Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-131/2026 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz açılmış qapıların ləğv edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3003/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli, 305 nömrəli “özünəməxsus ərazidə tikintiyə icazə verilməsi və istehsalat sahəsinin layihələşdirilməsi” haqqında Sərəncamına əsasən Nəsimi rayonu, M.Qaşqay, Dağıstan, C.Hacıbəyli və Kaveroçkin küçələrinin kəsişməsində 756-cı məhəllədə yerləşən mövcud tikililərin sökülərək, yaşayış binalarının layihələşdirilməsi və tikintisi üçün 0.94 ha torpaq sahəsi icarə əsasında "xxxx" MTK-ya verilmişdir.
2. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən çıxarışa əsasən qurumun əvvəlki adı "xxxx" MTK, hazırki adı İddiaçı MTK-dır.
3. İş materiallarında olan AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şhəər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən 02 aprel 2025ci il tarixli məktuba əsasən yerində baxış zamanı Nəsimi rayonu, 756-cı məhəllə, Ceyhun Hacıbəyli və Natiq Şahbazov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsində layihədən kənar əlavə 2 ədəd giriş qapısının açıldığı müşahidə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na və Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli, 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun olaraq müvafiq tədbirlərin görülməsini, nəticəsi barədə müraciət müəllifinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə 7 gün müddətində məlumat verilməsi xahiş edilmişdir.
4. İş materiallarında olan İddiaçı MTK tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan xx.xx.2025-ci il tarixli pretenziya mətkubuna əsasən qeyri-yaşayış sahəsinin C.Hacıbəyli küçəsinə baxan tərəfində qanunsuz olaraq açılmış 3 ədəd giriş qapısının dərhal ləğv edilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər.
5. İş materiallarında olan Cavabdeh1 və "xxxx" MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 52 kv.m ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasına onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektini qəbul etməyi öhdəsinə götürmüşdür. Tikinti şirkəti ünvan 1 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan qeyriyaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci mərtəbəsinin 1-ci səviyyəsində (qeyri-yaşayış obyektinin girişi Ceyhun Hacıbəyli küçəsinə açılan tərəfdə küçə boyunca uzunluğu 7.20 metr olmaqla) 110 kv.m təmirli qeyri-yaşayış sahəsini əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür.
6. İş materiallarında olan Cavabdeh2 və "xxxx" MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 38 kv.m ibarət qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada tikinti şirkəti tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasına onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış obyektini qəbul etməyi öhdəsinə götürmüşdür. Tikinti şirkəti ünvan 1 ünvanında yerləşən əmlak mülkiyyətçisinin mülkiyyətində olan qeyriyaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni inşa olumnan çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binanın 1-ci mərtəbəsinin 1-ci səviyyəsində (qeyri-yaşayış obyektinin girişi Ceyhun Hacıbəyli küçəsinə açılan tərəfdə küçə boyunca uzunluğu 4.8 metr olmaqla) 50 kv.m təmirli qeyri-yaşayış sahəsini əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürür.
7. İş materiallarında olan AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İddiaçı MTK-ya ünvanlanan 13 may 2025-ci il tarixli məktuba əsasən Nəsimi rayonu, 756-cı məhəllə, C.Hacıbəyli və N.Şahbazov küçələrinin kəsişməsində rəhbərlik etdikləri MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsində qanunsuz giriş qapılarının açılması barədə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2 aprel 2025-ci il tarixli 3-35-1/2-983/2025 nömrəli məktubu mütəxəssislər tərəfindən yerində araşdırılmışdır. Araşdırma zamanı müraciətdə göstərilən fakt təsdiqini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq, qısa müddət ərzində binanın layihə vəziyyətinə qaytarılması tapşırılmış, əks təqdirdə MTK-ya qarşı müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “qanunsuz açılmış qapıların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binaları İddiaçı MTK (əvvəlki "xxxx" MTK) tərəfindən inşa edilmişdir. xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilələrə əsasən Cavabdeh1 52 m2 əvəzinə 110 m2 , Cavabdeh2 isə 38 m2 əvəzinə 50 m2 , ümumilikdə isə 160 m2 qeyri-yaşayış sahəsi verilmişdir. Cavabdehlərin xahişini nəzərə alaraq, onlara qeyri-yaşayış sahələri yanbayan, yəni birlikdə verilmişdir. 160 m2 qeyri-yaşayış sahəsi, C.Hacıbəyli və N.Şahbazov (keçmiş Dağıstan küçəsi) küçələrinin kəsişməsində 49 saylı binanın 1-ci mərtəbəsində yerləşir. Cavabdehlər təmir və tamamlama işləri apararkən, qanuna zidd olaraq C.Hacıbəyli küçəsinə baxan tərəfdə 3 qapı açmışlar. Bununla bağlı dəfələrlə cavabdehlərə xəbərdarlıq edilsə də, qanunsuz və layihəyə zidd olaraq, həmin 3 qapını bağlamaqdan imtina etmişlər. Faktla bağlı FHN, Polis orqanlarına çox saylı şikayətləri də heç bir nəticə verməmişdir. FHN onlardan qapıları ləğv etməyi tələb etsə də, cavabdehlər buna imkan verməmişlər. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İkinci cavabdeh birinci cavabdehin qardaşı arvadıdır və Rusiya Federasiyasında yaşayır. Bu səbəbdən müqavilə onların nümayəndəsi və qohumu X3 ilə bağlanmışdır. İkinci cavabdeh Sevinc Hüseynovanın gəlini olduğundan həmin ünvanda yaşayır. Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, N.Şahbazov (keçmiş Dağıstan küçəsi), Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binası İddiaçı MTK-nın (əvvəlki "xxxx" MTK) mülkiyyətindədir. Bu səbəbdən, müvafiq dövlət orqanları tərəfindən onlara dəfələrlə xəbərdarlıq edilmişdir. Göstərilənlərə əsasən, maneələrin aradan qaldırılması, iddiaçının hesabına qapıların ləğv edilməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3003/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Ramin Xəlilov) ilə iddianın qismən təmin edilməsi, İddiaçı MTK-nın hesabına Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli, N.Şahbazov, Kaveroçkin və M.Qaşqay küçələrinin kəsişməsində iddiaçı tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müqavilələr üzrə məxsus olan qeyri-yaşayış sahəsinin tərəflər arasında müqavilə bağlanarkən mövcud olmuş (mövcud olmamışdırsa, ilkin) layihəyə uyğun şəkildə (yalnız çöl hissəsi) bərpa edilməsi, bununla bağlı maneələrin cavabdehlərə qadağan edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1, 152.5, 152.6, 157.4, 158.2, 158.4-cü maddələrinə, Avropa Məhkəməsinin Kopeçki Slovakiyaya qarşı Qərarına, Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərarına, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
12. Qətnamədən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan qeyri-yaşayış obyektləri müxtəlif iki şəxsə məxsusdur və hesab edir ki, bu iki şəxsə qarşı tələbin bir icraatda birləşdiriləsi qanunvericiliyə ziddir. Bu nəticədə tamamilə qanunsuz bir qətnamənin qəbul olunmasına səbəb olmuşdur. Hər iki obyektə ayrıca lahiyə verilməsi və giriş qapıları göstərilməli idi. MTK belə bir lahiyə tərtib etməmiş və cavabdehlərə ayrıayrılıqda layihə təqdim edilməmişdir. Nəticədə kimin giriş qapısının harda olması və sərhədləri məlum deyildir. Belə olan halda iki müxtəlif cavabdehə qarşı iddia tələbinin bir icraatda aparılması tam qanunsuzdur. Hər iki cavabdehin iddiaçı ilə bağladığı müqavilədə obyektlərin müvafiq olaraq C.Hacıbəyli küçəsinə olan hissəsində uzunluqlarının 7 və 4 metr olduğu göstərilmişdir. Belə olan halda cavabdehlərdən birinin məhz giriş qapısının C.Hacıbəyli küçəsindən olması məcburidir. Əks halda həmin obyektin ümumiyyətlə giriş qapısı olmur. İki müxtəlif obyektə qarşı iddianın eyni icraatda birləşdirilərək sanki vahid obyektə qarşı icraat şəklində aparılması qeyd olunan qanun pozuntusuna gətirib çıxarmışdır. Məhkəmə hər bir obyektin dəqiq sərhədlərini və yerləşmə sxemini müəyyən etmədən qanunsuz şəkildə qapı açılması qənaətinə gəlməsi tam əsassızdır. Məhkəməyə sükülmüş binanın əvvəlki şəkilləri təqdim edilmiş və həmin şəkillərdə C.Hacıbəyli küçəsində 4 qapının olduğu aydın gürünür. Bildirir ki, iddiaçının qanunsuz hesab etdiyi giriş-çıxış qapıları iddiaçı tərəfindən qoyulmuş və cavabdehlərə obyekt bu qaydada təhvil verilmişdir. Məhkəmə tərəfindən yerli baxış keçirilərkən bu xüsusat öz təsdiqini tapmışdır. Məhkəmənin C.hacıbəyli küçəsinə baxan hissədə 3 qapının cavabdehlər tərəfindən açılmasını qeyd etməsi tam əsassızdır. Məhkəmənin digər mülkiyyətçilərin hüquqlarının pozulması ilə bağlı qeyd etdikləri də tam əsassızdır. Binanın mübahisə gedən hissəsi sadəcə şüşə arakəsmələrdən ibarətdir və binanın konstruksiyası ilə heç bir əlaqəsi yoxdur. Binanaın perimetri boyunca bütün obyektlər şüşə arakəsmələrdən qapı kimi istifadə edirlər. İddiaçı tərəf məhkəməyə ilkin layihəni təqdim etməmişdir. Hesab edir ki, mübahisə ilə əlaqədar ekspertiza keçirilməli, qapıların binanın layihəsinə uyğun olub-olmaması, digər mülkiyyətçilərə texniki cəhətdən maneçilik göstərib göstərməməsi, binanın dayanıqlığına mənfi təsirinin olub-olmaması, binanın estetik görünüşünü pozub-pozmaması məsələləri araşdırılmalıdır. Məhkəmə qətnaməsi qanuni və əsaslı deyildir. Yerli baxış zamanı iddiaçı tərəf özü mübahisəli qapıları qoyduğunu və cavabdehlərə təqdim etdiyini bildirmiş, məhkə bu xüsusata hüquqi qiymət verməmişdir. Vacib əhəmiyyət kəsb edən ifadələr və sübutlar qətnaməyə salınmamış, hüquqi qiymət verilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutlara əhəmiyyət verilmmiş, qətnaməyə əlavə edilməmiş, hüquqi qiymət verilməmişdir. Məhkəmə əvvəlki binada mövcud olmuş obyektlərin C.Hacıbəyli küçəsinə 4 qapısının olması barədə video görüntülərə və şəkillərə diqqət yetirməmiş, aydınlaşdırmamış, ümumiyyətlə heç bir hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, cavabdehlərin öz istəyinə uyğun hər ikisinə birlikdə qeyri-yaşayış sahəsi verilib.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
20. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, qətnamə apellyasiya şikayəti həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası izahatları, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3003/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin)
b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
34. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
35. İşin müəyyən edilən hallarına əsasən iddiaçı ilə cavabdehlər arasında bağlanan müvafiq müqavilələrə əsasən cavabdehlərin mülkiyyətində olan və sahələri 52 və 38 kv.m olan qeyri-yaşayış sahələrinin əvəzinə iddiaçı tərəfindən tikilən çoxmərtəbəli yaşayış binasının aşağı mərtəbəsində yan-yana olmaqla ümumi sahəsi 160 kv.m olan qeyri-yaşayış sahələri cavabdehlərin mülkiyyətinə verilmişdir. Layihədə qeyri-yaşayış sahələrində 2 qapının olması nəzərdə tutulsa da, cavabdehlər tərəfindən sonradan əlavə olaraq 3 qapı açılmışdır.
36. İş materiallarında olan iddiaçı MTK tərəfindən tikilən çoxmərtəbəli yaşayış binasının layihəsinə əsasən binanın birinci mərtəbəsi üzrə yalnız 2 giriş-çıxış qapısının olması nəzərdə tutulmuşdur.
37. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və aşağıdakı şərtlərin birgə mövcud olduğu hallarda yol verilir: layihələndirilən obyektin tikintilərin mövcud olduğu ərazilərin hüdudları daxilində tikilməsi nəzərdə tutulduqda; tikilməsi nəzərdə tutulan obyekt istifadə növünə və miqyasına görə mövcud tikintilərə uyğun olduqda.
38. Qanunvericiliyin tələblərinə əsasən tikinti işləri yalnız təsdiq olunmuş layihə əsasında həyata keçirilməli, istənilən dəyişikliklər müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə və şəhərsalma norma və qaydalarına uyğun edilməlidir. Layihədən kənarlaşdırılmış tikinti elementləri, o cümlədən əlavə giriş-çıxış qapılarının açılması bu tələblərə ziddir.
39. Birinci instansiya məhkəməsinda icraat zamanı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin hazırki faktiki vəziyyətini müəyyən etməkdən ötrü qeyri-yaşayış sahəsinə yerində baxış keçirilmiş, yerində baxış zamanı Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli və N.Şahbazov küçələrinin kəsişməsində 49 saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələsinin C.Hacıbəyli küçəsinə baxan tərəfində 3 ədəd giriş qapısının mövcud olduğu, N.Şahbazov küçəsinə baxan tərəfində isə 2 ədəd giriş qapısının mövcud olduğu müəyyən edilmişdir. C.Hacıbəyli küçəsinə baxan tərəfdə yerləşən qeyriyaşayış sahəsinə quraşdırılmış giriş qapıları iddiaçı MTK-nın təsdiq edilmiş layihəsində nəzərdə tutulmamış, layihə üzrə nəzərdə tutulmuş qapı yerləri ilə faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilmişdir. Baxılan iş üzrə aparılmış yerli baxış zamanı obyektin giriş hissəsində layihə-smeta sənədlərində nəzərdə tutulduğundan əlavə olaraq 3 ədəd giriş qapısının açıldığı müəyyən edilmişdir.
40. İş materiallarından və yerli baxış zamanı müəyyən edilən hallardan görünür ki, layihəyə əsasən obyekt üzrə yalnız iki giriş-çıxış nəzərdə tutulmuş, lakin cavabdehlər tərəfindən əlavə 3 ədəd giriş qapısı qanunsuz şəkildə açılmaqla ümumilikdə 5 giriş qapısı mövcuddur. Cavabdehlər tərəfindən bu dəyişikliklərin qanuniləşdirildiyi və ya səlahiyyətli orqanlar tərəfindən təsdiqləndiyi sübuta yetirilməmişdir. Həmçinin, yerli baxış zamanı qeyri-yaşayış sahəsinin N.Şahbazov küçəsinə baxan hissəsi üzrə açılan 2 giriş qapısının şüşəli olmasına baxmayaraq, C.Hacıbəyli küçəsinə baxan hissəsi üzrə açılan qanunsuz qapılar isə hər biri ayrı-ayrılıqda obyekt kimi hazırda fəaliyyət göstərməkdədir.
41. Eyni zamanda, iş materiallarından göründüyü kimi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi binada layihədən kənar işlər görüldüyü üçün binanın layihədəki vəziyyətə qaytarılmasını iddiaçıdan tələb etmişlər.
42. Kollegiya qeyd edir ki, tikintisi "MTK" tərəfindən aparılmış binanın layihəyə uyğun şəkildə istismara verilməsi, müvafiq icazələrin alınması və tikinti normalarına əməl olunması məsələlərinə nəzarət dövlət qurumları – o cümlədən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir.
43. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iş materiallarından göründüyü kimi, binanın aşağı mərtəbəsində yerləşən mübahisəli qeyriyaşayış sahəsi hazırda cavabdehlərin mülkiyyətində olmaqla, qeyd edilən layihə pozuntuları məhz onların sahibliyi dövründə baş vermişdir. Layihə pozuntuları yuxarıda sadalanan iş materiallarında olan sübutlarla təsdiq edilir. Cavabdehlərə məxsus olan qeyriyaşayış sahəsi hər nə qədər onların mülkiyyətində olsa da, bu mülkiyyət hüququ digər şəxslərin, o cümlədən MTK-nın və binada yerləşən digər sahiblərin hüquqlarını, habelə şəhərsalma və tikinti norma və qaydalarını pozmamalıdır. Mübahisə predmeti olan qeyriyaşayış sahəsi cavabdehlərin mülkiyyətində olsa da, həmin obyektin yerləşdiyi bina “MTK” tərəfindən inşa edilmiş və istismara verilmişdir. Tikintiyə dair normativ tələblərə uyğunluğa nəzarət funksiyası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti icra strukturlarının səlahiyyətinə aid olsa da, bu nəzarət ilkin olaraq tikintini həyata keçirən hüquqi şəxs, yəni MTK qarşısında irəli sürülür. Cavabdehlər tərəfindən binanın konstruksiyasına və layihəsinə zidd olaraq əlavə girişlərin açılması faktiki olaraq tikintinin layihə-smeta sənədlərinə uyğunluğuna zərər vurur və bu pozuntuya görə hüquqi məsuliyyət ilk növbədə tikinti subyekti olan MTK-nın üzərinə yönəldilir. Lakin mübahisə predmeti olan obyektin hal-hazırda cavabdehlərin mülkiyyətində olması və bu qeyri-qanuni dəyişikliklərin məhz onlar tərəfindən edilməsinin müəyyən edilməsi, bu pozuntuların nəticələrinin aradan qaldırılması məsuliyyətinin daşıyıcısı qismində məhz cavabdehləri çıxış etdirməyə əsas verir. Başqa sözlə, Fövqəladə Hallar Nazirliyi və digər icra strukturlarının MTK-ya qarşı irəli sürdüyü tələblər tikinti dövründə və ya obyektin istismara qəbul edilməsi mərhələsindəki hüquqi münasibətlərdən irəli gəlir. Lakin mübahisə predmeti olan əlavə girişlərin açılması binanın istismarı dövründə, cavabdehlər mülkiyyətçi olduqdan sonra baş verdiyindən, bu dəyişikliklərin qanunsuzluğuna görə məsuliyyət məhz cavabdehlərin üzərinə düşür. Cavabdehlər tərəfindən layihəyə zidd edilən dəyişikliklər (əlavə giriş qapıları) binanın təhlükəsiz istismarına və layihə əsasında nəzərdə tutulmuş memarlıq-planlaşdırma həllərinə ziddir. Daşınmaz əmlakın sahibi həmin əmlak üzərində istədiyi kimi sərəncam vermək hüququna malik olsa da, bu hüquq digər şəxslərin və ictimai maraqların zərərinə həyata keçirilə bilməz.
44. Cavabdeh apellyasiya şikayətində məhkəmənin hər bir obyektin dəqiq sərhədlərini və yerləşmə sxemini müəyyən etməməsini qeyd etsə də kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, işin hallarından göründüyü kimi, qeyriyaşayış sahələri yan-yana olmaqla cavabdehlərə məxsusdur və qanunsuz açılan qapıların hansı cavabdehin mülkiyyətində olan sahədə yerləşdiyinin dəqiq müəyyən edilməməsi səbəbindən, konkret olaraq hansı qapının hansı cavabdeh tərəfindən layihəyə zidd şəkildə açıldığını dəqiqləşdirmək mümkün olmamışdır. Bu baxımdan iş materiallarında olan sübutlarla mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehlərin sahibliyində olmaqla, layihə pozuntuları məhz onların sahibliyi dövründə baş verdiyindən birinci instansiya məhkəməsinin qeyri-yaşayış binasının tərəflər arasında müqavilə bağlanarkən mövcud olmuş (mövcud olmamışdırsa, ilkin) layihəyə uyğun şəkildə (yalnız çöl hissəsinin) bərpa edilməsinə dair gəldiyi nəticə düzgün olmuşdur.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
47. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3003/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.