Məhkəmə qərarları › İş №2(3-6)-130/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-130/2026

13.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-130/2026 13.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Naidliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)- 5483/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində maddi zərərin əvəzi kimi 4.525 manat, mənəvi zərərin əvəzi kimi 12.000 manat tələb olunub. Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 12.000 manat cavabdeh Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə, yəni Maliyyə Nazirliyinin vasitəsilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 12.000 manat pul tutulmasına aid hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunub, barəsində həbs qətimkan tədbiri seçilib, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(009)-67/2025 nömrəli hökmü ilə ona bəraət verilib və həbs qətimkan tədbiri ləğv edilib. Cinayət təqibi həyata keçirilərkən iddiaçı 11 ay 22 gün həbsdə saxlanılıb. Göründüyü kimi, iddiaçı təqsiri olmadığı halda cinayət təqibinə məruz qalıb, nəticədə isə mənəvi sarsıntı keçirib və iztirab çəkib. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 7-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 12.000 manat tutulmasını qət edib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-5483/2025 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar