, parodaksal hal ondan ibarətdir ki, cavabdeh tərəf buraxılmış müddətin bərpasına dair ərizədə həm müddətin ötürülmədiyini israr edir, həm də müddətin bərpa edilməsini xahiş edir və ötürülmüş müddətin üzrlü sayılmasına dair heç bir dəlil göstərmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-ci maddəsinə əsasən, müddətin bərpası barədə ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s.). Həmin Məcəllənin 133.5-ci maddəsinə görə, prosessual müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Mülki Prosessual Məcəllənin 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə “hüquqi müəyyənlik” prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən MPM-in 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktına müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyriməhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res cudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. Məhkəmə kollegiyasının bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: “V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə” 12 oktyabr 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı 28 oktyabr 1999cu il tarixli, Sovtransavto Xoldinqinin Ukraynaya qarşı 25 iyul 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı 24 iyul 2003-cü il tarixli, Svetlana Naumçenkonun Ukraynaya qarşı 19 oktyabr 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Həmin qərarlar mülki işlər üzrə çıxarılmış qətnamələrin nəzarət icraatında təkrar araşdırılması ilə bağlı olsalar da, beynəlxalq məhkəmə bu işlərə baxarkən, ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması məsələsinə dair hüquqi mövqeyini açıqladığından, kollegiya həmin presedentlərə baxdığı məsələyə aid olan mühüm beynəlxalq hüquqi mənbələr kimi istinad edir. Belə olan halda buraxılmış prosessual müddətin bərpasından imtina ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi, vaxtı keçmiş şikayətin qarşısının alınması və məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək məqsədinə xidmət edir. Bu məhdudiyyət də ədalət mühakiməsinin maraqlarının təmin edilməsi, vaxtı keçmiş şikayətlərin qarşısının alınması və məhkəmənin dəyərli vaxtının alınmasından çəkindirməkdə ifadə olunan qanuni məqsəd daşıyır və tətbiq edilən bu vasitə ilə qarşıya qoyulan həmin məqsəd arasında ağlabatan əlaqə mövcuddur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Yevlax Rayon Məhkəməsinin 23 fevral 2026cı il tarixli, e-2(039)-28/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili Məmmədov Fərhad Möhübbət oğlu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 23 fevral 2026-cı il tarixli, e-2(039)-28/2025 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(3-10)-246/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-246/2026
02.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver