Məhkəmə qərarları › İş №2(3-6)-1796/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1796/2026

08.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1796/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Ghorbani Akbara qarşı iş üzrə QƏTNAMƏ İş № *(103)-1796/2026 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndə-vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Ghorbani Akbara qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Ghorbani Akbara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60.000 ABŞ dolları məbləğində pulun, habelə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 392 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, ## ### 2016-cı il tarixdə iddiaçının bank hesabından cavabdehin hesabına 60000 ABŞ dolları məbləğində pul göndərilmişdir. Belə ki, iddiaçının qardaşı Mehmet Selim ilə cavabdeh arasında iş birliyi olmuş, sonradan cavabdeh iş birliyini pozmuş, daha sonra da, bu məqsədlə göndərilmiş pulu geri qaytarmamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda göstərilmişdir ki, cavabdehin hesabına köçən pul Səlim Oka məxsus olmuşdur. Lakin, həmin pul iddiaçının hesabından ödənildiyi üçün hazırda qardaşı Səlim Ok tərəfindən cavabdehə qarşı bu iddia qaldırıla bilmir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli 2(001)- ****/**** nömrəli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia təmin edilərək, 60.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə hesablanmaqla cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 425.1, 425.2, 442, 443.1, 443.2, 448.1, 600.1, 739.1, 739.1, 739.3cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən cavabdeh Akbar Ghorbaninin nümayəndəsi və vəkili vəkil2 Salah oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan mülki işdən cavabdehin məlumatı olmamış, buna dair məhkəmə bildirişi də ona göndərilməmişdir. Eyni zamanda, iş üzrə qəbul edilmiş qətnamə də cavabdehə çatdırılmamışdır. Həmin qətnamə haqqında yalnız bu günlərdə icra şöbəsinə çağrıldıqda məlumatı olub. O, qətnaməni BinəqədiRayon Məhkəməsinə müraciət edərək qətnaməni ##.##.2025-ci il tarixdə alıb. Aşağıdakılara əsasən hesab edir ki, Binəqədi Rayon Məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qeyri-qanuni qərar qəbul etmişdir. Tərəflər arasında hər hansı bir müqavilə, o cümlədən şifahi müqavilə olmayıb və ola da bilməzdi. Belə ki, cavabdeh Ghorbani Akbar iddiaçı ilə heç vaxt görüşməyib, habelə onların tanışlığı da olmayıb. Məhkəmənin belə bir nəticəyə gəlməsinin, daha doğrusu qeyd olunan halı “İşin mübahisəsiz halı” kimi göstərməsinin səbəbi məlum deyil. İş materiallarından, habelə məhkəmə qətnaməsində istinad olunan və iddiaçının deyil, onun qardaşı Səlim Okun şikayəti əsasında təsdiq edilmiş Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB-nin ##.##.2021-ci il tarixli “cinayət işinin başlanması haqında” qərarından da göründüyü kimi, cavabdeh iddiaçını, iddiaçının qardaşı Səlim Oku tanımayıb. Bu halda cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi də ola bilməzdi. Göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə lazımi araşdırma aparmadığı üçün düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də hesab edir ki, məhkəmənin iddianın təmin olunması qənaətə gəlməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üçildir. İş materiallarından görünür ki, mübahisəli pul vəsaiti 2016-cı ildə göndərilib. Həmin vaxtdan 8 il keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət edilib. Hesab edir ki, iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilməli və iddiadan imtina barədə qərardad çıxarılmalıdır. Məhkəmə qətnaməsində Azərbaycan Respublikası MülkiMəcəlləsinin 21-ci fəslinə (Öhdəliklərin icrası) aid maddələrə istinad edilmişdir. Lakin yuxarıda da qeyd olunduğu kimi, tərəflər arasında hər hansı bir razılaşma, müqavilə münasibətləri və s. olmamışdır. Deməli, cavabdehin iddiaçı qarşısında öhdəliyi də olmayıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Məmmədov və F.Talışınski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında şifahi qaydada bağlanan müqavilədən irəli gələn münasibətlər nəticəsində cavabdehin hesabına ## ### 2016-cı il tarixdə iddiaçı tərəfindən 60.000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür.

10. Apellyasiya kollegiyası apellyasiya şikayətinə münasibətdə hesab etmişdir ki, cavabdehin iddiaçı qarşısında borcun qaytarılması ilə bağlı icra edilməmiş öhdəliyinin mövcud olduğu öz təsdiqini tapmışdır. İşin məhkəmə araşdırılması ilə bu etirafın əksi sübut olunmadığından məhkəmə həmin sənədi mötəbər sübut kimi qiymətləndirmişdir. İş materiallarında olan “xxxx” ASC-nin hüquq departamentinin məhkəmə sorğusuna cavab məktubundan görünmüşdür ki, cavabdehin hesabına ## ### 2016-cı il tarixdə iddiaçı tərəfindən 60.000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Cavabdeh tərəf danışıqları iddiaçının qardaşı ilə apardığını, lakin pul məbləğinin iddiaçı tərəfindən ona verildiyini bildirmişdir. Bank sənədindən də göründüyü kimi, pulu köçürən şəxs iddiaçının özüdür. Belə olan halda iddiaçının tələbi işin araşdırılmış halları ilə öz təsdiqini tapdığı üçün əsaslıdır.

11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin tətbiq edilməsi barədə dəlilinə münasibətdə hesab etmişdir ki, iş materiallarından göründüyü kimi mülki iş üzrə məhkəmə bildirişi və məhkəmə qətnaməsi elektron kabineti olmadığından cavabdehə poçt vasitəsilə ünvanına çatdırılmış, lakin qəbzdən görünmüşdür ki, cavabdeh həmin ünvanda yaşamır. İş materiallarında olan cavabdehə məxsus Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünmüşdür ki, cavabdehin yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 2, ev 3Adır. Həmçinin apellyasiya şikayətində də eyni ünvan qeyd edilmişdir. 20. Apellyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən lazımi məlumatlandırma məhz cavabdehin qeyd olunan ünvanına çatdırılmışdır. Məhkəmə tərəfindən iş üzrə tərəfləri məlumatlandırma vəzifəsi yerinə yetirilmişdir. Bunun əksinə cavabdeh apellyasiya şikayətində də həmin ünvanı qeyd etdiyi halda mülki işdən məlumatı olmadığını, qətnamənin ona çatdırılmadığını bildirmişdir.

12. Lakin prosessual qanunvericilik baxımından cavabdeh olduğu ünvanı dəyişirsə, bu barədə məhkəməyə məlumat vermək vəzifəsi onun üzərinə düşürdü. Bu da o qənaətə gəlməyə əsas vermişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından göründüyü kimi cavabdeh qeyd olunan ünvan vasitəsilə məlumatlandırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş, iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməmiş, apellyasiya icraatı zamanı iddia müddətinin tətbiq edilməsini apellyasiya şikayətinin dəlili kimi qeyd etmiş, lakin buna dair ərizə təqdim etməmişdir. Prosessual qanunvericiliyin tələbinə görə isə iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə apellyasiya şikayətinin dəlili yolverilən hesab edilmir.

13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında yaranmış münasibətlərdə pul ödənişinin ABŞ dolları ilə aparılmalı olduğu şərtləndirilmədiyindən, cavabdehdən tutulmalı pul vəsaiti ödəniş anında Azərbaycan manatına uyğun məzənnə ilə hesablanmalıdır.

ç) Kassasiya instansiyası məhkəməsində icraat

14. Cavabdehlər Axundov İsfəndiyar Məhəmməd oğlu və X4 ayrı-ayrılıqda kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X5 və X10) kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

16. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...öhdəliyin yaranması əsasları Mülki Məcəllənin 386.1-ci maddəsi ilə müəyyən olunmuşdur. Həmin normanın təhlili göstərir ki, öhdəliyin yaranması üçün ilk olaraq tərəflər arasında müqavilənin olub-olmaması araşdırılmalı, bu müəyyən edilmədikdə öhdəliyin zərər vurulması, əsassız varlanma və Mülki Məcəllədə nəzərdə tutulmuş başqa əsaslardan əmələ gəlməsinin mümkünlüyünə hüquqi qiymət verilməlidir. Yuxarıda qeyd olunduğu kimi, iddianı təmin edən birinci instansiya məhkəməsi tərəflər arasında şifahi bağlanmış müqavilənin olması nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsi də bu mövqeyi təkrarlamışdır. Lakin məhkəmələr bu müqavilənin mahiyyəti barədə hər hansı araşdırma aparmamışlar. Yalnız tətbiq edilən hüquq normaların siyahısında məhkəmələr Mülki Məcəllənin 600.1-ci (alqı-satqı müqaviləsi), 739.1, 739-cu (borc müqaviləsi) maddələrinin dispozisiya şərtlərini sadalamışlar. Əvvəla, qeyd olunmalıdır ki, Mülki Məcəllənin 739-cu maddəsinin hazırda qüvvədə olan normaların mübahisəyə tətbiqi Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə ziddir. Bu səbəbdən ki, qeyd olunan məzmunda maddi hüquq normalar Mülki Məcəlləyə ## ####### 2023-cü il tarixdən daxil olunmuş, hazırkı iddiada mübahisələndirilən hüquq münasibətləri isə bu tarixdən əvvəl – ## ### 2016-cı il tarixdə yaranmışdır. Digər tərəfdən məhkəmələr Mülki Məcəllənin 600-cü maddəsinə istinad etməklə, tərəflər arasında alqı-satqı münasibətlərinin də yaranmasını əsaslandırmamışlar. Qeyd olunmalıdır ki, iddiaçı tələbində mübahisələndirilən vəsaitin cavabdehə borc və ya alqı-satqı müqaviləsi əsasında verildiyini iddia etməmişdir. İddianın məzmununa görə, iddiaçının qardaşı ilə cavabdeh arasında iş birliyi mövcud olmuş və həmin birlik çərçivəsində iddiaçının bank hesabından cavabdehə qeyd olunan vəsait göndərilmişdir. Cavabdeh də apellyasiya şikayətində nəinki iddiaçını, onun qardaşını da tanımadığını, sonuncularla müqavilə münasibətlərinin olmadığını göstərmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB tərəfindən qəbul edilmiş ## #### 2021-ci il tarixli qərarın məzmunundan isə müəyyən olunur ki, polis orqanında izahat verən X2 Federasiyasının vətəndaşı Ramazan, Turkiyə Respublikası vətəndaşları Oktay və Əli Bayraktar adlı şəxslərlə şirkət yaradılaraq iş birliyinin qurulmasına razılaşdığını və həmin münasibətlər zəminində Ramazanın onun bank hesabına 60.000 ABŞ dolları vəsaitinin göndərməsini göstərmişdir. Beləliklə, hazırkı mübahisə üzrə ilk olaraq müəyyən olunmalı olan hal cavabdehə göndərilən vəsaitin kimə məxsus olması və müvafiq olaraq iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüquqa malik olub-olmamasıdır.... Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin başqa şəxslərlə də borc münasibətlərinin yaranması müəyyən ediləcəyi halda, iddiaçının vəsaitinin cavabdehə göndərilməsi istisna olunmur. Belə ki, borc müqaviləsi üzrə borc verən pulu borc alana verməsini öhdəsinə götürür. Həmin öhdəlik Mülki Məcəllənin 431.1-ci maddəsinə uyğun olaraq üçüncü şəxs tərəfindən də icra oluna bilər. Lakin apellyasiya məhkəməsi tərəfindən bu istiqamətdə də hər hansı araşdırma aparılmamış və qətnamədə hüquqi dəyərləndirmə yoxdur. Araşdırılmalı olan ikinci məsələ tərəflər arasındakı hüquq münasibətlərinin mahiyyəti ilə bağlıdır. Belə ki, yuxarıda qeyd olunduğu qaydada araşdırma nəticəsində iddiaçının mübahisəli vəsaitə münasibətdə tələb hüququ müəyyən edildiyi halda da, həmin vəsaitin hansı məqsədlə və şərtlərlə cavabdehə göndərilməsi əhəmiyyətlidir. Bu səbəbdən ki, iddiaçı iddiasında bununla bağlı hər hansı məlumat verməmişdir. Həm birinci, həm də apellyasiya məhkəməsinin məhkəmə iclas protokollarında da, bununla bağlı hər hansı məlumat əksini tapmamışdır. Lakin həm iddia ərizəsinin məzmunundan, həm də cavabdehin şikayətlərindən müəyyən olunur ki, vəsait cavabdehə “iş birliyi”, yəni sahibkarlıq fəaliyyəti üçün göndərilmişdir. Mülki Məcəllədə ayrıca belə müqavilə növü müəyyən edilməsə də, müqavilələr azadlığı Mülki Məcəllənin 6.1.5 və 390.1-ci maddələrində mülki qanunvericiliyin prinsiplərin biri kimi müəyyən olunmuşdur. 58. Bununla belə, bu müqavilənin şərtləri işin həlli üçün əhəmiyyət kəsb edir. Halbuki “iş birliyi” özü-özlüyündə verilən vəsaitin qaytarılmalı olmasını şərtləndirmir. Mülki dövriyyədə yaranmış işgüzar adətlərə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə tərəflərin müəyyən vəsaitin investisiya edilməsi mümkündür. Bu zaman, sahibkarlıq fəaliyyətinə qoyulan vəsaitə münasibətdə tərəflər əldə olunan gəliri və uğradıqları zərəri aralarında bölmələrini razılaşdıra bilərlər. Qoyulmuş investisiyanın sahibkarlıq fəaliyyətinin nəticəsindən asılı olmadan qaytarılmalı olması barədə tərəflər arasında ayrıca razılaşma da mümkündür. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, qoyulmuş investisiya nəticəsində yaranmış sahibkarlıq fəaliyyətinin zərərə uğramasını bunu iddia edən tərəf sübut etməlidir. Hazırkı halda həm iddiaçı, həm cavabdeh mübahisəli pul vəsaitinin (onun kim tərəfindən verilməsindən asılı olmadan) sahibkarlıq fəaliyyəti üçün verildiyini bildirdikləri halda, apellyasiya instansiyası məhkəməsi bununla bağlı hər hansı araşdırma aparmamış, verilən vəsait hesabına tərəflərin hansı hüquq və vəzifələrinin yaranmasını müəyyən etməmiş, yalnız tərəflər arasında borc münasibətlərinin olmasını göstərməklə, bu nəticəyə hansı səbəblərdən gəlməsini əsaslandırmamışdır.”

b) Proses iştirakçılarının izahatı

17. Apellyasiya baxışında və əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndə-vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdehin heç bir tanışlığı olmamışdır, cavabdeh iddiaçını tanımamışdır. Tərcüməçisiz cavabdehə müvafiq sənədlərə imza etdiriblər, cavabdeh bu məsələlərdən anlayışsız olmuşdur. İş adamıdır, Azərbaycan Respublikasının qanunvericiliyindən məlumatsızdır. Hesab edirlər ki, iddia müddəti də ötürülmüşdür. Göndərilmiş məbləğ başqa şəxslərin iş birliyi ilə bağlı başqa şəxsləri adından göndərilmiş məbləğdir. Cavabdeh tərəfin iddiaçı ilə iş birliyi olmamışdır. Kiminlə iş birliyi olmuşdursa, pulu o tələb edə bilər. Qarşı tərəf özü də etiraf edir ki, cavabdehlə iş birliyi olmamışdır, həmçinin cavabdehi tanımadığını bildirirlər. Bu iddia tələbini qaldırmaq üçün iddiaçının subyektiv hüququ yoxdur, o hüquq digər şəxslərə məxsusdur. İş birliyinin nəticəsinin nə olduğu onlar üçün maraqlı deyildir. Müvafiq ərizəni cavabdehə yazdırıblar, cavabdeh Azərbaycan dilində danışa bilmir. Cavabdehin müvafiq ərizədədəki kimi cümlələr qurmasını, etiraf etməsini mümkün hesab etmir. AR CPM-nin 26-cı, “İcra haqqında” Qanunun 37-ci maddəsində əcnəbilərin hansı qaydada dindirilməsi qeyd edilmişdir.

18. İşə baxılmasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

20. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

21. Maddə 377.1 İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

24. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

25. Maddə 431.1. (Mübahisəli hüquq münasibətiləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada). borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir.

26. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

27. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

28. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

29. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamənin qanunililiyi və əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.

39. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmiş, tərəflər arasındakı münasibətlərin xarakterini düzgün aydınlaşdırmamışdır.

40. İşin mübahisəsiz halına görə İddiaçı tərəfindən Ghorbani Akbarın “xxxx” ASC-də olan hesabına ## ### 2016-cı il tarixdə 60.000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür və hazırda iddiaçı həmin pulun geri qaytarılmasını xahiş edir.

41. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında şifahi qaydada bağlanan müqavilədən irəli gələn münasibətlər nəticəsində cavabdehin hesabına ## ### 2016-cı il tarixdə iddiaçı tərəfindən 60.000 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Cavabdehin iddiaçı qarşısında borcun qaytarılması ilə bağlı icra edilməmiş öhdəliyinin mövcud olduğu öz təsdiqini tapmışdır. İşin məhkəmə araşdırılması ilə bu etirafın əksi sübut olunmadığından məhkəmə həmin sənədi mötəbər sübut kimi qiymətləndirmişdir.

42. Lakin kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin qaldığını bildirsə də, bu öhdəliyin hansı əsasdan əmələ gəldiyini müəyyənləşdirməmişdir. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

43. Kassasiya instansiyası məhkəməsinin göstərişlərini də nəzərə alan ilk növbədə müqavilədən irəli gələn öhdəliyin olub-olmaması məsələsinə münasibət bildirilən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tətbiq edilən normalar qismində həm borc müqaviləsi, həm də alqı-satqı müqaviləsinə dair normaları qətnamədə əks etdirsə də, tərəflər arasındakı münasibətlərin bu normaların dispozisiya şərtləri ilə nə dərəcədə uyğun olub-olmadığını aydınlaşdırmamış, üstəlik Mülki Məcəllənin 739-cu maddəsinin həmin vaxt hələ qüvvəyə minməmiş versiyasını qeyd etmişdir.

44. Bundan başqa işin hallarına əsasən tərəflər arasında nə borc, nə də alqı-satqı münasibətlərinin mövcudluğuna dair dəlillər aşkarlanmamış, tərəflər də buna dair hər hansısa mülahizə səsləndirməmişlər.

45. Kollegiya qeyd edir ki, iddiaçı özü cavabdeh ilə onun qardaşı arasında iş birliyi olduğunu və pul köçürməsinin həmin iş birliyindən irəli gəldiyini bildirmiş, cavabdeh isə nə iddiaçını, nə də qardaşını belə tanımadığını, tamamilə başqa şəxslərlə işbirliyi əsasında pulu əldə etdiyini bildirmişdir. Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB tərəfindən qəbul edilmiş ## #### 2021-ci il tarixli qərarın məzmunundan isə müəyyən olunur ki, polis orqanında izahat verən X2 Federasiyasının vətəndaşı Ramazan, Turkiyə Respublikası vətəndaşları Oktay və Əli Bayraktar adlı şəxslərlə şirkət yaradılaraq iş birliyinin qurulmasına razılaşdığını və həmin münasibətlər zəminində Ramazanın onun bank hesabına 60.000 ABŞ dolları vəsaitinin göndərməsini göstərmişdir.

46. Göründüyü kimi hələ iddiaçının hazırki mübahisə üzrə hüquqları pozulan və iddianı qaldırmağa hüququ olan şəxs kimi tanınması belə mötəbər dəlillərə söykənmir. Belə ki, iddiaçı özü belə qardaşı ilə cavabdeh arasında olan iş birliyinə istinad etmişdir. Bu isə onu deməyə əsas verir ki, bəlkə də, cavabdehlə iddiaçının qardaşı və ya digər bir şəxslə, həqiqətən də, borc və ya iş birliyi münasibətləri mövcud olmuşdur. Lakin iddiaçının bu münasibətlərin tərəfi olub-olmaması işin halları ilə müəyyən olunmur.

47. O cümlədən qeyd edilməlidir ki, əgər, həqiqətən də, cavabdehlə iddiaçının qardaşı və ya digər bir şəxslə, borc və ya iş birliyi münasibətləri olmuşdursa, hazırki yaranan mənzərədə iddiaçının Mülki Məcəllənin 431.1-ci maddəsinə uyğun olaraq öhdəliyi icra edən üçüncü şəxs olması da istisna olunmur.

48. Bu sualları aydınlaşdırmaq, o cümlədən iddianın əsas mahiyyətini müəyyən etmək məqsədi ilə iddiaçı məhkəmə iclaslarına dəfələrlə dəvət olunsa da, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

49. Kollegiya tərəflər arasındakı münasibətlərin xarakterini həm də iş birliyi adlanan razılaşma prizmasından da qiymətləndirməyi zəruri hesab edərək bildirir ki, iş birliyinin anlayışına dair mülki qanunvericilikdə dəqiq müəyyən olunmuş norma yoxdur. Lakin qeyd etmək olar ki, iş birliyi fiziki və ya hüquqi şəxslərin müəyyən bir məqsədə çatmaq, birgə fəaliyyət göstərmək və ya layihə həyata keçirmək üçün qanuna zidd olmayan qaydada və hüquqi çərçivədə qurduqları qarşılıqlı münasibətlər sistemidir.

50. Buna dair norma təsbit olunmasa da, hüququn ümumi prinsipləri və öhdəliklər hüququ nöqteyi-nəzərdən hər hansı bir iş birliyi sadəcə şifahi razılaşma və ya "centlmen sövdələşməsi" deyil, tərəflərin hüquq, vəzifə və məsuliyyətlərini dəqiq müəyyən edən rəsmi prosesdir.

51. Nəticə etibarilə iş birliyi münasibətlərində də hər bir tərəfin öhdəlikləri və hüquqları, o cümlədən məsuliyyət dairəsi əvvəlcədən müəyyən olunmalıdır. Bu sayədə hansı halda tərəflərin müvafiq riskləri öz üzərilərinə götürdükləri aydın müəyyən edilmiş olur.

52. Hazırki iş üzrə isə tərəflər sadəcə “iş birliyi” ifadəsini səsləndirməklə, bu birliklə bağlı hansı şərtlərlə razılığa gəldiklərini, faktiki olaraq bu birliyin pozulması üçün nə baş verdiyini, iddiaçının hansı itkiyə məruz qaldığını və bu halda, yaxud ümumiyyətlə, cavabdehin bu hissədə hansı məsuliyyət daşıdığını sübut edə bilməmişlər. Üstəlik yuxarıda da qeyd olunduğu kimi, cavabdehin məsuliyyəti varsa belə, bu məsuliyyətin məhz iddiaçı, yaxud onun qardaşı və ya qeyri bir şəxs qarşısında yarandığını müəyyən etmək mümkün deyildir.

53. Nəticə etibarilə tərəflər arasında etibarlı müqavilə münasibətlərinin olmasına dair hər hansı dəlil aşkar edilməmişdir.

54. Bu halda məhkəmə öhdəliyin yaranması əsası ilə bağlı digər nüansları aydınlaşdırmağı zəruri hesab edir.

55. Belə ki, tərəflər arasında hansısa delikt münasibətinin olmadığı işin halları ilə müəyyən edilə bilir. Nəticə etibarilə əsassız varlanma halının mövcudluğunun yoxlanması zərurəti qalır.

56. Bu hissəyə münasibətdə də kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1091.1 və 1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

57. Nəticə etibarilə əsassız varlanma bir tərəfin digər tərəfin vəsaitin hesabına varlanması və bunun əsassız olması isə xarakterizə olunur. Hazırki iş üzrə cavabdehin varlanması mübahisəsiz hal təşkil etsə də, yuxarıda əks olunan əsaslandırmalara görə nə bu varlanmanın məhz iddiaçının şəxsi vəsaiti hesabına baş verməsi, nə də bu varlanmanın əsassız olmasını təsdiq edən hər hansı sübutlar aşkar olunmamış və iddiaçı da bunu aydınlaşdırmaq üçün heç bir zəruri addım atmamışdır.

58. Kollegiya qeyd edir ki, əgər cavabdehin məhz iddiaçının hesabına əsassız varlanması öz təsdiqini tapmış olsa idi belə, bu barədə Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan 2 illik müddət də ötürülmüşdür və cavabdeh apellyasiya şikayəti verərkən bu halı şikayətinin dəlili kimi qeyd etmişdir. Lakin işə daha öncə baxmış apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmədə iştirak etməmiş və həmin məhkəmədə qətnamə qəbul edilənədək iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. Kollegiya bu mövqe ilə razılaşmır.

59. Belə ki, hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh xarici dövlətin vətəndaşı olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 2, ev 3a ünvanında müvəqqəti qeydiyyatdadır. Həmçinin iş materiallarından görünür ki, cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabineti olmadığı üçün birinci instansiya məhkəməsi bildirişləri poçt vasitəsi ilə göstərilən ünvana göndərilmiş, lakin “Bu ünvanda yoxdur” qeydi ilə həmin bildirişlər məhkəməyə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi isə bildirişlərinin cavabdehə təqdim edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi əlavə təbir görməmiş və işə cavabdehin iştirakı olmadan baxmışdır. Halbuki Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.

60. Odur ki, kollegiya cavabdehin birinci instansiya məhkəməsindəki proseslər barədə lazımi qaydada məlumatlandırılmaması səbəbindən iddia müddətinin tətbiqi barədə ərizəni vermək imkanının olmamasını nəzərə alaraq apellyasiya şikayətinin dəlilləri kimi qeyd etdiyi nüansları nəzərə alır və cavabdehin məhz iddiaçının hesabına əsassız varlanması öz təsdiqini tapmış olsa idi belə, bu barədə 2 illik iddia müddətinin ötürüldüyü qənaətinə gəlir.

61. Belə olan halda birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmayan kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

62. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə ilk növbədə iddia tələbinin, ümumiyyətlə, qanuni əsası yoxdur.

63. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunaraq iddia tələbi rədd olunmalıdır.

64. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

65. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

66. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

67. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

68. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

69. Kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 196 manat dövlət rüsumunun dəyəri isə iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu məbləğləri onu ödəmiş şəxlərin özlərinə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar