Məhkəmə qərarları › İş №2(3-6)-1181/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1181/2026

05.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1181/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti və cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və sair tələbi” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ibrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçı İddiaçı və cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, iddiaçı İddiaçı özünün və cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: a) iddia barədə məlumat

1. Iddia ərizəsi və “iddia tələbinə əlavə” ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh cavabdeh2 törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 9.140 manat, avtomobilin əmtəəlik görünüşünün itirilməsi və avtomobilin bazar qiymətinin düşməsinə görə 5.000 manat, əldən çıxmış fayda olaraq 1.000 manat, mənəvi zərərin əvəzi olaraq 2.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 142 manat, ekspertiza tədqiqatı ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 400 manat, cəmi isə 17.682 manat məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə, saat 11:30 radələrində iddiaçı etibarnamə əsasında idarə etdiyi “BYD” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən, cavabdeh1 MMC-yə məxsus “xxxx” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini yol vərəqəsi əsasında idarə edən cavabdeh cavabdeh2 təhlükəsiz ara məsafəsini gözləmədiyindən iddiaçının idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerinə gəlmiş Bakı Şəhər Dövlət Yol Polisi Idarəsinin əməkdaşı tərəfindən hadisə yerinin sxemi tərtib edilmiş, aparılmış araşdırma nəticəsində cavabdeh cavabdeh2 Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının istifadəsində olan “BYD” markalı avtomobilə ciddi maddi ziyan dəymişdir. Cavabdehlər iddiaçıya dəymiş ziyanın onlar tərəfindən ödəniləcəyi əvvəlcə bildirilsələr də, sonradan bunu etməmişlər. Avtomobilə dəymiş ziyan nəticəsində onun normal istismarı mümkün olmamış, nəqliyyat vasitəsinin təmirə ehtiyacı yaranmış və iddiaçı müəyyən müddət ərzində avtomobildən istifadə imkanından məhrum olmuşdur. Avtomobilin təmir dəyəri ilə bağlı aparılmış hesablamalara əsasən, nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin bərpası üçün 9.140 manat məbləğində xərc tələb olunur. Bundan əlavə, avtomobil təmir olunduqdan sonra belə, yol-nəqliyyat hadisəsində iştirak etməsi səbəbindən onun bazar (əmtəəlik) dəyərinin təxminən 5.000 manat azalmışdır. Bunlardan başqa, iddiaçı hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona mənəvi zərər də vurulmuşdur. Iddiaçı vurulmuş mənəvi zərəri 2.000 manat məbləğində qiymətləndirir. Həmçinin avtomobildən istifadə imkanının olmaması səbəbindən iddiaçı gündəlik ehtiyaclarını və işlərini yerinə yetirmək üçün ödənişli taksi xidmətlərindən istifadə etməyə məcbur qalmış, nəticədə 1.000 manat məbləğində əlavə xərc çəkmişdir. Iddiaçı həmin məbləği dəymiş zərərin tərkib hissəsi kimi cavabdehlərdən tələb edir. b) cavabdehlərin iddia tələbinə olan mövqeyi barədə məlumat

3. Cavabdeh cavabdeh2 işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verdiyini qəbul etsə də, iddiaçının ondan tutulmasını tələb etdiyi məbləği ödəmək üçün maddi imkanı yoxdur.

4. Cavabdeh MMC-nin nümayəndəsi isə Rayon Məhkəməsində işə baxılan zaman verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. Işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, maddi zərərin əvəzi olaraq 4.507,32 manat, dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 38 manat, cəmi isə 4.545,32 manat məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, habelə mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pulun cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh MMC-nin işçisi olan və MMC-nin verdiyi yol vərəqəsi əsasında MMC-yə məxsus avtomobili idarə etmiş cavabdeh cavabdeh2 iddia ərizəsində qeyd olunan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli olması, həmin hadisə zamanı iddiaçıya məxsus avtomobilin istismara yararsız vəziyyətə düşməsi işin mübahisəsiz halıdır. Buna görə də cavabdehlər iddiaçıya dəymiş maddi zərərin əvəzini müştərək qaydada ödəməlidirlər. Iddiaçıya vurulmuş maddi zərərin məbləğinə gəldikdə isə nəzərə alınmalıdır ki, “xxxx” MMC-nin mütəxəssisləri tərəfindən verilmiş ##.##.2025-ci il tarixli rəyi ilə müəyyən olunur ki, hadisə baş verən dövr əsas götürülməklə iddiaçıya məxsus “BYD” markalı avtomobilin ##.##.2024-cü il tarixli aktda göstərilmiş dəyişdirilən ehtiyat hissələrinin və həmin hissələrə aid görülmüş işlərin (xidmətlərin) dəyəri 8.968 manat təşkil edir. Sığorta şirkəti tərəfindən iddiaçıya 4.460,68 manat məbləğdə pulun ödənilməsi nəzərə alındıqda müəyyən edilir ki, cavabdehlərdən iddiaçının xeyrinə 4.507,32 manat tutulmalıdır. Qalan hissədə isə iddia tələbi sübuta yetmədiyi üçün rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat

7. Iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbin bir qisminin rədd edilməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən iddiaçının apelyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən hissədə Rayon Məhkəməsi iş üzrə əhəmiyyətli faktiki halları tam araşdırmamış, toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, bu isə mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

9. Cavabdeh MMC də qətnamədən apelyasiya şikayəti vermiş və qətnamənin ləğv edilərək, iddianın MMC-yə qarşı olan hissəsinin rədd edilməsini xahiş etmişdir.

10. Bu apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsində MMC-nin təqsiri yoxdur və MMC inzibati məsuliyyətə cəlb olunmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, MMC, istismara yaralı olan avtomobili cavabdeh cavabdeh2 təhvil vermiş və yol nəqliyyat hadisəsi MMC-yə məxsus avtomobilin nasaz vəziyyətdə olması ilə bağlı deyil, cavabdeh2 yol hərəkəti qaydalarına riayət etməməsi səbəbindən baş vermişdir. Bunun əksini təsdiq edən texniki ekspertizanın rəyi iş materiallarında yoxdur. Belə olan halda, MMC iddiaçının düşdüyü zərərə görə cavabdehlik daşımamalıdır. Bundan başqa, iş üzrə mütəxəssis rəyinin alınması ilə bağlı çəkilən xərci cavabdeh MMC-yə aid edən Rayon Məhkəməsi, mövqeyini onunla əsaslandırmışdır ki, ekspertizanın keçirilməsini məhz MMC-nin nümayəndəsi xahiş etdiyinə görə, bununla bağlı çəkilən xərclər də MMC-dən tutulmalıdır. Lakin MMC bildirir ki, onun nümayəndəsi işin məhkəmə baxışı zamanı iddianı ümumiyyətlə qəbul etməmişdir. Belə olan halda, nümayəndənin iş üzrə müvafiq ekspertiza təyin edilməsi barədə Rayon Məhkəməsinin mövqeyi anlaşılan deyil və səhvdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

11. Iddiaçı, apellyasiya baxışı iclasında iştirak edərək, cavabdeh MMC-nin verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, özünün verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdi.

12. Cavabdeh MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, iddiaçının verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, təmsil etdiyi MMC-nin verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, bu şikayətin məzmununa uyğun izahat verdi.

13. Digər cavabdeh cavabdeh2 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni avtomobilin dəyərinin azalması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələb təmin edilməlidir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.1). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır (maddə 1096.). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1). Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (maddə 1099.2). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1.). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115.).

16. Cavabdeh MMC-nin işçisi olan digər cavabdeh cavabdeh2 tərəfindən MMC-nin yol vərəqəsi ilə MMC-yə məxsus nəqliyyat vasitəsi ilə hərəkət edərkən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilinin zədələnməsi, hadisə ilə bağlı “xxxx” ASC Sığorta Şirkəti tərəfindən iddiaçıya 4.460,68 manat məbləğdə pul ödənilməsi işin mübahisəsiz halıdır.

17. “xxxx” MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, hadisə baş verən dövr əsas götürülməklə iddiaçıya məxsus olan “BYD” markalı avtomobilin ##.##.2024-cü il tarixli aktda göstərilmiş dəyişdirilən ehtiyyat hissələrinin və həmin hissələrə aid görülmüş işlərin (xidmətlərin) dəyəri 8.968 manat təşkil edir.

18. Işə baxmış Rayon Məhkəməsi iddiaçıya dəymiş ziyanın mütəxəssis rəyində qeyd olunan 8.968 manat məbləğində olmasını əsas götürmüş və bu zaman onu da nəzərə almışdır ki, hadisə ilə bağlı “xxxx” ASC tərəfindən iddiaçıya 4.460,68 manat məbləğdə pul ödənilmişdir. Bunları nəzərə almış Rayon Məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehlərdən iddiaçının xeyrinə 4.507,32 manat məbləğində pul tutulmalıdır. Iddiaçı və cavabdehlər cavabdeh2 qeyd edilən bu məbləğlə razılaşmışlar.

19. Iş materiallarından görünür ki, cavabdeh MMC yuxarıda göstərilən məbləğə hər hansı münasibət bildirməyərək, iddia tələblərinin, o cümlədən iddiaçının avtomobilinin istismara yararlı vəziyyətə gətirilməsi ilə bağlı vurulmuş maddi zərərin MMC-dən tutulması barədə tələbin MMC-yə münasibətdə qəbul etmir. MMC mövqeyini onunla əsaslandırır ki, MMC-nin işçisi olan cavabdeh cavabdeh2 törətdiyi yol nəqliyyat hadisəsi üzrə MMC inzibati məsuliyyətə cəlb olunmamış, habelə MMC-yə məxsus avtomobil texniki cəhətdən isismara yararlı vəziyyətdə olmuşdur.

20. Məhkəmə hesab edir ki, cavabdeh MMC-nin göstərilən dəlilləri əsassızdır və iş materialları ilə təsdiq olunmur. Çünki iş materiallarından görünür ki, ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “xxxx” markalı nişanlı yük avtomobili cavabdeh MMC-yə məxsus olmuş və həmin nəqliyyat vasitəsi MMC-nin işçisi cavabdeh2 tərəfindən yol vərəqəsi əsasında idarə edilmişdir. Iş üzrə toplanmış sübutlarla, o cümlədən inzibati xəta haqqında materiallarla müəyyən edilir ki, yol-nəqliyyat hadisəsi cavabdeh2 tərəfindən təhlükəsiz ara məsafəsinin gözlənilməməsi nəticəsində baş vermiş və həmin şəxs bu hərəkətinə görə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.

21. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülki məsuliyyətə cəlb olunması üçün onun inzibati məsuliyyətə cəlb edilməsi zəruri şərt deyildir. Hüquqi şəxsin zərərin əvəzini ödəmək vəzifəsi inzibati məsuliyyətin mövcudluğundan deyil, zərərin onun işçisi tərəfindən əmək (xidməti) vəzifələrinin icrası zamanı vurulmasından irəli gəlir.

22. Iş materialları ilə müəyyən edilir ki, cavabdeh2 hadisə zamanı MMC-nin işçisi olmuş, MMC-yə məxsus nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə etmiş və əmək funksiyalarını yerinə yetirərkən yol-nəqliyyat hadisəsinə səbəb olmuşdur. Bu səbəbdən onun təqsirli hərəkətləri nəticəsində vurulmuş zərərə görə mülki-hüquqi məsuliyyət işəgötürən qismində MMC-nin üzərinə düşür.

23. Həmçinin, cavabdeh MMC-nin nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olması barədə istinad etdiyi hal da onun məsuliyyətini istisna etmir. Çünki iddia tələbi avtomobilin texniki nasazlığından deyil, nəqliyyat vasitəsini idarə edən sürücünün yol hərəkəti qaydalarını pozması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsindən irəli gəlir.

24. Beləliklə, Məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi MMC-nin işçisi tərəfindən əmək vəzifələrinin icrası zamanı törədildiyindən, iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyət həm təqsirli sürücü cavabdeh2, həm də onun işəgötürəni olan MMC-yə aid edilməlidir. Buna görə də cavabdeh MMC-nin iddia tələbinə qarşı irəli sürdüyü etirazlar əsaslı hesab edilə bilməz.

25. Məhkəmə hesab edir ki, həmin hissədə iddianı qismən təmin edən Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

26. Bunlardan başqa, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü ikinci tələb, baş vermiş yol nəqliyyat hadisəsindən sonra onun avtomobilinin əmtəə dəyərinin aşağı düşməsi ilə bağlı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədədir.

27. Işə baxmış Rayon Məhkəməsi iddiaçının bu tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, avtomobilin əmtəə dəyərinin aşağı düşməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır.

28. Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayan Məhkəmə bununla bağlı bildirir ki, nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi və sonradan təmir olunması həmin nəqliyyat vasitəsinin bazar (əmtəə) dəyərinin azalmasına səbəb ola bilən hallardandır. Sözügedən məsələ üzrə formalaşmış məhkəmə təcrübəsinə görə, nəqliyyat vasitəsi tam təmir olunsa belə, onun yol-nəqliyyat hadisəsində iştirak etməsi gələcək alıcılar üçün əhəmiyyətli amil hesab edilir və bu hal avtomobilin bazar dəyərinə mənfi təsir göstərir.

29. Məhkəmə onu da qeyd edir ki, avtomobilin əmtəə dəyərinin azalması faktı ehtimallara və mülahizələrə deyil, xüsusi bilik tələb edən məsələlər üzrə əldə edilmiş mötəbər sübutlarla təsdiq olunmalıdır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, xüsusi bilik tələb edən halların müəyyən edilməsi ekspert rəyinin köməyi ilə həyata keçirilir.

30. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçıya məxsus avtomobilin yol-nəqliyyat hadisəsi baş verən tarixdə orta bazar dəyəri 35.000 manat, təmir işləri aparıldıqdan sonrakı vəziyyətdə isə orta bazar dəyəri 30.000 manat təşkil etmişdir. Beləliklə, mütəxəssis rəyi ilə avtomobilin bazar (əmtəə) dəyərinin 5.000 manat məbləğində azaldığı müəyyən edilmişdir.

31. Qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilin əmtəə dəyəri aşağı düşmüş və bununla da iddiaçıya maddi zərər vurulmuşdur. Avtomobilin əmtəə dəyərinin azalması nəticəsində iddiaçıya vurulmuş maddi zərərin məbləği 5.000 manat təşkil edir.

32. Buna görə də Məhkəmə hesab edir ki, iddiaçının həmin hissədə irəli sürdüyü tələb və apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Avtomobilin əmtəə dəyərinin azalmasına görə vurulmuş 5.000 manat maddi zərərin əvəzinin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi üçün hüquqi əsaslar mövcuddur. Bu hissədə iddia tələbini rədd etmiş Rayon Məhkəməsinin nəticəsi işin faktiki hallarına və sübutlara uyğun olmadığından səhv hesab edilməlidir.

33. Bununla yanaşı, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi haqlı olaraq iddiaçının irəli sürdüyü mənəvi zərərin və əlavə xərclərin əvəzinin ödənilməsi barədə tələbləri sübuta yetirilmədiyinə görə təmin etməmişdir.

34. Belə ki, MPM-in 77-ci maddəsinin tələblərinə görə, iş üzrə tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun fiziki və ya mənəvi iztirablara məruz qalmasını, psixoloji sarsıntı keçirməsini və ya digər qeyri-əmlak xarakterli mənfi nəticələrin yaranmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Iş materiallarında iddiaçının mənəvi zərərə məruz qalmasını təsdiq edən tibbi sənədlər, mütəxəssis rəyləri və ya digər sübutlar mövcud deyildir.

35. Həmçinin iddiaçı əlavə xərclərin çəkildiyini bildirsə də, həmin xərclərin faktiki olaraq çəkilməsini və onların məhz baş vermiş yol-nəqliyyat hadisəsi ilə səbəbli əlaqədə olmasını təsdiq edən qəbzlər, ödəniş sənədləri və ya digər sübutlar məhkəməyə təqdim edilməmişdir.

36. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərərin və əlavə xərclərin əvəzinin ödənilməsi ilə bağlı tələbləri sübuta yetirilmədiyindən, həmin hissədə iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

37. Məhkəmə həmçinin bildirir ki, Rayon Məhkəməsi məhkəmə xərcləri ilə bağlı məsələni də düzgün həll etmiş, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunu iş üzrə tərəflərə, qiymətləndirmə ekspertiza xərcini təşkil edən 400 manatı isə yalnız cavabdeh MMCyə aid etmişdir.

38. Qiymətləndirmə xərcinə aid hissədə Rayon Məhkəməsinin mövqeyinə etiraz edən cavabdeh MMC, bildirir ki, onun nümayəndəsi işin məhkəmə baxışı zamanı iddianı ümumiyyətlə qəbul etməmişdir. Belə olan halda, nümayəndənin iş üzrə müvafiq ekspertiza təyin edilməsi barədə Rayon Məhkəməsinin mövqeyi anlaşılan deyil və səhvdir.

39. Cavabdeh MMC-nin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdeh MMC-nin nümayəndəsinin iddia tələbini qəbul etməməsi ekspertizanın təyin edilməsinə mane olan hal hesab edilə bilməz. Əksinə, tərəflər arasında zərərin mövcudluğu və məbləği ilə bağlı mübahisə olduğundan, həmin məsələlərin obyektiv şəkildə müəyyən edilməsi üçün ekspertiza aparılması zəruri olmuşdur.

40. Bundan əlavə, iş üzrə qəbul edilmiş qətnamə ilə müəyyən edilmişdir ki, yolnəqliyyat hadisəsi MMC-yə məxsus nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilmiş, iddiaçıya maddi zərər vurulmuş və həmin zərərin əvəzinin ödənilməsi vəzifəsi cavabdehlərin üzərinə qoyulmuşdur. Belə olan halda, mübahisənin həlli üçün zəruri olmuş ekspertiza xərcinin cavabdeh MMC-yə aid edilməsi prosessual qanunvericiliyin tələblərinə uyğundur.

41. Odur ki, Məhkəmə hesab edir ki, qiymətləndirmə ekspertizasının xərcinin cavabdehMMC-dən tutulması hissəsində Rayon Məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, cavabdehin apellyasiya şikayətinin bu hissədəki dəlilləri isə əsassızdır. g) apellyasiya baxışının nəticəsi

42. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qismən, yəni avtomobilin əmtəə dəyərinin aşağı düşməsi ilə bağlı vurulmuş zərərin ödənilməsi hissəsində, səhvdir və işin hallarına uyğun deyil. Iddiaçının apellyasiya şikayətinin dəlilləri bu hissədə əsaslıdır, formal mülahizə xarakteri daşımır.

43. MPM-in 385-ci maddəsinin tələbinə görə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

44. Məhkəmə hesab edir ki, cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməlidir.

45. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 384, 392, 393, 402, 405maddələrini tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDI:

Cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Iddiaçı İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnamə qismən, yəni avtomobilin əmtəə dəyərinin düşməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələb təmin edilsin və cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətindən 5.000 (beş min) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilsin. Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırki qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar