Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1006/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X1 cavabdeh «Azəriqaz» Istehsalat Birliyinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “borcun silinməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin və Cəfərov Namiq Şamil oğlu oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, MÜƏYYƏN ETDI: Işin halları:
1. Iddiaçı X1 cavabdeh «Azəriqaz» Istehsalat Birliyinə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” Istehsalat Birliyi tərəfindən yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, ünvan 1 mənzilə itirilmiş 7560 m3 qaz sərfiyyatına görə hesablanmış 1954 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, ünvan 1 yerləşən mənzil ona məxsusdur. O və ailə üzvləri həmin mənzildə yaşayır. ##.##.2024-cü il tarixdə cavabdeh «Azəriqaz» Istehsalat Birliyinin əməkdaşları yaşadığı evə gələrək cavabdeh qurumun mütəxəsssisləri tərəfindən qurulmuş G-4T markalı *********** nömrəli sayğaca baxış keçirərək, güya təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edərək ******* nömrəli akt tərtib etmişlər. Həmin akta əsasən qaz sayğacının maksimal qaz sərfi 6m saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 105 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 6x12x105=7560 m hesablanmışdır. Qeyd edir ki, tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmadığı halda cavabdeh qurum tərəfindən qeyd olunan ziyanı hesablayaraq ondan tələb edilməsi tam qanunsuz və əsassızdır. Hesab edir ki, “Azəriqaz” Istehsalat Birliyi tərəfindən ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, ünvan 1 yerləşən evinə qanunsuz və əsassız olaraq 7560 m qaz sərfiyyatına görə sərfiyyatına görə hesablanmış 1954 manat borc qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
3. Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim – Şəbnur Qədirova) ilə iddianın qismən təmin edilməsi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı ##.##.2023-cü il tarixli və ******* saylı ##.##.2024-cü il tarixli aktlara əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: 100466032200000 olan) üzrə abonent X1 hesablanmış 1938.93 (min doqquz yüz otuz səkkiz manat, doxsan üç qəpik) manat borcun cavabdeh “Azəriqaz” Istehsalat Birliyi tərəfindən silinməsi, cavabdeh “Azəriqaz” Istehsalat Birliyindən 39,38 (otuz doqquz manat, otuz səkkiz qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
4. Iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Qeyd edilir ki, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Birliyə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına onlar tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. Odur ki, qətnamənin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Iddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, ünvan 1 yerləşən mənzil ona məxsusdur. O və ailə üzvləri həmin mənzildə yaşayır. ##.##.2024-cü il tarixdə cavabdeh «Azəriqaz» Istehsalat Birliyinin əməkdaşları yaşadığı evə gələrək cavabdeh qurumun mütəxəsssisləri tərəfindən qurulmuş G-4T markalı *********** nömrəli sayğaca baxış keçirərək, guya təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edərək ******* nömrəli akt tərtib etmişlər. Həmin akta əsasən qaz sayğacının maksimal qaz sərfi 6m saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 105 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 6x12x105=7560 m hesablanmışdır. Qeyd edir ki, tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmadığı halda cavabdeh qurum tərəfindən qeyd olunan ziyanı hesablayaraq ondan tələb edilməsi tam qanunsuz və əsassızdır. Hesab edir ki, cavabdeh maddi və prossesual hüquq normalarını formal olaraq sadalamaqla qətnamənin ləğv ediməsini xahiş etmişdir. Şikayət sadacə olaraq formal mülahizələrə əsaslanaraq verilmişdir. Birinci instansiya məhkəməsində iş kifayət qədər araşdırılmış, tərəflərə sübutlar təqdim edilməsi üçün kifayət qədər zaman verilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə isə işi hər tərəfli araşdıraraq, ədalətli qətnamə qəbul еtmişdir. Apellyasiya şikayətində qeyd edilənlər tamamilə yalan və əsassızdır. Rayon məhkəməsi iddia ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd etdiklərinə əsasən, məhkəmədən cavabdeh «Azəriqaz» Istehsalat Birliyinin apelyasiya şikayətinin rədd edilməsini, Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.
8. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
9. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2023-cü il tarixli AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir.
10. Dəymiş ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur.
11. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, ##.##.2024-cü il tarixli AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir.
12. Dəymiş ziyanın bərpasına dair ##.##.2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, fərdi evdə (müəssisədə, istixanada) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur.
13. Abonent saldosundan görünür ki, iddiaçıya 2023-cü il tarixə 2073.60 manat və 2024-cü il tarixə 907.20 manat məbləğində borc hesablanmışdır. Habelə saldodan görünür ki, iddiaçıya sayğac ##.##.2020-ci il tarixdə quraşdırılmışdır.
14. Mülki iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman sonuncunun təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. Buna görə cavabdeh tərəfindən 2980.80 manat vurulmuş ziyan hesablanmışdır. Iddiaçı ödənişlər etdikdən sonra hazırda qalan borcu 1938.93 manat təşkil edir.
15. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
17. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
18. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
19. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
20. 4.6. qaz sayğaclarının üzərində AIBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
21. 4.7. sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
22. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2ci bəndinə
23. uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
24. Göstərilən Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir (##.##.2023-cü ilə qədər qüvvədə olan).
25. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
26. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
31. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
32. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
36. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
41. Məhkəmə mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçının qaz xəttinə sayğacdankənar qoşulması barədə müvafiq sübutlar təqdim edilməsinə baxmayaraq rayon məhkəməsinin iddia tələbini qismən təmin etməsidir.
43. Rayon məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8-1-ci maddəsinə əsasən ##.##.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşka edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin cavabdeh, iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərərin ödənilməsi ilə bağlı akt tərtib edərək, iddiaçının abunə koduna borc hesablamış, bununla da, yuxarıda qeyd edilən qanunun tələblərini pozmuşdur.
44. Rayon məhkəməsi iddia tələbini qismən təmin etmiş, hesablanmış 2980.80 manat məbləğində borc əsassız olduğundan, hazırda qalan 1938.93 manat məbləğində borcun silinməli olması qənaətinə gəlmişdir.
45. Qeyd edilənlərə əsasən Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mülki işin araşdırılan halları baxımından iddia tələbinin qismən - 1938.93 manat (min doqquz yüz otuz səkkiz manat, doxsan üç qəpik) manata dair hissədə təmin edilməsi ilə bağlı rayon məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
49. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
50. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Haqları üzrə Avropa Məhkəməsinin qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
51. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
52. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
54. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
55. Hazırkı halda qətnamənin cavabdeh tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti 1938.93 (min doqquz yüz otuz səkkiz manat, doxsan üç qəpik) manat olduğundan bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
56. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Cavabdeh “Azəriqaz” IB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.