Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1207/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsrafil oğlunun cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-1207/2026 (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı İsrafil oğlunun cavabdeh “xxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı İsrafil oğlu ## ### 2025- ci il tarixində "Kontakt Home" mağazasından kredit yolu ilə “Zigzag" markalı moped satın almışdır. Moped qısa müddət ərzində texniki cəhətdən istifadəyə yararsız vəziyyətə-xüsusilə elektrik sistemində və akkumulyatorda nasazlıqlar meydana çıxmışdır. Bu səbəbdən ## ### 2025-ci il tarixində mopedi rəsmi servis partnyoru olan "Reset Servis" xidmətinə təhvil vermişdir. 14 gün ərzində texniki rəy verilməli olduğu halda heç bir cavab təqdim edilməmişdir. ## #### 2025-ci il tarixində moped dəyişdirilmiş, lakin yeni təqdim olunan moped daha təhlükəli vəziyyətdə olmuşdur.
2. Hal-hazırda iddiaçı istehlakçı hüquqlarının pozulması nəticəsində yaranmış maddi və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı İsrafil oğlu cavabdeh “xxxx” MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 750 manat maddi və 1000 manat mənəvi ziyanın tam şəkildə ödənilməsi, “Kontakt Home” mağazalar şəbəkəsinin fəaliyyəti ilə bağlı araşdırma aparılması: texniki yoxlamadan keçməyən məhsulların satışa çıxarılması, istehlakçı həyatı üçün təhlükəli vəziyyətlərin gizlədilməsi və müştəriyə nasaz məhsulun sistematik şəkildə təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən (Kontakt Home) 856 MANAT məbləğində maddi zərərin və 1000 MANAT məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən məhkəmə tərəfindən qəbul edilməmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İsrafil oğlu, ## ### 2025- ci il tarixində "Kontakt Home" mağazasından kredit yolu ilə “Zigzag" markalı moped satın almışam. İlkin ödəniş olaraq 120 MANAT ödəmişdir. Moped qısa müddət ərzində texniki cəhətdən istifadəyə yararsız vəziyyətə-xüsusilə elektrik sistemində və akkumulyatorda nasazlıqlar meydana çıxmışdır. Bu səbəbdən ## ### 2025-ci il tarixində mopedi rəsmi servis partnyoru olan "Reset Servis" xidmətinə təhvil vermişdir. 14 gün ərzində texniki rəy verilməli olduğu halda heç bir cavab təqdim edilməmişdir. Daha sonar ## #### 2025-ci il tarixində moped dəyişdirilmiş, lakin yeni təqdim olunan moped daha təhlükəli vəziyyətdə olmuşdur. Sükanaltı tros kabelin düzgün quraşdırılmaması nəticəsində qəza vəziyyəti yaranmış və həyatı risk altına düşmüşdür. Bir neçə gün sonra mopeddə yenidən elektrik sistemində nasazlıq və akkumulyator problemi meydana çıxmışdır. Hal-hazırda isə moped ## #### 2025 tarixindən "Kontakt Home"un əməkdaşlıq etdiyi Reset servis xidmətindədir və bu günədək heç bir cavab və ya məlumat verilməmişdir. Mopedin istifadəyə yararsız olması səbəbindən əsas təyinatı üzrə — kuryer fəaliyyəti üçün ondan istifadə edə bilməmiş və gündəlik təxminən 25 MANAT gəlirdən məhrum olmuşdur. Ümumilikdə bu müddətdə 750 MANAT maddi zərərə məruz qalmışdır. Təmir işini şəxsi hesabına etdirmiş və 40 manat xərc çəkmişdir. ##.##.2025-ci il tarixində mopedin akkumulyator hissəsində yenidən nasazlıq yaranmış və servis xidmətinə təhvil verilmişdir. Lakin uzun müddət cavab verilməmiş, yalnız ##.##.2025 tarixində əvvəlcədən ödənilmiş 120 manat ilkin məbləğ ona geri qaytarılmışdır. Servisə təhvil verdiyi zaman moped üzərində 16 manat dəyərində telefon tutacağı da qalmışdır. Bu barədə servisə məlumat verməyinə baxmayaraq, sonradan əlaqə saxlanılmamış və əşya geri qaytarılmamışdır. Moped kuryer fəaliyyəti üçün nəzərdə tutulduğundan, nasazlıq müddətində gəlir əldə edə bilməmişdir. ##.##.2025–##.##.2025 tarixləri arasında təxminən 30 gün gəlir itkisi olmuşdur: 30 gün × 25 MANAT = 750 MANAT ##.##.2025 tarixində Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda iştirak etmək üçün Beyləqan rayonundan Bakıya gəlmişdir. Gediş, qida və digər xərclər üçün 50 manat xərc çəkmişdir. Cəmi maddi zərər: təmir xərci – 40 manat, gəlir itkisi – 750 manat, telefon tutacağının dəyəri – 16 manat, məhkəməyə gediş xərci – 50 manat - ümumi: 856 manat. 09 may – ## ###### 2025 tarixləri arasında dəfələrlə mağaza və polis bölmələrinə müraciət etmiş, gərginlik, əsəb, yuxusuzluq və narahatlıq keçirmişdir. İşindən və istirahətindən geri qalmışdır. Atasına edilən əsassız zəng nəticəsində ailə daxilində narahatlıq və psixoloji sarsıntı yaranmışdır. Qüsurlu mopedin yaratdığı qəza vəziyyəti ona psixoloji qorxu və təhlükə hissi yaşatmışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Elnarə Vəliyeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-dən 400 manat dəymiş mənəvi zərər tutularaq iddiaçı İddiaçı İsrafil oğlunun xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət etmişdir.
7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 21.1, 21.2, 406.1, 459.1, 567, 581.1, 581.2, 936.1, 936.2, 936.5, 1096.1, 1108.1-ci maddələrinə, “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 5, 7-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsi və iddianın bütövlükdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı əldə etdiyi məhsulu məişət ehtiyacları üçün istifadə etməli idi, çünki alıcı kimi istehlakçı qismində çıxış etmişdir. Lakin o, sahibkarlıq məqsədi ilə, qazanc əldə etmək üçün maldan istifadə etmişdir. Buna görə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də iddiaçının şikayətini əsaslı hesab etməmişdir. İddiaçı ona dəymiş ziyanı göstərə bilməmiş və sübut edə bilməmişdir. İddiaçı ziyanla bağlı sübutları məhkəmə baxışına qədər təqdim etməmişdir. Bundan başqa, iddiaçının cəmiyyət qarşısındakı öhdəliyinə xitam verilmiş, məhsul onun adından qaytarılmış, cərimə məbləğləri silinmişdir. Məhkəmə iddiaçının mənəvi zərər tələbinin qismən təmin edilməsi zamanı cavabdehin hüquqi məsuliyyətinin yaranması üçün zəruri olan hüquqi tərkib elementlərini (qanunazidd hərəkət, zərər, səbəbli əlaqə və təqsir) tam və hərtərəfli araşdırmamışdır. Yəni cavabdeh olaraq iddiaçının hüquqlarını pozmamışıq, əksinə iddiaçı məhsuldan sahibkarlıq məqsədi ilə istifadə etmiş,buna görə istehlakçı kimi nəzərə alınmaış (aidiyyəti orqan tərəfindən), bundan əlavə iddiaçının bütün hüquqları qorunmuş və məhsul onu qane etmədiyi üçün adından qaytarılmışdır, servis xidməti ilə bağlı iddiaçının narazılığı varsa buna cavabdeh şəxs biz deyilik, bu hissədə baş vermiş yubanmaya görə servis münasibət bildirə bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı məhsulu sahibkar kimi deyil, istehlakçı qismində almışdır və onlar da rəsmiləşdirməni bu formada aparmışlar. Maddi ziyan təmin olunmadığından mənəvi ziyanın da təmin olunması əsassızdır.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
18. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
19. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
21. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
“İstehlakçı hüquqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanunu
19. Maddə 3. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, xxxxsının və satıcısının sərbəst seçilməsinə; istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə; malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə; qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə; öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə.
20. Maddə 5.1. İstehlakçı satıcıdan (istehsalçıdan, xxxxdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, xxxxnın) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.
21. Maddə 5.3. Satıcı (istehsalçı, xxxx) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (xxxxnın) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.
22. Maddə 7.1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının xxxxnın (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı
23. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.
24. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
25. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarı
26. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəçlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir.
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il # ###### tarixli qərarı
27. Qərarın 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin pre sedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.
28. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2025-ci il ## ###### tarixli qərarı
29. Qərarın 3.3.2-ci bəndinə əsasən, Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına dəymiş zərər zərərvuran tərəfindən istehlakçıya tam ödənilməlidir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərərin vurulması isə şəxsin şəxsiyyət hüquqlarının pozulması ilə nəticələndiyi halda mənəvi zərərin yaranmasına səbəb olur.
30. Həmin Qərarın 3.3.3-cü bəndinə əsasən, istehlakçıların şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış müqavilə, Mülki Məcəllənin 9-cu bölməsinin və ya digər (müqavilənin növündən asılı olaraq) normaları, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə digər sahəvi normativ hüquqi aktlar təşkil edir. İstehlak münasibətlərindən irəli gələn zərər tələbinin maddi hüquqi əsasları müəyyənləşdirilərkən zərəçəkmişin müqavilə tərəfi olub-olmaması, zərər əmlaka vurulduqda isə həmin əmlakın müqavilə predmetini təşkil edib-etməməsindən asılı olaraq, bu qərarın 4.15ci bəndində göstərilən qayda nəzərə alınmalıdır.
31. Qərarın 3.3.4-cü bəndinə əsasən, İstehlakçıya dəyən zərər onun seçimindən asılı olaraq, istehsalçı (xxxx, satıcı) tərəfindən ödənilməlidir. Nəzərə alınmalıdır ki, “xxxx” iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar olmaqla, xidmət sahəsində mənəvi zərərin ödənilməsinə cavab verməli olan şəxsdir.
32. Qərarın 3.3.5-ci bəndinə əsasən, istehlakçıya ödənilməli olan mənəvi zərərin həcmi malın (işin, xidmətin) dəyərindən və ya tutulmalı olan dəbbə pulunun məbləğindən asılı olmayaraq, ümumi meyarlar əsasında müəyyən olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki iş üzrə qətnamədən cavabdeh apellyasiya şikayəti verdiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.
42. Belə ki, iş materiallarındakı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, "Kontakt Home" mağazası ilə bağlı müraciətə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində aidiyyəti üzrə baxılmışdır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxıldığından cavabdeh ilə yaranmış mübahisənin həllinə dair Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, mülki icraat qaydasında aidiyyəti üzrə məhkəmədə iddia qaldırıla bilər. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciət barədə qəbul edilmiş qərarla razılaşmadığı halda İddiaçı İsrafil oğlunun həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
43. Reset Servisin məktubundan görünür ki, Servis mərkəzi Məhsulda olan məlumatların, faylların və qoruyucu üzlüyün itirilməsi (pozulması, məhv olması) Məhsulun hesaba (account-a, iCloud-a) düşməsi risklərinə görə məsuliyyət daşımır. Məhsul servis mərkəzinə təhvil verildiyi gündən etibarən 45 təqvim günü müddətinə geri alınmazsa Məhsulun qorunub saxlanmasına görə texniki servis cavabdehlik daşımır. Rabitə avadanlıqlarının (telefon məhsulları, plarçşet və s.). kiçik məişət və kompüter texnikalarının müayinə haqqı 15 manat. böyük məişət texnikaları üçun isə 20 manat təşkil edir.
44. İş materiallarında olan ##.##.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, “xxxx” MMC tərəfindən ##.##.2025-ci il tarixdə dəyəri 2379,99 manat olan Zigzag One 50 CC black adlı məhsul alıcı İddiaçı İsrafil oğluna təhsil verilmişdir.
45. ##.##.2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı İsrafil oğlu tərəfindən 120 manat ödəniş etmiş, 2259,99 manat borcu qalmışdır.
46. Hazırda cavabdeh iddiaçının xeyrinə mənəvi ziyanın tutulmasını əsassız hesab edir və maddi ziyanın ödənilməsi barədə tələbin də təmin edilməməsini əsaslarda biri kimi irəli sürür.
47. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin Plenumunun ## ###### 2025-ci il tarixli ** saylı Qərarının 3.3.2-ci bəndinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərərin vurulması şəxsin şəxsiyyət hüquqlarının pozulması ilə nəticələndiyi halda mənəvi zərərin yaranmasına səbəb olur.
48. İstehlakçıların şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış müqavilə, Mülki Məcəllənin 9-cu bölməsinin və ya digər (müqavilənin növündən asılı olaraq) normaları, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə digər sahəvi normativ hüquqi aktlar təşkil edir. İstehlak münasibətlərindən irəli gələn zərər tələbinin maddi hüquqi əsasları müəyyənləşdirilərkən zərəçəkmişin müqavilə tərəfi olub-olmaması, zərər əmlaka vurulduqda isə həmin əmlakın müqavilə predmetini təşkil edib-etməməsindən asılı olaraq, bu qərarın 4.15-ci bəndində göstərilən qayda nəzərə alınmalıdır.
49. Bundan başqa, Ali Məhkəmənin Plenumunun ## ###### 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.
50. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir.
51. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur.
52. Məhkəmə kollegiyası cavabdehin iddianın rədd edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin alıcıya (istehlakçıya) qüsurlu malı, üstəlik iki dəfə üst-üstə qüsurlu şəkildə təqdim etməsi iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsini labüd etmişdir. Belə ki, istehlakçının şikayəti əsasında təkrarən qüsurlu malın ona təqdim olunması, bu malın istismarından yox, yaranmış qüsurların aradan qaldırılmasına istiqamətlənən zərərə məruz qalması və bununla əlaqədar müvafiq instansiyalara (inzibati qurumlar və yekunda məhkəməyə) müraciət etməyə məcbur olması və bütün bunların nəticəsində iddiaçının şüurunda, həqiqətən də, mənfi psixoloji reaksiyaya səbəb olması qaçılmazdır.
53. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şərait yaradılması məqsədi ilə alqı-satqı prosesində, iş görülməsində və xidmət göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və xxxx arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsaslarını, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin dövlətin başlıca öhdəliklərindəndir. Dövlət bu sahədə müvafiq tənzimlənmə həyata keçirilməklə, istehlakçı və istehsalçı arasında birbaşa etimadın təşkilini və bu tənzimləmədən irəli gələn iqtisadi inkişafı hədəfləyir.
54. Bu istiqamətdə istehlakçıların hüquqlarının pozulması gələcəkdə bazar münasibətlərinin inkişafına zərbə vurulmaqla bərabər, hüquq müdafiənin nəticəsiz qalması vətəndaşların dövlətə olan etimadını sarsıda bilər.
55. Hazırda işin mübahisəsiz halıdır ki, cavabdeh tərəfindən iddiaçıya qüsurlu mal təqdim olunmuş, lakin bu istiqamətdə istehlakçı yaranmış zərərin aradan qaldırılması istiqamətində nəinki, tədbir görməmiş, yenidən eyni formada qüsurlu malı alıcıya təqdim etmişdir. BMT-nin 1985-ci il tarixli “İstehlakçıların hüquqlarının müdafiəsinə dair” “Rəhbər Pinsiplər” adlanan beynəlxalq sənəddə müvafiq sahədə ən başlıca prinsip kimi “fiziki təhlükəsizlik” prinsipinə istinad olunmuşdur.
56. Müvafiq prinsipə əsasən, istehsal olunan mallar birbaşa və ya bilavasitə təyinatı zamanı istehlak olunarsa, onların təhlükəsizliyinə dair dövlətlər tərəfindən qəbul olunan normativ hüquqi aktlar beynəlxalq normalara uyğunlaşdırılmalıdır. Dövlətlər mal istehsal edərkən burada istehlak şəraiti təhlükəsiz olmalıdır. Malların təhlükəli olmasına səbəb olan amillər aradan qaldırılmalıdır. Malın istehlakına dair bütün məlumatlar istehlakçıya verilməlidir.Dövlətlər satış dövriyyəsində olan malın aşağı keyfiyyətliyini təcili aradan qaldırmalı, satışdan götürməli və istehlakçıya dəyən ziyanı ödəməlidirlər.
57. Göründüyü kimi, bu sahədə fiziki təhlükəsizlik prinsipinin əhəmiyyəti, istehlakçının qüsursuz məhsula əlçatanlılığının təmin olunması, bu mümkün olmadığı təqdirdə yaranmış qüsurların aradan qaldırılmasının təmini həyata keçirilməsində özünü göstərir. Bu zaman yaranmış qüsur nəticəsində istehlakçıya birbaşa fiziki zərər dəyib-dəyməməsindən asılı olmayaraq, qüsurlu məhsulun istehsalçısı məsuliyyət daşıyır.
58. İstehlakçıya dəyən zərər onun seçimindən asılı olaraq, istehsalçı (xxxx, satıcı) tərəfindən ödənilməlidir. Nəzərə alınmalıdır ki, “xxxx” iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar olmaqla, xidmət sahəsində mənəvi zərərin ödənilməsinə cavab verməli olan şəxsdir. (Ali Məhkəmənin Plenumunun ## ###### 2025-ci il tarixli ** saylı Qərarı 3.3.4 bənd)
59. Göstərilənlərə əsasən kollegiya cavabdehin iddianın rədd olunmasına dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək iddiaçıya ona dəymiş mənəvi zərərə görə müəyyən bir məbləğin ödənilməli olduğunu qeyd edir.
60. Kollegiya mənəvi zərərə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş həddi də hazırkı işə münasibətdə adekvat hesab edərək bildirir ki, istehlakçıya ödənilməli olan mənəvi zərərin həcmi malın (işin, xidmətin) dəyərindən və ya tutulmalı olan dəbbə pulunun məbləğindən asılı olmayaraq, ümumi meyarlar əsasında müəyyən olunur.
61. İşin hallarından da məlum olur ki, iddiaçıya qüsurlu məhsullar cavabdeh tərəfindən təqdim edilmişdir. İddiaçının keçirdiyi sarsıntının dərəcəsinin hansısa pul vəsaiti ilə azaldılması və ya onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər.
62. Lakin burada cavabdehin qüsurlu malın təqdim olunmasından sonrakı hərəkətləri də nəzərə alınmalıdır. Belə ki, cavabdeh şəxsin maliyyə itkilərinin qarşısının alınması üçün cərimə borcunu ləğv etmiş, həmçinin tərəflər arasında bağlanan müqaviləni ləğv edərək, alıcı tərəfindən verilmiş ödənişləri geri qaytarmışdırBuna görə də cavabdehdən tutulmalı məbləğin miqdarı müəyyən edilərkən qeyd edilən hallar mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq qiymətləndirilməlidir.
63. Odur ki, məhkəmə kollegiyası hazırda işin qeyd edilən bütün faktiki hallarına və qanunvericiliyin tələblərinə məcmu halında qiymət verərək birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin 400 (dörd yüz) manat məbləğində qiymətləndirilməsi barədə mövqeyini işin halları və tərəflərin mənafeləri baxımından ədalətli hesab edir və qətnamənin tutulan məbləğin miqdarı ilə bağlı dəyişdirilməsinə hər hansı əsas görmür.
64. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
65. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
66. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
67. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
68. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
69. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev