Məhkəmə qərarları › İş №2(3-6)-1129/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1129/2026

05.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1129/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “behin ikiqat məbləğdə qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, cavabdeh Cavabdeh vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddia ərizəsi Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdeh arasında notarial qaydada ##.##.2024-cü il tarixdə bağlanmış “Beh müqaviləsi” üzrə onun cavabdehə ödədiyi 5.000 manat məbləğində behin ikiqat mislinin – 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh razılığa gəlmişlər ki, cavabdeh mülkiyyətində olan və ünvan 1 ünvanında yerləşən 467,8 kv.metr ölçülü daşınmaz əmlakın 137 kv.m hissəsini ##.##.2024-cü il tarixədək iddiaçıya satacaq. Razılığa əsasən iş üzrə tərəflər ##.##.2024-cü il tarixdə notarial qaydada “Beh müqaviləsi” bağlamış və müqavilədə nəzərdə tutulmuş 5.000 manat məbləğində beh iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. İddiaçı, onunla cavabdeh arasında bağlanmış “Beh müqaviləsində” qeyd edilən ##.##.2024-cü il tarixədək və həmin tarixdən sonra da, cavabdeh və cavabdehin nümayəndəsi ilə dəfələrlə əlaqə saxlayaraq “Alğı-satqı müqaviləsinin” rəsmiləşdirilməsi üçün notariat ofisinə getməyi onlara dəfələrlə təklif etmiş, lakin cavabdeh və cavabdehin nümayəndəsi əmlakla bağlı məhkəmə mübahisəsinin mövcud olduğunu, həmin əmlak ilə bağlı məhkəmə qaydasında məhdudiyyətin tətbiq edildiyini bildirərək alğı-satqının sonraya saxlanılmasını xahiş etmişlər. İddiaçının sonradan apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən daşınmaz əmlak üzərində Bakı Apellyasiya Məhkəməsinin **(***)-***/**** saylı qərardadı ilə məhdudiyyət qoyulmuş və həmin məhdudiyyət sonradan ləğv edilməmişdir. “Beh müqaviləsi” ilə müəyyən edilmiş son müddətin bitməsindən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, cavabdehin istinad etdiyi məhkəmə mübahisəsi hələ də həll edilməmişdir. Bu səbəbdən də iddiaçı həmin əmlakı əldə etmək niyyətindən imtina etmişdir. İddiaçı cavabdehə ödədiyi behin ikiqat mislinin qaytarılmasını tələb etsə də, cavabdeh bu etməmiş, bu səbəbdən də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddiaya münasibəti haqqında məlumat

3. Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatda göstərmişdir ki, iddiaçının əsas məqsədi hazırkı mübahisə predmeti olan “Beh müqaviləsindən” irəli gələn hüquqların müdafiəsi deyil, tərəflər arasında bağlanmış digər müqavilə münasibətlərini, o cümlədən borc müqaviləsini dolayı yolla mübahisələndirmək olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, “Beh müqaviləsinin” 1.4-cü bəndinə əsasən, iddiaçı ##.##.2024-cü il tarixədək müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyi, yəni daşınmaz əmlakın dəyərinin qalan hissəsini ödəmədiyi halda, verdiyi 5.000 manat beh məbləğini geri tələb etmək hüququna malik olmayacaqdır. Bundan başqa, iddiaçı tərəfindən ##.##.2024-cü il tarixədək müqavilə üzrə öhdəliklərin icrasına hazır olduğunu təsdiq edən hər hansı yazılı müraciət, bildiriş, ödəniş sənədi və ya digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş materiallarında iddiaçının müqavilənin icrası istiqamətində konkret hərəkətlər etdiyini təsdiq edən sübutlar mövcud deyildir. Bunlardan əlavə, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, eyni zamanda məhkəmə hazırlıq iclasında da iştirak etməmişdir. Bütün bu hallar iddiaçının qaldırdığı tələbin kifayət qədər əsaslandırılmadığını və onun müqavilə üzrə hüquqlarını həyata keçirmək istiqamətində fəal davranış nümayiş etdirmədiyini göstərir. Buna görə də məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. 5 Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin əsaslandığı hal, yəni tərəflər arasında bağlanmış beh müqavilənin gələcəkdə bağlanması əsas götürülən alğı-satqı müqaviləsinin məhz iş üzrə cavabdehin təqsirli hərəkətləri nəticəsində icra edilməməsi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində iş üzrə cavabdehə dəfələrlə müqavilə bağlanmasını təklif etməsini bildirsə də, ən azından bir dəfə bu və ya digər qaydada cavabdehə müraciət etməsinə dair heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı ərizəsində bildirir ki, özgəninkiləşdirilməsi nəzərdə tutulmuş əmlak üzərinə həbs qoyulmasına dair qərardad mövcud olmuşdur. Lakin, hətta belə bir halın da özlüyündə mövcudluğu cavabdehin beh verilməsinə əsas olmuş alğı-satqı müqaviləsinin bağlanmasından imtina etməsi kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə iddiaçı daha əvvəllər də tərəflər arasında bağlanmış bu və ya digər müqavilələləri məhkəmə qaydasında mübahisələndirmişdir. Hazırda isə belə bir tələblə çıxış etməsinə onun daha əvvəllər də irəli sürdüyü tələblər fonunda da tənqidi yanaşılmalıdır. d) apellyasiya şikayəti haqqında məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra _ Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclaslarda iştirak etmiş şəxslərin verikləri izahatlar haqqında məlumat

8. Apellyator olan iddiaçı apellyasiya baxışında iştirak etməmiş və bunun üzrlü səbəblərdən baş verməsini təsdiq edə biləcək sübutları Məhkəməyə sübut təqdim etməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

9. Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə apellyasiya baxışının iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsinə verdiyi izahatın, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

11. Belə ki, işdə olan sənədlərə və tərəflərin məhkəmələrə verdikləri yazılı və şifahi məlumatlara əsasən məlum olur ki, tərəflər arasında ##.##.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 476,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 137 kv.m hissəsinin alğı-satqısına dair aşağıdakı şərtlərlə beh müqaviləsi bağlanmışdır: - beh müqaviləsinin predmeti ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 476,8 kv.m. olan qeyri-yaşayış sahəsinin 137 kv.m hissəsinə dair tərəflər arasında ##.##.2024-cü il tarixədək alğı-satqı müqaviləsi bağlanması təşkil edir; - beh qismində razılaşdırılmış 5.000 manat pul iddiaçı tərəfindən cavabdehə notariusun depozit hesabına köçürülməklə ödənilir; - “beh alan” öhdəliyi yerinə yetirməzsə bu müqavilə ləğv olunmuş sayılır və həmin məbləğin 2 misli qaytarılır; - “beh alan” öhdəliyi yerinə yetirməzsə bu müqavilə ləğv olunmuş sayılır və həmin məbləğin 2 misli qaytarılır. “Beh verən” ##.##.2024-cü il tarixədək əmlakın tam dəyərini, yəni 3.910.000 manatı alğı-satqı müqaviləsi bağlanan zaman ödəməlidir.

12. Qeyd edilən “Beh müqaviləsi” üzrə iddiaçı tərəfindən cavabdehə 5.000 manat məbləğində behin verilməsi işin mübahisəsiz halını təşkil edir.

13. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini icra etməyə hazır olmuş, lakin cavabdeh daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsinin mövcud olmasını və əmlak üzərində məhdudiyyət tətbiq edilməsini əsas gətirərək müqavilənin icrasını təmin etməmişdir.

14. İş materialları ilə həmçinin müəyyən edilir ki, “Beh müqaviləsi” bağlanan ana yuxarıda qeyd edilən daşınmaz əmlak üzərində Bakı Apellyasiya Məhkəməsinin təxminən 2 əvvəl qəbul etdiyi ##.##.2024-cü il tarixli qərardadı (iş № **(103)-363/2024) ilə qoyulmuş məhdudiyyət mövcud olmuşdur. Həmin məhdudiyyət “Beh müqaviləsində” nəzərdə tutulmuş müddət ərzində də aradan qaldırılmamışdır. Nəticədə tərəflər arasında ##.##.2024-cü il tarixədək nəzərdə tutulan alğı-satqı baş tutmamışdır.

15. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın hüquqi vəziyyətinin alğı-satqının həyata keçirilməsinə imkan verməməsi, habelə həmin maneələrin müqavilədə müəyyən edilmiş müddət ərzində aradan qaldırılmaması satıcının, yəni cavabdehin risk dairəsinə aid olan hallardır. Cavabdeh daşınmaz əmlakı müqavilə ilə nəzərdə tutulan qaydada və müddətdə alıcıya təqdim etmək imkanına malik olmamış, bununla da müqavilənin icra edilməməsinə görə məsuliyyət daşıyan tərəf olmuşdur.

16. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar (maddə 5.3.). Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir (maddə 14.1.). Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (maddələr 14.2., 14.2.1.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər (maddə 460.1.). Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1.). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi Alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir (maddə 491.2.). Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qaydanəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur (maddə 492.2.).

17. Qeyd olunan maddi hüquq normalarının tərəflər arasında mövcud olan mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, cavabdehin üzərinə götürdüyü öhdəliyi müqavilədə nəzərdə tutulmuş müddətdə yerinə yetirməməsi, habelə daşınmaz əmlakın alğı-satqısının rəsmiləşdirilməsi üçün zəruri tədbirləri görməməsi müqavilənin icrasının məhz cavabdehdən asılı olmayan səbəblərdən deyil, onun davranışından irəli gəlmişdir.

18. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli beh müqaviləsinə əsasən daşınmaz əmlakın alğı-satqısı ən geci ##.##.2024-cü il tarixədək rəsmiləşdirilməli olduğu halda, cavabdeh həmin müddət ərzində üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh alğı-satqının həyata keçirilməməsini əmlakla bağlı məhkəmə mübahisəsinin və məhdudiyyətin mövcudluğu ilə əsaslandırsa da, Məhkəmə qeyd edir ki, qeyd olunan hallar alıcının – iddiaçının (“beh verənin”) deyil, məhz satıcının – cavabdehin (“beh alanın”) risk dairəsinə aid olmaqla, onun müqavilə üzrə öhdəliklərinin icrasına mane olan hallar hesab edilməlidir.

19. Qeyd olunanlara əsasən müəyyən edilir ki, cavabdeh ona məxsus qeyri-yaşayış sahəsinin alğı-satqısına dair müqavilənin icrasını müxtəlif bəhanələrlə təxirə salmış, nəticədə müqavilədə nəzərdə tutulmuş müddət bitmiş, aradan uzun müddət keçməsinə baxmayaraq alğı-satqı həyata keçirilməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, müqavilənin icra edilməməsinə görə məsuliyyət cavabdehin üzərinə düşdüyündən, sonuncu aldığı 5.000 manat beh məbləğini ikiqat, yəni 10.000 manat məbləğində iddiaçıya qaytarmalıdır.

20. Göründüyü kimi iddia əsaslıdır. Rayon Məhkəməsi iddianı rədd etməklə səhv nəticəyə gəlmişdir. g) apellyasiya baxışının nəticəsi

21. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır, formal mülahizə xarakteri daşımır.

22. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

23. Buna görə də Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiası təmin edilməlidir.

24. Məhkəmə həmçinin hesab edir ki, apellyasiya şikayəti və iddia təmin edildiyindən, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən cavabdehə aid edilməlidir.

25. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “behin ikiqat tutulması tələbi barədə” iddiası təmin edilsin və 10.000 (on min) manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumları cavabdehə aid edilsin və bu məqsədlə cavabdeh Cavabdeh cəmi 105 (bir yüz beş) manat tutularaq iddiaçı İddiaçı ödənilsin. Cavabdeh Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar