Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1305/2026 17.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı (borc verən) ilə cavabdehin (borc alanın) arasında ümumilikdə 5.500 manat pula dair şifahi formda iki borc müqaviləsi bağlanıb. 2.Birinci müqavilə ##.##.2016-cı il tarixdə bağlanıb və həmin müqaviləyə əsasən 1.500 manat borc verilib. İddiaçının 1.500 manat pulu köçürmə yolu ilə cavabdehə verdiyini təsdiq edən ##.##.2016-cı il tarixli tranzaksiya mövcuddur (iş v. 8). 3.İkinci müqavilə 5 gün sonra - ##.##.2016-cı il tarixdə bağlanıb və həmun müqaviləyə əsasən 4.000 manat borc verilib. İddiaçının 4.000 manat pulu cavabdehə verdiyini təsdiq edən ##.##.2019-cu il tarixli qəbz mövcuddur (iş v. 10). Qəbz əlyazma üsulu ilə tərtib olunub və imzalanıb. Qəbzdə cavabdeh qeyd edib ki, iddiaçıya olan 4.000 manat borcunu torpağını satdıqdan sonra ödəyəcək. İddiaçı bildirir ki, həmin pul 2016-cı ilin may ayında borc verilib, cavabdeh pulu vaxtında qaytarmadığına görə ##.##.2019-cu il tarixdə qəbz yazaraq 4.000 manat borcunun olduğunu etiraf edib. Cavabdeh birinci instansiya məhkəməsində bildirib ki, qəbz onun tərəfindən yazılmayıb və qəbzdəki imza ona məxsus deyil. Bunun yoxlanılması üçün xətt ekspertizasının keçirilməsinin zəruriliyi cavabdehə izah edilib, lakin cavabdeh ekspertiza keçirilməsi üçün tələb olunan imza və yazı nümunəsi verməkdən imtina edib, bu səbəbdən ekspertiza keçirilməsi mümkün olmayıb. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin göstərişinə əsasən, qəbzin cavabdeh tərəfindən yazılması və imzalanması sübut olunmuş sayılır. 4.Bundan başqa, mülki işin materilarına cavabdehin səs yazısı olan CD disk əlavə edilib. Bu səs yazısı da cavabehin iddiaçıya pul borcunun olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsi ##.##.2025-ci il tarixdə verilib. İddia ərizəsində tələb olunub ki, iddiaçının cavabdehə borclu olduğu 5.500 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. 6.Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, 5.500 manat məbləğində pul, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 8.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 9.Cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Tərəflərin ##.##.2016 və ##.##.2016-cı il tarixlərdə şifahi formada bağladığı borc müqavilələri etibarlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinin həmin zaman qüvvədə olmuş redaksiyasına görə, borc müqaviləsi şifahi formada bağlana bilər. Tərəflər şifahi formada borc müqaviləsi bağladıqdan sonra qəbul olunmuş ##.##.2016-cı il tarixli Qanunla 740-cı maddəyə dəyişiklik edilib və predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsinin yazılı formada bağlanmalı olduğu müəyyən edilib. Həmin dəyişikliyin qüvvəsi geriyə şamil olunmur. 11.İddiaçının 5.500 manat pulu cavabdehə borc verdiyi sübut olunur. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Borcun qaytarılıdığını sübut etmə yükü cavabdehin üzərinə düşür, lakin cavabdeh bu barədə heç bir sübut təqdim etməyib. 12.Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 5.500 manat pulun cavabehdən iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-1305/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1305/2026
17.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver