Məhkəmə qərarları › İş №2(3-6)-1064/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1064/2026

06.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1064/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinə qarşı “əmlakın üzərində olan həbsin götürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinə qarşı əmlakın üzərində olan həbsin götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “X1 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, BanSALGS2RKXKS519369) nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixdən “xxxx” MMC-nin (əvvəlki adı “xxxx” MMC) mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsinə görə ##.##.2023-cü il tarixli ML-*** nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsi üzrə 78.800 manat məbləğində vəsait “xxxx” MMC-nin (əvvəlki adı “xxxx” MMC) tərəfindən X5 etibarnamə əsasında nümayəndəsi X6 (şəxsiyyət vəsiqəsi AZE07003168) “xxxx” ASC-də olan hesabına köçürülmüşdür. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən mülkiyyətində olan “X1 Rover” minik markalı (qeydiyyat nişanı **-PY- ***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə “X1 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, TipUniversal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban- SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması nəticəsində “xxxx” MMC-nin (əvvəlki adı “xxxx” MMC) hüquqları pozulmuşdur. Nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması nəticəsində mülkiyyətçinin qanunla qorunan daşınar əmlaka dair mülkiyyət hüququ, yəni əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək hüquqları məhdudlaşır. ********* nömrəli cinayət işi üzrə Səbail RPİ tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə 2024-cü ildə həbs qoyulmuş və sonradan götürülmüşdür. “xxxx” MMC-nin (əvvəlki adı “xxxx” MMC) mülkiyyətində olan “X1 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban- SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərinə səhvən həbs qoyulmuşdur. “X1 Rover” minik markalı (qeydiyyat nişanı **-PY-***, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsinə dair ##.##.2025-ci il tarixli məktubla Azərbaycan Respublikası DİN-nin Səbail rayon Polis İdarəsinə müraciət olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı “xxxx” MMC-nin (əvvəlki adı “xxxx” MMC) mülkiyyətində olan “X1 Rover” minik markalı (qeydiyyat nişanı 77- PY-585, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərində olan həbsin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, apellyasiya şikayət qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, mübahisəli “X1 Rover” minik markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı avtomaşın (Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) ##.##.2023-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının (əvvəlki adı “xxxx” MMC) adına daşınar əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda iddiaçı ilə lizinq alan X7 arasında həmin avtomaşının müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə verilməsi yolu ilə ##.##.2023-cü il tarixdə Daxili Lizinq müqaviləsi bağlanılmış və həmin müqavilənin şərtinə əsasən lizinq alan lizinq obyektinin dəyərini illik 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən istintaqı aparılan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə qaldırılmış ********* nömrəli cinayət işi üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının ##.##.2024-cü il tarixli */*** nömrəli rəyi ilə “Range Rover” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin “SALGS2RKXKS519369” ban nömrəsini bildirən birkaların kustar üsulla yapışdırılması, metal lövhə üzərində həkk edilmiş ban nömrəsinin silinərək pozulması müəyyən edilmiş, həmin avtomobilin üzərinə həbs qoyulması xahişi ilə müstəntiq tərəfindən verilmiş vəsatət Səbail rayon prokurorluğunun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə təmin edilərək həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. Səbail rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsi tərəfindən qanuni və əsaslı hesab edilərək qüvvəyə saxlanılmışdır. Hazırda “Range Rover” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin duracağında saxlanılmışdır Hazırda iddiaçı tərəfindən irəli sürülmüş onun mülkiyyətində olan mübahisəli avtomaşının üzərində olan həbsin götürülməsi barədə tələbdən görünür ki, mübahisəli nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması nəticəsində mülkiyyətçinin qanunla qorunan daşınar əmlaka dair mülkiyyət hüququ, yəni əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək hüquqları məhdudlaşır. Beləliklə işin faktiki halları ilə cinayət işinin istintaqı ilə əlaqədar ********* nömrəli cinayət işi üzrə Səbail RPİ tərəfindən verilmiş vəsatət və Səbail rayon prokurorluğunun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı iddiaçının mülkiyyətində olan avtomaşınla bağlı cinayət işi üzrə məhkəməyədək icraat zamanı Səbail rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə həbs qoyulmuşdur. Göründüyü kimi avtomobilin üzərinə həbsin qoyulması cinayət işinin istintaqı zamanı həyata keçirilmişdir. Hazırda isə iddiaçı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət edərək, həbsin götürülməsini xahiş edir. Halbuki qanunvericilikdə cinayət mühakimə icraatı qaydasında əmlakın həbsdən azad edilməsinin qaydası müəyyən edilmişdir. Belə ki, Cinayət Prosessual Məcəllənin 253-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Hazırki iddianın yaxud icraatın predmeti olmasa da, demək ki, cavabdeh kimi göstərilən orqanının iddiaçıya məxsus əmlakın üzərinə həbs qoyulmasına dair vəsatət və təqdimatı “səhvən” olmamışdır. Başqa sözlə vəsatət və təqdimat iddiaçıya məxsus qeyd olunan əmlak üzərinə cinayət yolu ilə əldə edilmiş maliyyə vəsaiti hesabına əldə edilməsinə kifayət qədər əsas verdiyi, iş üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsinin, həmçinin mülki iddianın, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin hesabına alınmış əmlakın özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmasının zəruriliyi ilə əsaslandırılmışdır. Göründüyü kimi, hazırki iddia tələbinin faktiki halları Cinayət Prosessual Məcəllənin 253cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəlmir. Çünki, iddiaçı qeyd olunan cinayət işi üzrə təqsirləndirilən, sonradan isə məhkum olunmuş şəxs statusunda olmasa da ona məxsus əmlakın üzərinə səhvən həbs qoyulmamışdır. Yəni, nəinki səhvən, əksinə bilərəkdən, düşünülmüş şəkildə bu cür həbsin qoyulması məqsədi ilə vəsatət və təqdimat verilmişdir. Məhz yuxarıda göstərilənlər iddiaçıya iddia ərizəsində göstərdiyi əmlakı həbsdən azad edilməsini bilavasitə mülki mühakimə icraatı qaydasında tələb etməyə əsas vermir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə hüquqi şəxs “xxxx” MMCnin mülkiyyətində olan tünd göy rəngli “SALGS2RKXKS519369” ban nömrəli, **-PY-*** dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin “AZEMİS” Elektron Məhkəmə sistemindən çıxarışından belə məlum olur ki, *(***)-**/**** saylı iş üzrə ##.##.2025-ci il tarixdə çıxarılmış qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti təmin edilməmiş və qərar qüvvədə saxlanılmışdır. Göründüyü kimi həmin əmlakın həbsdən azad edilməsi üçün cinayət mühakimə icraatında apellyasiya şikayəti verilmiş və şikayət təmin edilməmişdir. Çünki, iddiaçının hazırki iddia tələbində göstərdiyi dəlillərin nə dərəcədə əsaslı-əsassız yaxud əhəmiyyətli-əhəmiyyətsiz olmasına baxmayaraq onların yoxlanılması, həqiqiliyinin müəyyən edilməsi ayrıca iddianın yaxud mülki mühakimə icraatının predmeti olmaqdansa, bunlar eyni işdə, yəni cinayət mühakimə icraatında məhkəmə araşdırmasının predmeti olmalıdır yaxud ola bilər. Başqa sözlə eyni məsələlərin qanuniliyi və əsaslılığı müxtəlif məhkəmələr tərəfindən və ya eyni məhkəmənin müxtəlif hakimləri tərəfindən fərqli icraatlarda ayrı-ayrılıqda yoxlanılması ədalət mühakiməsinin məqsədlərinə də cavab vermir. Çünki, nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Bundan əlavə, iddia ərizəsinin məzmunundan görünür ki, o Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinin tələblərinə də açıq-aşkar cavab vermir. Çünki, cavabdeh kimi göstərilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinə qarşı hər hansı bir tələb yönəlməyib. Bunun yönəlməsi də mümkünsüz sayılır. Çünki, iddiaçıya məxsus əmlakın üzərinə Polis İdarəsi tərəfindən deyil məhkəmənin qərarına əsasən həbs qoyulmuşdur. Məhkəmə qərarından da cinayət mühakimə icraatı qaydasında verilən apellyasiya şikayəti təmin edilməmişdir. Bu cür vəziyyətdə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina üçün həmin Məcəllənin 153.2.1-ci maddəsində nəzərdə tutulan prosessual hüquqi əsasların da olması mübahisəsiz idi. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il ## #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayət-prosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsində tələb cinayət işinin istintaqı zamanı, yəni məhkəməyədək icraatda üzərinə həbs qoyulmuş əmlakın həbsdən azad edilməsi ilə bağlı olduğundan və mülki məhkəmə icraatının predmeti ola bilməyəcəyindən hazırki iddia ərizəsinin mülki məhkəmə icraatında baxıla bilməz. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı qaydasında) qaydasında baxılmalı olmasını ehtiva edir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı cinayət işinin istintaqı zamanı məhkəməyədək icraatı çərçivəsində əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən halları nəzərə almamış, əsassız olaraq həmin iddia ərizəsini icraata qəbul edərək, ona mahiyyəti üzrə baxmışdır. Belə olan halda isə, yəni birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, nəticədə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Məhkəmə Kollegiyası iş üzrə icraata xitam verilməsi qənaətinə gəldiyindən, apellyasiya şikayətinin dəlillərinə mahiyyəti üzrə baxılmasını zəruri hesab etmir. Mülki Prosessual Məcəllənin 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, Məhkəmə Kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Məhkəmə Kollegiyası həmçinin iddiaçıya izah edir ki, hazırki tələblə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən orqana müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 384, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı “xxxx” MMC cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail rayon Polis İdarəsinə qarşı “iddiaçı “xxxx” MMC-nin (əvvəlki adı “xxxx” MMC) mülkiyyətində olan “X1 Rover” minik markalı (qeydiyyat nişanı 77- PY-585, Tip-Universal, rəng tünd göy metalik, istehsal tarixi 2016, Ban-SALGS2RKXKS519369) nəqliyyat vasitəsinin üzərində olan həbsin götürülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilir ki, hazırki tələblə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən orqana müraciət etməlidir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar