Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-176/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “qüsurlu mobil telefonun əvəz olunaraq yenisinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı “İphone 16 Pro Max 256 GB white” markalı mobil telefon almış və mobil telefonun dəyəri, əlavə xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş ödənişlər daxil olmaqla 4216.96 manat müəyyən edilmişdir. Q.Əsədullayev ilkin ödəniş olaraq 480 manat ödəniş etmiş, qalıq borcu isə 3736.96 manat müəyyən edilmişdir. Hazırda İddiaçı məhkəmədə cavabdeh “xxxx” MMC-yə qarşı iddia qaldıraraq qüsurlu mobil telefonun yenisi ilə əvəz edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-dən alınmış “İphone 16 Pro Max 256 GB white” markalı mobil telefonda olan qüsurun aradan qaldırılaraq, yəni mobil telefonun yeni vəziyyətdə, tam istifadə üçün yararlı şəkildə əvəz olunaraq ona verilməsi və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2025-ci il tarixdə “xxxx” MMC-nin Sumqayıt filialından kredit şərtləri ilə “İphone 16 Pro Max 256 GB white” markalı mobil telefon almışdır. Mobil telefon alarkən tərəflər arasında razılaşmaya əsasən mobil telefonun qiyməti 3199.99 manat olsa da qızıl zəmanət və telefonun aktivləşdirilməsi üçün rüsumlarla birlikdə 4216.99 manat məbləğində kredit müqaviləsi bağlanmış, iddiaçı ilkin olaraq 480 manat ödəniş etmiş, qalan borcu isə hər ayın 5-dən 5-nə kimi 6 ay müddətində hər ay 622.83 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin telefon alınarkən 14 gün müddətində qüsür olarsa yenisi ilə əvəz olunacağı, həmçinin qızıl zəmanət olaraq isə 2 il ərzində telefon əldən düşərsə, sınarsa, ekranda hər-hansısa bir ciddi zədə olarsa, oğurlanarsa belə mağaza tərəfindən yarı qiymətinə dəyərləndiriləcəyi bildirilmişdir. Telefon alındığı gündən 7 gün sonra telefona mobil nömrə və qoruyucu üzlük vurulan zaman ona telefonda əsmələr olduğu bildirilmişdir. Bununla bağlı iddiaçı “Kontak Home” mağazasına yaxınlaşmış və telefonda olan problemi bildirmişdir. Texniki şöbənin əməkdaşı telefona baxış keçirmiş, telefonu formatladıqdan sonra ekran düzəlsə də bir neçə dəqiqə sonra yenidən əsmələr başlamışdır. Telefonda olan əsmələr düzəlmədiyindən iddiaçı “qüsurlu” mobil telefonun yenisi ilə əvəz edilməsini xahiş etmişdir. Onlar isə telefonun diaqnostika mərkəzinə göndərməli olduğunu, əgər oradan zavod qüsuru olduğu bildirilərsə yenisi ilə əvəz oluna biləcəyi bildirilmişdir. Bundan sonra o, telefonu mağazanın əməkdaşına təhvil-təslim faktura əsasında təhvil vermiş və aktın qeyd hissəsində əməkdaş tərəfindən “cihazın sağ üst enerji göstəricisi hissəsində pover düyməsini sıxıb kilitləyib açan zaman əsmələr olur” qeydi aparılmışdır. Problemin 14 gün müddətində həllini tapacağı bildirilsə də, iddiaçı 14-cü günün tamamında mağazaya yaxınlaşan zaman ona servisdən cavab gəldiyini və mobil telefonda heç bir “qüsur” olmadığı bildirilmişdir. Bundan sonra iddiaçı mağazaya, müştəri xidmətlərinə dəfələrlə müraciət-şikayət etsə də heç bir nəticəsi olmamışdır. Son olaraq isə iddiaçıya telefon dəyişdiriləciyi halda 75% hesabından pul çıxarılacağı bildirilmiş, iddiaçı isə bununla razılaşmayaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı məhkəmədə cavabdeh “xxxx” MMC-yə qarşı qüsurlu mobil telefonun əvəz olunaraq yenisinin verilməsi tələbinə dair iddia qaldırmışdır. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona satılmış mobil telefonu qüsurludur - ekranda əsmələr var. İddiaçı iddia tələbində qeyd edilən hallara dair hər-hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Həm “iSupport” tərəfindən verilmiş rəydə qüsur olmadığı, həm də məhkəmə iclasında məhkəmə tərəfindən viziual olaraq telefona baxış keçirən zaman qüsur ekranda əsmələr aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər-hansı ciddi tutarlı bir sübut təqdim etməmişdir. Hazırki işdən görünür ki, iddiaçı öz iddiasını əsaslandıran, dəlillərini sübuta yetirə bilməmişdir. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, telefon alınarkən 14 gün müddətində qüsür olarsa yenisi ilə əvəz olunacağı bildirilib. Bu qanunvericiliyin tələbidir. Həmçinin ödəməli olduğu 1.000 manat əlavə pula görə, yəni qızıl zəmanətə görə isə 2 il ərzində telefon əldən düşərsə, sınarsa, ekranda hər hansısa bir ciddi zədə olarsa, oğurlanarsa belə mağaza tərəfindən yarı qiymətinə dəyərləndiriləcəyi bildirilmişdir. Telefon alındığı gündən 7 gün sonra telefonun ekranında əsmələr olduğu üçün “Kontak Home” mağazasına yaxınlaşıb problemi bildirmişdir. Telefonun ekranındakı əsməni göstərmiş, həmin əsmə zamanı telefonun ekranını video görüntü ilə qeyd etmişdir. Əsmənin qeydiyyata alındığı video görüntü telefonun yaddışında saxlanılaraq servis əməkdaşlarının da baxması üçün telefonu mağazaya təqdim etmişdir. Həmin telefon mağazaya təqdim edildiyi gündən bu günə qədər mağazada qalıb və geri qaytarılmayıb. Görünən odur ki, cavabdeh mağaza tərəfindən aldadılmışdır. Birincisi ona qüsurlu telefon satıblar. İkincisi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanununun tələblərini pozublar, üçüncüsü ondan 1.000 manat qızıl zəmanətə görə əlavə pul tələb edirlər, dördüncüsü isə həm telefonu götürüblər həm də ondan pul ödənilməsini tələb edirlər. Binəqədi rayon məhkəməsi isə ədalətli qərar qəbul etmək əvəzinə heç bir araşdırma aparmadan iddia tələbini rədd etmişdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır. Lakin belə bir sənəd nə ona təqdim edilməyib, nə də ki, məhkəməyə təqdim edilməyib. Ona görə də hesab edir ki, qeyd edilən telefon rəsmi formada istehsalçıdan alınmayıb. Bu səbəbdən də qüsurlu olub. Çünki ona satılmış telefonun istehsalçının özündən alınması və keyfiyyət standartlarına cavab verməsi heç bir formada təsdiq edilmir. Həmin qanunun 7-ci maddəsinin 3-cü bəndində göstərilmişdir ki, istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Göründüyü kimi 14 gün tamam olmamış telefonun qüsuru barədə və dəyişmək istəyi barədə cavabdeh satıcıya məlumat vermişdir. Lakin bu günə qədər onun tələbi icra edilməmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdlrmamışdır. Belə ki, qətnamənin 19cu bəndində məhkəmə qeyd etmişdir ki, məhkəmə özü məhkəmənin iclasında telefona vizual baxış keçirdi və heç bir qüsur aşkar etmədi. Məlumat üçün qeyd etmişdir ki, “İphone 16 pro max” model telefonun ekranı 2868 x 1320 pikseldir. Bir insanın gözü ilə baxmaqla bunu anlaması mümkün deyil. Çünki telefon ekranının bu pikselə çatması üçün mütəxəsislər illərdir çalışır. Ama məhkəmə gözü ilə baxmaqla yekun qənaətə gəlir. Bundan başqa maraqlıdır məhkəmə məhkəmənin iclasında hansı telefona baxış keçirib. Məhkəmənin vizual baxış keçirdiyi telefonla mübahisə olunan telefonun eyniliyini məhkəmə necə müəyyən edib. Çünki bunu da gözlə baxmaqla müəyyən etmək mümkün deyil. Mütəxəssislər telefonun eyniliyini yoxlamaq üçün fərqli metodlardan istifadə edir. (məsələn imei kod və s.) Texniki servis özü də qeyd edib ki, əsməni təsdiq edən qüsurla bağlı video mübahisəli telefonun yaddaşındadır. Həmin telefon isə cavabdehin faktiki istifadəsində və saxlancındadır. Məhkəmə isə telefona vizual baxış keçirəndə onun içərisində olan qüsurla bağlı videoya baxış keçirmir. Ona isə sübut təqdim etmir deyir. Onda olmayan bir məlumatı necə təqdim edə bilər. Bundan başqa telefonda olan qüsuru necə sübut edə bilər. Bu qüsurun sübut edilməsinin tək yolu mütəxəssis tərəfindən müayinə edilməsidir. Bunu da məhkəmə mütəxəssisə həvalə etmək əvəzinə öz gözləri ilə edib. Göründüyü kimi Binəqədi rayon məhkəməsinin ümumiyyətlə işi araşdırmaq marağı olmayıb. Qətnamədən də görünür ki, məhkəmə sadəcə bir cümlə ilə qeyd edib ki, sübut yoxdur. Binəqədi rayon məhkəməsi tərəfindən ümumiyyətlə işin halları müəyyən edilməmişdir. Belə ki, 1.000 manat qızıl zəmanət üçün ondan pul alınıb. Lakin həmin qızıl zəmanət ümumiyyətlə iş materiallarına əlavə edilməyib. Məhkəmə isə bunu tələb etməyib və aydınlaşdırmayıb. Məlumat üçün bildirir ki, telefonu aldıqdan 7 gün sonra mağazaya təhvil vermiş. Telefonun qutusu və zəmanət talonları da təhvil verilib. Telefon isə hazırda da mağazada olduğu üçün onda zəmanət talonu yoxdur. Məhkəmə maraqlı olsaydı həmin talonu tələb edərdi və ən azından ona istinad edərdi. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən alıcının 14 gün müddətində aldığı əşyanı dəyişmək hüququ var. Bu hüquqda söhbət qüsurlu əşyadan getmir. Söhbət ümumiyyətlə dəyişmək hüququndan gedir. Çünki kimsə aldığı əşyanın rəngini bəyənmədiyi üçün həmin əşyanın dəyişdirilməsini tələb edəndə icra olunursa deməli ekranını bəyənmədiyi üçün də dəyişdirilməsini tələb edə bilər. Qüsurlu telefonun qüsurunu təsdiq edən yəni ekrandakı əsmələri təsdiq edən video görüntü onun tərəfindən çəkilərək həmin qüsurlu telefonun yaddaşına yazılıb. Qeyd edilən sübut yəni video görüntü saxlanılan qüsurlu telefon isə cavabdehdədir. Cavabdeh isə onu məhkəməyə təqdim etməmişdir. Onun tərəfindən də təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 581.1. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alqı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2. Alqı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 582.3. Əşyanın keyfiyyəti üçün qarantiya, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu:
7.3. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. 7.6. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. 15.1. Lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı “İphone 16 Pro Max 256 GB white” markalı mobil telefon almış və mobil telefonun dəyəri, əlavə xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş ödənişlər daxil olmaqla 4216.96 manat müəyyən edilmişdir. Q.Əsədullayev ilkin ödəniş olaraq 480 manat ödəniş etmiş, qalıq borcu isə 3736.96 manat müəyyən edilmişdir. “qızıl zəmanət ultra 2 il” üçün 640 manat ödənilmişdir. Hazırda İddiaçı məhkəmədə cavabdeh “xxxx” MMC-yə qarşı qüsurlu mobil telefonun əvəz olunaraq yenisinin verilməsi tələbinə dair iddia qaldırmış və iddia tələbini rədd edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində qeyd edilən hallara dair hər-hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Yəni, həm “iSupport” tərəfindən verilmiş rəydə qüsur olmadığı, həm də məhkəmə iclasında məhkəmə tərəfindən viziual olaraq telefona baxış keçirən zaman qüsur-ekranda əsmələr aşkar edilməmişdir. İddiaçının tələbinin eləcə də apellyasiya şikayətinin dəlillərinin mahiyyəti baxımından hazırki mübahisə iddiaçının ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əldə etdiyi “İphone 16 Pro Max 256 GB white” markalı mobil telefonunda qüsurların olub-olmamasının müəyyən edilməsidir. Birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə nəticəsinin əsası kimi istinad etdiyi “iSupport” tərəfindən verilmiş ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli rəylərdən görünür ki, cihaz diaqnostikadan keçirilmiş və xəta aşkar olunmamışdır. Bununla belə hazırda mübahisənin mahiyyətini eləcə də iddiaçının dəlillərinə qiymət verilməsi üçün kollegiya hesab edir ki, iş üzrə məhkəmə kompyuter texniki ekspertizası təyin edilməsi zəruri olmuşdur. Belə ki, mübahisə predmeti olan telefonda qüsurların olması, yəni ekranında əsmələrin olması, təmirinin mümkün olmaması, istifadəyə tam yararsız olmasının müəyyən edilməsi xüsusi bilik tələb edir və həmin halların baş verməsinin məhz istehsalçının nöqsanına görə baş verib-verməməsinin müəyyən edilməsi işin obyektiv həlli baxımından əhəmiyyət daşıyır. Qeyd olunanlara əsasən apellyasiya baxışı zamanı iddiaçının ##.##.2025-ci il tarixli alqısatqı müqaviləsinə əldə etdiyi “İphone 16 Pro Max 256 GB white” markalı mobil telefonun ekranında əsmələrin olub-olmasının eləcə də təmirinin mümkün olmaması, istifadəyə tam yararsız olmasının müəyyən edilməsi və həmin halların baş verməsinin məhz istehsalçının nöqsanına görə baş verib-verməməsinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə kompyutertexniki ekspertizası təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026 cı il tarixli, №*-**-*/*-***/**** nömrəli məktubu ilə məhkəmə kompüter-texniki ekspertizasının aparılmasından imtina edilmişdir. Bununla belə apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş görütülərə baxış zamanı məyyən edilmişdir ki, iddiaçıya məxsus “İphone 16 Pro Max 256 GB white” markalı mobil telefonunun ekranında müəyyən əsmələr mövcuddur ki, həmin əsmələr telefondan normal istifadəyə maneə yaradır. Göründüyü kimi iş üzrə müvafiq ekspertizanın keçirilməsi baş tutmasa da, eləcə də təqdim edilmiş “iSupport” tərəfindən verilmiş ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli rəyləri ilə mobil telefonda xəta aşkar edilməsə də, təqdim edilmiş görüntülərdə həmin telefonda əsmələrin olması müəyyən edilir ki, bu əsmələr həmçinin də sözügedən rəylərdə də qeyd edilmişdir. Bundan əlavə, “Kontantplus”un ##.##.2025-ci il sənədində də əsmələrin olması və bildirilən problemin video olaraq cihazın daxilində olması da göstərilmişdir. Bu isə “iSupport” tərəfindən verilmiş rəylərin mötəbərliyini şübhə altına almaq üçün əsasdır. Belə ki, rəylərdə adi halda vizual baxımdan belə həmin telefonda əsmələrin olması qeyd edilsə də, bunun texniki cəhətdən normal və ya qüsurlu olub-olmamasına birinci instansiya məhkəməsi ümumiyyətlə münasibət bildirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin sübut olunmaması əsaslı ilə rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Digər tərəfdən qətnamədə birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında məhkəmə tərəfindən vizual olaraq telefona baxış keçirən zaman qüsur ekranda əsmələr aşkar edilməməsi qeyd edilsə də, apellyasiya baxışı zamanı həmin hal təkzib edilmişdir. Belə ki, iddiaçı tərəfindən üzərində olan mobil telefonda mübahisə predmeti olan qüsurlu telefonda müəyyən edilən qüsurun video çəkilişinə baxış keçirilmiş və qeyd edilən qüsurlar, yəni əsmələr müşahidə olunurdu. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarından görünür ki, qeyd edilən mobil telefon üçün “qızıl zəmanət ultra 2 il” üçün 640 manat hesablanmaqla ümumi məbləğ daxil edilmişdir. Göründüyü kimi cavabdeh tərəf Mülki Məcəllənin 581-ci maddəsinin tələblərinə əməl etməmiş və iddiaçıya ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən verilmiş “İphone 16 Pro Max 256 GB white” markalı mobil telefon qüsurlu olmuşdur. İddiaçı bu barədə cavabdehə məlumat versə də, cavabdeh tərəfindən həmin qüsur aradan qaldırılmamış, eləcə də Mülki Məcəllənin tələblərinə əsasən əşya yenisi ilə əvəz edilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi-mobil telefonun yeni vəziyyətdə, tam istifadə üçün yararlı şəkildə əvəz olunaraq iddiaçıya verilməsi hissəsində əsaslı olmuşdur. Bununla da Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı tələbinin qeyri müəyyənləyi ilə bağlı bildirmişdir ki, tələbinin mahiyyəti mobil telefonda olan qüsurun aradan qaldırılaraq, yəni mobil telefonun yeni vəziyyətdə, tam istifadə üçün yararlı şəkildə əvəz olunaraq ona verilməsi dedikdə yeni telefonun verilməsi anlaşılmalıdır. Beləliklə Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi qismən “xxxx” MMC-dən alınmış “İphone 16 Pro Max 256 GB white” markalı mobil telefon yeni vəziyyətdə, eyni markalı tam istifadə üçün yararlı şəkildə əvəz olunaraq yenisinin iddiaçıya verilməsi hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. “xxxx” MMC-dən alınmış “İphone 16 Pro Max 256 GB white” markalı mobil telefonu tam istifadə üçün yararlı şəkildə yenisi ilə əvəz olunaraq iddiaçı İddiaçı verilməsi vəzifəsi “xxxx” MMC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayəti verilə bilməz.