Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1810/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, onun nümayəndəsi-vəkili HYPERLINK "https://icms.courts.gov.az/cases/case-operations?id=FYM8vBQUUQQ=" Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Goodchild Svetlana Anatolyevnaya qarşı "maddi, mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh Goodchild Svetlana Anatolyevnaya həyat yoldaşı tərəfindən 700.000 manat pul göndərilmiş, cavabdeh iddiaçı ilə birlikdə həmin pulu cavabdehə məxsus bağ evinə gətirdikdən sonra pul məbləğindən 100.000 manat yoxa çıxmış, cavabdeh bununla əlaqədar polisə müraciət etmişdir. Xəzər Rayon Polis Idarəsinin Istintaq Şöbəsində ********* saylı cinayət işi açılmış, iddiaçı İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Xəzər RPI-nin İŞ tərəfindən “cinayət işi üzrə icraatın təzələnməsi, təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə, barəsində seçilmiş qətimkan tədbirinə və cinayət işinin icraatına xitam verilməsi” barədə qərar qəbul edilsə də, həmin qərar daha sonra ləğv edilmişdir. Iddiaçı İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra cavabdeh Goodchild Svetlana Anatolyevnaya 48.500 manat pul vermişdir. Hazırda iddiaçı həmin pulu borc kimi verdiyini, Goodchild Svetlananın həmin pulu qaytaracağını vəd etdiyini, lakin qaytarmadığını, bununla da cavabdehin əsassız varlandığını iddia edir və həmin 48.500 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Goodchild Svetlana Anatolyevnaya qarşı “maddi, mənəvi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Goodchild Svetlana Anatolyevnaya verdiyi 48.500 manat pulun, əldən çıxmış faydaya görə 18.000 manat pulun, illik 5 faiz olan 2.425 manat, mənəvi zərərə görə 20.000 manat olmaqla, ümumilikdə 88.925 manat və ödədiyi 358 manat pul məbləğinin cavabdeh Goodchild Svetlana Anatolyevnadan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, cavabdeh Goodchild Svetlana Anatolyevnanın əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin dispozisiyasında göstərilən cinayət tərkibinin əlamətləri mövcud olduğundan barəsində xüsusi qərardad çıxarılaraq müvafiq prokurora məlumat verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildən 2024-cü ilə kimi “X4” şirkətində sürücü kimi fəaliyyət göstərmişdir. İddiaçı həmin şirkətin direktoru Goodchild Stevenin şəxsi sürücüsü olmuşdur. Lakin, onun ailə üzvləri, yəni cavabdeh Goodchild Svetlana Anatolyevna və onların uşaqlarını lazımi yerlərə idarə etdiyi avtomobil ilə aparırmış. Uzun müddət birlikdə çalışdıqlarından aralarında səmimi münasibətlər yaranmışdır. ##.##.2024-cü il tarixdə Goodchild Steven yeni bağ evi alması məqsədilə arvadı cavabdeh Goodchild Svetlana Anatolyevnaya “xxxx” ASC vasitəsilə 700.000 manat pul göndərilmişdir. Goodchild Stevenin məsləhəti ilə cavabdeh Goodchild Svetlana Anatolyevna iddiaçıya zəng edib, həmin pulu birlikdə götürmələrini xahiş etmiş və iddiaçı cavabdeh Goodchild Svetlana Anatolyevna ilə birlikdə “xxxx” ASC-nin Nəsimi filialına gedərək, həmin 700.000 manat pulu birlikdə götürmüşlər. İddiaçı cavabdeh Goodchild Svetlananı Şağan qəsəbəsində yerləşən bağlarına apararaq həyətdəki yay mətbəxinə özünün yanında pulu qoymuş və qeydiyyatda olduğu ünvana geri qayıtmışdır. Sonradan axşamüstü cavabdeh Goodchild Svetlana Anatolyevna iddiaçıya zəng edərək, həmin puldan 100.000 manat pulun çatışmadığını bildirmişdir. Onlar həmin pulu axtarmış və tapa bilməmişlər. Sonradan Azərbaycan Respublikası DİN “102” qaynar xəttinə edilmiş müraciət əsasında Xəzər RPİ-nin İstintaq şöbəsində açılmış cinayət işində iddiaçını təqsirləndirilən şəxs qismində cəlb etmişlər. İddiaçını Xəzər RPİ-də 48 saat saxladıqdan sonra heç bir mötəbər sübut olmadığından azadlığa buraxmışlar. Bundan sonra cavabdeh Goodchild Svetlana Anatolyevna ilə görüşmüşlər. Belə ki, o, iddiaçıya zəng edərək görüşməyi xahiş etmişdir və iddiaçı da qəbul etmişdir. Nəsimi rayonu “Koala Park” deyilən yerdə görüşdükləri zaman Goodchild Svetlana iddiaçıya bildirmişdir ki, həmin 100.000 manat pulu yerinə qoymağa ona kömək etsin, əri ilə arasında yaranmış narazılığa son qoyulsun. İddiaçı barəsində cinayət işi açılmasına baxmayaraq iddiaçının işdən çıxmamasına köməklik edəcəkdir. Steven ilin əksər hissəsində xaricdə olduğundan iddiaçı cavabdeh Goodchild Svetlana və onun uşaqları ilə hər gün ünsiyyətdə olmuşdur və bununla da aralarında bir doğmalıq və səmimiyyət yaranmışdır. Ona görə də, iddiaçı cavabdehə bildirmişdir ki, onda ayrıayrı şəxslərdən aldığı və avtomobil ticarəti ilə məşğul olmaq üçün onda müəyyən qədər, yəni 48.500 manat pul vardır və onu cavabdehə borc kimi verə bilər. Cavabdeh Goodchild Svetlana Anatolyevna iddiaçıya bildirmişdir ki, həmin pulu ona borc versə qısa müddətdə özünə məxsus “Malakan bağı” adlanan yerdə yerləşən evini satdıqdan sonra iddiaçıya pulu qaytaracaqdır. İddiaçı onun səmimiyyətinə inanaraq cavabdehə 48.500 manat pulu vermişdir. Sonradan anlamışdır ki, əslində cavabdeh onun səsini yazır ki, hüquq-mühafizə orqanlarına təqdim etsin ki, guya iddiaçı oğurladığı puldan ona ödəyir. Cinayət işinin istintaqı zamanı aydın olmuşdur ki, nəinki həmin oğurluq hadisəsi ilə iddiaçının əlaqəsi var, hətta həmin oğurluq hadisəsinin olması belə müəmmalıdır. Bunun əsasında Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, R Məmməd Cəfərovun ##.##.2025-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi, təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə, barəsində seçilmiş qətimkan tədbirinə və cinayət işinin icraatına xitam verilməsi” barədə qərar qəbul etmiş və həmin qərara əsasən iddiaçı barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Sonradan iddiaçı həmin 48.500 manat pulun geri qaytarılmasını tələb etsə də, cavabdeh imtina etmiş və iddiaçını ayrı-ayrı şəxslərin qarşısında borclu vəziyyətdə qoyaraq maddi və mənəvi ziyana uğramağına səbəb olmuşdur. Bundan başqa, həmin pul iddiaçıda olsa idi, o, avtomobil alqı-satqısı ilə məşğul olub, həmin puldan ən azı ayda 1.500 manat olmaqla, 1 il ərzində əlavə 18.000 manat qazana bilərdi. Cavabdeh Goodchild Svetlana Anatolyevna 48.500 manat pulu özündə saxladığına görə əlavə illik 5% ödəməlidir. Bundan başqa, cavabdeh Goodchild Svetlana Anatolyevnanın əsassız etdiyi şikayət nəticəsində iddiaçı ailə üzvləri, qohumları və yaxınları arasında nüfuzdan düşərək mənəvi sarsıntı keçirmişdir. Cavabdeh Goodchild Svetlana Anatolyevna 48.500 manat pul vəsaitini iddiaçını aldadaraq, ona olan inam və etibardan sui-istifadə edərək ələ keçirmiş və iddiaçıya qarşı dələduzluq cinayəti törətmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı irəli sürdüyü tələbi onunla əsaslandırır ki, cavabdeh 48.500 manat pulu iddiaçıdan borc olaraq istəmiş, gələcəkdə ona məxsus əmlakı sataraq borcunu qaytaracağını vəd etmiş, iddiaçı da cavabdehin səmimiyyətinə inanaraq bu pulu ona vermişdir. Hal-hazırda bu pulun cavabdehdə qalması üçün əsas yoxdur. Hazırkı işdə iddiaçı təkcə cavabdehin onun hesabına pul məbləği əldə etməsi faktını deyil, həmçinin, bu əldəetmənin hüquqi əsasını, yəni tərəflər arasındakı hüquq münasibətinin həqiqi xarakterinin nədən ibarət olmasını bildirməli və sübuta yetirməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 48.500 manat pulun cavabdehə verilməsi təsdiqini tapsa da, geri qaytarılmasını tələb etmək üçün əvvəlcə cavabdehin iddiaçı qarşısında belə bir öhdəliyinin olması sübuta yetirilməlidir. Cavabdehin belə bir öhdəliyinin olmasını sübut etmək yükü, yəni, yuxarıda qeyd olunduğu kimi pulun verilməsinin əsasını sübutetmək yükü iddiaçının üzərinə düşür. Belə olan halda irəli sürülmüş tələb, yəni cavabdehin iddiaçı qarşısında iddia olunan öhdəliyi bir neçə qanuni əsasla yoxlanıla bilər. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər. Odur ki, iddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı). İddiaçı tərəf hesab edir ki, tərəflər arasında borc münasibətləri olmuş, lakin, borc müqaviləsi verilən məbləğə müvafiq formada yazılı bağlanmadığından əhəmiyyətsiz əqd kimi əsassız varlanmaya səbəb olmuş, qarşı tərəfin aldıqlarını geri qaytarmasını şərtləndirmişdir. İddiaçının istinad etdiyi şifahi borc müqaviləsinə münasibətdə məhkəmə bildirmişdir ki, bu iddia heç bir sübutla təsdiq edilməmişdir. Belə ki, iddiaçı cavabdehə pul verməsi zamanı cavabdehin üzərinə quraşdırılmış səs qurğusu vasitəsilə səsyazma aparıldığını, həmin səsyazmanın iddiaçıya həbs qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılan zaman məhkəmədə səsləndirilməsini iddia etsə də, nə cinayət işinin materiallarında, nə də məhkəmə iclasının protokolunda həmin səsyazma ilə bağlı hər hansı məlumata rast gəlinmir. Məhkəmə sözügedən məhkəmə iclasının audio-video yazısını əldə etmək üçün müvafiq sorğu göndərsə də, Xəzər Rayon Məhkəməsindən cavab olaraq iclasın audio-video qeydinin aparılmadığını bildirmişdir. Bundan başqa cinayət işinin protokollarından görünür ki, iddiaçı izahatlarında tərəflər arasında borc münasibəti olmasını təkzib etmiş, heç vaxt qəbul etməmiş, əksinə iddiaçı üzləşmə protokolunda, habelə həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılan zaman məhkəmə iclasında bu pulu vermə məqsədinin vəziyyətdən çıxmaq və məsələnin bağlanması, şübhələri üzərindən atmaq, işini itirməmək və s. olmasını bildirmişdir. Həmçinin iddiaçı dəfələrlə həm cinayət işinin materiallarından göründüyü kimi ibtidai istintaq zamanı izahatlarında, həm də iş üzrə məhkəmə iclaslarında cavabdehlə səmimi münasibətlərinin olduğunu etiraf etmişdir. Məhkəmə iclasında iddiaçının müdafiəçisi izahatında bildirmişdir ki, hətta iddiaçı bunu borc kimi verməmişdirsə, hər hansı təzyiqdən, aralarında olan yaxınlıq, iş və s. münasibətdən irəli gələrək vermişdirsə belə, bu əsassız varlanma kimi qəbul edilməlidir. Belə ki, bu pulun Rüfət tərəfindən Svetlanaya verilməsi nə bir qanuni əsasdan, nə də müqavilədən irəli gəlmir. Məhkəmə iddiaçının bu əsasına da münasibət bildirməyi zəruri hesab edir. Baxılan işdə cavabdehin pul məbləğini iddiaçının hesabına əldə etməsi sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti-əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir. Həmin şərt özündə onu ehtiva edir ki, əmlak qanunda nəzərdə tutulan hər hansı bir əsasla (məsələn, vərəsəliklə, vurulmuş zərərin təzminatı olaraq və s.), yaxud tərəflər arasında bağlanmış müqavilə (bağışlama, üçüncü şəxsin xeyrinə müqavilə və s.) ilə əldə edilirsə, bu cür qazanılma (varlanma) əsassız sayılmır, əsaslı hesab edilir. Əsası olan bir varlanma isə mülki hüquq sisteminin yol verdiyi- qanuni əmlak artımıdır və bu qaydada varlanmış şəxs əmlakı ona verən qarşısında əldə etdiyi predmetləri və ya onun dəyərini geri qaytarmaq öhdəliyi daşımır. Baxılan işdə əgər iddiaçı pul vəsaitini cavabdehin özünə vermişsə, cavabdehin əldə etdiyi əmlakın tərəflərin müəyyən olunmuş faktiki münasibətləri fonunda bağışlama mahiyyətində olubolmadığının araşdırılması işin düzgün həlli üçün əhəmiyyətli olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı). Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya digər əmlak verən bir kəsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Baxılan işdə iddiaçı, sözügedən pul vəsaitini cavabdehə bağışlama düşüncəsi ilə vermədiyinə istinad edirsə, həmin halı sübut etməkyüküiddiaçının üzərinə düşür. Bu xüsusat yoxlanılarkən tərəflərin təqdim etdikləri sübutlar pul vəsaitinin verildiyi zaman, həmin ərəfədə tərəflərin həqiqi münasibətinin xarakteri, vəsaitin hansı niyyətlə verilməsi, sonrakı davranışları və işin digər diqqətəlayiq halları nəzərə alınmaqla qiymətləndirilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı). Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı həmin pulu könüllü şəkildə, qaytarılmaq şərti olmadan vermədiyini sübut etməmiş, bu hal cavabdeh tərəfindən etiraf edilməmiş, əksinə iddiaçının ilkin izahatları hazırki mövqeyi ilə ziddiyyət təşkil etmiş, belə ki, iddiaçı bir neçə yerdə cavabdehlə səmimi münasibətləri olduğunu, pulu ona şübhələri üzərindən atmaq, işini itirməmək üçün verdiyini bildirmiş, pulun borc kimi, qaytarılmaq şərtilə verilməsi heç bir sübutla təsdiq olunmamış, sadəcə təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında protokolda öz əksini tapmış, məhkəmə iclasında da sübuta yetməyərək, iddiaçı tərəfindən səsləndirilən formal mülahizə olaraq qalmışdır. Yuxarıda qeyd edilən işin bütün faktiki hallarını nəzərə alan məhkəmə iddia tələbinin “48.500 manat pulun ödənilməsi” hissəsinin əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlmişdir. Əlavə olaraq qeyd olunur ki, “əldən çıxmış faydaya görə 18.000 manat pulun, illik 5 faiz olan 2425 manat, mənəvi zərərə görə 20.000 manat ödənilməsi” tələbləri bilavasitə birinci tələbdən törəməklə, onun məntiqi nəticəsi olduğundan, birinci tələbin təmin edilməməsi bu tələblərin də təmin edilməməsinə əsas verir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. İddiaçının xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, iş üzrə xüsusi qərardad qəbul edilməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir. Əlavə olaraq qeyd olunur ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, bu vəsatətin olub-olmamasından asılı olmayaraq, məhkəmə öz xidməti vəzifəsinə görə belə qərardadın qəbul edilməsinə əsas verən halı müəyyən etdikdə öz təşəbbüsü ilə bunu edir, bu məsələdə məhkəmə tərəflərin vəsatətlərindən asılı deyildir. Lakin qeyd edildiyi kimi, iş üzrə belə bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Buna görə də məhkəmə vəsatəti əsassız hesab edərək təmin edilməməsinin məqsədə müvafiq olması qənaətinə gəlir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim öz qətnaməsinin təsviriəsaslandırıcı hissəsində cavabdehin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri qeyd etsə də, qərəzli şəkildə ayrı cür izah etmişdir. Həmçinin hazırki mülki iş üzrə tərəflər arasında heç bir müqavilə olmadan, iddiaçı tərəfindən oğurlamadığı pulu cavabdeh ondan almış, qaytaracağına dair vəd vermiş, lakin sonradan qaytarmamışdır. Hakim qətnaməsində əslində bu hala toxunsa da maddəni düzgün tövsif etməyərək maddi hüquq normasının pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul etmişdir. Hakim Mülki Məcələsinin 666.1-ci maddəsinə istinad etməklə diqqəti ora çəkmək istəyir ki, guya həmin pul məbləğini iddiaçı cavabdehə hədiyyə kimi vermişdir. Bu fikir tamamilə absurddur. Belə ki, iş materialarından da görünür ki, iddiaçı sürücü işləyən kasıb bir adamdır və onun kiməsə 48.500 manat hədiyyə kimi verməsi məntiqsiz və mümkünsüzdür. Eyni zamanda hazırki mülki iş üzrə sübutlar ibtidai istintaq zamanı qəbul edilmiş prosessual qərarlardır və bundan başqa, hakim özü cinayət işinin materialarını sorğu ilə tələb etsə də, iş materiallarını araşdırmış, lakin sübutlara obyektiv deyil, formal mülahizələrə əsasən qiymət vermişdir. Məhkəmə iddiaçının sübutlarını, cavabdehin ibtidai istintaq dövründə verdiyi ifadəsi ilə faktiki olaraq iddianı etiraf etməsini gözardı etmiş, cavabdehin nümayəndəsinin özünün şəxsi formal mülahizələrini isə mötəbər sübut kimi qəbul etmiş və qanunsuz və əsassız qətnamə qəbul etmişdir Bununla yanaşı iddiaçı İddiaçı qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, onun əməli sübuta yetirilmədiyindən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Lakin hər bir halda ibtidai istintaq ilkin olaraq oğurluq hadisəsinin olub-olmamasını araşdırmamış və hadisənin baş verməsini də sübut edə bilməmişdir. Hadisənin baş verməsi sübut olunarsa, yəni oğurluq hadisəsinin baş verməsi sübuta yetərsə bundan sonra həmin oğurluğun kim tərəfindən edilməsini sübut etmək istintaq orqanın vəzifəsi idi. Oğurluq hadisəsi üzrə fakta görə cinayət işi açılmış və yalnız bir nəfərin, yəni İddiaçı fokuslanan istintaq orqanı araşdırmanı düzgün aparmamış və yekun qərarı da düzgün qəbul etməmişdir. Belə ki, həmin cinayət işi üzrə prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən də, ümumi cinayət işi xitam edilməli deyildi, İddiaçı əməlində cinayət tərkibinin əlamətləri mövcud olmadığından onun təqsirləndirilən şəxs statusuna xitam verilməli və cinayət işinin araşdırılması fakt üzrə davam etdirilməli idi. Belə bir kobud prosessual qərarın qəbul edilməsi vətəndaşın günahı deyil və bu işin faktiki hallarını dəyişdirmir. Bundan başqa, qətnamənin təsviri-əsaslandırıcı hissəsindən hakimin qeyd etdiyi “##.##.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, suallara Goodchild Svetlana Anatolyevna tərəfindən aşağıdaki kimi cavab verilmişdir: “Sual: Siz qarşınızda əyləşən şəxsi tanıyırsınızmı, tanıyırsınızsa onunla nə kimi münasibətinizvardır? Cavab: 7 ilə yaxındır ki, həyat yoldaşım Goodchild Stevenin sürücüsüdür. Sual: Ifadənizdə bildirmisiniz ki, İddiaçı ilə ## ###### 2024cü il tarixdə görüşmüsünüz və o, sizə 48.500 manat pul verib, bu barədə nə deyə bilərsiniz? Cavab: Qeyd edirəm ki, ## ###### 2024-cü il tarixdə mən Rüfətlə “Soloha” restoranının yanında görüşdüm və o, mənə 48.500 manat pul verib dedi ki, geri qalan 1.500 manat pulu yaxın müddətdə qaytaracaq. Müdafiəçinin sualı: Həmin görüşün təşəbbüskarı kim olmuşdur? Cavab: Görüşün təşəbbüskarı mən olmuşam. Müdafiəçinin sualı: Siz nəyə görə bu barədə polisə gec məlumat verdiniz? Cavab: Demək istəmirdim, sadəcə özüm məsuliyyətə cəlb olunacağımdan ehtiyat edib, məcbur dedim. Müdafiəçinin sualı: Siz bugün də pulun Rüfət tərəfindən oğurlanmasında ondan şübhə edirsiniz? Cavab: Xeyr, heç kimdən şübhəm yoxdur.” Hakim bu ifadəni qeyd edərək, cavabdehin pulun almasını etiraf kimi qəbul edir, lakin pul məbləğinin iddiaçı tərəfindən hədiyyə kimi verməsini absurd bir fikir kimi qəbul edərək qətnamədə həmin hala istinad edir. Bundan başqa, hakim hüququn tətbiqində, yəni tərəflər arasında olan münasibətlərin borc, bağışlanma və ya əsassız varlanma olmasını da düzgün araşdıra bilməmiş və Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə düzgün əməl etməmişdir. Eyni zamanda əgər oğurlanması iddia olunan 100.000 manat pulu İddiaçı oğurlayıbsa niyə sübuta yetirib cinayət işini davam etdirmirlər, əgər onun əməlində cinayət tərkibinin əlamətləri yoxdursa, oğurlanması sübuta yetmirsə niyə 48.500 manat cavabdeh Goodchild Svetlana Anatolyevnada qalmalıdır? Bu qədər sadə suala hakim öz qətnaməsində öz qərəzini açıq aşkar sübut edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. 48.500 manatı ayrı-ayrı şəxslərdən borc alan İddiaçı Firkət oğlu həm maddi, həm də mənəvi zərərə düşmüş və əldən çıxmış faydaya görə 18.000 manat pulun, ilik 5 faiz olan 2425 manat, mənəvi zərərə görə 20.000 manat olmaqla, ümumilikdə 88.925 manat və ödədiyi 358 manat pul məbləğinin cavabdeh Goodchild Svetlana Anatolyevnadan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İddiaçı tələbində eləcə də apellyasiya şikayətində həmin pulu borc kimi verdiyini, Goodchild Svetlananın həmin pulu qaytaracağını vəd etdiyini, lakin qaytarmadığını, bununla da cavabdehin əsassız varlandığını iddia edir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, iddiaçı hazırda mübahisələndirilən vəsaitin borc qismində verildiyini iddia edirsə bu zaman borc müqaviləsini təqdim etməli idi, çünki borcun məbləği üç min manatdan çoxdursa borc müqaviləsinin bağlanması qanunvericiliyə əsasən zəruridir. Belə ki, Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Digər tərəfdən iddiaçı apellyasiya şikayətində bildirir ki, cavabdeh tərəf 48.500 manat vəsaiti ondan hər hansı bir əsas olmadan almışdır. Halbuki iş materiallarında olan cinayət işinin protokollarından görünür ki, iddiaçı izahatlarında tərəflər arasında borc münasibəti olmasını təkzib etmiş, heç vaxt qəbul etməmiş, əksinə iddiaçı üzləşmə protokolunda, habelə həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılan zaman məhkəmə iclasında bu pulu vermə məqsədinin vəziyyətdən çıxmaq və məsələnin bağlanması, şübhələri üzərindən atmaq, işini itirməmək və s. olmasını bildirmişdir. Göründüyü kimi iddiaçı həmin pulu könüllü şəkildə, qaytarılmaq şərti olmadan vermədiyini sübut etməmiş, bu hal cavabdeh tərəfindən etiraf edilməmiş, əksinə iddiaçının ilkin izahatları hazırki mövqeyi ilə ziddiyyət təşkil etmişdir. Belə ki, iddiaçı bir neçə yerdə cavabdehlə səmimi münasibətləri olduğunu, pulu ona şübhələri üzərindən atmaq, işini itirməmək üçün verdiyini bildirmiş, pulun borc kimi, qaytarılmaq şərtilə verilməsi heç bir sübutla təsdiq olunmamış, sadəcə təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında protokolda öz əksini tapmış, məhkəmə iclasında da sübuta yetməyərək, iddiaçı tərəfindən səsləndirilən formal mülahizə olaraq qalmışdır. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində cavabdehin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri qeyd etsə də, qərəzli şəkildə ayrı cür izah etmişdir. Məhkəmə Kollegiyası iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən izahat və ifadələrlə bağlı hər hansı təhrifə yol verilməmişdir. Belə ki, həmin ifadələr və izahatlarla iddiaçının cavabdehə 48.500 manat məbləğində vəsait verməsi müəyyən olunur, lakin həmin ifadə və izahatlarla da iddiaçı cavabdehlə səmimi münasibətləri olduğunu, pulu ona şübhələri üzərindən atmaq, işini itirməmək üçün verdiyini bildirmişdir. Digər tərəfdən apellyasiya şikayətinin iddiaçı İddiaçı qeyd olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, onun əməli sübuta yetirilmədiyindən cinayət işi üzrə icraata xitam verilməsi barədə dəlilləri iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin dəlillər iddiaçının barəsində aparılmış cinayət təqibi ilə bağlı olmuş və mülki işlə bağlı hər hansı bir aidiyyatı olmamışdır. Çünki iddiaçı həmin cinayət təqibinə xitam verilməsi əsaslarını həmin cinayət işi üzrə mübahisələndirməlidir. Həmçinin müəyyən edilmişdir ki, həmin qərar cinayət işi üzrə prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarına əsasən ləğv edilməsi və cinayət işinin araşdırılması fakt üzrə davam etdirilməsi müəyyən edilmişdir. Məhkəmə Kollegiyası iddianın eləcə də apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı tələbinin əsasını təşkil edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, təqdim edilən sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.