Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1742/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «kredit borcu, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı, nümayəndəsi və vəkili Vəkil və cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı ilə Cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli kredit müqaviləsinə əsasən kreditor 2023-cü ilin aprel ayında başa çatan müəyyən müddətə 45.400 ABŞ dollarını borcalana təqdim edir, borcalan isə hər ayın 27-də kreditora hər ay üçün 1250 ABŞ dolları ödəməyi öhdəsinə götürür.
2. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili, R Emil Qocayevin tərtib etdiyi ##.##.2025-ci il tarixli arayışında göstərib ki, ##.##.2025-ci il tarixdə vətəndaş İddiaçı müraciət edərək, tanışı Cavabdeh Əbdülxaliq oğlu adlı şəxsə 2022-ci ildə Yasamal rayonu ərazisində borca 45000 pul verdiyini,lakin sonuncunun vədinə əməl etmədyini borcunu qaytarmadığını bildirmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, vətəndaş Cavabdeh Əbdülxaliq oğlu izahatında 2022-ci ilə tarixində borc pul götürdüyünü, müxtəlif vaxtlarda isə hissə-hissə şikayətçiyə ödəniş etdiyini bildirmiş və sonuncu ödənişini 2025-ci il mart ayında ödədiyini və şikayətçiyə borcu olmadığını bildrimişdir. Vətəndaş İddiaçı müraciətinin DİO-nun səlahiyyətlərinə aid olmadığını bildirilmiş və qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətlərinə aid olmadığı üçün "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Republikası Qanunun 7.10-cu maddəsinə əsasən müraciəti məhkəmə orqanlarına etməyi tövsiyyə olunmuşdur.
3. Cavabdeh ##.##.2024-cü il tarixində 500 manat, ##.##.2024-cü il tarixində 500 manat, ##.##.2024-cü il tarixində 500 manat, ##.##.2024-cü il tarixində 400 manat, ##.##.2024-cü il tarixində 500 manat, ##.##.2024-cü il tarixində 500 manat, ##.##.2025-ci il tarixində 400 manat, ##.##.2025-ci il tarixində 100 manat, ##.##.2025-ci il tarixində 200 manat ödəniş etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 42.500 manat (25.000 ABŞ dolları) əsas borc, 10.000 manat əldən çıxmış fayda, 1000 manat mənəvi zərər və 218 manat dövlət rüsumuna görə xərcin əvəzi tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
5. İddiada göstərilib ki, Cavabdeh onun bərbəri idi, bərbər vəzifəsində işləsə də, maşın biznesi ilə məşğul olurdu və ondan qısa müddər ərzində qaytarmaq şərti ilə borca pul istəmişdi. ##.##.2022-ci il tarixində Cavabdeh ilə kredit müqaviləsi bağlamışdı. Bu müqaviləyə görə cavabdeh Cavabdeh ondan 45.400 ABŞ dolları məbləğində pul borc götürmüşdü. Kredit müqaviləsi aralarında bağlanmış və bir müddət Cavabdeh vaxtlı-vaxtında yəni müqavilədə göstərildiyi kimi hər ayın 27-dək borcun bir hissəsini hissə-hissə gah manatla, gah dollarla ümumiyyətlə 20.000 ABŞ dolları məbləğində ödədi, lakin sonradan pulun ödənilməsi heç bir səbəb olmadan dayandırıldı. Müqavilənin şərtlərinə görə götürülmüş pul məbləği 2023-cü ilin aprel ayınadək qaytarılmalı olduğu halda, o, bu günə kimi borcun qalan hissəsini yəni 25.000 ABŞ dolları (42.500) manat pulunu ala bilməmişdir. Dəfələrlə cavabdehə müraciət etsə də, Cavabdeh pulu verməkdən, borcu qaytarmaqdan boyun qaçırır, məsuliyətdən yayınır. Onun bu pula çox ehtiyacı var. Dəfələrlə borcun ödənilməsini istəsə də, hər dəfə bir bəhanə ilə vaxtı uzadıb. Artıq haqqını tələb etməkdən yorulmuşdur. Cavabdeh özünü kobud və laqeyd aparır. Müraciətlərinə heç bir məhəl qoymur, ona həm də mənəvi zərər vurur. Borc pulun tələb edilməsi mütəmadi olaraq əsəb və gərginlik keçirməyi onun səhhətinə də ciddi təsir göstərmişdir. Ona 45.400 ABŞ dollar məbləğində borcdan yalnız 20000 ABŞ dolları məbləğ ödənilsədə, borcun qalan 25.000 ABŞ dolların hal-hazırda ödənilməsindən cavabdeh imtina edir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia tələbinin qismən təmin edilərək cavabdeh Cavabdeh 25.000 ABŞ dolları məbləğində pulun (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) və ödənilmiş dövlət rüsumuna görə 173.2 manatın alınaraq iddiaçı İddiaçı ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi; iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin onun özünə aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, ##.##.2022-ci il tarixində yazılı formada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə müəyyən müddət üçün 45.400 ABŞ dolları məbləğində pul vəsaiti vermişdir. Müqavilədə borcun qaytarılma şərtləri, aylıq ödəniş qrafiki və borcun tam ödənilmə müddəti aydın şəkildə göstərilmişdir. Bu hal tərəflər arasında borc münasibətlərinin mövcudluğunu təsdiq edir. Cavabdeh Cavabdeh tərəfindən irəli sürülən, borc müqaviləsinin notarial qaydada bağlanmalı olması barədə arqumentlər məhkəmə tərəfindən əsassız hesab edilir. Borc münasibətlərinin yaranması üçün müqavilənin notarial formada bağlanması zəruri şərt deyildir. İş materiallarından görünür ki, müqavilə yazılı formada tərtib edilmiş və həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmışdır ki, bu da borc öhdəliyinin mövcudluğunu təsdiq edən kifayət qədər hüquqi əsasdır. Həmçinin cavabdehin müqavilənin başqa dildə tərtib edilməsi, notarial qaydada təsdiq edilməməsi və bu səbəbdən etibarsız olması barədə dəlilləri də məhkəmə tərəfindən qəbul edilmir. Çünki iş materialları müqavilənin mövcudluğunu, tərəflərin iradə ifadəsini və müqavilənin faktiki icra edilməsini - yəni borcun hissə-hissə qaytarılmasını açıq şəkildə təsdiq edir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh borcun mövcudluğunu faktiki olaraq özü də inkar etmir, əksinə, müxtəlif vaxtlarda iddiaçıya ödəniş etdiyini bildirir. İş materiallarında mövcud olan qəbzlər və digər sübutlardan görünür ki, cavabdeh 2024- 2025-ci illər ərzində iddiaçıya bir neçə dəfə müxtəlif məbləğlərdə pul vəsaiti ödəmişdir. Bu faktın özü tərəflər arasında borc münasibətlərinin davam etdiyini və borcun tam icra olunmadığını göstərir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş cədvəlində cavabdehin ümumilikdə 19.981,18 ABŞ dolları məbləğində ödəniş etdiyi göstərilmişdir. Təqdim edilmiş qəbzlərdə göstərilən məbləğ bu rəqəmdən az olsa da, iddiaçı cavabdehin faktiki olaraq daha çox məbləğdə ödəniş etdiyini özü etiraf edir və bu hal cavabdehin xeyrinə qiymətləndirilir. Eyni zamanda cavabdeh borcun tam ödənildiyini iddia etsə də, bu iddiasını təsdiq edən hər hansı etibarlı və mötəbər sübutlar təqdim etməmişdir. Borcun tam icra edilməsi barədə iddia irəli sürən tərəf həmin halı sübut etməlidir. Lakin cavabdeh tərəfindən nə qəbzlər, nə bank köçürmələri, nə də digər yazılı sübutlar təqdim edilmədiyindən, onun borcun tam ödənilməsi barədə dəlilləri əsassız hesab olunur. Yuxarıda göstərilənlərə əsasən iddiaçı İddiaçı verdiyi pul (qalıq 25.000 ABŞ dolları məbləğində) məbləğinin cavabdehdən geri qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “10.000 manat əldən çıxmış faydanın ödənilməsi” hissəsi ilə bağlı qeyd edib ki, iddiaçı əldən çıxmış faydanı cavabdehin borc öhdəliyini vaxtında icra etməməsi nəticəsində yaranmış mümkün gəlir itkisi ilə əsaslandırmışdır. Lakin əldən çıxmış faydanın mövcudluğu ehtimallara və ümumi mülahizələrə deyil, real, konkret və sübut edilmiş gəlir imkanlarına əsaslanmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən əldən çıxmış faydanın hansı konkret fəaliyyət nəticəsində əldə ediləcəyi, həmin gəlirin mənbəyi, həcmi və mütləq şəkildə əldə olunacağı barədə hər hansı sənəd və ya obyektiv sübut təqdim edilməmişdir. İddiaçı yalnız borc məbləğinə ehtiyacı olduğunu və bu vəsaitdən istifadə edə bilmədiyini bildirmiş, lakin həmin vəsaitin hansı konkret məqsədlə yönəldiləcəyi və bunun nəticəsində hansı gəlirin əldə ediləcəyi sübuta yetirilməmişdir. Pul vəsaitinin müəyyən müddət ərzində istifadə edilməməsi özü-özlüyündə əldən çıxmış faydanın mövcudluğunu təsdiq etmir. Əldən çıxmış faydanın tanınması üçün iddiaçı tərəfindən həmin gəlirin real, qaçılmaz və yüksək ehtimalla əldə ediləcək gəlir olduğu sübut olunmalıdır. Bu isə yalnız nəzəri imkanlara və subyektiv gözləntilərə əsaslana bilməz. Bundan əlavə, iş materialları cavabdehin borcu müəyyən müddət ərzində hissə-hissə ödədiyini təsdiq edir ki, bu da iddiaçının vəsaitdən tamamilə məhrum edilmədiyini göstərir. Bu şəraitdə iddiaçının əldən çıxmış faydaya məruz qalması barədə iddiası real zərər kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçı tərəfindən əldən çıxmış faydanın mövcudluğu, məbləği və cavabdehin hərəkətləri ilə birbaşa səbəbli əlaqəsi sübut olunmadığından, həmin tələbin təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyildir. Məhkəmə iddia tələbinin “1000 manat mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı mənəvi zərərin onun borcun qaytarılmaması səbəbindən keçirdiyi əsəb, stress və psixoloji gərginliklə əlaqədar yarandığını bildirmiş, bu halın səhhətinə mənfi təsir göstərdiyini iddia etmişdir. Lakin məhkəmə qeyd edir ki, mənəvi zərərin mövcudluğu yalnız subyektiv hiss və emosional narahatlıqla əsaslandırıla bilməz, bu hal obyektiv şəkildə qiymətləndirilməli və iş üzrə sübutlarla təsdiq olunmalıdır. Lakin iş materiallarından görünür ki, tərəflər arasında yaranmış münasibətlər sırf əmlak xarakterli olub, borc öhdəliyinin icra edilməməsi ilə bağlı mübahisədən ibarətdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş materiallarda mənəvi zərərin faktiki mövcudluğunu və dərəcəsini təsdiq edən tibbi sənədlər, psixoloji rəy, müalicə xərclərinə dair sübutlar və ya digər obyektiv məlumatlar mövcud deyildir. Beləliklə, iddiaçının mənəvi zərərə dair iddiaları ümumi xarakter daşıdığından və konkret faktlarla əsaslandırılmadığından iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş (cəmi 25.000 ABŞ dolları) hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 173.2 manat tutulmalı, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edib ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh 25.000 ABŞ dolları məbləğində pul (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı müəyyən etdiyi manatla məzənnəsi hesablanmaqla) və ödənilmiş dövlət rüsumuna görə 173.2 manat alınaraq iddiaçı İddiaçı ödənilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Cavabdeh apellyasiya şikayəti, eləcə də apellyasiya şikayətinə əlavə təqdim edərək qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsini xahiş edib göstərir ki, onun iddiaçı İddiaçı borcu yoxdur, borcunu ödəyib. Sadəcə hüquqi savadı olmadığı üçün ödənişləri əlbəəl verirdi və verdikcə iddiaçıya kağız imzalatmırdı. Həmçinin, Azərbaycan Respublikasında bütün pul əməliyyatları Azərbaycan manatı ilə olmalıdır, olmadığı təqdirdə həqiqi sayılmır. Həm də Azərbaycan Respublikasında müqavilə Azərbaycan dilində yazılmalıdır, başqa dildə yazılan müqavilə həqiqi deyil. Həmçinin, müqavilə notariusda bağlananda həqiqi sayılır. O, həqiqətən borclu olsaydı, cavabdeh neçə ildən sonra ondan şikayət edib iddia qaldırmazdı. Polisdə də ifadə verdi ki, borcu yoxdur və tərcüməsini də notarial təsdiqsiz edib, çünki müqavilə tərəflər arasında notarial bağlanmadığından notarius təsdiq etmir. Faizə borc vermək qanundan kənar hərəkətdir, faizə borcu yalnız lisenziyası olan bank verə bilər. O, bankrot olub, pulu biznes üçün almışdı. Biznes üçün pul verən əvvəl xahiş edirdi ki, heç olmasa aldığının yarısını versin, amma bankrot olduğunu görəndə ondan şikayət etməyə başladı. O, bankrot olmasına baxmayaraq bütün borcunu qaytarıb, lakin iddiaçı haqsız şikayət edir ki, guya o, borcludur. İddiaçı faizi, ziyan haqqını istəyə bilməz, çünki o, pulu biznes üçün almışdı. Əslində pulunu biznesə qoyması üçün iddiaçı özü pulu verirdi. Qətnamə elektron məhkəmə portalına ##.##.2026-cı il tarixdə yüklənib. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ##.##.2022-ci il tarixli müqavilə ilə (##.##.2025-ci il tarixdə sistemə yüklənən) 2022-ci ilin fevral ayında başlanan ödənişlər barədə cədvəl arasında uyğunsuzluq var. Necə olur ki, ödənişləri müqavilədən qabaq edir? Necə olur ki, iddiaçı ##.##.2025-ci il tarixdə Yasamal RPİ-nin 29-cu Polis Bölməsində ondan şikayət edir (##.##.2025-ci il tarixdə sistemə işə yükləyib) ki, guya o, 45.000 ABŞ dolları vermir, amma indi 25.000 ABŞ dolları istəyir? Əlbəəl etdiyi ödənişlərin nə əcəb bir hissəsin göstərir, amma böyük hissəsin göstərmir? Onda hissə-hissə ödəmiş etdiyi barədə yazışmalar var, son pulu da ödəyəndə borcu qalmadığını yazdı (hansı ki tam ödəyənə qədər heç bir mənfi nəsə demirdi və əlavə tələb etmirdi), amma borcu tam ödədiyi günün sabahsı iddiaçı ona yazdı, mənə borcun var. O, əslində pulu qaytarmaya bilərdi, çünki iddiaçı özü biznes üçün yatırım edib qazanc əldə etməsini ondan xahiş etmişdi. O, deyə bilərdi ki, biznes batdı, bankrot oldu. Amma o, vicdansızlıq etmədi, heç bir qazanc olmasa da pulu qəpiyinə kimi qaytardı. Borcu olsaydı, həmin vaxt ondan tələb edərdi, uzun müddət sonra yox. İddiaçı onu hələ də hədələyir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim eilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə iclasında iddiaçı İddiaçı, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi birbirinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 739.1 (##.##.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (##.##.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1 (##.##.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Maddə 740.2 (##.##.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## #### 2022-ci il tarixli, **/**** saylı Qərardadı:
Bənd 18. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Bənd 19. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bənd 20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edildiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
21. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
23. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
24. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
25. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə cavabdehlə bağladığı ##.##.2022-ci il tarixli kredit müqaviləsini təqdim edib. Cavabdeh isə iddiaya etirazı müqavilə ilə aldığı pulu qaytarmasını bəyan etməsi ilə bağlıdır və şikayətində dəlillərini göstərib.
26. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllnə nail olmaq zəruridir.
27. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün yazılı, eləcə də notarial qaydada təsdiq edilmiş borc(kredit) müqaviləsi yaxud barışıq razılaşması və ya mövcud borcun etirafı adı altında müxtəlif xarakterli müqavilələr bağlayır. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edir. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə yaxud uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətinin pisləşməsi ilə, əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edir. Bu cür vəziyyətlərdə tərəflərdən biri yazılı bağlanmış müqaviləyə yaxud barışıq razılaşmasına və ya mövcud borcun etirafına dair digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfə tələb edilən məbləğdə borcu olmadığını yaxud hazırki işdə olduğu kimi tələb edilən borcunu tam ödənildiyini bəyan etməsidir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv yoxlamaqla düzgün nəticəyə gəlməlidir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflər arasında olan mülki hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında ##.##.2022-ci il tarixli 45.400(qırx beş min, dörd yüz) ABŞ dollarının borc verilməsinə dair kredit müqaviləsi bağlanmış, pul iddiaçı tərəfindən cavabdehə verilib, cavabdeh isə müqavilədə göstərilən məbləğdə pulu aldığını inkar etmir, lakin iddia tələbinə etirazı həmin məbləğin tam qaytardığını, müqavilənin notarial qaydada təsdiq edilmədiyini, müqavilənin başqa dildə tərtib edildiyini, borcun xarici valyuta ilə və faizlə verilməsinin qadağan olunmasını və.s halları bəyan edir. Ancaq cavabdehin gətirdiyi əsas dəlill, yəni aldığı borcu tam qaytarması mötəbər sübutlarla təsdiq edilməlidir. Çünki iddia tələbinə etirazın əsası kimi şikayətində göstərdiyi dəlilləri sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşsə də, o, buna dair məhkəməyə mötəbər sübut təqdim etməli və həmin halları sübuta yetirməli idi, ancaq edə bilmir, əksinə iddiaçı cavabdehin borcundan hansı məbləğdə qaytarmasını təsdiq edən sübutlar təqdim edib. Üstəlik bəyan etdiyi digər hallar həqiqi olsa belə, yenə də apellyasiya şikayətini əsaslı etmir. Çünki müqavilənin rus dilində bağlanması cavabdehin razılığı ilə olub. Yazılı borc müqaviləsinin notarial qaydada təsdiq edilmədən, sadə yazılı qaydada bağlanmasını, eləcə də borcun xarici valyutada verilməsini qadağan edən məcburi bir şərt də qanunda nəzərdə tutulmayıb. Faizə gəldikdə isə apellyasiya baxışı zamanı cavabdeh iddiaçının ondan verdiyi borca görə faiz almadığını, yəni borcun faizsiz verdiyini təsdiq etdi. Başqa sözlə müqavilənin hansı dildə və formada tərtib edilməsindən asılı olmayaraq cavabdeh həmin müqavilədə göstərilən məbləği iddiaçıdan aldığını inkar etməməklə müqaviləni bəyəndiyini təsdiq etmiş olur, sadəcə tam qaytardığını sübut etmək yükünü çəkmir yaxud çəkmək istəmir, şikayətində hüquqdan sui-istifadə xarakteri daşıyan dəlillərdən istifadə edir.
29. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
30. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə... Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir...Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
31. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli qərarında yenə də vurğulandı ki, ... Göstərilənlərlə yanaşı o da nəzərə alınmalıdır ki, tərəflər aralarındakı borc münasibətlərini yalan əqd olaraq alğı-satqı müqaviləsi vasitəsilə təminat altına almış olduqları təqdirdə, sonradan borclu tərəfindən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi, bəzi hallarda hüquqlardan istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorların mənafelərinin, mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Belə ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrası böyük iqtisadi-sosial əhəmiyyətə malikdir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi borc və ya kredit müqavilələri üzrə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə yönəlməklə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarı).Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilib-keçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir.
32. Göstərilənlərlə yanaşı, Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının ## #### 2022-ci il tarixli **/**** nömrəli qərardadında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Mübahisələndirilən müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız olan əqdlər növünə aid olsa belə yenə də əsaslı ola bilməzdi. Çünki hətta qəbul edilsə belə ki, ## ######## 2022-ci il tarixli müqavilə forma şərtinə əməl edilmədən bağlanılıb hazırkı iddia məhkəməyə daxil olmayanadək cavabdehin müqaviləni mübahisələndirməməsi də bu əqdi bəyənməsinə dəlalət edir. Çünki razılıq və bəyənmə üçün müəyyənləşdirilmiş əqd formasına(forma şərtinə) riayət edilməsi tələb olunmur. Ona görə də, göstərilən hallar da apellyasiya şikayətinin rədd edilməsi üçün müstəqil əsas sayılır. 33 Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qənaəti ondan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.
34. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı və kredit müqaviləsi institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
35. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.