Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1655/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «şifahi borc müqaviləsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: tərəflər arasında bağlanmış şifahi borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 1500(min beş yüz) manat verib, sonuncu həmin məbləği qaytarmayıb.
2. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun X2 ünvanlandığı ##.##.2025-ci il tarixli, *-*-***/*-******/**** nömrəli məktubunda göstərib ki, Cavabdeh tərəfindən 1500 manat məbləğində borcun qaytarılmaması və buna görə həmin şəxs barəsində tədbir görülməsi barədə müraciət qeydə alınaraq öyrənilmiş, müraciətdə qaldırılan məsələnin hərbi prokurorluğun səlahiyyətinə aid olmaması bildirilmiş və müraciətdə qeyd edilən məsələ ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
3. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-***/*-****/** nömrəli məktubda göstərilib ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində Neftçilər parkında yerləşən 10 TŞ *** nömrəli təhlükəsizlik kamerasında 28- ## ### 2024-cü il, saat 15:00-20:00 vaxtı üzrə qeydə alınmış görüntülər mövcud olmadığından təqdim edilməsi mümkün olmayıb.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ondan aldığı 1500 manatın, ona şər ataraq vurduğu mənəvi ziyana görə 1000 manatın və dövlət rüsumuna görə xərcin əvəzi 45 manatı cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
5. İddiada göstərilib ki, əvvəldən tandığı cavabdeh ona qarşı etibar və inamdan sui-istifadə edərək aldadıcı hərəkətlər törətmişdir. Belə ki, ##.##.2024-cü il tarixdə həyat yoldaşı X1 onunla əlaqə saxlayaraq həmin tarixdə keçiriləcək toy mərasimləri üçün dəyəri 2500 manat təşkil edən qızıl bəyəndiklərini, lakin həmin məbləğin yalnız 1000 manatının əllərində olduğunu, qalan 1500 manatın isə çatışmadığını bildirib. Cavabdeh etibardan sui-istifadə edərək göstərilən məbləğin onlara verilməsini xahiş edib və inandırıb ki, daha sonra bu məbləği qaytaracaqlar. O və həyat yoldaşı bu vədlərə inanaraq 1500 manat məbləğində pul vəsaitini Suraxanı rayonu, Neftçilər parkı adlanan ərazidə şəxsən cavabdehə təqdim etmişlər. X1 da orada olmuşdur. Lakin ötən müddət ərzində dəfələrlə müraciət etmələrinə baxmayaraq, qeyd olunan məbləğ bu günə qədər geri qaytarılmamış, vəd olunan öhdəliklər yerinə yetirilməmişdir. Bunun nəticəsində ona maddi zərər dəymişdir. X1 hamiləlik dövründə müəyyən müddət ərzində ailəsinin yaşadığı ünvanda qalmışdır. Bu müddət ərzində sağlamlığı və rifahı üçün zəruri sosial-məişət şəraitinin yaradılması təmin edilmişdir. Sonradan, əvvəllər cavabdehə verdiyi 1500 manat borcun qaytarılması məqsədilə yaşadığı ünvana yollanmışdır. Həmin ünvana daxil olduqda, orada yalnız cavabdehin ailə üzvləri ilə qarşılaşmışdır. Cavabdeh həmin vaxt evdə olmamış, yalnız atası onunla telefon əlaqəsi saxlamışdır. Orada olarkən borcun qaytarılması tələbini irəli sürmüş və bu barədə cavabdehin atası tərəfindən bildirilmişdir ki, cavabdeh hər ayın 3-ü və 5-i tarixləri arasında əmək haqqı alır və borcun qaytarılması həmin dövrlərdə mümkün olacaqdır. Buna baxmayaraq, sonrakı dövrlərdə dəfələrlə cavabdehin atasının iş yerinə gedərək, borcun qaytarılmasını tələb etmiş, lakin müxtəlif bəhanələrlə bu öhdəlik yerinə yetirilməmişdir. Bu barədə telefon danışıqları da mövcuddur. Qızıl-zinət əşyalarına dair məsələ ilə bağlı isə cavabdehin ailəsi bildirmişdir ki, həmin qızıllar nəvələrinin doğulması münasibətilə xəstəxanadan çıxarılan zaman X1 qaytarılacaqdır. Daha sonra, Suraxanı Rayon Məhkəməsinin icraatında olan cavabdeh ilə X1 arasında baxılan cehiz əşyalarının qaytarılması tələbi ilə bağlı mülki iş üzrə məhkəmə prosesində cavabdeh tərəfindən ona qarşı əsassız və böhtan xarakterli iddia irəli sürülmüşdür. Belə ki, qarşı tərəf qızıl-zinət əşyalarının guya ona təhvil verildiyini iddia etmişdir. Qeyd olunan iddia reallığa uyğun olmayan, tamamilə əsassız və subyektiv xarakterlidir. Əlavə olaraq, həmin görüş zamanı cavabdeh fiziki olaraq ünvanda olmamış, yalnız telefon vasitəsilə əlaqə saxlayaraq ona və həyat yoldaşına qarşı nalayiq ifadələr səsləndirmişdir. X1 verdiyi məlumata əsasən, qeyd olunan məhkəmə iclasında hakim bu iddianın sübut olunmadığını bildirmiş və əgər ona qarşı şər və böhtan xarakterli iddialar irəli sürülmüşsə, bununla bağlı ayrıca hüquqi qaydada məhkəməyə müraciət edə biləcəyini qeyd etmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) ilkin iddia qismən təmin edilərək, Cavabdeh 1500 (min beş yüz) manat və 35 (otuz beş) manat dövlət rüsumuna görə xərcin əvəzi tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçının cavabdehə qarşı qaldırdığı iddia tələbi 2 hissədən - 1) şifahi borc müqaviləsi üzrə verilmiş pul vəsaitinin geri qaytarılması və 2) vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsindən ibarətdir. İşin faktiki hallarından görünür ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehin toy mərasimində istifadə edilməsi nəzərdə tutulan qızıl-zinət əşyalarının əldə edilməsi üçün 1500 manat məbləğində pul vəsaitini cavabdehə vermiş, cavabdeh isə həmin pul vəsaitini əldə edərək 3 ay müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında yaranmış öhdəlik hüquq münasibətlərinə uyğun olaraq iddiaçı öz üzərinə müəyyən olunmuş və borc məbləğinin cavabdehə verilməsindən ibarət öhdəliyini vaxtında və lazımı qaydada yerinə yetirmiş, lakin cavabdeh borc məbləğinin tərəflər arasında şifahi razılaşma əsasında müəyyənləşdirilmiş müddət ərzində tam həcmdə geri qaytarılmasından ibarət öhdəliyini icra etməmiş, bununla da öhdəliklərin icrası zamanı vicdanlılığa riayət etməmiş, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməmişdir. Tərəflər arasında şifahi borc müqaviləsinin bağlanıb-bağlanmaması mübahisəli olsa da, məhkəmə baxış iclasında iddiaçı tərəfindən müvafiq vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslər həmin müqavilənin bağlanması faktını öz ifadələri ilə təsdiq etmişlər. Həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilərək yoxlanılması və qiymətləndirilməsi ilə bağlı hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki mühakimə icraatı haqqında qanunvericilik şahid ifadələrini tərəflərin tələb və etirazlarını əsaslandıran, eləcə də iş üçün əhəmiyyətli olan halların mövcudluğunu müəyyən edən məlumat (sübut) qismində tanıyır. Şahid ifadələrinin yoxlanılması və qiymətləndirilməsi sübuetmə predmetinə daxil olan fakt və halları təsdiq edən digər sübutlarla yanaşı həyata keçirilməli, tərəflərin təqdim etdiyi digər sübutlarla qarşılıqlı əlaqədə və vəhdətdə yoxlanılmalıdır. Məhkəmə iddiaçı tərəfin müvafiq vəsatəti əsasında məhkəmə baxış iclasında dindirilən şahidlərin məhkəməyə bildirdikləri ifadələrə tənqidi yanaşmasa da, şahidlərdən birinin iddiaçının arvadı, digərinin isə cavabdehin keçmiş arvadı olması, həmin ifadələrin mötəbərliyi ilə bağlı ilk baxışdan məhkəmədə şübhə doğurur. Hər iki şahidin iddiaçının vəsatəti əsasında dindirilmiş olması, cavabdehin keçmiş arvadı ilə sonuncu arasında ailə münasibətlərinin kəskin pozulmasından irəli gələn mənfi xarakterli münasibətlərin mövcudluğu hər iki şahidin iddiaçının mənafeyi baxımından ifadə vermələrini istisna etmir. Məhz bu məqamda sübutların hər birinin aidlik, mümkünlük və mötəbərlik, bütün sübutların məcmusunun isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilməsindən ibarət vacib vəzifənin mövcudluğu məsələsi ortaya çıxır. Yəni, iş üzrə qanuni və əsaslı nəticəyə gəlinməsi üçün 1) işdə bir yox, bir neçə sübut olmalı, 2) həmin sübutlar bir-biri ilə qarşılıqlı əlaqədə və vəhdətdə olmalı, 3) sübutların heç birinin mötəbərliyi şübhə doğurmamalıdır. Bununla belə, məhkəmə prosesi gedişində yalnız iddiaçı tərəfin deyil, cavabdeh tərəfin də vəsatəti əsasında onun atası şahid qismində dindirilmiş və ona məlum olan halları məhkəmənin diqqətinə çatdırmışdır. Cavabdehin atası, oğlu, yəni cavabdehlə iddiaçı arasında hər hansı borc müqaviləsinin bağlanmasından məlumatsız olduğunu, iddiaçının bir neçə dəfə onun iş yerinə gələrək hal-əhval tutmasını, bundan əlavə bir neçə dəfə mobil telefon əlaqəsi saxlamasını bildirmiş, iddiaçı ilə aralarında ailə münasibətləri, məişət xarakterli məsələlərdən kənar söhbət aparılmadığını təkidlə qeyd etmişdir. Lakin məhkəməyə təqdim edilmiş 01 ədəd maddi daşıyıcıya daxil edilən səs yazısının tədqiqindən aydın olur ki, iddiaçı cavabdehin ona da borcu olduğunu cavabdehin atasına bildirdikdə, sonuncu “mən neyləməliyəm? özü bilər” ifadələrindən istifadə etməklə, borcun mövcudluğunu mübahisələndirməmiş, haqlı olaraq məsuliyyəti öz üzərindən atmışdır. Həmçinin, həmin maddi daşıyıcıya daxil edilən səs yazısının məzmunu aşağıdakı formada ifadə edilir: İddiaçı – “Elnuru da işdən çıxaracaqlar”. Şahid (X3) – “Cəhənnəmə çıxarsınlar, qoy tutsunlar”. İddiaçı – “İkincisi, mənim özümədir borcu. Allahın, quranın adı haqqı. Elnurun özünün xəbəri yoxdur. General Əlinin qohumudur. Hələ dillənmir, dinmir”. Şahid – “Ay qardaş, tutduracaqsınız, tutdurun. Mən nağarım?”. İddiaçı – “Qardaş, indi mən də sənə deyirəm. El var, oba var. Deyirdin qohum belə, əqraba belə, ata belə, nəsil belə. Bu sözləri deyirdin. İndi bəs bu nəslin içində necə yaşamaq olacaq?”. İddiaçı – “Özü bilər, qoy getsin. Mən neyləməliyəm?”. Bundan əlavə, ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən cavabdeh həmin maddi daşıyıcının bilavasitə məhkəmə baxış iclasında təqdiqi zamanı məhkəmənin suallarına cavab olaraq səs yazısının həqiqətən də atasına məxsus olması faktını təsdiq etmişdir (##.##.2026-cı il tarixli məhkəmə baxış iclasının video-audio yazısının 7:57 – 08:01-ci dəqiqələri). Lakin cavabdeh həmin səs yazısında bəhs edilən danışıqların məhz kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi nəticəsində yaranmış borcla bağlı olduğunu bildirmiş və iddiaya etiraz etmişdir. Halbuki, iddiaçı və cavabdeh arasında yaranmış qarşılıqlı münasibətlər iddiaçının cavabdehin atası ilə hər hansı kredit borcuna görə danışıq aparmasını, həmin borcun geri qaytarılmasını tələb etməsini istisna edir. Yəni iddiaçının kreditor qismində çıxış etmədiyi öhdəlik hüquq münasibətləri üzrə cavabdehin bu və ya digər kredit təşkilatına qalıq borcunun geri qaytarılmasını məhz iddiaçının tələb etməsi ağlabatan mühakimə baxımından məqbul hesab edilmir. İşin qeyd edilən halı da bir daha təsdiq edir ki, tərəflər arasında həqiqətən də şifahi borc müqaviləsi bağlanmış, cavabdeh öz öhdəliyini icra etmədiyi üçün iddiaçı mübahisənin məhkəmədən kənar həllinə cəhdlər etmiş, lakin bu baş tutmamışdır. Məhkəmə baxış iclasında şahid qismində dindirilən cavabdehin atası iddiaçı və oğlu arasında hər hansı borc müqaviləsinin bağlanmamısını, iddiaçı ilə aralarında borcla bağlı hər hansı danışıq olmadığını bildirsə də, işin məhkəmə tərəfindən müəyyən edilən halları müvafiq dəlilləri təkzib etməyə kifayət qədər əsas verir. Qeyd edilənlər əsasında artıq belə bir nəticə (qənəat) hasil olur ki, həqiqətən də proses tərəfləri arasında şifahi borc müqaviləsi bağlanmış, istehlak məqsədləri üçün cavabdehə verilmiş borc məbləği iddiaçıya qaytarılmamış, bu məqsədlə bir neçə dəfə iddiaçı və cavabdehin atası arasında danışıqlar aparılsa da, mübahisənin məhkəmədən kənar qaydada həlli istiqamətində atılmış addımlar heç bir nəticə verməmişdir. Göründüyü kimi, iddiaçı cavabdehə şifahi borc müqaviləsi əsasında 1500 manat məbləğində pul vəsaitini verməsini və həmin borcun bu günədək qaytarılmadığını mümkün sübutetmə vasitələrindən istifadə etməklə sübuta yetirmişdir. Belə olan halda, şifahi borc müqaviləsi üzrə qaytarılmayan 1500 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin II hissəsinə, yəni vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissəyə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və məsələnin yenidən baxılması üçün müvafiq qərarın qəbul edilməsini xahiş edib göstərir ki, məhkəməyə təqdim edilən qızılların alındığı şəxsin səsli danışıq qeydləri, ödənilən pulun qəbzi və ekran şəkilləri kimi əhəmiyyətli sübutların məhkəmə protokoluna əlavə olunmaması və bunların nəzərə alınmaması, məhkəmənin qərarına təsir göstərmişdir. Bu sübutlar qarşı tərəfin iddiasının əsassız olduğunu və cavabdeh tərəfindən heç bir maliyyə alışı olmadığını təsdiq edir. Buna baxmayaraq, bu sübutlar məhkəmədə qəbul edilməmişdir. Həmçinin, məhkəmədə şahid kimi təqdim edilən cavabdehin keçmiş həyat yoldaşı X1 və İddiaçı həyat yoldaşı X2 tərəfindən verilən ifadələr düzgün qeyd olunmamışdır. Bu şahidlərin ifadələri məhkəmə protokolunda təhrif olunmuş və ya tam şəkildə əks etdirilməmişdir. Şahidlərin ifadələri məhkəməyə düzgün və aydın şəkildə təqdim edilməli idi, çünki bu ifadələr, məsələnin həllində mühüm rol oynayırdı. Məhkəmənin qərarının verilməsi zamanı hüquqi prosedurlar və müvafiq qanunvericilik pozulmuşdur. Həmçinin cavabdeh tərəfindən təqdim edilən sənədlərin və sübutların məhkəmənin protokoluna daxil edilməsi, həmçinin şahid ifadələrinin düzgün qeydə alınması, cavabdehin hüquqlarının qorunması üçün vacib idi.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
9. İddiaçı İddiaçı apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək şikayətin təmin olunmamasını xahiş edib və etirazını iddiası ilə eyni məzmunda əsaslandırmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Maddə 742.3. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalan borcun verildiyi gündən qaytarıldığı günədək hesablanmış faizləri və (və ya) haqları ödəməklə, borcu vaxtından əvvəl qaytara bilər. Maddə 742.4. Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
21. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
23. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
24. Əvvəla, hazırki işdə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mövcud və mümkün olan sübutlarını təqdim etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz etsə də, etirazının əsası kimi istinad etdikləri hallara dair sübut təqdim etməyib və bu halları sübut edə bilmir. Çünki etirazın əsası kimi istinad etdiyi halları sübut etmək yükü artıq onun üzərinə düşür. Tələb edilən məbləğdə borc verilməsi ilə bağlı müqavilənin yazılı bağlanması barədə qanunvericilikdə məcburi qayda nəzərdə tutulmamışdır. Başqa sözlə verilən borcun məbləği də müqavilənin şifahi bağlanmasını istisna etmir.
25. Bundan əlavə, şahid ifadələrinin protokolda düzgün qeyd olunmaması, təhrif olunmuş və ya tam əks olunmaması da iddianın əsassız, apellyasiya şikayətini əsaslı etmir. Çünki şahid ifadələri ilə tələb edilən borc məbləğinin cavabdehə verilməsi bilavasitə təsdiq olunur. Bu hal iddianın təmin olunması üçün kifayət edirdi. Ona görə də iddianın təmin olunması cavabdehin hüquqlarının pozuntusu kimi qiymətləndirilə bilməz.
26. Qeyd olunan məbləğin tam olaraq qaytarıldığını sübut etmək yükü isə artıq cavabdeh tərəfin üzərinə düşür. Çünki cavabdeh yeni bir hala istinad edir və istinad etdiyi halı isə özü sübut etməlidir, ancaq edə bilməyib. Demək ki, iddia əsaslı olub və məhkəmənin də iddianı təmin etməsi əsassız olmamışdır.
27. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə suiistifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.
28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.