Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-147/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı “alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC-dən və cavabdeh1 ümumilikdə 51.000 (əlli bir min) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 243 (iki yüz qırx üç) manatın öz xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2023-cü il tarixdə cavabdeh1 "X1" minik markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobili satın almış və bunun müqabilində 51.000 manat pul ödəmişdir. Satıcı cavabdeh1 avtomobili alqı-satqı müqaviləsi əsasında 66.000 manata "xxxx" MMC-dən aldığını və avtomobilə dair 5 il müddətinə zəmanət talonu verildiyini bildirmişdir. Satıcı cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış ## ######## 2020-ci il tarixli, ****** nömrəli müqaviləyə əsasən, "Satıcı" "Alıcı"ya, yəni cavabdeh1 "X1" markalı avtomobili satmışdır. Müqavilənin 3.1-ci maddəsində qeyd edilir ki, satıcı satdığı avtomobillə əlaqədar "Zəmanət Müqaviləsi"ndə və "Zəmanət Kitabçası"nda göstərilmiş müddətdə və qaydada zəmanət verir. cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış ## ######## 2020-ci il tarixli “Zəmanət Müqaviləsi”nə əsasən, "Satıcı" onun tərəfindən satılan minik avtomobilinə görə "Alıcı"ya "Zəmanət və servis kitabçası" ilə müəyyən olunmuş müddətdə və şərtlər daxilində zəmanət verir. Müqavilənin 2-ci maddəsinə əsasən, "Satıcı" "Alıcı"nın təqsiri olmadan və bu müqavilənin 5-ci maddəsi ilə müəyyənləşdirilmiş digər hallar xaric olmaqla avtomobildə yaranmış qüsura görə "Zəmanət və Servis kitabçası" ilə müəyyən olunmuş şərtlər və müddətə uyğun olaraq "Alıcı"ya zəmanət verir. Müqavilənin 4-cü maddəsinə əsasən, "Satıcı" müqavilə ilə müəyyənləşdirilmiş qaydada zəmanət verdiyi avtomobildə yaranmış qüsurlar üçün cavabdehdir. Müqavilənin 7-ci maddəsində qeyd edilir ki, zəmanət müddəti ərzində avtomobilin hər hansısa hissəsində istehsal qüsuru aşkar edilərsə, həmin hissə "Satıcı"nın hesabına dəyişdirilir. Əgər belə qüsur avtomobil hissəsinin hər hansı bir daxili elementinin nasazlığı səbəbindən yaranmış olarsa, belə olan halda bütövlükdə həmin hissə deyil, məhz ortaya çıxmış qüsura səbəb olan daxili element "Satıcı"nın hesabına dəyişdirilir. Avtomobil hissəsində yaranmış qüsura görə "Alıcı" avtomobilin yenisi ilə əvəz edilməsini tələb edə bilməz. "Zəmanət və servis kitabçası"nda qeyd edilir ki, sözügedən avtomobilin gövdə lakboya örtüyündə istehsaldan qaynaqlanan qüsurlara 5 il və ya 100.000 km zəmanət verilir və bu qüsurlar təmir edilərək aradan qaldırılır. İddiaçı avtomobili aldıqdan sonra avtomobili dam örtüyündən başlayaraq lak-boya örtüyündə ciddi qüsurlar əmələ gəlmişdir. O, bu barədə cavabdeh "xxxx" MMC-yə və cavabdeh1 avtomobilin alınması üçün ödədiiyi 51.000 manat məbləğində pulun ona geri ödənilməsini tələb etsə də, cavabdeh ("xxxx" MMC) problemin onlara aid olmadığını bildirmişdir. Bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2 Məhdud Məsuliyyəti Cəmiyyətindən 8350 (səkkiz min üç yüz əlli) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39 (otuz doqquz) manat məbləğində vəsaitin cavabdeh cavabdeh2 Məhdud Məsuliyyəti Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, avtomobildə yaranmış lak-boya örtüyünün qüsurlarının istehsaldan qaynaqlanan qüsur olması, eləcə də bunun nəticəsində avtomobilin bazar dəyərinin enməsi ilə mülkiyyətçinin maddi ziyana məruz qalması mülki iş materialları ilə təsdiq edilir. Ona görə də məhkəmə hesab etmişdir ki, avtomobildə yaranmış qüsurların aradan qaldırılması üçün 2500 manat məbləğində çəkilməli xərc, eləcə də istehsal qüsuruna görə avtomobilin bazar dəyərində baş vermiş itkiyə görə iddiaçının məruz qaldığı zərərin əvəzi olaraq 5850 manat məbləğində vəsait, ümumilikdə 8350 manat məbləğində vəsait cavabdeh cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
5. Cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin cavabdeh cavabdeh2 MMCnə qarşı olan hissədə rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobilin lak-boyasında yaranan qüsurlar istehsal qüsuru olması öz təsdiqini taparsa, həmin qüsurları zəmanət çərçivəsində öz hesablarına aradan qaldırmağa hazırdırlar.
7. Cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti həmçinin apellyasiya şikayətinə əlavə verərək apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, sözügedən qüsurun “Zəmanət müqaviləsinə” uyğun olaraq aradan qaldırıla biləcəklərini iddiaçıya bildirmişlər və buna indi də hazırdırlar.
9. Bundan əlavə, şikayətə əlavədə qeyd edilmişdir ki, tərəflərindən müqavilə əsasında verilmiş zəmanətdən faydalanmaq hüququ iddiaçıya ötürülmüşdür. Bu isə o deməkdir ki, iddiaçının hazırkı mübahisəsi məhz həmin Zəmanət müqaviləsinin şərtlərinə uyğun həll edilməlidir.
10. Bundan əlavə, şikayətə əlavədə qeyd edilmişdir ki, məhkəmə bir tərəfdən iddiaçı ilə aralarındakı zəmanət müqaviləsindən irəli gələn münasibətləri qəbul edir, digər tərəfdən həmin qüsura görə onlardan servis xərci və avtomobilin bazar dəyərinin guya enməsi ilə bağlı üzərlərinə iddiaçıya pul vermək öhdəliyi qoyur.
11. Apellyasiya şikayətinə əlavədə həmçinin qeyd edilmişdir ki, hazırkı iddia tələbi ilə iddiaçı onlardan avtomobilində yaranmış qüsurun aradan qaldırılmasını yox, başqasına ödədiyi məbləği tələb edir. Hansı ki, bu tələb ən azı MMC-yə münasibətdə nə qanuna, nə də aralarındakı “zəmanət” və ya “alqı-satqı” münasibətinə uyğun deyil. Başqa sözlə, iddiaçının iddia tələbi ən azı onlara münasibətdə nə mülki qanunvericiliyin hər hansı normasının, nə də aralarındakı müqavilənin hər hansı bəndinin dispozisiyası ilə uzlaşmır.
12. Bundan əlavə, şikayətə əlavədə qeyd edilmişdir ki, əgər sözügedən zəmanət münasibətləri iddiaçıya ötürülübsə, onda onlar həmin müqaviləyə uyğun olaraq avtomobilin zavod qüsurunu aradan qaldırmağa hazırdırlar. Belə olan halda mütəxəssis rəyinə nə ehtiyac var ki? Hər bir halda həmin qüsuru onlar aradan qaldırmalıdır. Və zəmanət müddətində avtomobil onlardan başqa hər hansı bir servis mərkəzində təmirə məruz qala bilməz. Çünki bu halda zəmanət münasibətlərinə xitam verilir.
13. Şikayətə əlavədə həmçinin qeyd edilmişdir ki, iddiaçı ilə aralarındakı münasibəti tənzimləyən “Zəmanət müqaviləsi”ndə hər hansı qüsurun aradan qaldırılmasından sonra avtomobilin bazar dəyərinin aşağı düşməsi ilə bağlı onlar tərəfindən ödəniş etmək öhdəliyi nəzərdə tutulmayıb. Qüsur varsa onu başqası yox onlar aradan qaldıracaqlar, habelə bu qüsura görə avtomobilin bazar dəyərinin aşağı düşməsinə görə onlar tərəfindən iddiaçıya hər hansı kompensasiya ödəmək öhdəlikləri olmamışdır. Məhkəmə onların üzərinə zəmanət müqaviləsinə uyğun olaraq qüsurun aradan qaldırılması vəzifəsini qoymaq əvəzinə, iddiaçıya nə müqavilədə, nə də qanunda nəzərdə tutulmayan xərc və kompensasiya vermək öhdəliyi qoymuş, bununla da qətnamədə istinad etdiyi maddi hüquq normalarını səhv təfsir etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə kollegiyasının ##.##.2026-cı il tarixdə keçirilən iclasında izahat vermiş cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, iddiaçı digər cavabdehə ödədiyi pul vəsaitini tələb edir. Digər cavabdehlə aralarında bağlanılmış zəmanət müqaviləsi üzrə hüquq və vəzifələr sonradan iddiaçı və digər cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında iddiaçıya ötürülmüşdür. Mübahisəli avtomobilin istehsalat prosesindən qaynaqlanan qüsurlarının tərəflərindən aradan qaldırıla bilməsi iddiaçıya təklif olunsa da, iddiaçı bu təklifi qəbul etməmiş və avtomobilin ümumi dəyərini tələb etmişdir. Halbuki, nə müqavilə şərtlərində, nə də mülki qanunvericilikdə cavabdehin belə bir öhdəliyinin olmasına dair müddəa təsbit olunmamışdır. Eyni zamanda, iddia tələbi avtomobilin dəyərinin ödənilməsi ilə bağlı olsa da, məhkəmə bərpa üçün tələb olunan xərclərin və avtomobilin itirilmiş bazar dəyərinin cavabdehdən tutulması qənaətinə gəlmişdir. Bu hal da məhkəmənin iddia tələbinin həcmindən kənara çıxmasının göstəricisidir.
16. İddiaçı və digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
-Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; -Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; -Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; -Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; -Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; -Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; -Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. - Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. - Maddə 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqısatqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. - Maddə 582.2. Alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. - Maddə 583.1. Qarantiya müddətinin axımı, əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın alıcıya verildiyi məqamdan başlanır. - Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. - Maddə 589.1. Əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. - Maddə 589.3. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
- Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən özünə aid hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən - avtomobilin bazar dəyərində baş vermiş itkiyə görə iddiaçının məruz qaldığı zərərin əvəzi olaraq 5850 (beş min səkkiz yüz əlli) manatın cavabdeh cavabdeh2 MMC-dən tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd olunmalı, qətnamə qalan hissədə - avtomobildə yaranmış qüsurların aradan qaldırılması üçün 2500 (iki min beş yüz) manat məbləğində çəkilməli xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39 (otuz doqquz) manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətdən tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
22. İş materiallarında olan ##.##.2020-ci il tarixli, ****** saylı alqı-satqı müqaviləsindən müəyyən edilir ki, cavabdeh1 ilə cavabdeh2 MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Ban № KMHS***DDKU******, Mühərrik № G*KJKA******, 2019 buraxılışlı, ağ rəngli “X1” markalı avtomobil cavabdeh1 66.000 manata satılmışdır.
23. İş materiallarında olan ##.##.2025-ci il tarixli çıxarışdan müəyyən edilir ki, Ban № KMHS***DDKU******, Mühərrik № G*KJKA******, 2019 buraxılışlı, ağ rəngli “X1” markalı avtomobil ##.##.2020-ci il tarixində cavabdeh1 sahibliyinə verilmişdir.
24. İş materiallarında olan ##.##.2020-ci il tarixli “Zəmanət Müqaviləsi”dən müəyyən edilir ki, cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış bu müqaviləyə əsasən "Satıcı" onun tərəfindən satılan minik avtomobilinə görə "Alıcı"ya "Zəmanət və servis kitabçası" ilə müəyyən olunmuş müddətdə və şərtlər daxilində sözügedən avtomobilin gövdə lak-boya örtüyündə istehsaldan qaynaqlanan qüsurlara 5 il və ya 100.000 km zəmanət verilir.
25. İş materiallarında olan ##.##.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqısı haqqında müqavilədən müəyyən edilir ki, alqı-satqı müqaviləsi əsasında cavabdeh1 Ban № KMHS***DDKU******, Mühərrik № G*KJKA******, 2019 buraxılışlı, ağ rəngli “X1” markalı avtomobili 51.500 manat müqabilində İddiaçı satmışdır.
26. İş materiallarında olan ##.##.2025-ci il tarixli çıxarışdan müəyyən edilir ki, Ban № KMHS***DDKU******, Mühərrik № G*KJKA******, 2019 buraxılışlı, ağ rəngli “X1” markalı avtomobil ##.##.2023-cü il tarixində İddiaçı sahibliyinə verilmişdir.
27. İş materiallarında olan iddiaçı İddiaçı tərəfindən cavabdeh cavabdeh1 göndərilmiş ərizədən müəyyən edilir ki, iddiaçı ona dəymiş 51.000 manat məbləğində zərərin ona ödənilməsini xahiş etmişdir.
28. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən göndərilmiş ##.##.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məktubdan müəyyən edilir ki, ##.##.2025-ci il tarixində təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının aparılmasından imtina edilmişdir.
29. İş materiallarında olan olan “Mərkəzi Ekspertiza Bürosu” tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatından müəyyən edilir ki, Ban № KMHS***DDKU******, Mühərrik № G*KJKA******, 2019 buraxılışlı, ağ rəngli, **-GN-*** dövlət qeydiyyat nişanlı “X1” markalı avtomobilə dəymiş zərərin ümumi məbləği 8350 manat təşkil edir.
30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, “Mərkəzi Ekspertiza Bürosu” tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, “xxxx” şirkətinin rəsmi internet saytında verdiyi elana əsasən şirkətin müxtəlif illərdə istehsal etdiyi bir sıra avtomobillərin lak-boya örtüyündə istehsaldan qaynaqlanan qüsurların olduğu etiraf edilmiş və həmin avtomobillərin sırasına həmçinin 2019-cu il buraxılışlı “X1” markalı nəqliyyat vasitələrinin daxil olduğu vurğulanmışdır. Hazırda mübahisə predmeti olan avtomobilin də markası “X1” olmaqla 2019-cu il buraxılışlıdır. Bu isə onu deməyə əsas verir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən məsələ - avtomobilin lak-boya örtüyündə yaranmış qüsurlar istehsaldan yaranan qüsurlar olmaqla, bu qüsurlar həmin avtomobilə satıcı cavabdeh2 MMC tərəfindən verilmiş zəmanətlə aradan qaldırılan hallara, yəni cavabdeh MMC-nin cavabdeh olduğu hallara aiddir.
31. Həmçinin, cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi apellyasiya şikayətində, şikayətə əlavədə və onun nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında iddiaçının digər cavabdehlə aralarında bağlanılmış zəmanət müqaviləsi üzrə hüquq və vəzifələrin sonradan iddiaçı və digər cavabdeh arasında bağlanılmış alqısatqı müqaviləsi əsasında iddiaçıya ötürüldüyü və mübahisəli avtomobildə olan qüsurların aradan qaldırılmasına hazır olduqları qeyd edilmişdir.
32. Beləliklə, iddiaçı İddiaçı mülkiyyətində olan Ban № KMHS***DDKU******, Mühərrik № G*KJKA******, 2019 buraxılışlı, ağ rəngli, **-GN-*** dövlət qeydiyyat nişanlı “X1” markalı avtomobildə istehsalçı qüsuru olması işin mübahisəsiz halıdır.
33. Həmçinin, iş materialları ilə mübahisəli avtomobilin lak-boya örtüyündə yaranmış qüsurun cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aradan qaldırılması müəyyən edilmir.
34. İş materialları ilə həmçinin müəyyən edilir ki, mübahisəli avtomobil ##.##.2023-cü il tarixdə cavabdeh1 tərəfindən alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılarkən həmin avtomobilin lak-boya örtüyündə heç bir qüsur olmamış və bu qüsurlar zəmanət müddətində sonradan yaranmışdır.
35. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli avtomobilin lak-boya örtüyündə yaranmış qüsurun istehsalçı qüsuru olduğundan, cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti isə həmin istehsalçının rəsmi nümayəndəsi olduğundan, zəmanət müqaviləsinə əsasən belə qüsurlara görə cavabdehlik daşıdığından, lakin bununla bağlı öz öhdəliyini yerinə yetirmədiyindən iddiaçı cavabdeh MMC-yə qarşı iddia qaldırmaqda haqlı olmuşdur.
36. Digər tərəfdən, cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti verdiyi apellyasiya şikayətində qeyd edir ki, onlar zəmanət müqaviləsinə əsasən avtomobilin zavod qüsurunu aradan qaldırmağa hazırdırlar və zəmanət müddətində avtomobil onlardan başqa hər hansı bir servis mərkəzində təmirə məruz qala bilməz, çünki bu halda zəmanət münasibətlərinə xitam verilir.
37. Cavabdeh cavabdeh2 MMC-nin bu dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhz zəmanət müqaviləsində göstərilmiş öz öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və ona dəymiş ziyanla bağlı cavabdehdən pul tələb edir. Gələcəkdə iddiaçı tərəfindən avtomobilinin cavabdehə aid servisdə, yaxud digər servisdə təmir etdirmək onun seçim hüququdur və zəmanət müqaviləsinə hansısa səbəbdən xitam veriləcəyi hazırki mübahisənin predmeti deyil.
38. Bundan əlavə, cavabdeh cavabdeh2 MMC öz apellyasiya şikayətində qeyd edir ki, “Zəmanət müqaviləsi”ndə hər hansı qüsurun aradan qaldırılmasından sonra avtomobilin bazar dəyərinin aşağı düşməsi ilə bağlı onlar tərəfindən ödəniş etmək öhdəliyi nəzərdə tutulmayıb.
39. Məhkəmə kollegiyası cavabdehin bu dəlili ilə razılaşır. Belə ki, istehsalçının istehsal səhvi nəticəsində avtomobilin lak-boya örtüyündə olan qüsurlar aradan qaldırıldıqdan sonra, avtomobilin lak-boya örtüyünün yenilənməsi onun bazar dəyərinin düşməsi anlamına gəlmir. Əksinə, avtomobilin qeyd edilən qüsuru daha keyfiyyətli lak-boya örtüyü ilə əvəzlənəcəkdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, istehsal qüsuruna görə avtomobilin bazar dəyərində baş vermiş itkiyə görə iddiaçının məruz qaldığı zərərin əvəzi olaraq 5850 manat məbləğində vəsaitin ödənilməsi barədə iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz və birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə ləğv edilməlidir.
40. Bundan əlavə, cavabdeh cavabdeh2 MMC öz apellyasiya şikayətində vurğulayır ki, iddia tələbi avtomobilə görə ödənilən pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi olsa da, birinci instansiya məhkəməsi bu tələbdən kənara çıxaraq “qüsurun aradan qaldırılması zamanı çəkilən xərc və bazar dəyərinin aşağı düşməsinə görə kompensasiya əvəzi pul” tələbi barədə qətnamə qəbul etmiş, bununla da prosessual hüquq pozuntusuna yol vermişdir.
41. Cavabdehin bu dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbindən göründüyü kimi iddiaçı pul ödəyərək aldığı avtomobili gövdəsində qüsurların əməli gəlməsi nəticəsində cavabdehlərdən 51.000 manat məbləğində pul tələb edir. Birinci instansiya məhkəməsi zəmanət müqaviləsini və “Mərkəzi Ekspertiza Bürosu” tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatını əsas götürərək iddia tələbini qismən təmin etmiş və avtomobildə yaranmış qüsurların aradan qaldırılması üçün 2500 manat məbləğində çəkilməli xərc, eləcə də istehsal qüsuruna görə avtomobilin bazar dəyərində baş vermiş itkiyə görə iddiaçının məruz qaldığı zərərin əvəzi olaraq 5850 manat məbləğində vəsait, ümumilikdə 8350 manat məbləğində dəymiş zərərin cavabdehdən tutulması qərarına gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, avtomobildə yaranmış qüsurların aradan qaldırılması üçün 2500 manat məbləğində çəkilməli xərcin cavabdeh2 MMC-dən tutulması barədə iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmamış və bu barədə düzgün nəticəyə gəlmiş, lakin qətnamənin avtomobilin bazar dəyərində baş vermiş itkiyə görə iddiaçının məruz qaldığı zərərin əvəzi olaraq 5850 manatın cavabdehdən tutulması barədə hissəsi yuxarıda qeyd edilən səbəbdən əsassız olduğundan ləğv edilməlidir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən - avtomobilin bazar dəyərində baş vermiş itkiyə görə iddiaçının məruz qaldığı zərərin əvəzi olaraq 5850 (beş min səkkiz yüz əlli) manatın cavabdeh cavabdeh2 MMCdən tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd olunmalı, qətnamə qalan hissədə - avtomobildə yaranmış qüsurların aradan qaldırılması üçün 2500 (iki min beş yüz) manat məbləğində çəkilməli xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39 (otuz doqquz) manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətdən tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən - avtomobilin bazar dəyərində baş vermiş itkiyə görə iddiaçının məruz qaldığı zərərin əvəzi olaraq 5850 (beş min səkkiz yüz əlli) manatın cavabdeh cavabdeh2 MMC-dən tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd olunsun. Qətnamə qalan hissədə - avtomobildə yaranmış qüsurların aradan qaldırılması üçün 2500 (iki min beş yüz) manat məbləğində çəkilməli xərcin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39 (otuz doqquz) manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətdən tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov