Məhkəmə qərarları › İş №2(3-6)-1074/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1074/2026

15.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1074/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cavabdehin və əşyalarının mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh (vəkili və nümayəndəsi Vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdehin və əşyalarının mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh və ##.##.2019-cu il təvəllüdlü X3 cavabdehə məxsus “Samsung” markalı televizor, “LG” markalı soyuducu, “LG” markalı paltaryuyan, “Midea” markalı qabyuyan, masa və altı ədəd stul, divan və kreslo, qab dolabı, televizor altı, taxt və yataq matrası (döşək), paltar dolabı, güzgülü əşya dolabı əşyaları ilə birlikdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 005011007402-***** reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən, 2 otaq ümumi sahəsi 59.9 kv.m və 2.4 kv.m açıq eyvanı olan * saylı mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında 2-ci mərtəbədə yerləşən, 2 otaq ümumi sahəsi 59.9 kv.m və 2.4 kv.m açıq eyvanı olan * saylı mənzil ##.##.2017-ci il tarixdən onun mülkiyyətindədir. Buna dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2017-ci il tarixdə RX seriyalı ******* №-li, 005011007402-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh Cavabdeh ilə oğlu X1 ##.##.2018ci il tarixində nikaha daxil olmuşlar. Onların birgə nikahdan ##.##.2019-cu il təvəllüdlü X3 doğulmuşdur. Bir müddət oğlu ilə ailəsi ona məxsus olan mənzildə yaşamışlar. Hazırda onların münasibəti korlanmış və nikahlarının pozulmasına dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət olunmuş və qısa müddətdə nikahlarının pozulmasına dair qətnamə qəbul ediləcəkdir. Cavabdeh 2025-ci ilin avqust ayından etibarən onun razılığı olmadan mənzilin qapısının açarlarını dəyişmişdir. Nəticədə öz əmlakından istifadə hüququ məhdudlaşdırılmışdır. Mənzilə daxil olmaq istəsə də, cavabdeh açarları təqdim etməkdən imtina edir. 2025-ci ilin avqust ayından mənzilə daxil ola bilmir, mülkiyyətindən istifadəsinə maneələr yaradır. Hazırda ona məxsus mənzildən cavabdeh və nəvəsi X3 istifadə edirlər. Cavabdehin ona məxsus mənzildə “Samsung” markalı televizoru, “LG” markalı soyuducu, “LG” markalı paltaryuyan, “Midea” markalı qabyuyan, masa və altı ədəd stul, divan ve kreslo, qab dolabı, televizor altı, taxt və yataq matrası (döşək), paltar dolabı, güzgülü əşya dolabı vardır. Dəfələrlə cavabdehdən evdən çıxmasını tələb etsə də, cavabdeh mənzildən çıxmır.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim H.Mahmudova) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh və ##.##.2019-cu il təvəllüdlü X3 cavabdehə məxsus əşyalarla - “Samsung” markalı televizor, “LG” markalı soyuducu, “LG” markalı paltaryuyan, “Midea” markalı qabyuyan, masa və altı ədəd stul, divan və kreslo, qab dolabı, televizor altı, taxt və yataq matrası (döşək), paltar dolabı, güzgülü əşya dolabı əşyaları ilə birlikdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 005011007402-***** reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 59.9 kv.m, y/s-36 kv.m, k/s-2.4 kv.m açıq eyvanı olan 2 otaqlı mənzildən çıxarılmaları, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulması qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh mənzildə qalmaqla yalnız yaşayışdan istifadə etməklə kifayətlənməmiş, əksinə, mülkiyyətçinin həmin əmlakdan istifadəsinə faktiki maneələr yaratmışdır. Cavabdehin və onun himayəsində olan azyaşlı uşağın iddiaçıya məxsus mənzildə qalması üçün hüquqi əsaslar mövcud deyildir, onların mənzildən çıxarılması mülkiyyət hüququnun bərpasına yönəlmiş qanuni və zəruri tədbirdir. Həmçinin, cavabdehin şəxsi əşyaları onun tərəfindən götürülməli, əşyaların mənzildə saxlanılması üçün hüquqi əsas mövcud olmadığından həmin əşyalar mənzildən çıxarılmalıdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) Apellyasiya şikayətinin dəlilləri:

5. Cavabdeh Cavabdeh (vəkili və nümayəndəsi Vəkil) qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nikaha daxil olduqları gündən etibarən onlar birlikdə o evdə yaşamışlar. Hazırda o və övladı ilə faktiki yaşadıqları ünvanda məskunlaşmışlar. Birgə nikahdan olan övladları artıq 6 ildir ki, bu evdə yaşayır və bu evdən ayrılmaq, öz evi bildiyi yerdən atılmaq uşağa psixoloji cəhətdən pis təsir edəcəkdir, həmçinin uşaq bu il 1-ci sinifə başlayıb. Evdən çıxarılmaqları onun dərsə davamlılığına mənfi təsir göstərəcək, yaşamağa başqa yerləri olmadığına görə onun həyatı üçün böyük sarsıntı və travmalarla nəticələnəcəkdir. Həmin ev onun işlədiyi yerə yaxın olmaqla yanaşı, övladının mənafeyinə uyğun yaşayış şəraitini və onun gündəlik həyatının sabitliyini təmin edir. Onun və övladının başqa yaşayış yeri yoxdur və hazırda mənzildən çıxarılmaları onları son dərəcə çətin vəziyyətə salacaq. Qeyd etmək istəyir ki, yaşadıqları evdən çıxarılacağı təqdirdə küçədə yaşamaq məcburiyyətində qalacaq, çünki getməyə heç yeri yoxdur. O, çox az müddətdir ki, işləyir və aldığı məvacib yalnız gündəlik tələbatını ödəməyə kifayət edir. Uşağa ödənilən alimentin məbləği də çox az olduğu üçün onun tələbatlarını ödəməyə demək olar ki, kifayət etmir. Eyni zamanda, onun yanında müvəqqəti yaşaya biləcəyi heç kim yoxdur. Hazırda valideynləri və yaxın qohumları ilə ünsiyyəti yox dərəcəsindədir. Belə olduğu təqdirdə düşünür ki, məhkəmə ədalətli mövqe nümayiş etdirərək onun və azyaşlı övladının qeyd olunan evdə yaşamağının təmin edilməsi üçün doğru qərar qəbul edəcək. Nəzərə alsaq ki, 7 il az müddət deyil və onlar bir ailə kimi bir yerdə yaşamışlar, həyatının mühüm bir hissəsini məhz o evdə keçirmiş, birgə nikahdan olan uşaqları o evdə dünyaya gəlib və orada böyüyüb, o zaman məhkəmə qeyd olunan bütün halları nəzərə alaraq qərar qəbul etməlidir. Qanunvericiliyə əsasən, azyaşlı uşağın və onunla yaşayan valideynin evdən çıxarılması yalnız onların mənafelərinə uyğun alternativ yaşayış yeri təmin olunduğu halda mümkündür. Onun isə belə bir alternativ məskunlaşma yeri yoxdur. İddiaçının tələbi yerinə yetiriləcəyi təqdirdə, o və azyaşlı övladı yaşayış yerindən məhrum olacaq, bu isə uşağın maraqlarına ziddir və qanunvericiliklə ziddiyyət təşkil edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

9. İddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

11. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

13. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.

14. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. ##.##.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

16. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, *** saylı fərdi yaşayış evinin 2-ci mərtəbəsində 2 otaq ümumi sahəsi 59.9 kv.m, yaşayış sahəsi 36.4 kv.m, k/s 23.5 kv.m və 2.4 kv.m açıq eyvan İddiaçı xüsusi mülkiyyəti kimi ##.##.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmişdir.

23. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, * saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən ##.##.2018-ci il tarixdə *** saylı akt qeydi aparılmaqla X1 ilə X2 arasında rəsmi nikah bağlanmış, nikahdan sonra arvada “Əliyeva” soyadı verilmişdir.

24. İş materiallarında olan Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahından ##.##.2019-cu il təvəllüdlü X3 doğulmuşdur.

25. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti başçısının aparatının ##.##.2025-ci il tarixli rəyindən görünür ki, valideynləri rəsmi qaydada boşandıqları təqdirdə yetkinlik yaşına çatmayan ##.##.2019-cu il təvəllüdlü X3 yaşı, ana qayğısına daha çox ehtiyacı olması və uşağın üstün mənafeyi nəzərə alınaraq, onun anası - iş üzrə cavabdeh Cavabdeh himayəsində saxlanılması məqsədəuyğun hesab edilir.

26. Beləliklə, iş materialları ilə müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzil iddiaçı İddiaçı şəxsi mülkiyyətindədir. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış, iddiaçıya mülkiyyət hüququna dair çıxarış verilmişdir.

27. Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh Cavabdeh iddiaçının oğlu ilə nikaha daxil olmuş, birgə nikahdan bir azyaşlı övladları var. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında ailə münasibətləri faktiki olaraq pozulmuş, nikahın pozulması barədə iş hazırda məhkəmənin icraatındadır və birgə ailə həyatı davam etmir. Cavabdeh iddiaçıya məxsus mənzildə faktiki yaşadığı dövrdə mənzilin giriş qapısının kilidini dəyişdirmiş, nəticədə iddiaçının özünə məxsus əmlakdan istifadə etmək hüququ məhdudlaşmış, cavabdeh onu mənzilə buraxmamışdır. Cavabdeh etirazında bu halı təkzib etməmişdir.

28. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin mənzilin kilidini dəyişdirərək mülkiyyətçini öz əmlakına buraxmaması mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə yanaşı, hüquqi baxımdan özbaşınalıq xarakteri daşıyır. Cavabdehin nə mülkiyyət hüququ, nə də mülkiyyətçinin istifadəsini məhdudlaşdırmağa əsas verən hər hansı qanuni əsası mövcuddur.

29. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi əsas dəlil ondan ibarətdir ki, onun və övladının başqa yaşayış yeri yoxdur və hazırda mənzildən çıxarılmaları onları son dərəcə çətin vəziyyətə salacaq.

30. Məhkəmə kollegiyası cavabdehin bu dəlilinə qiymət verərək qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının ailə üzvü deyil və onun hazırda mübahisəli mənzildə yaşaması üçün heç bir hüquqi əsas yoxdur. Əksinə, iş materiallarından göründüyü kimi cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır, onun öz mənzilindən istifadə hüquqlarına maneələr yaradır.

31. Bundan əlavə, iş materiallları ilə sübut edilir ki, cavabdehin rəsmi iş yeri və gəlir mənbəyi var. Belə olan halda, onun maddi vəziyyəti ona alternativ yaşayış yerinin təmin edilməsinə imkan verir.

32. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsi və BMT-nin Uşaq Hüquqları Konvensiyasının 3-cü maddəsində uşağın üstün mənafeyinin nəzərə alınması göstərilsə də, lakin uşağın üstün mənafeyi anlayışı mülkiyyətçinin öz mülkiyyət hüququndan tam məhrum edilməsi hesabına təmin edilə bilməz. Xüsusilə cavabdehin maddi imkanlarının mövcud olduğu, uşağın alternativ yaşayış şəraitində saxlanılmasının mümkünlüyü nəzərə alındıqda, uşağın mənafeyi mübahisəli mənzildə qalmaqla mütləq şəkildə əlaqələndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, hazırda uşaq azyaşlı olduğundan, ana qayğısına ehtiyacı olduğundan və ananın himayəsində olduğundan, həmçinin ananın mülkiyyətçi tərəfindən mübahisəli mənzildən çıxarılması tələb edildiyindən, uşağın da ana ilə birlikdə həmin mənzildən çıxarılması məqsədəuyğundur.

33. Bundan əlavə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin əşyalarının iddiaçıya məxsus mənzildə saxlanılması iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxara bilər və bu səbəbdən cavabdehin şəxsi əşyaları onun tərəfindən götürülməli, əşyaların mənzildə saxlanılması üçün hüquqi əsas mövcud olmadığından həmin əşyalar mənzildən çıxarılmalıdır.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmə iddia tələbinin bu hissədə də təmin edilməsində haqlı olmuşdur.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh (vəkili və nümayəndəsi Vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar