Məhkəmə qərarları › İş №2(3-6)-1264/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1264/2026

12.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1264/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı İsmayıl oğlu, onun nümayəndəsi-vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı iddia edir ki, mülkiyyətində olmadığı mübahisəsiz olaraq müəyyən edilən 2 ədəd avtomobilə dair etibarnamələri cavabdehə verdiyini, əvəzində cavabdehin ona mənzil və tikinti materialları verməli olduğunu, lakin cavabdehin bu vədinə əməl etmədiyini bildirərək, avtomobillərin dəyərini təşkil edən pul məbləğini və öhdəliyin vaxtında icra edilməməsinə görə həmin pula hesablanmış faizləri cavabdehdən xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı İsmayıl oğlu cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunmasını, cavabdeh Cavabdeh “BMW 750 Alpina B-7” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı avtomobilə və “Shagman” markalı **-AD-*** dövlət qeydiyyat nişanı olan özüboşaldan yük maşınına görə cəmi 179.955 manat məbləğin, ödənilməmiş həmin məbləğin 15 il müddət üçün 5% dərəcəsini təşkil edən 135.000 manat faiz məbləğinin, cəmi 314.955 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Cavabdeh ilə razılaşaraq özünə məxsus olan “Shagman” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinə dair ##.##.2014-cü il tarixdə notariat kontorunda cavabdehin adına sərəncam hüququ ilə baş vəkalətnamə vermişdir. Avtomaşının 75.000 manata satılmasına dair cavabdehlə razılığa gəlmiş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsində olan iş üzrə icraatın gedişində həmin avtomaşının dəyəri ekspertiza rəyi ilə 35.000 manat müəyyən edilmişdir. Buna baxmayaraq, cavabdeh həmin 35.000 manatı da hazıradək iddiaçıya ödəməkdən imtina etmişdir. Cavabdeh iddiaçının verdiyi avtomobilin müqabilində Bakı şəhəri Binəqədi rayonu A.Məmmədov küçəsində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasından iddiaçının adına 2 ədəd 3 otaqlı mənzili verəcəyini və onun adına rəsmiləşdirəcəyini vəd vermiş olsa da, sözünə əməl etməmiş, iddiaçının etibarından sui-istifadə etməklə avtomaşını ələ keçirmiş və uzun müddət ərzində avtomobili ona qaytarmamış, nə də onun məbləğini təşkil edən 35.000 manat vəsaiti ödəməmişdir. İddiaçı həmin iş üzrə mülki icraat qaydasında iddia qaldırmamış, cavabdehin dələduzluq əməllərinə görə məsuliyyətə cəlb olunması üçün polis və prokurorluq orqanlarına müraciət etmişdir. Bundan başqa, cavabdeh beton məmulatları və tikinti materialların verəcəyi adı ilə iddiaçıya məxsus olan “BMW 750 Alpina B-7” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı, 85.000 ABŞ dolları dəyəri olan avtomaşını da iddiaçıdan almaq istəmiş, Binəqədi rayonu Mir Cəlal küçəsində yerləşən ** saylı notariat kontorunda ##.##.2015ci il tarixdə avtomaşına sərəncam vermə hüququ ilə notariat qaydasında təsdiq edilmiş etibarnamə verməklə maşını faktiki onun adına rəsmiləşdirmişdir. Bunun əvəzində cavabdeh iddiaçıya 1 il ərzində m3-65 manat olmaqla 1.300 m3 həcmində “***-B-***” markalı beton məmulatlarını verəcəyinə iddiaçını inandırmış, həmin beton məmulatlarını iddiaçıya verməmişdir. İddiaçı dəfələrlə avtomaşının qaytarılmasını və ya onun dəyərinin ödənilməsini tələb etsə də, cavabdeh maşını qaytarmamış və onun dəyərini ödəməkdən də imtina etmişdir. Bunun əvəzinə isə maşını öz yaxın qohumu olan X3 adına ##.##.2016-cı il tarixli etibarnamə ilə keçirmişdir. Əmlakının cavabdeh tərəfindən mənimsənilməsi qeyd olunan etibarnamələr ilə, eyni zamanda cavabdeh barəsində aparılan istintaq və məhkəmə icraatı materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçı əmlakı qaytarmaqdan imtina etməsi ilə əlaqədar cavabdehin cinayət məsuliyyətinə cəlb olunması barədə istintaq orqanlarına müraciət etmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmü ilə cavabdeh məsuliyyətə cəlb edilərək, 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hökmlə iddiaçının mülki iddiası da təmin olunmaqla cavabdehdən həmin avtomaşınlara dair vurduğu zərərə görə 179.955 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə cavabdehə bəraət verilmiş, Ali Məhkəmənin ##.##.2020-ci il tarixli qərarı ilə bəraət hökmü qüvvəsində saxlanılmışdır. Barəsində bəraət hökmünün çıxarılması cavabdehi iddiaçıya qarşı onun əmlakını əvəzsiz əldə etməklə vurduğu maddi zərərin məsuliyyətindən azad edə bilməz. İstər Bakı Apellyasiya Məhkəməsinin hökmündə, istərsə də Ali Məhkəmənin qərarında işə baxan məhkəmələr qeyd olunan əmlakların cavabdeh tərəfindən əvəzsiz əldə edilməsi ilə əlaqədar cavabdehin əməlində cinayət tərkibinin olmadığı barədə nəticəyə gəlsələr də, onun tərəfindən iddiaçıya maddi zərərin vurulmasını düzünə və ya dolayı yolla təsdiq etmişlər. Məhkəmələr hesab etmişlər ki, əmlakın qaytarılmasına dair iddiaçı tərəfindən qaldırılan mübahisə mülki icraat qaydasında baxılaraq həll olunmalıdır. Ali Məhkəmə hesab etmişdir ki, “BMW 750 Alpina B-7” markalı **- OO-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair cavabdehin hərəkətlərində dələduzluqla bağlı cinayət tərkibinin əlamətləri olmamış, avtomaşının iddiaçı tərəfindən cavabdehin adına ##.##.2015-ci il tarixdə sərəncam hüququ ilə rəsmiləşdirilməsi və bundan irəli gələ bilən mübahisə mülki hüquqi əqdlərin bir növü olmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişsə, iddiaçı tərəfindən həmin əqdin etibarsız hesab olunması və ya ləğv edilməsi hissəsində mülki mühakimə icraatında məsələ qaldırıla bilərdi. Eyni zamanda, “Shagman” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı epizodda da cavabdehin əməlində cinayət tərkibinin əlamətlərinin olmadığını hesab etsə də, bununla belə Məhkəmə Kollegiyası öz qərarında birmənalı olaraq həmin avtomaşının cavabdehin adına rəsmiləşdirilməsi barədə faktın olması ilə bağlı nəticəyə gəlmiş və göstərmişdir ki, sözügedən avtomobil cavabdehin adına rəsmiləşdirilərkən o, iddiaçıya mənzil verməyi vəd etməmiş, onu aldatmamış və ya etibarından sui-istifadə etməmişdir. Qərarda eyni zamanda qeyd olunmuşdur ki, avtomaşın cavabdehin adına rəsmiləşdirilməzdən öncə və bundan sonra və ya bilavasitə hər hansı vəd verməmişdir. Məhkəmələrdə işə baxılarkən cavabdeh “BMW 750 Alpina B-7” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair epizod üzrə izahatında avtomobilin, həqiqətən də iddiaçı tərəfindən onun adına rəsmiləşdirilməsini təsdiq etmişdir. Belə ki, Ali Məhkəmə ##.##.2020-ci il tarixli qərarının 7-ci vərəqində cavabdehin aşağı instansiya məhkəmələrində həmin epizod üzrə verdiyi ifadəsinə istinad etmişdir. Göstərmişdir ki, “o, ifadəsində avtomaşının onun adına etibarnamə əsasında verilməsinin, avtomaşını müvafiq etibarnaməyə əsasən (##.##.2016) digər şəxsə verdiyinin səbəblərini izah edərək, əvəzində iddiaçıya çınqıl və digər tikinti materiallarını verdiyini göstərmişdir”. Göründüyü kimi, cavabdeh “BMW 750 Alpina B-7” markalı **-OO-*** dövlət qeydiyyat nişanlı avtomaşını iddiaçıdan alması faktını ifadəsində təsdiq etmişdir. Həmin avtomaşının müqabilində iddiaçıya çınqıl və tikinti materiallarını verməsini göstərsə də, bu, tərəflər arasında hər hansı müqavilə, rəsmi sənəd və ya sübut əhəmiyyəti kəsb edə bilən hallarla təsdiq edilməmişdir. Cavabdeh bu hərəkətləri ilə iddiaçıya 179.955 manat məbləğində maddi zərər vurmuşdur. Eyni zamanda, cavabdeh etibarnamələrin verilməsi tarixindən ötən 15 il ərzində həmin məbləğin faizlərini ödəmək vəzifəsindən də azad oluna bilməz. Cavabdeh Cavabdeh vəkili-nümayəndəsi vəkil1 ərizələr təqdim edərək, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Ərizələrdən birində qeyd edilmişdir ki, iddiaçı İddiaçı İsmayıl oğlu Cavabdeh qarşı ##.##.2016-cı il tarixdə “BMW 750 Alpina B7” markalı, **- OO-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə verilmiş etibarnaməni və etibarnamə əsasında aparılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmiş, iddianın təmini tədbiri kimi 18.10.20216-cı il tarixdə Abşeron rayon məhkəməsi tərəfindən *(***)-****/**** saylı qərardad çıxarılmışdır və maşının üzərinə həbs qoyulmuşdur. İddiaçı İddiaçı İsmayıl oğlu məhkəmə iclasına gəlmədiyindən ##.##.2017-ci il tarixdə *(***)-***/**** saylı qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır. ##.##.2017-ci il tarixdə Abşeron rayon məhkəməsi *(***)-***/**** saylı qərardadla iddianın təmini tədbirini ləğv etmişdir. Hal-hazırda iddiaçı İddiaçı İsmayıl oğlu təkrarən Nəsimi rayon məhkəməsinə maddi zərərin ödənilməsi haqqında iddia ərizəsi ilə müraciət etmişdir. Lakin həmin iddia qaldırdığı avtomobillərin ona məxsus olmasını təsdiq edən heç bir sənəd işə əlavə olunmamışdır. İddiaçının iddia qaldırmağa subyektiv hüququ yoxdur, avtomobillərin mülkiyyətçisi deyildir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə aralarında dəyişdirmə (barter) münasibətləri olduğunu iddia edərək, tələbinin sübutu kimi cavabdeh barəsində çıxarılmış məhkəmə hökm və qərarlarını təqdim edir. Halbuki, həmin hökm və qərarlardan müəyyən olunur ki, cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə aparılan iş bəraətverici əsaslarla yekunlaşmış, iddiaçının cavabdehə qarşı mülki qaydada irəli sürdüyü iddia isə baxılmamış saxlanmışdır. İddiaçı avtomobillərin mülkiyyətçisi olmadığını, buna görə də avtomobilləri deyil, onların dəyərini təşkil edən pul məbləğini və ona hesablanmış faizləri tələb etdiyini bildirir. Hadisədən 10 ildən çox müddət keçəndən sonra məhkəməyə müraciət etməsini isə iddiaçı arada cavabdehlə yenidən razılığa gəlməsi, lakin cavabdehin onu aldatması ilə əsaslandırır. Cavabdeh isə iddiaçının özünün avtomobillərin mülkiyyətçisi olmadığını etiraf etməsi nəzərə alınaraq, onun tələbə dair subyektiv hüququnun olmadığını və hadisədən 10 ildən çox müddət keçəndən sonra məhkəməyə müraciət etdiyindən tələb üzrə iddia müddətinin ötürüldüyünü bildirib, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, aralarında dəyişdirmə (barter) münasibətləri olduğunu iddia edən iddiaçı bu dəlilini cavabdeh barəsində çıxarılmış məhkəmə hökm və qərarları ilə əsaslandırır. Məhkəmə burada qeyd etməyi zəruri hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin hökm və qərarlardan isə müəyyən edilir ki, cavabdeh bu məsələ ilə bağlı bəraət almışdır. Deməli, sözügedən qərarlarda hazırkı iş üzrə məhkəmə üçün preyudisial əhəmiyyət daşıyan yeganə fakt bundan ibarətdir, hökmdə qeyd edilən başqa heç bir məsələnin isə hazırkı iş üçün məcburiliyi yoxdur. Beləliklə, cavabdehlə aralarında dəyişdirmə münasibətləri olduğunu iddia edən iddiaçı bu dəlilini təsdiq edə bilməmiş, bununla da mülki prosessual qanunvericiliyin hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsi daşıması barədə göstəşirinə əsasən sübutetmə yükünü daşımasına baxmayaraq, sübutetmə üzrə vəzifəsini yerinə yetirməmişdir. Bundan başqa, iddiaçı cavabdehə etibarnamələr əsasında verdiyini iddia etdiyi avtomobillərin mülkiyyətçisi olmaması faktını hazırkı iş üzrə keçirilmiş məhkəmə iclaslarında etiraf etmişdir. Belə olan halda onun həmin avtomobillərin dəyərini təşkil edən pul məbləğini tələb etmək üçün subyektiv hüquqa malik olmaması da müəyyən edilir. İddiaçı avtomobilləri deyil, pul tələb etdiyini və bu tələb üçün subyektiv hüquqa malik olduğunu iddia etsə də, onun nə avtomobilləri, nə də onlar əvəzində cavabdehin vəd verdiyini iddia etdiyi tikinti materiallarını tələb etməməsi, məhz hazırkı tələbi irəli sürməsi məhkəmə tərəfindən hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Bütün bunlarla yanaşı, cavabdehə avtomobillərlə bağlı etibarnamə verdiyini, yəni aralarında hər hansı müqavilə olmadığını dəfələrlə vurğulayan iddiaçının cavabdehin vədinə əməl etmədiyini müəyyən etdiyi ən qısa müddətdə etibarnamələri ləğv etmək hüququna malik olmasına baxmayaraq, bunu etməməsi də ağlabatan hesab edilmir. Belə ki, bir tərəfin iradə ifadəsini əks etdirən etibarnamələrin ləğv edilməsi prosesinin ikitərəfli əqdlərin ləğvindən daha sadə olması, bunun üçün təkcə etibarnaməni verən şəxsin iradə ifadəsinin olması, etibarnamə verilən şəxsin hər hansı razılığına zərurət olmaması hamıya məlum olan məsələdir. Həmin vaxt iddiaçı bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmək və mülki iddia irəli sürmək kimi hərəkətlər etsə də, sonradan cavabdehlə razılığa gəldiyini, buna görə də iddianın baxılmamış saxlandığını, lakin sonradan cavabdehin yenə də onu aldatdığını müəyyən etdiyini bildirmiş, yenə də bu hadisədən uzun müddət keçəndən sonra məhkəməyə müraciət etməməsini heç bir ağlabatan dəlillə əsaslandıra bilməmişdir. Belə olan halda müəyyən edilir ki, iddia tələbi əsaslı hesab edilsəydi də belə, cavabdeh tərəfindən tələb üzrə iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, həmin ərizə əsasında iddia müddətinin rədd edilməsi məsələsi ortaya çıxacaqdı. Lakin hazırkı iddia əsaslı hesab edilmədiyindən məhkəmə hesab eetmişdir dir ki, iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verilməsi üçün zərurət yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının tələbə dair subyektiv hüququ olmadığından, tələb özlüyündə hüquqdan sui-istifadə xarakteri daşımaqla əsassız olduğundan, irəli sürülən dəlillər iddiaçı tərəfindən sübuta yetirilmədiyindən hazırkı iddia təmin edilməməlidir. Əlavə olaraq qeyd olunmalıdır ki, rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlak kimi avtomobillərin alqı-satqı edilməsi və ya dəyişdirilməsi qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanması yolu ilə rəsmiləşdirilməlidir. Avtomobillərə dair verilən etibarnamələrin məzmunundan asılı olaraq, həmin sənədin yalnız avtomobili idarə etmək və ya məhz mülkiyyətçinin adından üçüncü şəxsə özgəninkiləşdirmək məqsədi daşıdığı, yəni şəxsə yalnız istifadə və sərəncam hüququ verməklə, sahiblik hüququnu vermədiyi, bununla da etibarnamə verilən şəxsin avtomobilə mülkiyyət hüququnu yaratmadığı məhkəmə tərəfindən vurğulanmalıdır. Mülki dövriyyədə məhz əlavə xərclərdən dövlət rüsumundan və s. yayınmaq məqsədilə avtomobilin alqı-satqı yolu ilə deyil, etibarnamə vermək yolu ilə özgəninkiləşdirilməsi tendensiyası hazırkı vəziyyətdə yalnız qarşılıqlı etimada əsaslana bilər, çünki yuxarıda da qeyd edildiyi kimi etibarnamənin ləğv edilməsi prosesi onu verən şəxs üçün çox sadə, rahat, əlçatan və qiymət baxımından da münasibdir. Belə mübahisələrin yaranmaması üçün isə ilk öncə mülki dövriyyənin iştirakçıları yuxarıda qeyd olunan halları dərk etməli və hüquqdan qanuna uyğun istifadə etməlidirlər. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1091.2-ci maddəsinə istinad edərkən hakim hansı nəticəyə gəldiyini və hansı halları nəzərə alıb-almadıg ını qeyd etməmişdir. Belə ki, normanın da məzmunundan görünür ki, əsassız varlanma u çu n qanuni əsas olamamalıdır. Hazırki mu lki iş u zrə tərələr arasında mu lki mu nasibətlər olmuş, avtomobilllərə dair sərəncam vermə hu ququ ilə əlaqədar olaraq baş etibarnamə verilmiş, bunun nəticəsində borc münasibətləri yaranmışdır. Məhkəmə isə cavabdehin təqdim etdiyi formal mülahizələrə əsaslanmış, iddiaçı tərəfin təqdim etdiyi mötəbər sübutları isə gözardı edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə verilmiş vəsatət və ərizələr, həmçinin iddia ərizəsinə etirazı əsassız və qanunsuzdur. Belə ki, iddiaçının cavabdehdən maddi zərər tələb etməyə subyektiv hüququ vardır. Belə ki, avtomobillərin mülkiyyətçisi olmasa da, avtomobillərə dair etibarnamələri cavabdehə iddiaçının verməsi məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Cavabdeh məhz əməlində cinayət tərkibi olmadığına görə bəraət almışdır, hansı ki bu hal onun iddiaçıya borcunun olmaması faktına dəlalət etmir. İddiaçı avtomobillərin qaytarılmasını deyil, maddi zərəri tələb etdiyindən onun bu tələbə subyektiv hüququ vardır. Bundan əlavə, iddiaçı Abşeron Rayon Məhkəməsində cavabdehə qarşı mülki iddia irəli sürsə də, sonradan onlar arasında barışıq olması səbəbilə iş baxılmamış saxlanılmış, lakin cavabdeh iddiaçını aldatdığından, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Buna görə də iş üzrə iddia müddəti keçməmiş və iddia qaldırmaq üçün də iddiaçının tam subyektiv hüququ vardır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı İsmayıl oğlu, onun nümayəndəsi-vəkili ayrı-ayırlıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iddiaçının apellyasiya şikayətinin avtomobillərin mülkiyyətçisi olmasa da, avtomobillərə dair etibarnamələri cavabdehə iddiaçının verməsi məhkəmə qərarları ilə öz təsdiqini tapması baxımından onun cavabdehdən maddi zərər tələb etməyə subyektiv hüququ olmasına dair dəlillərinə münasibətdə Məhkəmə Kollegiyası Mülki Məcəllənin 152.8-ci maddəsinin tələbləri baxımından qeyd edir ki, əmlakın etibarnamə əsasında idarəçiliyə verilməsi mülkiyyət hüququnun yaranmasına səbəb olmur. Eyni zamanda kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı izahatında qeyd edilən avtomaşınların faktiki sahibinin özü olmasını, “Shagman” yük avtomaşınının işçisinin, “BMW” avtomobilinin isə bibisi oğlunun adlarına mülkiyyət hüququ əsasında rəsmiləşdirilməsinə, avtomaşınların onun göstərişləri əsasında həmin şəxslər tərəfindən Elxana verilən etibrnamə əsasında özgəninkiləşdirilməsini, ümumiyyətlə özü tərəfindən heç kimə etibarnamə verməməsini, nə də həmin şəxslərin adından öz adına etibarnamə almamasını bildirmişdir. Həmçinin o, izahatına əlavə olaraq qeyd etmişdir ki, onun Elxanla hər hansı bir alışverişi olmamışdır, lakin etibarnamələr əsasında Elxan avtomaşınları satdığından onların satış dəyərini hazırki iddiası ilə tələb edir. Göründüyü kimi, iddiaçı avtomobillərin mülkiyyətçisi olmamaqla həmin avtomobillərin dəyərini təşkil edən pul məbləğini tələb etmək üçün subyektiv hüquqa malik olmamışdır. Həmçinin də Məhkəmə Kollegiyası qeyd edir ki, avtomaşınların onun mülkiyyəti olmasa da onlara faktiki sahiblik etməsinə, o cümlədən də “Şagman” yük avtomaşınının mülkiyyətçisi olan şəxsin onun işçisi olmasına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə Kollegiyası iddia tələbinin, eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə Kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsasını təşkil edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, təqdim edilən sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı İsmayıl oğlu tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006) ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar