Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1119/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: podrat münasibətləri) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər arasında cavabdehə məxsus fərdi yaşayış evinin dizayn layihəsinin hazırlanması razılaşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçıya 500 manat məbləğində pul ödənilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2.000 manat məbləğində pulun və 40 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2025-ci ilin sentyabr ayının 3-də dostu ona zəng edərək bildirdi ki, onun tanışı, hazırkı iş üzrə cavabdeh Yasamal rayonunda yerləşən 1 mərtəbəli həyət evinin ikinci mərtəbəsini tikdirmək istəyir və dizayner axtarır. Dostu dizayn işinin görülməsini ona təklif etdi, o da dostuna dedi ki, həmin şəxslə görüşüb danışar, əgər qiymət barədə razılığa gəlsələr işi görər. O, elə həmin gün, yəni ##.##.2025-ci il tarixində evin yerləşdiyi yerə getdi, dostu da orada idi. Ev sahibinin, yəni cavabdehin istəklərini soruşdu, tikiləcək mərtəbənin ölçüsünü götürdü. Hansı üslubda dizayn istədiyini soruşdu, o da ona şəkillər göndərdi ki, belə üslubda istəyir. O da cavabdehə dedi ki, gün ərzində hesablayıb qiyməti deyəcək. Növbəti gün, yəni ##.##.2025-ci il tarixdə WhatsApp sosial şəbəkəsində cavabdehə həyət daxil olmaqla görüləcək işin qiymətinin 2.500 manat olacağını bildirdi. Təxminən 1 həftədən sonra, 2025-ci ilin sentyabr ayının 9-da cavabdeh ona zəng edib dedi ki, 500 manat versin, işə başlasın. O da dedi ki, bu işin qaydası belədir ki, məbləğin 50%-i ödənilir, işə başlanır və sonda dizayn təhvil verildikdə məbləğin qalan 50%-i ödənilməlidir. Cavabdeh də dedi ki, bir az maddi çətinlik var, pulun 50%-nin qalan hissəsini 1 həftə-10 gün ərzində verəcək, qalan 50% pulu isə dizayn bitən kimi verəcək. Amma o, layihəni — otaq bölgülərini ödəniş olmadan belə hazırlayıb cavabdehə təqdim etmişdir ki, tikintidə gecikmə olmasın. Onların telefon danışığından 5-6 gün sonra o, tikinti gedən yerə getdi. Tikintidə işləyən onun dostu idi. Cavabdeh elə həyətdə ona 500 manat verdi. O da həmin gün dizayn işinə başladı və mütəmadi olaraq şəkillər hazır olduqca cavabdehə göndərirdi ki, əgər hansısa bir dəyişiklik istəsə düzəliş etsin. Dizayn gedən müddətdə bəzi müzakirələr olurdu. Bir neçə gündən sonra o, cavabdehdən qalan pulu istədi. Ona dedi ki, “kartını göndər, mən də göndərim.” O da kartını cavabdehə göndərdi, amma pul göndərilmədi. ##.##.2025-ci il tarixində o, həmin yerdə olanda cavabdeh yenə ona dedi ki, “kartını göndər.” O, yenə cavabdehə kartını göndərdi, amma yenə də ödəniş edilmədi. Elə həmin gün də ona həyətdə pilləkənin necə olmasını istədiyinin şəklini göndərdi. Bir neçə gündən sonra dizayn yekunlaşmaq üzrə idi. O, cavabdehə WhatsApp sosial şəbəkəsində yazdı ki, dizaynda dəyişiklik olacaq ya yox? Cavabdeh də rayonda işlədiyi üçün ona dedi ki, “mən rayondayam, 1 həftədən sonra Bakıya gəlib ailəmlə məsləhətləşib deyəcəm.” O da yaxşı dedi. 1 həftə sonra dostundan soruşdu ki, cavabdeh Bakıya gəlmişdirmi? Dostu dedi ki, hə, gəlib. 2025-ci ilin oktyabr ayının 19-da o, yenidən cavabdehə WhatsAppda dəyişiklik barədə mesaj yazdı. O da ona səsli mesaj göndərdi ki, “mən yoldayam, rayona gedirəm, səhər sənə zəng edəcəm.” Dedi yaxşı. Yenidən 2025-ci ilin oktyabr ayının 20-də o, cavabdehə WhatsApp-da dəyişiklik barədə mesaj yazdı, dedi dizayn yekunlaşmaq üzrədir, dəyişiklik olacaq ya yox? Cavabdehdən heç bir xəbər gəlmədi. Elə həmin gün, bir neçə saatdan sonra saat 18:20-də WhatsApp vasitəsi ilə cavabdehə zəng elədi. Dedi, “Sizdən bir xəbər gəlmədi”. Cavabdeh ona dedi ki, “mən hələ evi təmir elətdirmirəm, mənə dizayn lazım deyil.” O da dedi ki, “bu sizin şəxsi işinizdir, mən dizayn edirəm, təmir etmirəm. Siz evinizi təmir etdirsəniz də etdirməsəniz də, bunun mənə aidiyyəti yoxdur, mən işimi görmüşəm, pulumu verin”. Bundan sonra ona cavabdeh bəhanə elədi ki, “sən şəkilləri internetdən götürüb mənə göndərmisən.” Sonra da dedi ki, “mən sənin verdiyin layihə ilə orada heç nə tikinti aparmamışam, nə eləmişəmsə özüm eləmişəm və öz evimi də dizayn eləmişəm.” O, dedi ki, bəs niyə şəkilləri alana qədər bunu demirdin? Şəkilləri alandan sonra isə dedin ki, artıq lazım deyil. Cavabdeh də ona dedi ki: “mənim əsəbi vaxtımda, mənim əsəblərimlə oynama. Bu işin qiyməti rayonda 100 manatdır.” O da dedi ki, o, 1 ay yarım vaxtını ayırıb gecə-gündüz işləyib. Lazım deyildirsə, vaxtında deyərdi, pulunu tələb etdi. Cavabdeh də dedi ki, “ödəniş yoxdur, mənə lazım deyil” və dəstəyi asdı. Cavabdeh dəstəyi asandan sonra o, dostuna zəng edib cavabdehin hərəkətləri barədə ona dedi. Dostu da ona dedi ki, səhər onunla danışıb soruşar. Səhər dostuna zəng elədi, soruşdu ki, nəsə xəbər varmı? O da dedi ki, danışdı, ona dediyi sözləri dostuna da deyib və qalan ödənişi eləməyəcək. 2-3 gündən sonra dostu ilə görüşdü və ona dedi ki, o, cavabdehi məhkəməyə verəcək. Dostu da dedi ki, o, istəmir münasibət pozulsun, gözləsin, ona yenə zəng etsin. 2025-ci ilin oktyabr ayının 23-də qalan şəkilləri də cavabdehə göndərdi və yazdı ki, dizayn tam bitib, ödəniş edin. O heç nə yazmadı. Dostu elə oradan cavabdehə zəng elədi, dedi ki, “Fərhadı mən sənə məsləhət görmüşəm, mən pis vəziyyətdə qalıram, onun ödənişini eləmirsən.” Cavabdehdə dedi ki, “puldan heç bir söhbət gedə bilməz. Hələ rayondan gəlim, ona verdiyim pulu da geri alacam. Rayonda bu işi 100 manata görürlər” və sağollaşdılar. Cavabdeh dostu ilə telefonla danışandan sonra ona WhatsApp-da mesaj yazdı ki, “6-cı gün görüşərik.” O da dedi ki, 6-cı gün gecdir, dizayn bitib, amma ödəniş eləməyib. Cavab vermədi. Elə oldu ki, 6-cı gün yox, bazar günü görüşməli oldular, yəni oktyabrın 26-da. O, görüşə getmədi, dostu orada işlədiyi üçün o getmişdi. Cavabdeh soruşub ki, Fərhad gəlməyib? Dostu da cavab verib ki, Fərhad gəlməyəcək. Cavabdeh də deyib ki, “özüm zəng edib danışaram” və o gündən bəri cavabdeh nə ona zəng edib, nə də pulunu verib. Göründüyü kimi cavabdeh aralarındakı şifahi razılaşmanın şərtlərini pozmuş, onun evində gördüyü dizayn işlərinə görə razılaşdığı 2.500 manat məbləğində puldan ona cəmi 500 manat pul ödəmiş, qalan 2.000 manat məbləğində pulu bugünədək verməmişdir. Cavabdeh onun təqdim etdiyi dizayndan öz evində istifadə etməklə, lakin onun göstərdiyi xidmətin dəyərini ödəməməklə əsassız varlanmışdır. Odur ki, o, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, iddiaçı ilə layihənin hazırlanması ilə bağlı 2.000 manat olmaqla razılaşmışlar. Bu puldan 2 dəfə 500 manat olmaqla, 1.000 manat pul ödəmişdir. Həmin vaxt iddiaçının çəkdiyi və ona göndərdiyi şəkillərə münasibət bildirməmişdir, heç bir düzəliş etdirməmişdir. Çünki həmin vaxt layihəyə ehtiyacı olmamışdır. Bununla bağlı o, iddiaçıya da bildirmişdir ki, yay aylarında layihə ilə birlikdə təmir işlərinə başlayacaq. Iddiaçıya 1.000 manat pul ödəmişdir.
5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim G.V.Babazadə) iddia təmin edilmiş, cavabdeh Cavabdeh 2.000 manat məbləğində pul vəsaitinin və iddiaçı İddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı üzərinə düşən öhdəliyi icra edərək dizayn layihəsini mərhələli şəkildə hazırlamış, görülmüş işlərin nəticələrini cavabdehə “WhatsApp” vasitəsilə təqdim etmiş, cavabdeh isə bu müddət ərzində layihə ilə bağlı etiraz etməmiş, dəyişiklik tələbi irəli sürməmişdir. Cavabdeh yalnız layihə yekunlaşmaq üzrə olduqdan sonra dizayna ehtiyacının olmadığını bildirmiş və qalan məbləğin ödənilməsindən imtina etmişdir.
7. Məhkəmə bildirmişdir ki, tərəflər arasında podrat münasibətləri yaranmışdır. Iddiaçı İddiaçı ona cavabdeh tərəfindən cəmi 500 manat məbləğində pul ödənildiyini bildirir, cavabdeh isə 2 dəfə 500 manat olmaqla, cəmi 1.000 manat pul ödədiyini bildirsə də, buna dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçıya cavabdeh tərəfindən yalnız 500 manat ödənilməsi halını iddiaçı və cavabdehin etirafı, yəni cəmi 500 manat məbləğində pul ödənildiyini işin mübahisəsiz halı kimi qiymətləndirir. Cavabdehin iddiaçıya 1.000 manat pul ödəməsi barədə izahatı iş materialları ilə öz təsdiqini tapmamışdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.2.1, 329.2, 385.1, 425.1, 425.2, 430.1, 442, 752.1, 753.1-ci maddələrinə, Mülki-Prosessual Məcəllənin 77.1, 119.1, 217.3-cü maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının özünün də bildirdiyi kimi ona dizayn lazım idi. Iddiaçını bu minvalla tanımışdır. O, dizayn işinin 2.000 manat olmasını bildirmişdir. Cavabdeh bildirmişdir ki, 500 manat versin, işə başlansın. Lakin o bildirdi ki, bu işin qaydası belədir ki, məbləğin 50%-i ödənilir, işə başlanır və sonda dizayn təhvil verildikdə məbləğin qalan 50%-i ödənilməlidir. Özü də məhkəmədə birbaşa izahatında da bu halı təsdiq edir. Ona 2.000 istədiyi puldan 2 dəfə 500 manat olmaqla ümumilikdə 1.000 manat vermişdir. Evində tikinti işləri hələ də davam edir. Ona bildirdi ki, daha tikintiyə ehtiyac olmadı, iddiaçı isə bildirdi ki, “ona aidiyyəti yoxdur, dizayn işinin pulunu ödəməlidir.” Iddiaçıya bildirdi ki, “2.000 manat razılaşmışıq və o puldan 1.000 manatını vermişəm, yerdə qalan 1.000 manatını isə danışdığı kimi tikinti işi yekunlaşsın ona verəcəm.” Hal-hazırda evində tikinti işləri davam edir. Onun verdiyi dizaynlar tam deyil və verdiyi dizaynlara özünün də bildirdiyi kimi, dəyişiklik edib ona bildirməlidir ki, ev özünün istədiyi kimi yekunlaşsın. Indi o işi yarımçıq görüb tam yerinə yetirmədən 500 manat pulunun da arxasına keçməklə məhkəmədə belə iddia qaldırması və məhkəmə tərəfindən bu iddianın təmin edilməsi tamamilə haqsızlıqdır. Aralarında heç bir müqavilə falan olmayıb. Əslində bu tipli işdə mütləq müqavilə olmalı idi. Məhkəmə isə iddiaçının dediyi sözləri quran ayəsi kimi qəbul edir, lakin onun dediyi sözlərin məhkəməyə heç bir hüquqi qüvvəsi olmur? Aralarında şifahi razılaşma olub, razılaşmaya əsasən 2.000 manat dizayn işi ilə bağlı ona pul verməli idi, həmin pulun 1.000 manatını 2 dəfə 500 manat olmaqla ödəmişdir. Yerdə qalan 1.000 manatı isə tikinti yekunlaşdıqdan sonra ona verməli idi. Həmin işlərin görülməsində dizayn işi çox vacibdir. Iddiaçı isə öz ağlına uyğun, ağlına gələn dizaynı verib, çəkilib kənara ki, mənim pulumu ver. Eyni zamanda iddiaçı bildirir ki, onun təqdim etdiyi dizayndan öz evində istifadə etməklə, lakin onun göstərdiyi xidmətin dəyərini ödəməməklə əsassız varlanmışdır. Elə işin əsas canı və məğzi də budur. Aralarında podrat müqaviəsi olmayıb, o əgər həmin dizayndan istifadə etmişdirsə, bu zaman əsassız varlanan hesab olunardı. Lakin bildirir ki, onun verdiyi dizayndan az da olsa istifadə etməmişdir. Məhkəmə tərəfindən bu hal araşdırılmayıb. Onun verdiyi dizayn məhkəməyə təqdim edilməli və onun inşa etdirdiyi evinə yerli baxış keçirilərək bu halı asanlıqla müəyyən etmək olar. Lakin məhkəmə bunu etməyərək onun sözü ilə qətnamə çıxarmaqla qanunu və hüququn bərabərliyi prinsipini ciddi şəkildə pozmuşdur. Onun dizaynından istfadə etmədiyi üçün o, borclu olmuşdur. Belə olan halda, verdiyi 1.000 manat pulu əsassız özündə saxlayaraq əsassız varlanmışdır. Bununla bağlı hüquqi savadı olmadığı üçün qarşılıqlı iddia verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və orada göstərilənlərə uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, 2.500 manat deyilmişdi, 2.000 manata razılıq olunmuşdu. Həmin vaxt müəyyən sənədlər, çertyojlar çəkilmişdi, 1.000 manat - 2 dəfə 500 manat olmaqla ödənilmişdir. Şəxsi tanışlıqları var, razılaşmışdır ki, “işi yayda başlayacağam, işimizi davam edərik.” 2020-ci ildən tanışdırlar, 2023-cü ildə də belə olmuşdu, “whatsapp” yazışmalarında da var, müəyyən şeylər çəkilmişdi, yəni heç bir qiymət danışılmamışdı, heç bir ödəniş olunmamışdı. Indi hövsələsizlik etdi, belə bir hal oldu. Yenə də 1.000 manatı ödəməyə etiraz etmir, yayda işinə başlayacaq. Şəxs əziyyət çəkib, demir ki, pulu vermir. Onun çəkdiyinə heç bir müdaxilə etməmişdir, yəni bu pisdir, bu yaxşıdır, bunu istəmir və sair. Təkliflərini edər, dəyişər, düzəldər, onsuz da evini təmir edəcək, uşaqlarına təhvil verəcək. Görülmüş işlər ona verilməyib, telefonda “whatsapp” da 1-2 şəkil var, onda onların heç biri yoxdur. 1.000 manat ödəmişdir, 1.000 manat da ödəyəcək.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, razılaşma 2.500 manatla olub. Bu da “whatsapp” da açıq şəkildə göstərilib, iş materiallarına təqdim etmişdir. Özü də dəfələrlə təsdiq edib ki, dizayn işinin görülməsi üçün ilkin 50 faiz pul ödənilir və dizayn bitdikdən sonra da qalan pul ödənilir. Ondan əlavə olaraq da bildirmək istəyir ki, usta deyil, təmir işini də görmür, yəni onun üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Ev sahibi olaraq artıq cavabdehin şəxsi işidir, təmiri bu gün ya da illər sonra edər. “WhatsApp” yazışmaları da var, dəfələrlə soruşmuşdur ki, dəyişikliklər varsa, məlumat verin, heç bir məlumat verilməyib. Şikayətində göstərib ki, “mən dedim ki, mənə dizayn lazım deyil, nədənsə onu dizayn bitəndən sonra deyib.” Öz aralarında razılığa gəlməklə bağlı məhkəmənin təklifə cavab olaraq deyir ki, rayon məhkəməsində də hakim razılığa gəlməyi təklif etmişdi, cavabdeh yalnız birində iştirak edib, qalan 3 iclasda iştirak etməyib. Yeni ildən bir neçə gün sonra dostu vasitəsilə cavabdeh xəbər göndərmişdi ki, “Fərhad ərizəsini geri götürsün, sentyabr ayına kimi pulunu hissə-hissə verərəm.” Düşündü ki, daha bu vəziyyətə gəlib çıxıbsa, görünür ki, bu mübahisə davam edəcək, onun üçün də məhkəmə qərarı ilə həll olunsun. Görülmüş iş ilə bağlı şəkillərin hamısını göndərmişdir. Sonda da yazışmalarda var ki, dizayn bitib, şəkillərin hamısı göndərilib. Dəyişiklik varsa, deyin, gördü ki, yayınır, imtina etdi. 70 manat pul verib şəkilləri tam şəkildə çıxardıb məhkəməyə təqdim etdi ki, işi bitirmişdir. Görülən işi elektron variantda iddiaçının email ünvanına göndərər.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Iddiaçı tərəfindən təqdim edilmiş “WhatsApp” programı vasitəsilə tərəflər arasında baş tutmuş yazışmalardan müəyyən edilir ki, cavabdehə məxsus evin ikinci mərtəbəsinin və həyətin dizayn layihəsinin iddiaçı tərəfindən hazırlanması və bunun müqabilində cavabdeh tərəfindən ona 2.500 manat məbləğində muzdun ödənilməsi razılaşdırılmışdır.
20. Iddiaçı həmin razılaşma üzrə görülmüş işlərin qarşılığında cavabdeh tərəfindən cəmi 500 manat ödənildiyini bildirir.
21. Cavabdeh isə görüləcək işlərinin əvəzi kimi 2.000 manat məbləğin ödəniləcəyi barədə razılaşdıqlarını və həmin puldan iddiaçıya 1.000 manat ödədiyini bildirir, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
22. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, podrat müqaviləsinin yazılı formada bağlanması ilə bağlı mülki qanunvericilikdə imperativ tələb yoxdur.
23. Cavabdeh tərəfindən iddiaçının tərtib etdiyi layihədən istifadə olunmadığı müəyyən edilsə belə, iddiaçı tərəfindən razılaşmaya uyğun olaraq sifariş icra edilmişdir. Belə ki, iddiaçı tərəfindən sifarişi bitirdiyini təsdiq edən sübutlar (layihə, fotoşəkillər) məhkəməyə təqdim edilmişdir.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
25. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Məhəmməd Rüstəmli Hakimlər: Fuad Abdıyev Günay Axundova