Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1741/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh2, cavabdeh4 və cavabdeh1 qarşı “borclu şirkətim təsisçilərinin subsidiar məsuliyyətə cəlb olunması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: a) iddia tələbi barədə məlumat
1. Iddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, 2 qətnamə üzrə (2(103)-6653/2022 və 2(103)-305/2023) olan 171.477,5 manat borcun köhnə və yeni təsisçilərdən subsidiar qaydada tutularaq iddiaçıya ödənilməsi, hal-hazırda indeksasiya ilə bağlı Nəsimi Rayon Məhkəməsinin icraatında olan *(***)-***/**** saylı işin qərarına qədər təsisçilərin daşınar və daşınmaz əmlaklarına həbs qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 2017-ci ildə qanunsuz olaraq sökülmüşdür. Qanunsuz əməli Nazirlər Kabinetinin ** saylı qərarına əsasən, "xxxx" MTK həyata keçirmişdir. Iddiaçı qanunsuz əməllərə məruz qalaraq, məhkəməyə müraciət etmişdir. *(***)-****/**** saylı qətnamə ilə evinin qanunsuz söküldüyünə görə 283.000 manat, *(***)-***/**** saylı qətnamə ilə həyətyanı torpaq sahəsinin qanunsuz söküldüynə görə 165.332,5 manat və *(***)-****/**** saylı qətnaməsinə əsasən, 2020-ci ilin avqust ayından 2021-ci ilin iyul ayınadək iddiaçıya ödənilməyən kirayə haqqının əvəzi olaraq aylıq 500 manat olmaqla, ümumilikdə 5.500 manat və ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməli, 2021-ci ilin avqust ayından başlayaraq aylıq 500 manat kirayə haqqı Bakı Apellyasiya Məhkəməsinin ## ######## 2020-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə qət edilən kompensasiya məbləği iddiaçıya ödənilənədək davam etdirilməlidir. Lakin bu üç qətnamədən yalnız biri (2(103)-3809/2020), icra üsulu şirkət tərəfindən özbaşına dəyişdirilərək, 2022-ci ildən başlayaraq 2024-cü ilə qədər hissə-hissə (ayda 10.000 manat) ödənilmişdir. *(***)-***/**** saylı qətnamədə yalnız 10.000 manat (Avqust 2025) və *(***)-****/**** saylı qətnamə əsasında 22.000 manatdan yalnız 5.855 manat ödənilib. Bu ödənişlərin hamısı 2024-cü ilin iyun ayına qədər həyata keçirilmişdir və ondan sonra heç bir məbləğ ödənilməmişdir. Bu müddət ərzində (2020-2025) icra zamanı şirkət rəhbəri və kooperativin sədri cavabdeh3 dəfələrlə inzibati məsuliyyətə cəlb olunaraq 1.500, 1.500 və 2.000 manat məbləğində cərimə olunub. Əlavə olaraq, 2022-ci ildə cavabdeh3 qarşı *(***)-****/**** saylı qətnaməsini icra etmədiyinə görə Ədliyyə Nazirliyinin Istintaq idarəsində CM-nin 306.2-ci maddəsi ilə cinayət işi başlanmışdır, lakin ödəniş etməyə başladığına görə, iddiaçının ərizəsinə əsasən işə xitam verilmişdir. Digər iki qətnamələrin ödənişləri ilə bağlı dəfələrlə şirkət rəhbərinə, məhkəmə qərarlarının icrasına nəzarət edən icra məmuru Cəlaləddin Əliyevə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi yoxdur, cavabdeh3 tərəfindən verildiyi rəsmi ərizə və izahatdan göründüyü kimi, şirkətin heç bir maddi aktivi və ya pul vəsaiti hal-hazırda yoxdur, inşa etdiyi binada bütün yaşayış və qeyri-yaşayış obyektləri satıldığına görə qərarların icrasını əmlaka yönəltmək mümkün olmamışdır. Bu isə onu göstərir ki, şirkət rəhbəri borcun olduğunu bilərək (borc 2020ci ildə yaranıb, şirkət isə inşanı yalnız 2021-ci ildə yekunlaşdırıb) satılmamış əmlakları, və satılmış əmlaklardan gəliri bilərəkdən gizlətmişdir. Belə olan halda, şirkətin əmlakı, və şirkət rəhbərinin şəxsi əmlakı olmadıqda, Mülki Məcəllənin 110, 453, 456-cı maddəsinə əsasən borc şirkət təsisçilərindən subsidiar qaydada alına bilər ona görə ki, S.Vurğun-Ş.Əzizbəyov- Mərdanov qardaşları-S.Əskərova küçələrinin kəsişməsində inşa edilən 13-15 mərtəbəli (+2 mərtəbə qeyri yaşayış obyektləri, 3 mərtəbə zirzəmi avto dayancaq) binada satılmış daşınmaz əmlakların mənfəəti sırf təsisçilər tərəfdən əldə edilib. “xxxx” MTK 2025-ci ildə Nizamnamədə müəyyən dəyişiklik edərək, bəzi üzvləri üzvlükdən çıxarmışdır. b) birinci instansiya məhkəməsində tərəflərin izahatları barədə məlumat
3. Iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək Rayon Məhkəməsinə verdiyi izahatında bildirmişdir ki, “xxxx” MTK-ya məxsus 4 ədəd parkinq yerləri hər biri 45.000 manat olmaqla ümumilikdə 180.000 manat məbləğində qiymətləndirilmiş və hazırda açıq hərrac yolu ilə satışa çıxarılmalıdır. Həbs olunmuş əmlakın mövcudluğu icranın faktiki başa çatması demək deyildir. Həbs tədbirlərinin görülməsi və əmlakın qiymətləndirilməsi məhkəmə qərarlarının icra olunduğunu göstərmir, çünki iddiaçıya pul vəsaiti faktiki olaraq ödənilməmişdir; icra icraatı yekunlaşdırılmamışdır; əmlakın açıq hərrac yolu ilə satışı başa çatmamışdır və real icra nəticəsi mövcud deyildir. Əmlakın hərracda satılması ehtimal xarakteri daşıyır və qiymətin azalması riski mövcuddur. Hərrac yolu ilə satış təminatlı və qəti nəticə deyil. Əgər əmlak ilk hərracda satılmazsa, növbəti hərraclarda onun başlanğıc satış qiyməti əvvəlki hərracla müqayisədə azaldılır. Bu hal isə borclunun əmlakından əldə olunacaq vəsaitin məhkəmə qərarlarının tam icrası üçün yetərsiz olması riskini daha da artırır. Borclunun qanunla müəyyən edilmiş əlavə pul öhdəlikləri mövcuddur. “xxxx” MTK-nın yalnız əsas borc deyil, həm də qanunvericilikdən birbaşa irəli gələn əlavə pul öhdəlikləri mövcuddur. Belə ki, Azərbaycan Respublikasının “Icra haqqında” Qanununun 78.1-ci maddəsinə əsasən “Icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir.” Məhz bu normaya əsasən, 2020 və 2023-cü illərdə çıxarılmış məhkəmə qərarlarının könüllü qaydada icra edilməməsi nəticəsində borclu 7% həcmində icra ödənişi ödəmək öhdəliyi daşıyır və bu öhdəlik qanunun tələbi ilə avtomatik yaranır, məhkəmənin və ya tərəflərin iradəsindən asılı deyildir. Borclunun digər kreditorlar qarşısında da böyük məbləğdə öhdəlikləri mövcuddur. Eyni zamanda, borclunun digər iddiaçı qarşısında təxminən 560.000 manat məbləğində borc öhdəliyi vardır ki, bu da borclunun çoxsaylı kreditorlar qarşısında öhdəliklərini yerinə yetirmək qabiliyyətində olmadığını açıq şəkildə göstərir. Bundan əlavə, iddiaçı tərəfindən tələb olunan və Rayon Məhkəməsi tərəfindən tanınmış indeksasiya məbləği də mövcuddur (hazırda apellyasiya instansiyasında yalnız məbləğin həcmi mübahisəlidir). Beləliklə, borclunun ümumi pul öhdəliklərinin həcmi, çoxsaylı kreditorlar qarşısında borcluluğu, icra ödənişi üzrə qanuni öhdəlikləri, həmçinin hərrac nəticəsində əmlakın tam satılmaması və ya aşağı qiymətə satılması riski nəzərə alındıqda, yalnız həbs olunmuş əmlakın mövcudluğu borclunun məhkəmə qərarlarını faktiki icra etməyə qadir olduğunu göstərmir. Bu səbəbdən, həbs edilmiş əmlakla bağlı görülən tədbirlər nə faktiki icranı təsdiq edir, nə də borclunun nəzarətində olan şəxslərin subsidiar məsuliyyətə cəlb edilməsi üçün mövcud əsasları aradan qaldırır.
4. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Bu səbəbdən də Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə barədə məlumat
5. Işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iş materialları ilə "xxxx" MTK barəsində qəbul edilmiş məhkəmə aktlarının icrası ilə bağlı icra tədbirlərinin davam etdirildiyi, borclu hüquqi şəxsə məxsus əmlakın müəyyən edilərək üzərinə həbs qoyulduğu və həmin əmlakın satılması istiqamətində tədbirlərin görüldüyü müəyyən olunur. Məhkəmənin qənaətinə görə, həmin tədbirlərin yekun nəticəsi müəyyən edilmədən və hüquqi şəxsin öhdəliklərini öz əmlakı hesabına icra etmək imkanının tam tükəndiyi sübuta yetirilmədən onun təsisçilərinin subsidiar məsuliyyətə cəlb edilməsi üçün qanuni əsas yaranmamışdır. Rayon Məhkəməsi, həmçinin hesab etmişdir ki, iddiaçı cavabdehlərin hüquqi şəxsin öhdəlikləri üzrə subsidiar məsuliyyət daşımasını şərtləndirən halları mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Bu səbəbdən məhkəmə subsidiar məsuliyyətə dair tələbin təmin edilməməsi, eləcə də cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasına əsas olmadığı nəticəsinə gəlmişdir. d) apellyasiya şikayəti barədə məlumat
7. Iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, borclu olan MTK-dan tutulmalı olan pul vəsaitlərinin ödənilməsi məqsədilə uzun müddət ərzində aparılmış icra tədbirləri nəticəsiz qalmış, borclu hüquqi şəxsin öhdəliklərini yerinə yetirməsi faktiki olaraq mümkün olmamışdır. Rayon Məhkəməsi hazırkı iş üzrə qətnamə qəbul edildikdən sonra da icra tədbirləri davam etdirilmiş, lakin borclu hüquqi şəxsin üzərinə həbs qoyulmuş əmlakların satılması istiqamətində keçirilmiş təkrar hərraclar da nəticəsiz qalmış, məhkəmə qətnamələri icra edilməmişdir. Bundan əlavə, məhkəmə aktlarının icra olunmaması ilə bağlı icra orqanı tərəfindən görülmüş tədbirlər nəticəsində müvafiq materiallar hüquq-mühafizə orqanına göndərilmişdir. Bu hallar Rayon Məhkəməsinin subsidiar məsuliyyət üçün zəruri şərtlərin yaranmaması barədə gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığını göstərir. MTK-nın öhdəliklərinin uzun müddət ərzində icra edilməməsi, aparılmış icra tədbirlərinin nəticəsiz qalması və borcun hüquqi şəxsin əmlakı hesabına ödənilməsinin faktiki mümkün olmaması şəraitində cavabdehlərin MTK-nın öhdəlikləri üzrə subsidiar məsuliyyətə cəlb edilmələri üçün qanuni əsaslar yaranmışdır. Bu səbəbdən qətnamənin həmin hissədə ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş tərəflərin verdikləri izahatlar barədə məlumat
9. Apellyator olan iddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
10. Iş üzrə cavabdehlər apellyasiya baxışı iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, Rayon Məhkəməsinin qətnaməsini və iş üzrə təqdim edilmiş əlavə sübutları birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi cavabdehlərin subsidiar məsuliyyətə cəlb edilməsinə dair iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul olunmalı, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
12. Iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli və *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnamələri ilə "xxxx" Mənzil Tikinti Kooperativindən iddiaçı İddiaçı xeyrinə müvafiq pul vəsaitlərinin tutulmasına qərar verilmiş, həmin məhkəmə aktları qanuni qüvvəyə minmiş və onların icrası üçün icra sənədləri verilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq həmin məhkəmə aktları icra edilməmiş, borclu hüquqi şəxs tərəfindən öhdəliklər yerinə yetirilməmişdir.
13. Iş materiallarında olan icra sənədləri, icra məmurunun aktları, hərrac sənədləri və apellyasiya instansiyasına təqdim edilmiş əlavə sübutlarla müəyyən edilir ki, borclu hüquqi şəxsin əmlakının aşkar edilməsi, üzərinə həbs qoyulması və realizə olunması istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş icra tədbirləri həyata keçirilmiş, lakin keçirilmiş hərraclar, o cümlədən təkrar hərraclar nəticəsiz qalmış, məhkəmə qətnamələri faktiki olaraq icra edilməmişdir. Apellyasiya baxışı zamanı təqdim olunmuş sənədlər kooperativin rəhbəri tərəfindən icra orqanına verilmiş izahatı, borcun hissə-hissə ödənilməsi ilə bağlı mövqeyi və ayrı-ayrı icra tədbirlərini əks etdirsə də, həmin sənədlərin hüquqi əhəmiyyəti digər iş materialları ilə qarşılıqlı əlaqədə qiymətləndirilməlidir.
14. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, Kooperativin üzvlərinin bu Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etmək hüquqları vardır (maddə 109-4.4.3.). Kooperativ öz öhdəliklərinə görə ona məxsus olan əmlakı ilə cavabdehdir (maddı 110-3.1.). Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının verilməmiş hissəsi həddində subsidiar məsuliyyət daşıyırlar (maddə 110.4.). Kooperativ yaradıldıqdan sonra ona üzv olan şəxs üzv olmasından əvvəl kooperativin götürdüyü öhdəliklərə görə məsuliyyət daşıyır, bir şərtlə ki, nizamnamədə ayrı qayda nəzərdə tutulmasın. Kooperativə üzv olmaq istəyən şəxsə bu barədə bütün zəruri məlumatlar verilməlidir (maddə 110-3.3.). Kooperativin üzvləri kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyət daşıyırlar. Kooperativ üzvlərinin kooperativin öhdəliklərinə görə subsidiar məsuliyyəti kooperativin öz öhdəliklərinin silinməsi üçün kifayət qədər vəsaitləri olmadıqda yaranır və bu Məcəllənin 110.4-cü maddəsinə müvafiq qaydada müəyyənləşdirilir (maddə 110-3.4.).
15. Göründüyü kimi subsidiar məsuliyyət institutunun tətbiqi üçün kooperativin borcu könüllü və ya məcburi icra qaydasında öz əmlakı hesabına ödəmək imkanının faktiki olaraq tükənməsi mühüm hüquqi əhəmiyyət kəsb edən haldır. Hazırkı işdə isə iş materialları ilə müəyyən edilmiş hallar göstərir ki, məhkəmə qətnamələrinin icrası istiqamətində uzun müddət ərzində həyata keçirilmiş icra tədbirləri müsbət nəticə verməmiş, borclu kooperativin əmlakı hesabına tələbin təmin edilməsi mümkün olmamışdır.
16. Yuxarıda qeyd edilən maddi hüquq normalarının mənasına görə kooperativ öz öhdəlikləri üzrə ilk növbədə öz əmlakı ilə cavabdehdir. Lakin qanunda nəzərdə tutulmuş hallarda kooperativin öhdəliklərinin onun əmlakı hesabına icrası mümkün olmadıqda və bunun üçün zəruri hüquqi əsaslar mövcud olduqda, həmin öhdəliklər üzrə subsidiar məsuliyyətin tətbiqinə yol verilir. Subsidiar məsuliyyət əsas borclunun məsuliyyətini əvəz etmir, onun öhdəliyinin icrasının mümkün olmadığı hallarda kreditorun hüquqlarının müdafiəsinə xidmət edən əlavə məsuliyyət növüdür.
17. Rayon Məhkəməsi subsidiar məsuliyyətə dair iddia tələbini rədd edərkən əsasən ona istinad etmişdir ki, borclu kooperativ barəsində icra tədbirləri hələ başa çatmamış, onun əmlakının satılması istiqamətində tədbirlər davam etdirildiyindən cavabdehlərin subsidiar məsuliyyətə cəlb edilməsi üçün zəruri hüquqi əsaslar yaranmamışdır. Lakin Məhkəmə həmin nəticə ilə razılaşmır. Çünki iş materialları və apellyasiya icraatı zamanı alınmış və materialları tədqiq edilmiş icra işləri ilə müəyyən edilir ki, məhkəmə qətnamələrinin qəbul edilməsindən sonra uzun müddət keçməsinə baxmayaraq, borclu kooperativ üzərinə düşən öhdəlikləri icra etməmiş, kooperativin icra orqanı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra tədbirləri həyata keçirilmiş, kooperativə məxsus əmlak üzərinə həbs qoyulmuş, həmin əmlakın realizə olunması məqsədilə hərraclar, o cümlədən təkrar hərraclar keçirilmiş, lakin bütün bu tədbirlər nəticəsiz qalmışdır. Apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim olunmuş əlavə sənədlər də bu halı təsdiq edir və göstərir ki, Rayon Məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra da borcun hüquqi şəxsin əmlakı hesabına ödənilməsi mümkün olmamışdır.
18. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə subsidiar məsuliyyətin tətbiqi məsələsi qiymətləndirilərkən yalnız icra icraatının formal olaraq başa çatıb-çatmadığı deyil, həyata keçirilmiş icra tədbirlərinin faktiki nəticəsi də nəzərə alınmalıdır. Iş materialları ilə müəyyən edilmiş hallar göstərir ki, borclu kooperativin əmlakı hesabına məhkəmə qətnamələrinin icrası istiqamətində görülmüş tədbirlər real nəticə verməmiş, iddiaçının məhkəmə aktları ilə təsdiq olunmuş tələbi uzun müddət təmin edilməmişdir. Bu şəraitdə yalnız icra icraatının formal davam etməsinə istinad etməklə subsidiar məsuliyyət üçün hüquqi əsasların yaranmadığı nəticəsinə gəlmək iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun hesab edilə bilməz.
19. Iş materialları ilə müəyyən edilir ki, cavabdehlər borclu MTK-ın fəaliyyətində hüquqi əhəmiyyət kəsb edən statusa malik olmuş, onların kooperativlə hüquqi əlaqələri dövlət qeydiyyatı məlumatları və iş materiallarında olan digər sənədlərlə təsdiq edilmişdir. Rayon Məhkəməsi həmin halları müəyyən etsə də, bu halların subsidiar məsuliyyət institutunun tətbiqi baxımından hüquqi nəticələrini düzgün qiymətləndirməmişdir.
20. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə həlledici əhəmiyyət kəsb edən hal borclu MTK-nın öhdəliyini uzun müddət ərzində yerinə yetirməməsi deyil, bu öhdəliyin icrası məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, kreditorun – iddiaçının tələbinin təmin edilməsinin mümkün olmamasıdır. Iş materialları ilə təsdiq olunan bu hallar borclunun əmlakı hesabına borcun real qaydada ödənilməsinin mümkün olmadığını göstərir və subsidiar məsuliyyətin tətbiqi üçün əhəmiyyətli hüquqi əsas təşkil edir.
21. Rayon Məhkəməsi icra icraatının formal olaraq davam etməsini subsidiar məsuliyyətin tətbiqinə mane olan hal kimi qiymətləndirmişdir. Halbuki, Məhkəmə hesab edir ki, icra icraatının formal surətdə başa çatmaması özlüyündə subsidiar məsuliyyət tələbinin rədd edilməsi üçün kifayət qədər əsas hesab edilə bilməz. Əks yanaşma məhkəmə aktının icrasının qeyri-müəyyən müddətə uzanmasına, məhkəmə müdafiəsi hüququnun səmərəliliyinin zəifləməsinə və kreditorun hüquqlarının faktiki olaraq təmin edilməməsinə səbəb ola bilər.
22. Göstərilən halların məcmusu Məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Rayon Məhkəməsi subsidiar məsuliyyətə dair iddia tələbi üzrə işin faktiki hallarını tam araşdırsa da, həmin hallara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə işin müəyyən edilmiş hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Bu səbəbdən qətnamə həmin hissədə ləğv edilməli və cavabdehlərin borclu MTK-nın 2(103)-6653/2022 və *(***)-***/**** saylı qətnamələr üzrə öhdəlikləri üzrə subsidiar qaydada məsuliyyət daşıdıqları barədə yeni qətnamə qəbul edilməlidir.
23. Bununla yanaşı Məhkəmə hesab edir ki, hazırkı mülki işə baxmış Rayon Məhkəməsi iddia tələbinin “hal-hazırda indeksasiya ilə bağlı Nəsimi Rayon Məhkəməsinin icraatında olan *(***)-***/**** saylı işin qərarına qədər təsisçilərin – cavabdehlərin daşınar və daşınmaz əmlaklarına həbs qoyulması barədə” hissəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, bu kimi məsələ iddia icraatı çərçivəsində həll edilə bilməz.
24. Buna görə də, Məhkəmə, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsində aid dəlilini əsassız hesab edir. g) apellyasiya baxışının nəticəsi
25. Beləliklə, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehlərin borclu MTKnın öhdəlikləri üzrə subsidiar məsuliyyətə cəlb edilməsinə dair iddia tələbi üzrə işin faktiki hallarına tam hüquqi qiymət verməmiş, iş üzrə toplanmış və apellyasiya baxışı zamanı təqdim olunmuş əlavə sübutları onların məcmusunda qiymətləndirməmiş, nəticədə maddi hüquq normalarını düzgün tətbiq etməmiş və işin müəyyən edilmiş hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Bu səbəbdən apellyasiya şikayəti həmin hissədə əsaslı hesab edilməlidir.
26. Buna görə də Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni iddianın cavabdehlərin borclu kooperativ ilə subsidiar məsuliyyətə cəlb edilməsinə dair hissədə təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin tələb təmin edilməli, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
27. Iddiaçının dövlət reyestrinə guya yalan məlumat təqdim etməsi əsası ilə onun barəsində xüsusi qərardad çıxarılması barədə apellyasiya baxışı zamanı verdiyi vəsatətlə bağlı Məhkəmə qeyd edir ki, vəsatətin təmin edilməsi üçün hazırkı mülki icraat çərçivəsində əsas müəyyən edilmir və buna görə də vəsatət təmin edilməməlidir.
28. Bununla bağlı Məhkəmə həmçinin qeyd edir ki, əgər iddiaçı vəsatəti əsaslı hesab edirsə, onda o, həmin vəsatətdə qeyd edilən məsələlər ilə bağlı müvafiq hüquq mühafizə orqanlarına müraciət etmək hüququna malikdir.
29. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDI:
Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnamə qismən, yəni iddianın hazırkı iş üzrə cavabdehlərin borclu “xxxx” Mənzil Tikinti Kooperativinin öhdəlikləri üzrə subsidiar məsuliyyətə cəlb edilməsinə dair hissədə təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh2, cavabdeh4 və cavabdeh1 qarşı “borclu şirkətim təsisçilərinin subsidiar məsuliyyətə cəlb olunması tələbi barədə” iddiası qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2022-ci il tarixli, *(***)-****/**** saylı və ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnamələri ilə "xxxx" Mənzil Tikinti Kooperativindən tutulmalı olan ödənilməmiş pul vəsaiti cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh2, cavabdeh4 və cavabdeh1 subsidiar qaydada tutulsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi ## ###### 2026-cı il tarixli qətnamənin qalan hissəsi, yəni iddia tələbinin “hal-hazırda indeksasiya ilə bağlı Nəsimi Rayon Məhkəməsinin icraatında olan *(***)-***/**** saylı işin qərarına qədər təsisçilərin daşınar və daşınmaz əmlaklarına həbs qoyulması barədə” hissəsinin təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən, qətnamə iş üzrə tərəflərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.