Məhkəmə qərarları › İş №2(3-10)-51/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-51/2026

30.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-51/2026 30.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “əmlakın naturada bölünməsi və maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Şəki Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, e-2(075)-99/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “əmlakın naturada bölünməsi və maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Şəki Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, e-2(075)-99/2025 nömrəli qərardadı ilə Cavabdeh2 “dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi” barədə ərizəsi təmin edilməmişdir (hakim Kamran Musayev). Cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qərardaddan şikayət vermiş və şikayətində Şəki Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, e-2(075)-99/2025 nömrəli qərardadının ləğv edilməsi və “dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi” barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 15 dekabr 2025-ci il tarixli qərardadı ilə Şəki Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, e-2(075)-99/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Şəki Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, e-2(075)-99/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Şəki Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, e-2(075)-99/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, e-2(075)-99/2025 nömrəli mülki işin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “əmlakın naturada bölünməsi və maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı Cavabdeh2 yazılı ərizə ilə məhkəməyə müraciət edərək, ona dövlət büdcəsi vəsaiti hesabına vəkil təyin olunmasını xahiş etmişdir. Şəki Rаyоn Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, e-2(075)-99/2025 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş “dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi” barədə ərizə rədd edilmiş və məhkəmə həmin qərardadını rəsmi iş yeri olan Cavabdeh2 1086,11 manat məbləğində əmək haqqı alması ilə əsaslandırmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Şəki Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, e-2(075)-99/2025 saylı qərardadının ləğv edilməsi və tərəfindən verilmiş dövlət hesabına vəkil ilə təmin olunması barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 15 dekabr 2025-ci il tarixli qərardadı ilə Şəki Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, e-2(075)-99/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməyərək, həmin şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsi həmin qərardadında bu nəticəni - Cavabdeh2 vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların mövcudluğunun müəyyən edilməməsi - ilə əsaslandırmışdır. Qeyd etmək lazımdır ki, Cavabdeh2 “dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi” barədə hazırkı vəsatəti ilə birlikdə bu kimi müraciətlərin həlli zamanı nəzərə alınmalı olan hallar və faktlara dair hər hansı bir mötəbər sübutu, yəni vəsatətinin əsaslılığının müəyyən edilməsi üçün əhəmiyyəti olan hər hansı müvafiq sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumat bazasında olan məlumatlarla isə müəyyən olunmuşdur ki, Cavabdeh2 Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində “Psixoloq, pedaqogika” vəzifəsində işləyir və 1086,11 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsini nizamlayan normaları (maddələri): Maddə 66. Vəkil Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Maddə 67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Maddə 67-1. Vəkilin prosesdə dövlət hesabına iştirakı 67-1.1. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-1.2. Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. 67-1.3. Bu Məcəllənin 67-1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir. 67-1.4. Bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: 67-1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; 67-1.4.2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; 67-1.4.3. valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar; 67-1.4.4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; 67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. 67-1.5. Məhkəmə bu Məcəllənin 67-1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərin müraciətinə əsasən vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq baxır. Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər. 67-1.6. Məhkəmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə ödənilmiş vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış digər şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsini iş üzrə yekun qərarında qət edə bilər. Beləliklə də, yuxarıda təsvir olunanlardan və işin konkret hallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “əmlakın naturada bölünməsi və maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsində aparılan məhkəmə icraatında Cavabdeh2 dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud deyildir. Ona görə də, Cavabdeh2 “dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi” barədə ərizəsinin məhkəmə tərəfindən təmin olunması, yəni hazırkı mülki iş üzrə Şəki Rayon Məhkəməsində aparılan məhkəmə prosesində Cavabdeh2 dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, Cavabdeh2 Şəki Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, e-2(075)- 99/2025 nömrəli qərardadından verdiyi hazırkı şikayətin dəlilləri əsassızdır və Şəki Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, e-2(075)-99/2025 nömrəli qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəki Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, e-2(075)-99/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, e-2(075)-99/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar