Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1854/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh2 və "xxxx” MMC-dən gördüyüm təmir işlərinə görə 3350 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 55 manat dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən iddianın rədd edilməsi qət edilmişdir.
3. ##.##.2026-cı il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(001) ****/**** saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001) ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. 5.Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə aktının mübahisələndirilməsi yalnız prosessual müddətin üzrlü səbəbdən ötürüldüyü və şikayət verən şəxsin ərizəsinə əsasən məhkəmə tərəfindən bərpa edildiyi təqdirdə mümkündür. Iddiaçı İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə verilməsinə baxmayaraq sözügedən məhkəmə qətnaməsi ##.##.2026-cı il tarixdə əldə edilmişdir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadında iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət, həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, ona qətnamə məhkəmə tərəfindən göndərilməmişdir. Belə ki, poçt tərəfindən yaşadığı ünvana məktub gəlməmiş və məhkəmə qərardadında qeyd etdiyi xəbərnamə onun tərəfindən imzalanmamışdır. Məhkəmə qətnaməsi ona məhkəməyə müraciəti əsasında ##.##.2026-cı il tarixdə məhkəmənin işçiləri tərəfindən təqdim edilmişdir. Qətnamə ona çatdırılmış olsaydı qanunvericiliyə uyğun olaraq ondan qətnamə təqdim edilərkən dövlət rüsumu tələb olunardı, qətnamə ona təqdim edilmədiyindən (çatdırılmadığından) qətnamənin surəti ona ##.##.2026-cı il tarixdə təqdim edilmişdir. Həmçinin qeyd etmək istəyir ki, qətnamədən apelyasiya şikayətinin verilməsi qətnamə tərəfə təqdim edildiyi gündən hesablanır və qətnamə ona ##.##.2026-cı il tarixdə təqdim edildiyindən müddətdə ötürülməmiş və prosessual müddətin bərpa edilməsi barədə ərizənin verilməsi məntiqli deyil. Əlavə olaraq, qərardadda qeyd edilən xəbərnamədəki imzanın ona məxsus olmamasına dair sübutları (imza nümunələri və sair) təqdim etməyə hazırdır. Göründüyü kimi, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddət tərəfindən ötürülməmiş və apelyasiya şikayəti baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
11. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
12. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
13. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
14. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
15. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
16. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
17. Həmin Məcəllənin 364.1-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi iddiaçı İddiaçı iddia ərizəsində qeyd etdiyi ünvana sifarişli xəbərnaməli poçt vasitəsi ilə göndərilmiş, həmin ünvanda ##.##.2026-cı il tarixdə İddiaçı xəbərnaməyə imza etməklə təhvil almışdır.
20. Iddiaçı isə qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürərək mübahisələndirilən qətnamədən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermiş, ötürülmüş müddətin bərpa edilməsi barədə vəsastət verməmişdir.
21. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 108.1.9-cu maddəsinə əsasən məhkəmə aktlarının surətləri təkrarən verildikdə dövlət rüsumu ödənilir.
22. Həmçinin iddiaçının xəbərnamədəki imzanın ona məxsus olmaması barədə dəlili subyektiv mülahizə xarakterli olmaqla heç bir mötəbər sübutla öz təsdiqini tapmır.
23. Beləliklə, kollegiya hesab edir ki, şikayətçi qətnamənin rəsmi qaydada verildiyi ##.##.2026-cı il tarixdən sonra bir aylıq prosessual müddəti ötürərək ##.##.2026-cı il tarixdə şikayət verdiyi və ötürülmüş müddətin bərpa olunması barədə vəsatət qaldırmadığı üçün, birinci instansiya məhkəməsi tərəfindən şikayətin geri qaytarılması barədə çıxarılan qərardad MPM-in 363.1.3-cü maddəsinə tam uyğundur.
24. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
25. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.