Məhkəmə qərarları › İş №2(3-6)-1229/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1229/2026

31.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1229/2026 31.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI QƏRARDAD Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-**/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsində qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması və reyestr qeydiyyatının etibarsız hesab edilməsi” barədə iddiaçı Bakı şəhər Xəzər rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2019-cu il tarixli qiyabi qətnaməsi ilə təmin edilmişdir. Ərizəçi Cavabdeh “Xəzər rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2019-cu il tarixli qiyabi qətnamənin ləğv edilməsi” barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək iş üzrə çıxarılmış qiyabi qətnamənin ləğv edilməsini və işin yenidən mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizə (dəftərxana vasitəsilə ##.##.2025-ci il tarixində təqdim edilmişdir) onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, “Nadejda” bağlar massivi ** saylı bağ sahəsi ilə bağlı rəsmiləşdirmə işləri aparılarkən məlum olmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında baxılmış *(***)***/**** nömrəli mülki iş üzrə sözügedən çıxarışın etibarsız və digər tələblərin təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilmişdir. Həmin mülki işlə bağlı məhkəmə iclasları və qətnamənin çıxarılması barədə heç bir məlumatı olmamış, məhkəmə bildirişi və qətnamə təqdim edilməmişdir. Daha sonra Xəzər Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli mülki iş üzrə qəbul edilmiş qiyabi qətnaməsi rəsmi qaydada təqdim edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq qiyabi qətnamənin ləğv edilməsi və işə yenidən mahiyyəti üzrə baxılması xahiş edilir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-**/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh Cavabdeh *(***)-**/**** saylı mülki iş üzrə çıxarılmış ##.##.2019-cu il tarixli qiyabi məhkəmə qətnaməsinin ləğv edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardadda Mülki Prosessual Məcəllənin 245.1.3, 250-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən iş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasları barədə həm poçt vasitəsilə, həm də telefon nömrələri vasitəsilə məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər göndərilmiş, lakin cavabdeh məhkəmə iclaslarına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə işə qiyabi icraat qaydasında baxaraq, qətnamə qəbul etmişdiir. Nəticədə qəbul edilmiş məhkəmə qətnaməsi də cavabdehə göndərilmiş və nəticədə icra vərəqəsi verilmişdir. Qeyd edək ki, tərəflər arasında mübahisə predmeti barəsində Xəzər RPİ-nin 1-ci PB-də də araşdırma aparılmış və cavabdeh həmin araşdırmadan məlumatlı olmuş, cavabdehin qardaşı tərəfindən izahat verilmiş və nəticədə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2017-ci il tarixli qərar qəbul edilmişdir (iş v. 11-12). Cavabdeh məhkəmə iclaslarından məlumatlı olmadığını və qətnamənin ona təqdim edilmədiyini qeyd etsə də, bu halları təsdiq edən sübutlar ərizədə göstərilmədiyi kimi, məhkəmə araşdırması zamanı da təqdim edilməmişdir. Məhkəmə iclasında cavabdehin (ərizəçinin) vəkili və nümayəndəsi məhkəmə bildirişlərinin və qətnamənin göndərildiyi, cavabdehin ünvanı kimi qeyd edilmiş (ünvan 1) ünvanın onun ünvanı olub-olmaması barədə məlumatının olmadığını bildirmiş və həmin faktın araşdırılıb sübut təqdim edilməsi və həmçinin cavabdehin özünün də məhkəmə iclasında iştirakının təmin edilməsi üçün məhkəmə iclası təxirə salınsa da, növbəti məhkəmə iclasında iştirak etməmiş və hər hansı sübut da təqdim etməmişlər. Hazırki mülki işin 2017-2019-cu illərdə aparılmış məhkəmə araşdırması ilə bağlı olduğunu nəzərə alsaq, cavabdehin hazırda başqa bir ünvanda qeydiyyatda olması ilə bağlı dəlil qanuni qüvvədə olan qətnamənin ləğv edilməsi üçün kifayətedici və əsaslı sübut hesab edilə bilməz. Qanuvericiliyin tələbinə əsasən, qiyabi məhkəmə qətnaməsi o halda ləğv edilməlidir ki, məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsin. Halbuki, ərizəçi (cavabdeh) tərəfindən bu hallar sübuta yetirilə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi: Cavabdeh Cavabdeh şikayət vermiş və şikayətin təmin edilməsi, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-**/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərardadının ləğv edilməsini və qiyabi qətnamənin ləğvi ilə bağlı ərizəsinin təmin olunmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60; Mülki Prosessual Məcəllənin 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəfin məhkəmədə iştirakı təmin edilmədən onun mülkiyyətini təsdiq edən sənədin etibarsız edilməsi qanunsuzdur. Mülkiyyətə müdaxilə edərək, cavabdehin mülkiyyət hüququ pozulmuşdur. Mülkiyyəti təsdiq edən sənədin etibarsız hesab edilməsi və mülkiyyət toxunulmazlığı prinsipinin pozulması, həmçinin qanun qarşısında ədalətin təmin edilməməsi anlamına gəlir. Belə vəziyyətdə mülkiyyətçinin pozulmuş hüquqlarının bərpası vacibdir və bu səbəbdən, verilmiş ərizə təmin olunmalı idi. “Google Yer” proqramı ilə müqayisəli tədqiq olunan zaman 2011-2023-cü illərdə həmin ərazidə tikilinin mövcud olduğu və heç bir dəyişiklik olmadığı müəyyən olunur. Hazırki iş üzrə cavabdeh Cavabdeh ilkin məhkəmə icraatı zamanı qeydiyyat ünvanı səhv yazıldığından, onun mübahisədən heç bir xəbəri olmamışdır. MPM-nin 240.1-ci maddəsinə əsasən, gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə, işə qiyabi icraatda baxılmasına yol verilmir və işə baxılması təxirə salınır. Barəsində şikayət verdiyi məhkəmə əvvəl işə baxan məhkəmənin məsuliyyətsizliyi səbəbindən cavabdehin qiyabi icraatdan xəbəri olmadığı və məhkəmənin onun iştirakını təmin etməkdə heç bir araşdırma aparmadığını nəzərə almalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 243.1-ci maddəsinə əsasən, qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Lakin cavabdehə bu qətnamə haqqda heç bir məlumat verilməmişdir. Qanun müəyyən edir ki, “Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir.” Bütün bu vacib sübutlar araşdırılmadan, qiyabi qətnamə ləğv edilmədi və verilmiş ərizə təmin edilmədi. Bu isə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələb etdiyi “hərtərəfli və tam” araşdırma prinsipinin pozulması deməkdir. Məhkəmə qərardadında qeyd edilmişdir ki, “...tərəflər arasında mübahisə predmeti barəsində Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsində araşdırma aparılmış, cavabdeh həmin araşdırmadan məlumatlı olmuş, cavabdehin qardaşı tərəfindən izahat verilmiş və nəticədə ##.##.2017-ci il tarixli ‘cinayət işinin başlanmasının rədd edilməsi haqqında’ qərar qəbul edilmişdir...”. Lakin iş materiallarının təhlili göstərir ki, qeyd edilən araşdırma çərçivəsində mübahisəli əmlakın mülkiyyətçisi olan cavabdehin özündən heç bir izahat alınmamış, onun prosesdə iştirakı təmin edilməmişdir. Araşdırma yalnız cavabdehin qardaşının verdiyi izahatla məhdudlaşmış, mülkiyyətçi şəxs qismində cavabdehin mövqeyi müəyyən edilməmiş və faktiki olaraq araşdırma tam və obyektiv aparılmamışdır. Bu baxımdan, məhkəmənin cavabdehin qardaşının məlumatlı olmasını cavabdehin özünün məlumatlı olması kimi qiymətləndirməsi hüquqi baxımdan əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə əsasən, şəxsin hüquq və vəzifələrinə təsir edən hallarla bağlı məlumatlılıq yalnız həmin şəxsin özünə münasibətdə müəyyən edilə bilər və bu hal üçün üçüncü şəxsin, o cümlədən qohumun verdiyi izahat hüquqi nəticə doğurmur. Eyni zamanda, qeyd edilən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar mülki hüquqi mübahisənin mövcudluğunu və ya mülkiyyət hüququnun tanınmasını təsdiq edən hüquqi akt hesab edilə bilməz. Cinayət-prosessual araşdırma çərçivəsində qəbul edilmiş belə bir qərar, mülki iş üzrə tərəfin məlumatlı olması, razılığı və ya hüquqi mövqeyinin müəyyən edilməsi kimi şərh edilə bilməz. Beləliklə, məhkəmənin yalnız polis araşdırmasına istinad etməklə və həmin araşdırmada cavabdehin qardaşının iştirakını cavabdehin məlumatlı olması kimi qəbul etməklə nəticə çıxarması sübutların düzgün qiymətləndirilməməsi və əhəmiyyətli prosessual pozuntu kimi qiymətləndirilməlidir. Hesab edir ki, hazırkı iş üzrə qəbul edilmiş qiyabi qətnamə bu tələblərə cavab vermir. Qətnamə tərəflər arasında həqiqi çəkişmə aparılmadan, sübutlar hərtərəfli araşdırılmadan və cavabdehin mövqeyi öyrənilmədən qəbul edilmişdir. Belə qətnamə hüquqi müəyyənlik yaratmır, əksinə, sonradan tərəfin məhkəməyə müraciət etməsi, qiyabi qətnamənin mövcudluğunun gec aşkar edilməsi və hüquqi qeyrimüəyyənliyin davam etməsi ilə nəticələnmişdir. Qətnamə nəticəsində cavabdeh mülkiyyət hüququndan məhrum edilmiş, lakin bu məhrumetmə prosesi konstitusion təminatlara və prosessual ədalət prinsipinə uyğun aparılmamışdır. Hüquqların “real bərpası” əvəzinə, cavabdehin hüquqi vəziyyəti daha da ağırlaşdırılmış, onun müdafiə imkanları faktiki olaraq sıfıra endirilmişdir. Belə qətnamə Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tələblərinə ziddir. Hazırkı iş üzrə bu konstitusion təminatlar faktiki olaraq pozulmuşdur. Qiyabi qətnamə cavabdehin icraat barədə lazımi qaydada xəbərdar edilmədiyi halda qəbul edilmiş, qətnamənin surəti ona təqdim olunmamışdır. Nəticədə cavabdeh şikayət vermək imkanından məhrum edilmiş, məhkəməyə çıxış hüququ formal xarakter daşımışdır. Həmçinin cavabdeh Cavabdeh barəsində qəbul edilmiş ##.##.2019-cu il tarixli qiyabi qətnamə onun məhkəmə icraatında iştirakı olmadan, icraatın gedişi və məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmədən qəbul edilmişdir. İş materialları təsdiq edir ki, məhkəmə tərəfindən bildirişlər cavabdehin faktiki və rəsmi qeydiyyat ünvanına deyil, səhv ünvana göndərilmişdir. Nəticədə cavabdeh məhkəmə prosesində iştirak etmək, mövqeyini bildirmək, sübutlar təqdim etmək və iddia tələblərinə etiraz etmək imkanından məhrum edilmişdir. Bu isə Konstitusiyanın 60cımaddəsinin III hissəsində təsbit edilmiş “dinlənilmək hüququnun” kobud şəkildə pozulması deməkdir. Məhkəmə icraatında tərəfin iştirakı təmin edilmədikdə, həmin icraat formal xarakter daşıyır və real məhkəmə müdafiəsi anlayışı aradan qalxır. Sözügedən qətnamənin əsasında göndərilmiş icra sənədi materialları ilə tanış olduqda, müəyyən olunur ki, icra məmuru da məhkəmə kimi cavabdehin aid olmayan səhv ünvan əsasında işləri aparmışdır. Göründüyü kimi cavabdehin icra sənədi əsasında aparılmış işlərdən xəbərsiz olmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-**/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 140. Məhkəmə sənədini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina edən və ya onu səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud məhkəmə sənədinin çatdırılması tapşırılmış digər şəxslər bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulmuş qaydada iyirmi manat miqdarında cərimə edilir. 146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. 240.1. İşə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir: 240.1.1. gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə; 240.1.2. tərəf üzürlü səbəbdən məhkəməyə gəlmədikdə və ya məhkəməyə gəlməməyin səbəblərinin təbii fəlakətlə və ya digər qarşısıalınmaz hadisə ilə əlaqədar olması məhkəmədə aşkar məlum olduqda. 240.2. Bu hallarda işə baxılması təxirə salınır. 250. Əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385-395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.Şikayətin dəlilləri istinad edilən aidiyyəti mülki prosessual hüquq normalarının tələblərinə müvafiq mübahisələndirilən qərardadın ləğvi üçün əsas deyildir. Belə ki, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsiniə müdaxilənin qadağan olunması” tələbinə dair mülki iş üzrə məhkəmənin ##.##.2017-ci il tarixə təyin edilmiş iclası barədə cavabdeh Cavabdeh (ünvan: ünvan 1) məhkəmə bildirişi göndərilmişdir (iş v. 15-16). Həmin mülki iş üzrə məhkəmənin ##.##.2017ci il tarixə təyin edilmiş iclası barədə cavabdeh Cavabdeh (ünvan: ünvan 1) məhkəmə bildirişi göndərilmişdir (iş v. 19-20). Həmin mülki iş üzrə məhkəmənin ##.##.2018-ci il tarixə təyin edilmiş iclası barədə cavabdeh Cavabdeh (ünvan: ünvan 1) məhkəmə bildirişi göndərilmişdir (iş v. 27, 29). Həmin mülki iş üzrə məhkəmənin ##.##.2018-ci il tarixə təyin edilmiş iclası barədə cavabdeh Cavabdeh (ünvan: ünvan 1) məhkəmə bildirişi göndərilmişdir (iş v. 45). “Elektron məhkəmə” İnformasiya Sistemindən görünür ki, həmin mülki iş üzrə məhkəmənin ##.##.2018-ci il tarixə təyin edilmiş iclası barədə cavabdeh Cavabdeh (əlaqə nömrələri vasitəsilə: 703169311, 703055911, 559032845, 553169311, 512817298, 505619858) sms bildiriş göndərilmişdir (iş v. 54 və ##.##.2018-ci il tarixli Elektron məhkəmə informasiya sistemindən çıxarış.). “Elektron məhkəmə” İnformasiya Sistemindən görünür ki, həmin mülki iş üzrə məhkəmənin ##.##.2019-cu il tarixə təyin edilmiş iclası barədə cavabdeh Cavabdeh (ünvan: ünvan 1) məhkəmə bildirişi göndərilmişdir (iş v. 82). Həmin mülki iş üzrə məhkəmənin ##.##.2019-cu il tarixli qiyabi qətnaməsi cavabdeh Cavabdeh (ünvan: ünvan 1) göndərilmişdir (iş v. 112). ##.##.2019-cu il tarixli icra vərəqəsi məhkəmə tərəfindən ##.##.2019-cu il tarixində Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir (iş v. 113-114). Cavabdeh məhkəmə iclaslarına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə işə qiyabi icraat qaydasında baxaraq, qətnamə qəbul etmişdiir. Nəticədə qəbul edilmiş məhkəmə qətnaməsi də cavabdehə göndərilmiş və nəticədə icra vərəqəsi verilmiş, ##.##.2019-cu il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin suiistifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Cavabdehin ünvanı kimi qeyd edilmiş (ünvan 1) ünvanın onun ünvanı olub-olmamasına dair sübut təqdim edilmədiyindən hazırki mərhələdə ərizəçinin hüquqdan sui-istifadəyə yönəlik müraciəti təmin edilə bilməz. Cavabdehin hazırda başqa bir ünvanda qeydiyyatda olması ilə bağlı dəlili qanuni qüvvədə olan qətnamənin ləğv edilməsi üçün kifayətedici və əsaslı sübut hesab edilə bilməz. Belə ki, işin baxılması zamanı fərqli ünvanın mövcudluğu sübuta yetirilməmişdir. Diqqətə çatdırılmalıdır ki, üzürlü səbəblər mövcud olduğu təqdirdə proses iştirakçısının müvafiq olaraq qətnamədən apellyasiya şikayəti verərək müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-**/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar