Məhkəmə qərarları › İş №2(3-6)-1088/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1088/2026

14.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1088/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8 katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdeh Cavabdeh və onun nümayəndəsi Vəkil/Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ************-***** nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 66.3 m2 fərdi yaşayış evi və 0.1282 ha torpaq sahəsi Cavabdeh, X5, X2 və X3 ümumi birgə mülkiyyətindədir.

Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11468 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh iddiaçının qohumudur, iddiaçı İddiaçı ona məxsus ata evini təmir elətdirməsi barədə cavabdehlə razılaşmış, cabadeh təmir işlərinə başlamış, təmir zamanı cavabdehin əlində olan pul qurtarmış, o, iddiaçıya əlində olan təmir işlərini başa çatdırması üçün ona pul verməsi üçün müraciət etmiş, daha sonra iddiaçının pulunu geri qaytaracağını bildirmiş, iddiaçı da bununla razılaşmış, cavabdeh təmir işlərini gördükcə iddiaçı İddiaçı ona 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sonuna qədər hissəhissə 11468 manat pul vermiş, sonra iddiaçı dəfələrlə cavabdehdən verdiyi 11468 manatı tələb etmiş, lakin o müxtəlif bəhanərlə gətirərək bu günə kimi pulu qaytarmamışdır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı izahatında cavabdehin onun həm əmisi, həm də bibisi nəvəsi olduğunu, cavabdehin öz evini təmir etdirmək istədiyini, lakin gün ərzində işdə olması səbəbilə ustalara nəzarət edə bilmədiyini, ustalara nəzarət etmək məqsədilə ona müraciət etdiyini və onun da qohum olduqları üçün heç bir qarşılıq güdmədən bu xahişi qəbul etdiyini, gün ərzində gəlib ustalara və işlərə nəzarət etdiyini, cavabdehə məxsus evdə üç usta işlədiyini, onlardan birini cavabdeh, ikisini özünün gətirdiyini, bir müddət sonra cavabdehin pulunun qurtardığını, lakn işlərin yarımçıq qalmaması üçün cavabdehin anasının onlara kömək etmələrini istədiyini və kredit götürüb pulu qaytaracaqlarını bildirdiyini, bu səbəbdən işləri davam etdirdiyini, özünə məxsus 5000 manat pulunun olduğunu, ustadan da əlavə 7500 manat borc götürdüyünü, 2900 manat beton işinə görə, 300 manat da daş işinə görə, cəmi 3200 manat ustaya verməsi üçün cavabdehə verdiyini, cavabdeh də həmin pulu aparıb ustaya verdiyini, 4000 manat tikinti materiallarının (şifer, taxta, mismar və s.) alınması üçün özünün ustaya verdiyini, 1550 manat dəyərində evə plastik qapı və pəncərə aldığını, 318 manat navalça və dəmir bəzək materialları üçün verdiyini, əlavə olaraq da 1200 manat Təvəkkül ustaya, 1200 manat da suvaq çəkən ustaya, ümumilikdə 2400 manat zəhmət haqqı verdiyini, bundan əlavə hələ bir palet (40-a yaxın) sement də aldığını, ancaq onun pulunu heç tələb etmədiyini, beləliklə cavabdehin evinin təmir işləri üçün özünün cəmi 11468 manat pul xərclədiyini, cavabdeh həmin pulu qaytaracağına söz versə də bu günə qədər müxtəlif bəhanələr gətirərək qaytarmadığını bildirmiş və iddiasının təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında iddia tələbini qismən qəbul etdiyini bildirərək, evini təmir etdirmək üçün işə başladığını, həmin vaxt əlində 12 min manat pulunun olduğunu, buna uyğun təmir işləri aparmağı planlaşdırdığını, bütün gün işdə olduğundan qohum və qonşu olduqları üçün iddiaçıdan işlərə nəzarət etməsini xahiş etdiyini, onun da bu xahişi qəbul etdiyini, malmaterial almağa xərclənməsi üçün iddiaçıya pulu özünün verdiyini, bir müddət sonra pulunun bitdiyini, təmirin yarımçıq qaldığını, o işləri dayandırmaq istəsə də iddiaçının özünün ona qohum olduğu üçün kömək edəcəyini bildirdiyini, o, bununla razılaşmasa da işdən qayıdanda iddiaçının ustalarla danışıb işi davam etdirdiyini gördüyünü, buna etiraz edəndə isə iddiaçının bu işləri ona pay verdiyini, ondan pul istəmədiyini bildirdiyini, qohum olduqları üçün anasını və bacısını lazım olan yerlərə iddiaçının aparıb-gətirdiyini, lakin bir müddət sonra onun anasını narahat etməyə başladığını və onlara şər atdığını, ona görə münasibətlərinin pozulduğunu və məhz bundan sonra iddiaçının ondan pul tələb etməyə başladığını, iddiaçının beton və daş işinə görə ustaya verməsi üçün guya ona 3200 manat pul verməsinin yalan olduğunu, iddiaçının ümumiyyətlə heç bir məbləğdə pulu ona şəxsən vermədiyini, tikinti materiallarını (şifer, taxta, mismar və s.) da özünün pulu ilə alındığını, buna görə özünün iddiaçıya 5 min manat pul verərək usta ilə birlikdə gedib mal-material almasını xahiş etdiyini, bununla belə onun razılığı olmadan iddiaçının özünün kömək etmək və pay vermək adı ilə ustalara və bəzi işlərə pul xərclədiyini, belə ki, iddiaçının usta Təvəkkülə 1200 manat və usta Kamrana 1200 manat olmaqla, 2400 manat zəhmət haqqı verdiyini, bundan əlavə evə plastik qapı-pəncərə quraşdırdığını və dam üçün dəmirləri və üçkünc bəzəkləri alıb gətirdiyini, əlavə bir palet də sement aldığını, hətta dam üçün tol da aldığını, lakin lazım olmadığı üçün aparıb qaytardığını, iddiaçı bütün bu xərcləri onun razılığı olmadan etdiyini və bunu onlara hədiyyə etdiyini bildirdiyini, sonradan münasibətləri pozulduğu üçün bu pulu ondan tələb etməyə başladığını, beləliklə iddiaçı tərəfindən yalnız 2400 manat ustalara zəhmət haqqı verilməsi, 1550 manat qapı-pəncərə və 318 manat dəmir bəzəklərin alınması üçün xərclədiyi məbləğləri qəbul etdiyini və qaytarmağa razı olduğunu, qalan iddia tələblərini isə qəbul etmədiyini bildirmişdir.

6. Məhkəmədə şahid qismində dindirilmiş X6 (iddiaçı tərəfindən təqdim edilmişdir) izahatında təxminən 3 il əvvəl cavabdehə məxsus evdə usta işlədiyini, evin təmiri zamanı təxminən 7 kub taxta, 220 ədəd şifer işlədildiyini, şifer və taxtaya ümumilikdə 4000 manat mələğində vəsaitin xərcləndiyini, iddiaçı İddiaçı tikinti materiallarının alınması üçün 4000 manat, navalça və bəzəklər üçün 318 manat, zəhmət haqqı olaraq da 1200 manat pul verdiyini, həmin pullar ona iddiaçı tərəfindən verilsə də, pulun əslində kimə məxsus olduğunu bilmədiyini, iddiaçının həmin pulları cavabdehdən alıb-almaması barədə məlumatının olmadığını, iddiaçının 2 il bundan əvvəl ondan evin tikintisində cavabdehə kömək etmək adı ilə 7500 manat borc aldığını, lakin iddiaçının ondan aldığı həmin pulu cavabdehə verib-verməməsi və evə xərcləməsi barədə məlumatının olmadığını, iddiaçının cavabdehə onun yanında pul vermədiyini bildirmişdir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(003)- ****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 4268 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

8. Qətnamənin əsaslarına görə, məhkəmə iş üzrə sübut edilmiş işin faktiki hallarının tapşırıq haqqında müddəaların dispozisiya şərtlərinə uyğun olduğu qənaətinə gəlmişdir. Həmin normaların, o cümlədən “vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini ödəməlidir” müddəasının hazırki işə tətbiqi baxımından, habelə Mülki Prosessual Məcəllənin 52.2, 52.5 və 220.4-cü maddələrinin tələbinə uyğun olaraq, cavabdehin ona qarşı verilən hazırki iddianı qismən etiraf etdiyini, iddianın cavabdeh tərəfindən həmin hissədə etiraf edilməsinin qanuna zidd olmadığını və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alıb, qismən etirafı qəbul edərək qeyd etmişdir ki, cavabdehin evinin təmirinə iddiaçı tərəfindən 4268 manat məbləğində pul vəsaiti xərclənməsi faktı öz təsdiqini tapdığından iddia həmin hissədə təmin edilməli, həmin xərclərin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Işin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçı tikinti materiallarının (taxta, şifer, mismar və s.) alınması üçün 4000 manat vəsait xərclədiyini və 3200 manat da ustaya verməsi üçün cavabdehin şəxsən özünə verdiyini, cavabdeh tərəfindən həmin məbləğlərin də ona qaytarılmalı olduğunu iddia edir. Lakin cavabdeh Cavabdeh iddiaçı tərəfindən qeyd olunan halları qəbul etmədiyini, öz gətirdiyi ustanın zəhmət haqqını özünün verdiyini, cavabdehin ona heç bir nağd pul məbləği vermədiyini və tikinti materiallarını da öz vəsaiti hesabına aldığını, həmin materialların alınması üçün lazım olan məbləği özünün iddiaçıya verdiyini və iddiaçının həmin məbləğ hesabına materialları aldığını bildirərək, iddia tələbini həmin hissədə qəbul etmir. Məhkəmə qeyd etmişdir ki, ddia edilən həmin halları sübut etmək yükü iddiaçı tərəfin üzərinə düşür. Iddiaçı məhkəməyə cavabdehlə aralarında şifahi qaydada razılıq əldə olunduğunu, tikinti materiallarının alınması üçün 4000 manat pulu cavabdehin sonradan ona qaytarması şərti ilə şəxsi vəsaiti hesabına xərclədiyini və 3200 manat məbləğində pulu da sonradan qaytarılmaq şərti ilə nağd şəkildə cavabdehə verdiyini bildirsə də, konkret olaraq həmin halları təsdiqləyən mötəbər və mümkün sübutlar təqdim edə bilməmişdir. Əksinə, iddiaçı qeyd edilən məbləği cavabdehə ustaların yanında verdiyini və xərclənən həmin vəsaitin də ona məxsus olduğunu ustaların təsdiq edəcəyini bildirərək, həmin ustaların şahid qismində dindirilməsini xahiş etmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş şahid (usta) X6 izahatında 4000 manat dəyərində tikinti materialı alındığını, lakin həmin məbləğin cavabdehin yoxsa iddiaçının pulu olması barədə məlumatınn olmadığını, həmçinin iddiaçının cavabdehə 3200 manat məbləğində pul verməsi barədə məlumatının olmadığını, iddiaçının cavabdehə onun yanında pul vermədiyini bildirmişdir. Iddiaçının şahid qismində dindirilməsini istədiyi digər şahid (usta) Kamran Əliyev isə məhkəmə iclasına çağırılsa da o, məhkəmə iclasında iştirak etməmiş, iddiaçı tərəfindən də iştirakı təmin edilməmişdir. Iddiaçı tərəfindən həmin halları təsdiq edən başqa hər hansı sübut təqdim edilməmişdir. Iddiaçının qaytarılması barədə cavabdehlə şifahi razılığı əsasında 4000 manat dəyərində tikinti materiallarını (taxta, şifer, mismar və s.) öz şəxsi vəsaiti hesabına almasını və 3200 manat da cavabdehə verməsini təsdiq edən hər hansı şübhədən kənar, təkzibedilməz, mümkün və mötəbər sübut təqdim edilməmiş və məhkəmə araşdırması ilə də həmin hallar müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 777.1, 783.1, 1087.1, 1087.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5, 77.1, 88, 217.4, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsində “iddiaçının qaytarılması barədə cavabdehlə şifahi razılığı əsasında 4000 manat dəyərində tikinti materiallarını (taxta, şifer, mismar və s.) öz şəxsi vəsaiti hesabına almasını və 3200 manat da cavabdehə verməsini təsdiq edən hər hansı şübhədənkənar, təkzibedilməz, mümkün və mötəbər sübut təqdim edilməmiş və məhkəmə araşdırması ilə də həmin hallar müəyyən edilməmişdir, ona görə məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir” barədə qeyd edilənlər işin hallarına uyğun deyil və qəbuledilməzdir. Belə ki, iddiaçı İddiaçı cavabdehə məxsus ata evini təmir elətdirməsi barədə cavabdehlə razılaşmış, cavadeh təmir işlərinə başlamış, təmir zamanı cavabdehin əlində olan pul qurtarmış, o, iddiaçıya əlində olan təmir işlərini başa çatdırması üçün ona pul verməsi üçün müraciət etmiş, daha sonra iddiaçının pulunu geri qaytaracağını bildirmiş, iddiaçı da bununla razılaşmış, cavabdeh təmir işlərini gördükcə iddiaçı İddiaçı ona 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sonuna qədər hissə-hissə 11468 manat pul vermiş, sonra iddiaçı dəfələrlə cavabdehdən verdiyi 11468 manatı tələb etmiş, lakin o, müxtəlif bəhanələr gətirərək, bu günə kimi pulu qaytarmamışdır. Şahid (usta) X6 ifadəsində 4000 manat dəyərində tikinti materialı alındığı halını təsdiq etmişdir. Cavabdeh isə həmin materialları almasına dair sübut təqdim etməmiş və işlərin görüldüyü vaxt tikinti ərazisinə gəlib getməmişdir. Tikinti materiallarının işlərin görüldüyü vaxt alınması, onların tikintiyə nəzarət və rəhbərlik edən şəxs olaraq iddiaçı tərəfindən alındığı təsdiq edir. Eyni zamanda cavabdeh tikinti materiallarının alınması üçün özünün iddiaçıya 5000 manat pul verərək usta ilə birlikdə gedib mal-material almasını xahiş etməsi ilə əsaslandırsa da, həmin halın təsdiqi üçün sübut təqdim etməmişdir. Cavabdeh eyni zamanda izahatında iddiaçının bundan əlavə evə plastik qapı-pəncərə quraşdırdığını və dam üçün dəmirləri və üçkünc bəzəkləri alıb gətirdiyini, əlavə bir palet sement, hətta dam üçün tol da aldığını təsdiq etmiş, lakin lazım olmadığı üçün aparıb qaytarması əsası ilə iddiaya etiraz etmişdir. Göründüyü kimi, cavabdehin bu izahatı ilə zəruri olan tikinti materiallarının iddiaçı tərəfindən və onun vəsaiti hesabına alınması təsdiq olunmuşdur. Məhkəmə nəzərə almamışdır ki, əgər cavabdeh digər tikinti materialları üçün iddiaçıya 5000 manat pul vermişdisə, necə ola bilər ki, evə quraşdırdığı plastik qapı pəncərənin, dam üçün dəmirlərin və üçkünc bəzəklərin, bir palet sementin, hətta dam üçün tolun dəyərini özü niyə ödəməyib. Ümumiyyətlə, cavabdeh tikinti materiallarının alınması üçün iddiaçıya 5000 manat pul verməsi halının təsdiqi üçün sübut təqdim etməmişdir. Iş üzrə sübutlarla həmin hal təsdiq edilməmişdir. Bütün bu qeyd edilənlər iddia edilən dəyərdə tikinti materiallarının iddiaçı tərəfindən alınması halını təsdiq edir. Iddiaçı cavabdehin tapşırığı ilə öz vəsaiti hesabını tikinti işlərini icra etsə də, cavabdeh onun çəkdiyi xərclərin əvəzini ödəməmişdir. Məhkəmə qətnamə çıxararkən tapşırıq müqaviləsini nəzərə almadan iddianı qismən təmin etmişdir. Iddiaçı cavabdehə 3200 manat verməsinə baxmayaraq, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, bu isə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir. Məhkəmə sübut olunmamış faktı əsas götürərək, borcun qismən icrasını qəbul etmişdir ki, bu da Mülki Məcəllənin 52.2-ci maddəsinin düzgün tətbiqi deyil. Iddiaçı öz işini vicdanla icra etmişdir. Lakin cavabdeh işin icrası üçün iddiaçı tərəfindən çəkdiyi xərclərin əvəzini ödəməmişdir. Iddianın qismən təmin edilməsi Mülki Məcəllənin 783.1-ci maddəsinin tələbini pozmuşdur. Iddiaçıya cavabdehin özü və anası tərəfindən mənzillərində aparılan təmir işlərinə nəzarət etmək və sona çatdırmaq üçün maddi yardım etmək xahiş edilmişdir. Məhkəmə Mülki Məcəllənin 785.1-ci maddəsinin tələbini pozmuşdur. Birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq , cavabdehin 5000 manat pulu iddiaçıya verməsi, tikinti işlərinin özünün vəsaiti hesabına aparılması hallarını sübut edə bilməməsini nəzərə almamışdır. Məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməyərək, qətnaməni tərəflərin qarşılıqlı münasibətinə (tikintinin iddiaçının vəsaiti hesabına aparılması, cavabdehə 3200 manat pul verməyinə, cavabdehin isə bu vəsaitləri iddiaçıya qaytarmamasına) uyğun əsaslandırmamış, bu isə iddia tələbinin qismən təmin edilməsi ilə nəticələnmişdir. Məhkəmə tərəflərin izahatlarına və şahid ifadəsinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının çəkdiyi bütün xərclərin və verdiyi pul vəsaitinin qaytarması ilə bağlı faktiki halları aydınlaşdırmamışdır. Cavabdehin iddiaçıya 5000 manat pul verməsi, iddia edilən dəyərdə tikinti işlərinin onun vəsaiti hesabına aparılması halları sübut edilməmişdir. Iddiaçının cavabdehə 3200 manat pul verməyinə və tikinti işlərinə 8268 manat pul xərcləməyinə baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməli olduğu barədə səhv nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə görə, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırsa da, nəticə hissəsində cavabdehin etirafını təhrif olunmuş şəkildə vermişdir. Belə ki, cavabdeh borcu etiraf etməmiş, bildirmişdir ki təmir üçün pulu bitdiyindən işləri dayandırmaq qərarı vermişdir. Lakin İddiaçı guya onlara kömək göstərir və əvəzsiz olaraq pay kimi ustaların pulunu verdiyini bildirmişdir. Məhkəmə isə bunu onun borcu etirafı kimi qələmə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verməlidir. Hazırkı iş üzrə məhkəmə: tərəflərin izahatlarını, şahid ifadələrini, təqdim edilmiş yazılı sübutları, tərəflərin etiraflarını birgə qiymətləndirmiş və iddianın rədd olunması hissəsində qanuni nəticəyə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, 7200 manat hissəsində iddiaçı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bu nəticə həm maddi, həm də prosessual hüquq normalarına tam uyğundur. Hesab edir ki, iddiaçı sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı işdə iddiaçı iddia edir ki, 4000 manatlıq tikinti materialını öz hesabına almışdır; 3200 manatı şəxsən cavabdehə vermişdir. Lakin bunları təsdiq edən bank sənədi, qəbz, yazılı razılaşma, elektron yazışma, səs yazısı, video, pulun verilməsini görən şahid mövcud deyildir. Əksinə, iddiaçının özü tərəfindən təqdim edilmiş şahid X6 ifadəsində açıq şəkildə göstərmişdir ki: 1) pulun kimə məxsus olduğunu bilmir; 2) cavabdehə 3200 manat pulun verilməsini görməyib; 3) iddiaçının cavabdehə pul verməsinin şahidi olmayıb. Belə olan halda iddiaçının öz şahidi belə onun iddiasını təsdiq etməmişdir. Apellyasiya şikayətində yeni sübut yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız təqdim edilmiş sübutlar əsasında qərar qəbul edir. Apellyasiya şikayətində yeni sənəd, şahid, sübut təqdim edilməmişdir. Şikayət yalnız birinci instansiyada deyilənlərin təkrarından ibarətdir. Halbuki birinci instansiya həmin arqumentlərin hamısına hüquqi qiymət vermişdir. Cavabdehin etirafı da təhrif olunmuş şəkildə verilib. O deməmişdir ki, borc pul istəmiş, almışdır. O demişdir ki, pulu qurtaranda təmiri dayandırmaq istəmiş, bu zaman onun istəyi və xahişi olmadan iddiaçı olan İddiaçı öz istəyi ilə ustalara pul vermişdir. O, bunu biləndə etiraz etmiş, o da bunu pay olaraq etdiyini bildirmişdir. Lakin məhkəmə cavabdehin bu dediklərini borcun etirafı kimi qələmə vermişdir. Iddiaçı isə apellyasiya şikayətində cavabdehin müəyyən hissəni qəbul etməsini bütün borcun mövcudluğu kimi təqdim etməyə çalışır. Bu yanaşma hüquqi cəhətdən yanlışdır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin ## #### 2026-cı il tarixli Qərarı iddiaçının mövqeyini təsdiq etmir. Apellyasiya instansiyası hazırki iş üzrə icraatı Bakı Apellyasiya Məhkəməsinin başqa iş üzrə Konstitusiya Məhkəməsinə etdiyi müraciətə görə dayandırmışdır. Sonradan Konstitusiya Məhkəməsi qərar qəbul etmişdir. Lakin həmin qərarın hüquqi mahiyyəti ondan ibarətdir ki, yazılı müqavilənin olmaması borcun mövcudluğunu avtomatik istisna etmir. Eyni zamanda Konstitusiya Məhkəməsi açıq şəkildə göstərmişdir ki, borcun mövcudluğu digər mötəbər sübutlarla təsdiq edilməlidir. Başqa sözlə, Konstitusiya Məhkəməsi sübutetmə yükünü iddiaçının üzərindən götürməmişdir. Əksinə, iddiaçı borcun yaranmasını və məbləğini mötəbər sübutlarla təsdiq etməlidir. Hazırkı işdə isə belə sübutlar yoxdur. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarı iddiaçının deyil, məhz birinci instansiya məhkəməsinin mövqeyini təsdiq edir. Tərəflər arasında borc müqaviləsinin mövcudluğu sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 777.1, 783.1, 1087-ci maddələri yalnız hüquqi münasibətin mövcudluğu sübut edildikdə tətbiq edilə bilər. Hazırkı işdə isə iddiaçı borc münasibətinin yaranmasını sübut edə bilməmişdir. Əksinə, iş materiallarından görünür ki, tərəflər yaxın qohum olmuş, iddiaçı könüllü şəkildə müəyyən xərclər etmiş, özü də etiraf etmişdir ki, bəzi materialları ümumiyyətlə tələb etmir. Bu isə münasibətin kommersiya xarakteri daşımadığını göstərən mühüm haldır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın rədd olunan hissəsində qanuni və əsaslıdır, təmin olunan hissəsində isə əsaslı deyil, çünki məhkəmə yalnız cavabdehin etirafına əsaslanıb, 4268 manat təmin edib, lakin o, bu borcu etiraf etməmiş, bu ona pul şəklində verilməyib, o, borc istəməmiş və qəbul etməmişdir. Cavabdeh bildirmişdir ki, pulu qurtardığından təmir işlərini dayandırmaq istəmiş, bu zaman guya qohumluq münasibəti göstərən iddiaçı da öz istəyi ilə onlara köməklik göstərərək, bəzi ustalara pul verib işi tamamlatdırıb. Hətta iddiaçı özü də etiraf edib ki, pulu pay kimi xərcləyib, borc olaraq cavabdehə verməyib. Lakin məhkəmə bu pulu cavabdehə verilən borc kimi qəbul edib və iddianı bu hissədə təmin edib.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.

14. Cavabdeh Cavabdeh və onun nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər. Maddə 392. Apellyasiya instansiyası məhkəməsi qətnaməsinin məzmunu: 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarı: “... sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. ... fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. ... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.”

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti ilə qətnamənin qismən - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddianın tam təmin olunması tələb edildiyindən, cavabdeh isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə təmin edilən hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə dəyişdirilməlidir.

20. Birinci instansiya məhkəməsi tərəfindən hüquqi əsas olaraq Mülki Məcəllənin tapşırıq müqaviləsi və özgə işlərini tapşırıqsız aparma ilə bağlı müəddalarına istinad olunmaqla tərəflər arasında tapşırıq müqaviləsi ilə bağlı münasibətlərin olması qənaətinə gəlsə də, məhkəmə kollegiyası bu əsaslandırma ilə razılaşmır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır, məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.

22. Işin hallarına əsasən müəyyən olunur ki, tərəflər arasında borc müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur, iddianın qismən etiraf olunması faktı da bu halı təsdiq edir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış hüquqi əsaslandırma isə razılaşmasa da qeyd edir ki, məhkəmənin mövqeyi qanunvericiliyin tələbinə və qətnamənin çıxarıldığı zaman formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olmuşdur, buna görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli qərarında əks olunan hüquqi mövqeyə istinad oluna bilməzdi.

24. Həmin qərarda qeyd olunmuşdur ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

25. Qeyd olunanları və MPM-nin 385.2-ci maddəsinin tələbini (Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.) nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəlinən nəticə düzgün olduğundan əsaslandırmanın obyektiv səbəblərdən düzgün aparılmaması qətnamənin ləğvi üçün əsas ola bilər.

26. Işin halları ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən məbləğ 7200 manat təşkil edir: tikinti materiallarının alınması üçün 4000 manat və ustaya ödənilmiş 3200 manat.

27. 3200 manat məbləğində pul vəsaiti ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim olunmadığına görə məhkəmə kollegiyası həmin hissədə iddianın rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

28. 4000 manat məbləğində pul vəsaiti ilə bağlı işin halı bundan ibarətdir ki, iddiaçı həmin məbləği Təvəkkül adlı ustaya verdiyini bildirir. Məhkəmədə şahid qismində dindirilmiş X6 da tikinti materiallarının alınması üçün ona 4000 manat verildiyini bildirir. Bu xüsusat cavabdeh tərəfindən də inkar olunmur, bu barədə cavabdehin arqumenti ondan ibarətdir ki, tikinti materiallarının alınması həmin pul vəsaitini Ələkbərə onun özü vermişdir. Lakin nəinki həmin pul vəsaitinin, onun tərəfindən cavabdehə hər hansı məbləğdə pul vəsaitinin verilməsini təsdiq edən hər hansı bir sübut yoxdur. Cavabdehin etiraf etdiyi hissə isə yalnız qəbzlərin təqdim edildiyi hissələrdə bağlıdır.

29. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, 4000 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən tikinti materiallarının alınması üçün verilməsi işin halları ilə təsdiqini tapdığından, həmin vəsaitin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi ilə bağlı heç bir sübut təqdim olunmadığından iddianın həmin hissədə təmin olunması üçün əsaslar mövcuddur.

30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə tutulmalı olan pul məbləği hissəsində düzgün olmadığından, iddiaçının apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Buna görə də iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.

31. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tutulmalı olan pul məbləği hissəsində dəyişdirilərək iddiaçı İddiaçı ödənilməli olan pul məbləği 8268 manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar