Məhkəmə qərarları › İş №2(3-6)-125/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-125/2026

21.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-125/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı İlqar oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və iddiaçı İddiaçı İlqar oğlunun ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə iddiaçı İddiaçı İlqar oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəticəsində ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə isə 1.000.000 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi göstərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin qərarına əsasən, iddiaçı, ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstintaq yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmə iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli hökmlə (iş № *(001)-30/2025) iddiaçıya bəraət vermiş (cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə) və iddiaçının barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirini ləğv etmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya şikayəti verilməmiş və bununla da Binəqədi Rayon Məhkəməsinin həmin hökmü qüvvəyə minmişdir. Göründüyü kimi, iddiaçının azadlığına 1 il 7 ay 13 gün ərzində qanunsuz olaraq məhdudiyyət qoyulmuşdur. Bununla da iddiaçıya həm maddi, həm də mənəvi zərər dəymişdir. Belə ki, iddiaçı, “xxxx” MMC-də kuryer işləmiş və aylıq qazancı 800 manat olmuşdur. O, qeyd edilən cinayət işi ilə bağlı işdən kənarlaşdırılmış və qazancdan məhrum olmuşdur. İddiaçının itirmiş olduğu qazanc 10.000 manatdan xeyli artıq olsa da, iddiaçı, hesab edir ki, ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə dövlət büdcəsindən onun xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, heç bir təqsiri olmayan iddiaçının qeyd edilən müddət ərzində şəxsiyyətinə xələl gəlmiş, o, mənəvi sarsıntı keçirmiş, bunun nəticəsində onun səhhətində ciddi problemlər yaranmış, ona mənəvi zərər dəymişdir. Buna görə də, iddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə dövlət büdcəsindən onun xeyrinə 1.000.000 manat məbləğində pul tutulmalıdır. b) cavabdehin etirazı haqqında məlumat

4. Cavabdeh Maliyyə Nazirliyinin nümayəndəsi Maliyyə Nazirliyinin adından iddia tələbinə qarşı etiraz verərək, bildirmişdir ki, Maliyyə Nazirliyi hazırkı iddia tələbinə cavab verməli olan şəxs deyil. Belə ki, iddiaçının istinad etdiyi hüquq pozuntuları Maliyyə Nazirliyi tərəfindən törədilməmiş, Nazirliyin həmin hərəkətlərlə hər hansı səbəbli əlaqəsi olmamışdır. Etirazda həmçinin göstərilmişdir ki, iddiaçı maddi zərərin real mövcudluğunu və məbləğini təsdiq edən mötəbər sübutlar təqdim etməmiş, tələb olunan mənəvi zərərin məbləği isə aşkar şəkildə şişirdilmiş, ağlabatanlıq və mütənasiblik meyarları ilə uzlaşmayan tələb olmuşdur. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilir. c) iş üzrə tərəflərin məhkəmə baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin birinci instnasiya məhkəməsinə verdikləri izahatlar barədə məlumat

5. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə Rayon Məhkəməsinə iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh Maliyyə Nazirliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daxili İşlər Nazirliyi məhkəmə iclaslarının vaxtı və yeri barədə Rayon Məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsalar da məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bunu nəzərə almış Rayon Məhkəməsi işə həmin qurumların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

7. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 4.875 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

8. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçı, iddia ərizəsində qeyd edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onun barəsindən “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan seçilmişdir. Həmin qətimkan tədbiri ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək, yəni 19 ay 13 gün müddətində qüvvədə olmuşdur. Bununla da, iddiaçının Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan “sərbəst hərəkət etmə” hüququ məhdudlaşdırılmışdır. Buna görə də, qəbul edilməlidir ki, iddiaçıya mənəvi zərər dəymişdir. Bu hal müəyyən edildiyindən iddiaçıya dəymiş mənəvi zərərin əvəzi cavabdeh Müdafiə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi hesabına ödənilməlidir. Formalaşmış məhkəmə təcrübəsinə görə, şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri qanunsuz seçildikdə həmin tədbirin davam etdiyi hər 1 ay üçün ən azı 250 manat tutulmalıdır. Buna görə də, dövlət büdcəsindən iddiaçının xeyrinə 19 aya görə (250 x 19=) 4.750 manat, 13 günə görə isə 125 manat, cəmi isə 4.875 manat məbləğində pul tutulmalıdır. Qalan hissələrdə isə iddiaçının iddia tələbi əsassızdır və sübuta yetmir. Buna görə də həmin hissələrdə tələb təmin edilməməlidir. e) apellyasiya şikayətləri barədə məlumat

9. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, oxşar başqa iddialarda seçilmiş qətimkan tədbirinin 1 ayına görə şəxsə ödənilən mənəvi zərərin məbləği 300 manat müəyyən edildiyi halda iddiaçıya həmin münasibətdə 1 aya görə cəmi 250 manat məbləğində kompensasiya hesablanmışdır (Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnaməsi nümunə kimi apellyasiya şikayətinə əlavə edilmişdir). Bundan əlavə qeyd edilməlidir ki, Rayon Məhkəməsi iddiaçının aylıq qazancının təxminən 800 manat olmasını nəzərə almamış və işdə sübutun mövcud olmaması faktını əsas gətirərək ona dəymiş maddi ziyan tələbini təmin etməmişdir. Rayon Məhkəməsi iddiaçıya məxsus sürücülük vəsiqəsinin müstəntiq tərəfindən alınmasını və onun faktiki sürücülük hüququndan məhrum edilməsini, qətimkan tədbirinin iddiaçıya vurduğu ziyanı araşdırmamışdır.

11. Cavabdeh Maliyyə Nazirlik də həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.

12. İddiaya qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh Maliyyə Nazirliyi iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir və buna görə də hazırkı iş üzrə cavabdeh hesab edilə bilməz, iddiaçıya vurulduğu iddia edilən mənəvi zərərin mövcudluğu və həcmi sübuta yetirilməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Maliyyə Nazirlinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat

13. Apellyator – iddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, bu şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

14. Cavabdeh (digər apellyator) Maliyyə Nazirliyi və iş üzrə üçüncü şəxs olan Daxili İşlər Nazirliyi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə hər iki apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Məhkəmə ilk növbədə cavabdeh Maliyyə Nazirliyin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək bildirir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.

17. Belə ki, cavabdeh Maliyyə Nazirliyin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Maliyyə Nazirliyi iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. İşə baxmış Rayon Məhkəməsi isə dövlət büdcəsindən iddiaçının xeyrinə pulun tutulması barədə nəticəyə gələrkən iddiaçının əsassız cinayət təqibinə məruz qoyan təqsirkar şəxsləri müəyyən etməmişdir. Nazirliyinin bu iddiaya cavab verməli olan şəxs kimi göstərilməsi əsassızdır. Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Rayon Məhkəməsi Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur.

18. Bu dəlilin əsaslı olub-olmamasının yoxlanılması məqsədi ilə Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Prezidentinin ##.##.2009-cu il tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

19. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, Maliyyə Nazirliyinin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh Nazirlik tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Məhkəmə, həmçinin nəzərə alır ki, iş üzrə təqsirkar vəzifəli şəxslərin təqsirini müəyyən etmək, dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktları qətnamədə göstərmək hazırkı məhkəmə baxışının predmetini təşkil etmir.

20. Bu baxımdan hesab edilməlidir ki, Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlilləri əsassızdır.

21. Məhkəmə iddiaçının apellyasiya şikayəti ilə bağlı bildirir ki, işdə olan sənədlərdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin qərarına əsasən, iddiaçı, ##.##.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İstintaq yekunlaşdıqdan sonra cinayət işi baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.

22. Binəqədi Rayon Məhkəməsinin həmin cinayət işi üzrə qəbul etdiyi və qanuni qüvvəyə minmiş ##.##.2025-ci il tarixli hökmdən (iş № *(001)-30/2025) görünür ki, məhkəmə, iddiaçıya elan edilmiş ittihamın sübuta yetirilməməsi əsası ilə iddiaçıya bəraət vermiş və iddiaçının barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirini ləğv etmişdir.

23. Göründüyü kimi, iddiaçı, istintaq orqanı tərəfindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin təsiri altında 1 il 7 ay 13 gün müddətində olmuşdur.

24. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ vardır (hissə İ.). Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər (hissə III.).

25. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 165.1-ci maddəsinə görə, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qismində şübhəli və ya təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçirən orqanın sərəncamında olacağı, həmin orqanın icazəsi olmadan başqa yerə getməyəcəyi, ondan gizlənməyəcəyi, cinayətkar fəaliyyətlə məşğul olmayacağı, təhqiqata, istintaqa və məhkəmə baxışına maneçilik törətməyəcəyi, təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışlarına gələcəyi və yaşayış yerini dəyişməsi haqqında onlara məlumat verəcəyi barədə yazılı öhdəliyindən ibarətdir.

26. Nəzərə alınsa ki, yuxarıda qeyd edilən hökmlə iddiaçıya bəraət verilmişdir, onda müəyyən edilir ki, iddiaçının barəsindən “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbiri buna qanuni əsas olmadan seçilmiş və həmin qətimkan tədbiri 19 ay 13 gün müddətində qanunsuz olaraq davam etmiş və həmin müddət ərzində iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində nəzərdə tutulmuş hüququ, bunun üçün qanuni əsas olmadan məhdudlaşdırılmışdır.

27. Belə olan halda qəbul edilməlidir ki, iddiaçıya mənəvi zərər dəymişdir.

28. İddiaçı hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi dövlət büdcəsindən onun xeyrinə 1.000.000 manat məbləğində kompensasiya tutulmalıdır.

29. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş qaydada tam həcmdə ödənilir.

30. Məhkəmə qeyd edir ki, CPM-in tələblərinə görə, CPM-in 39.1.1, 39.1.2, 39.1.6- 39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir (maddə 56.0.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir (maddə 57.1.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir (maddə 60.1.). Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir (maddə 61.2.). Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir (maddə 63.).

31. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə görə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

32. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır (maddə 4.). Bu Qanunun 1ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə qanunsuz hərəkətlər nəticəsində onun itirdiyi mənfəətə digər gəlirlər, məhkəmə məsrəfləri ilə bağlı ondan tutulmuş məbləğlər, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər, vurulmuş mənəvi ziyan ödənilməlidir (maddə 5.). Bu Qanunun 5-ci maddəsinin 1, 2, 4-cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə müəyyən edir (maddə 12.).

33. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2025-ci il tarixli, ** №-li qərarına görə, azadlıq hüququ – şəxsin qanuni surətdə sərbəst hərəkət edə bilmək, özünə yaşayış yeri seçə bilmək, ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququdur (bənd 2.5.1.). Cinayət mühakimə, inzibati xətalar, mülki, inzibati və digər icraatlar çərçivəsində istənilən şəxsin tutulması, həbsə alınması, barəsində ev dustaqlığı, başqa yerə getməmək və ya polisin nəzarətinə, komandanlığın müşahidəsi altına vermək qismində qətimkan tədbirlərinin tətbiqi, azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrumetmə, intizam xarakterli hərbi hissədə saxlama, əcnəbilərə münasibətdə Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılma cəzalarının, tibbi xarakterli məcburi tədbirlərin, ölkədən çıxışına qadağanın qoyulması, psixiatriya stasionarına məcburi yerləşdirilmə, karantin rejiminin tətbiqi ilə bağlı azad hərəkət etmək hüququnun məhdudlaşdırılması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamağına icazənin verilməməsi, habelə əcnəbilərin öz ölkəsinə qayıtmaq hüququnun məhdudlaşdırılması və s. tədbirlərin müvafiq dövlət orqanları tərəfindən qanunsuz tətbiqi azadlıq hüququnun pozulması hesab olunur (bənd 2.5.3.). Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları - şəxsiyyət hüquqlarının pozulmasının təsbit edilməsi, pozuntunun qarşısının alınması, pozuntunun aradan qaldırılması (şəxsin azadlıq hüququnun, uşaqla ünsiyyət hüququnun bərpası, uşağın ölkədən çıxışına imkanın təmin edilməsi, işçinin əmək müqaviləsində və ya xasiyyətnaməsində düzəlişin edilməsi, yayılmış məlumatların təkzib edilməsi, silinməsi, anonimləşdirilməsi, gizlədilməsi, onlara düzəliş edilməsi və ya cavabın verilməsi, üzr istənilməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və s.) (bənd 6.1.). Şəxsiyyət hüquqlarının pozuntusundan yaranan zərərin kompensasiyası üsulları – maddi zərərin və mənəvi təzminatın (mənəvi zərərin pulla və ya naturada kompensasiyası) ödənilməsi. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi üsulları xüsusiyyətlərinə görə, eyni zamanda mənəvi zərərin kompensasiyası üsulu qismində də çıxış edə bilər (bənd 6.2.). Şəxsiyyət hüquqlarının müdafiəsi üsulları ilə mənəvi zərərin kompensasiyası üsulları fərqləndirilməlidir. Belə ki, hüququn müdafiəsi üsulları şəxsiyyət hüquqlarının pozuntusunun aradan qaldırılmasına yönəldiyi halda, kompensasiya üsulları həmin pozuntu nəticəsində vurulmuş mənəvi zərərin kompensasiyası vasitələridir. Bəzi hallarda müdafiə üsullarının tətbiqi pozuntunu aradan qaldırmaqla yanaşı, vurulmuş mənəvi zərəri də kompensasiya etdiyindən, şəxsiyyət hüquqlarının müdafiəsi üsulları mənəvi zərərin kompensasiyası üsulu kimi də çıxış edə bilir (bənd 6.3.). Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır (bənd 7.1.). Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər (bənd 7.3.). Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz (bənd 7.4.). Mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır. Təzminatın həcmi məhsulun (işin, xidmətin) dəyərinə və ya cərimə cəzasının məbləğinə əsasən müəyyən edilə bilməz, təzminat hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və (və ya) iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Mənəvi zərərə görə təzminatın ödənilməsi istehlakçıya dəymiş itkilərin və əmlaka dəymiş zərərin ödənilməsindən asılı olmayaraq həyata keçirilir (bənd 7.5.). Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır (bənd 7.6.).

34. Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.

35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.

36. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” ##.##.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında Bəyannaməyə” istinad edilərək qeyd edilir ki, Bəyannamənin 4-cü maddəsinə görə, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır.

38. Bununla yanaşı Məhkəmə həmçinin bildirir ki, iddiaçının həqiqətən də, yuxarıda qeyd edilən müddət ərzində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan təbirinin təsiri altında qalması faktını nəzərə almış Rayon Məhkəməsinin iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsindən daha çox deyil, məhz 4.875 manat məbləğində pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə nəticəyə gəlməkdə səhvə yol verməyib.

39. Məhkəmə bu mövqeyini onunla əsaslandırır ki, analoji işlə bağlı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi və iddiaçının istinad etdiyi ##.##.2025-ci il tarixli qətnamə məhkəmə təcrübəsini yaradan qərar deyil; həmin qətnamə qəbul edilərkən, həmin işin halları həmin iş üzrə iddiaçı olan şəxsə münasibətdə qiymətləndirilmişdir. Digər tərəfdən qeyd edilməlidir, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlardan görünür ki, barələrində qanunsuz olaraq “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirləri seçilmiş şəxslərin iddialarının baxılması zamanı məhkəmələrin qəbul etdiyi qərarlar ilə həmin şəxslərə onların məruz qaldıqları məhdudiyyətin hər bir ayı üçün 250 manat məbləğində kompensasiya tutulur.

40. Odur ki, bu baxımdan göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə iddiaçının xeyrinə tutulmalı olan məbləğin iddia ərizəsində qeyd edilən məbləğdə deyil, 4.875 manat məbləğində müəyyən edilməsi ilə bağlı Rayon Məhkəməsinin nəticəsi əsaslı və işin hallarına uyğundur.

41. Məhkəmə iddianın maddi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddiaçı kuryer fəaliyyəti ilə məşğul olub aylıq müəyyən məbləğdə pul qazanmasına istinad edib, qanunsuz olaraq qətimkan tədbiri tətbiq edildiyi müddətdə ona 10.000 manat məbləğində maddi ziyan dəydiyini iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

42. Belə ki, iddiaçı bildirir ki, o, “xxxx” MMC-də kuryer işləmiş və aylıq qazancı 800 manat olmuşdur. O, qeyd edilən cinayət işi ilə bağlı işdən kənarlaşdırılmış və qazancdan məhrum olmuşdur. İddiaçının itirmiş olduğu qazanc 10.000 manatdan xeyli artıq olsa da, iddiaçı, hesab edir ki, ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə dövlət büdcəsindən onun xeyrinə 10.000 manat məbləğində pul tutulmalıdır.

43. Lakin iddiaçının Rayon Məhkəməsinə təqdim etdiyi və iş materiallarına əlavə edilmiş “bank hesabından çıxarışdan” görünür ki, iddiaçının işlədiyi “xxxx” MMC tərəfindən iddiaçının hesabına, iddiaçının barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbiri qüvvədə olduğu dövrdə hər ay müntəzəm olaraq əmək haqqı məbləğ köçürülmüşdür.

44. Odur ki, göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə hissəsini təmin etməməkdə haqlı olmuşdur. h) apellyasiya baxışının nəticəsi

45. Beləliklə də şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

46. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar