Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-186/2026 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: pul tələbinə dair) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-3125/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Bakı şəhəri Nizami RPİ-in 24-cü PŞ-in xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nizami RPİ-in 24-cü PŞ-in xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.000 (bir min) manat pulun və dövlət rüsumu əvəzi olaraq ödənilmiş 30 (otuz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin dekabr ayında o, özünə məxsus olan bir otaqlı evi satıb üç otaqlı ev almaq istəmişdir. İnternet (sosial şəbəkə) vasitəsi ilə satışa çıxarılmış Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti, 121 saylı evin, 32 saylı 3 otaqlı mənzilinin mülkiyyətçisi Cavabdeh ilə evi almaq barədə danışığa getmişdir. Əvvəlcədən razılığa gəlmişlər ki, ödənişi hissə-hissə etsin, çünki onun pulu çatmamışdır. Onlar razılığa gəlmişlər ki, bəzi əşyaları çıxmaq şərli ilə evi 225.000 (iki yüz iyirmi beş min) manata alsın. Şərtləri belə olmuşdur ki, Cavabdeh ilə 50.000 manatla ilkin alqı-satqı müqaviləsi bağlasınlar. 15-20 gündən sonra 100.000 (yüz min) manat versin və alqı-satqı müqaviləsi bağlasınlar. Yerdə qalan pulu da Cavabdeh evi təhvil verəndə versin. Cavabdeh özü də ondan may ayına qədər möhlət istəmişdir. O da fikirləşmişdir ki, 75.000 manal pulun 25.000 manatını mülkiyyətində olan avtomaşınını satar, qalan 50.000 manatı isə evi banka ipotekaya qoyub bankdan pul götürər. O, bu razılığın müqabilində ona 1.000 (min) manat pul vermişdir. Səhəri isə onlar danışdıqları kimi ilkin alqı-satqı müqaviləsi bağlamaq üçün notariusa getmişlər. Notarius onlara sual vermişdir ki, şərtlərini desinlər. O, qeyd etdiyi kimi danışmışdır. Notarius ev sahibinə, yəni Cavabdeh demişdir ki, 225.000 manat müqavilədə göstərilməyəcək o, buna razıdır?. Cavabdeh da bildirmişdir ki, o, 225.000 manatın müqavilədə göstərilməməsinə razı deyil, həmin məbləğ müqavilədə göstərilsin. Notarius isə bildirmişdir ki, 225.000 manat nağd şəkildə olmasa, o, alqı-satqı müqaviləsini təsdiq edə bilməz. Belə olduğu halda onların şərtləri pozulmuşdur. O, həmin vaxtdan bir neçə dəfə demişdir ki, belə isə onların alqı-satqısı baş tutmamışdır, verdiyi 1000 manatı qaytarsın. Cavabdeh isə ona bildirmişdir ki, o gözləyir, pulunu düzəltsin alqısatqı etsinlər. Təxminən söhbətdən bir neçə həftədən sonra o, maşınını da behləşmişdir, demişdir ki, qalır 50.000 manat, onu da bankla mümkün olsa, edəcək, mümkün olmasa yox. Bir neçə banka müraciət etsə də, heç bir bank mənzilin çıxarışı əlində olmadığına görə 50.000 manal pulu verməmişdir. Bundan sonra Cavabdeh bildirmişdir ki, o, evi satışa çıxardır, o da ona bildirmişdir ki, necə istəyir elə də et və onun 1.000 (bir min) manatını qaytarsın. Cavabdeh hal-hazırda evini satıb. O da ona zəng edərək bildirmişdir ki, evini satmışdır, onun verdiyi 1.000 manalt pulunu qaytarsın. Cavabdeh isə telefonda onu təhqir etməklə, söyüş söyməklə, hədə-qorxu gəlməklə pulunu qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Cavabdeh onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edərək onu aldatmışdır. O da Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-nə şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh barəsində AR CM-nin 178-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-nin təhqiqatçısı polis leytenantı Ruslan Əhmədov tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-nin təhqiqatçısı polis leytenantı Ruslan Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar Bakı şəhəri Nizami rayon Prokurorluğu tərəfindən 8 iyul 2025-ci il tarixli qərarla ləğv edilmişdir. Yenidən Bakı şəhəri Nizami raven Polis İdarəsinin 24-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı Xanlar Xankişiyev tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona pulun qaytarılması tələbi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət elmək hüququ izah edilmişdir. Onu da bildirmək istəyir ki, dəfələrlə Cavabdeh 1000 manat məbləğində pulunun qaytarılması barədə müraciət etməsinə baxmayaraq cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. O da hüquqlarının müdafiəsi ilə bağlı məcburiyyət qarşısında qalaraq Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara- Qarayev prospekti, 121 saylı evin, 32 saylı mənzilində pasport qeydiyyatındadır. Cavabdeh 1.000 (min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 ( otuz) manat pul tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qarşı tərəfin evini elanda görüb bəyənmiş, almaq istəmişdir. 225.000 manata razılaşmışlar. 50.000 manat ilkin alqı-satqı zamanı, 100.000 manat sonra, təhvil verəndə isə 75.000 manat veriləcəkdi. Evdəki bütün əşyalar isə qalacaqdı. Sonra demişdir ki, qab yuyan və soyuducunu götürəcək. O da demişdir ki, nə etsələr, notarial qaydada edəcəklər. 50.000 manat ilkin veriləcək, 2 həftə sonra 100.000 manat ilə alqı-satqıya gedəcəklər. Notariata getmişlər, notarius demişdir ki, 75.000 manat ortada qalır, buna razı olub-olmadıqlarını soruşmuşlar. Namiq razılaşmadığı üçün, notarius çıxıb çöldə mübahisələrini həll etmələrini demişdir. Çöldə danışmışlar, Namiq təzədən razılaşmışdır. Yenidən notariusun yanına girmişlər, onlara mübahisəli olduqları üçün gedin demişdir. Qiyməti razılaşandan sonra ondan 30.000 manat istəmişdir. Namiqin ev almaq istədiyi şəxsin xəstəsi olmuşdur. O, demişdir ki, 1000 manat verə bilər, artıq verə bilməz. Evin həyətində, çardaqda 1000 manat beh vermişdir. Onu da Namiq başqasına vermişdir, o pul da batmışdır. Onlar qiymətlə razılaşmırlar. Cavabdeh, 230.000 manat demiş, o isə 220.000 manat demişdir. İlkin 50.000 manat verirdi, 100.000 manat verdikdən sonra ev adına keçirdi. 75.000 manatı isə evi ona təhvil verəndə verirdi. Çıxarış notariusda qalırdı. Evi alacağı şəxsin xəstəsi olduğunu demişdir, ondan 30.000-40.000 manat pul istəmişdir. O, demişdir ki, 225.000 manat verəndən sonra pencəyini götürüb çıxacaq. Sonra gəlmişdir ki, filan əşyaları da götürəcək. Görmüşdür ki, sözü üst-üstə düşmür. Demişdir ki, nə edəcəksə, qanuni formada, notarius vasitəsilə edəcək. İlkin 50.000 manat verib, sonra 100.000 manat ilə alqı-satqıya gedəcəkdi. O ilk gündən nağd pulunun bu olduğunu demişdir, razıdırsa, getsinlər. Dilindən iltizam verəcək. Notarius demişdir ki, bank çağırsın. Amma bankın qaydaları var. Gəlib evi çəkməlidir, onun iş yerini öyrənməlidir. Axşam razılaşmış, səhər gəlib notariusda razılaşmamışdır. O, ilkin müqavilə üçün 50.000 manat ilə notariusa getmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, evini ehtiyacdan satırmış. Anası xəstə olmuşdur, ölmədən uşağı evləndirmək istəmişdir ki, anası görsün. Elanda gördüyünü deməyi yalandır. Binanın həyətindəki makler ilə evinə gəlmişdir, evə baxıb bəyənmişdir. Təxmini 2023-cü ilin axırı olmuşdur. Onun da xəstəsi var, əlində biraz pul var, təbii ki, o da özünə ev almaq istəyir. Atçılıqda 75.000 manata ev tapmışdır. O da beh verməyə çalışmışdır. İddiaçı onu 1-2 həftə gözlətmişdir. O biri evi almaq istədiyi də zəng etmişdir, o almır deyə evi satacağını demişdir. 5-6 ay vaxt keçmiş, o da satmağı dayandırmışdır. Sonra görmüşdür ki, yenə maddi imkanı çatmır. Evi təkrar satmağa qoymuşdur. Bu dəfə təkrar gəlmişdir, amma tək olmuşdur. Evdə gözünün qaldığını demişdir. Demişdir ki, iş gücdən edəcəksə, gəlməsin. Dedi ki, hər şey qaydasındadır. 1-2 gün uşağı, yoldaşı, qaynı, dostu ilə gəlib-getmişdir. Evi əşyalarla birlikdə satmağı danışmışlar. Amma evdə 2 soyuducu olmuşdur, biri mebelin içində olmuş, birini oğlu anasına hədiyyə almışdır. Bir də qızı anasına qabyuyan almışdır. Soyuducu və qabyuyandan başqa hər şeyin qalmasını danışmışdır. Çox qapısına gəlmişdir, yalvarmışdır, evdə gözü qaldığını demişdir. 10 günə hər şeyi tamamlayacağını demişdir. O da demişdir ki, bu dəfə normal beh gətirsin. O da öz problemlərini həll edə bilsin. Alacağı evin də behini verə bilsin. Bu dəfə də gecikdirmişdir. Axırı 5.000 manat pulu var, gəlirəm demişdir, yenə gəlməmişdir. Gah yas var demişdir, gah başqa problemlər. Sonra bir də qaynı ilə gəlmişdir. Səhər notariusa gedək demişdir. O da də yoldaşı ilə getmişdir. Müdirin otağına getmişlər, notarius əlindəki kağıza baxmışdır, sonra ona baxmışdır. Evi neçəyə satdığını soruşmuş, o da 225.000 manat demişdir. Demişdir ki, burda 175.000 manat görsənir, sonra necə sübut edə bilər? Onun təəccübləndiyini görüb, çölə çıxın demişdir. Çölə çıxmışlar, demişdir ki, evi ilkin 50.000 manata alıb, çıxarışı götürüb, banka ipotekaya qoyub pulu ona verəcəkmiş. Aralarında hissə-hissə söhbəti olmamışdır. Gətirib ona 1000 manat beh vermişdir. Bir həftə sonra getmişlər notariusda bu məsələ açılmışdır. Notarius da demişdir ki, olan pulu versin, qalan pulu bank onun əvəzindən versin, sonra özü banka ödəsin. Yəni qanuna uyğun yol bu olmuşdur. Lakin iddiaçı buna razı olmamışdır. İddiaçıya kredit vermələri üçün neçə dostuna müraciət etmişdir. Yalandan VÖEN-nin olduğunu demişdir, amma yoxdur. Ona görə kredit də verməmişlər. Özünə almaq üçün ev bəyənmişdir. İddiaçı ona 1000 manat beh vermişdir, o da aparıb evini alacağı adama 1000 manat beh vermişdir. O da aparıb öz növbəsində Xırdalanda bir otaqlı evə beh vermişdir. Evi alacağı şəxs zəng etmişdir ki, “Namiq dayı mən hazıram, bütün əşyaları toplamışıq koridordadır.” Ona video çəkib göndərmişdir, o da həmin videonu buna göndərmişdir. Üzərindən düz 3 ay keçmiş, ona demişdir ki, heç cür alınmır. Vüsal da ona zəng etmiş, o da alınmadığını demişdir. Vüsal da Xırdalanda evə beh verib, mətbəx mebeli yığdırıb, evə 5.000 manat xərc çəkmişdir. O da bunları Şükürana demişdir. Demişdir ki, heç alınmır. Vüsal demişdir ki, onun behi batmışdır, onun behi də Vüsalda batmışdır. Şükürana zəng edib demişdir ki, Şüküranın behi də onda batmışdır. Beh notariusa getməmişdən 3-4 gün qabaq verilmişdir, 2024-cü ilin son ayları olmuşdur. Onların arasında hissə-hissə ödəniş etmək söhbəti olmamışdır. Demişdir ki, evini satır, qalan pulu bankdan çıxarıb alqı-satqıya gətirəcək. Ona zəng edib onu oğlu ilə hədəlmişdir. O da iddiaçını hədələmişdir. Aparıb bu səs yazılarını 24-cü PB-nə vermişdir. Guya o şantaj edir. Söyüşlərə görə səs yazılarını silmişdir. Bir də proqram vasitəsilə geri yükləmişdir. Notariata gedən günün səhəri ona zəng edir, onu günahkar çıxarır. O, dostu olan bank müdirlərinə xahiş etmişdir ki, ona kredit versinlər. Ona demişdir ki, evinə 180.000 manat pul vermişlər, əlindədir. Qalanın bankdan kredit götürəcək. Demişdir ki, notariata gələndə qalan pulu kredit götürüb gələcək. Notarius demişdir ki, burda 175.000 manat var, razı olub-olmadığını soruşmuşdur, yox demişdir. Demişdir ki, yerdə qalan pul necə olacaq? İddiaçı demişdir ki, evin çıxarışını götürüb banka qoyub, qalan pulu verəcək. Notarius demişdir ki, çatışmayan pul sənəddə göstərilməlidir. Kənan bəy demişdir ki, bu dəqiqə bankın nümayəndəsini çağırsınlar, qanuni yol budur. Şüküran razılaşmamışdır ki, özünün tanışı var, aşağı faizlə kredit verəcək. Notariusa getməmişdən bir gün əvvəl söz vermişdir ki, 15.000 manat beh gətirəcək. Evini alacağı şəxsin arvadı xəstə olmuşdur, təcili pul lazım olmuşdur. O da demişdir ki, 30.000-50.000 manat beh olaraq versin, sonra evin satıb qalanın gətirsin. 50.000 manat ilə beh müqaviləsi üçün getmişlər. Yanındakı vəkil nə edibsə, guya onlar ilkin alqı-satqı müqaviləsi bağlayırlar. Bank müdiri dostları baxmışlar ki, onun VÖEN-i yox, heç yerdə adı yox, bank kredit verməmişdir. 4 ay onu süründürmüşdür, axırı dili ilə demişdir ki, onda alınmır. Oturub gözləmişdir ki, o evi satsın sonra gəlib ondan beh istəsin. Göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-3125/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 1000 (min) manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında cavabdehə məxsus mənzilin alqı-satqı edilməsi ilə bağlı müvafiq razılaşma əldə edilmiş, iddiaçı tərəfindən cavabdehə bu razılaşmanın təminatı qismində 1000 manat məbləğində pul vəsaiti verilmiş, lakin sonradan aralarında olan anlaşılmazlıq nəticəsində alqı-satqının rəsmiləşdirilməsi baş tutmamışdır. Məhkəmə qeyd etmişdir ki, qanunun tələbinə uyğun olaraq behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı sözügedən 1000 manat məbləğini beh qismində cavabdehə verdiyini, cavabdeh də öz növbəsində həmin məbləği beh qismində qəbul etdiyini bildirsə də, tərəflər arasında bu barədə yazılı müqavilə bağlanmamış, habelə belə müqavilə notarial qaydada təsdiq edilməmişdir. Belə olan halda məhkəmə tərəflər arasında olan hüquq münasibətinə qanunda nəzərdə tutulmuş öhdəlik institutu baxımından qiymət verməyi məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh məhz evin alqı-satqısı üçün nəzərdə tutulmuş və məhz gələcəkdə baş tutacaq alqı-satqının təminatı qismində verilmiş 1000 manat məbləğində pulu özündə saxlamaqla əsassız varlanmışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 329.3, 385.1, 386.1, 389.1, 439.4, 442, 449.1, 460.1, 491.1, 491.2, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4, 218.1, 218.3-cü maddələrinə, Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci iltarixli, 2(007)-3125/2025 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.000 manat pulun və dövlət rüsumu əvəzi olaraq ödənilmiş 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-3125/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 1.000 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İlk öncə qeyd etmək istəyir ki, cavabdeh olaraq o, bu borcu ümumiyyətlə qəbul etməmiş və məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, guya onunla razılaşmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti, 121 saylı ev, 32 saylı mənzilini 225.000 manata hissə-hissə ödəniş edilməklə iddiaçıya satacaqdır. İlkin alqı-satqı müqaviləsi bağlandıqda 50.000 manat, daha sonra alqı-satqı müqaviləsi bağlandıqda (15-20 gündən sonra) 100.000 manat, evi təhvil verdikdə isə yerdə qalan məbləğ ödəniləcəkdir. Bildirmək istəyir ki, o, İddiaçı ilə makler vasitəsilə 2023-cü ilin avqust ayında tanış olmuş, ilk dəfə maklerlə birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara-Qarayev prospekti, 121 saylı evin, 32 saylı mənzilinə gələrək həmin mənzili almaq istədiyini bildirmişdir. Daha sonra, bir neçə dəfə uşağı və digər ailə üzvləri və qohumları ilə bərabər gələrək mənzilə baxmışdır. Aralarında danışıq olmuşdur ki, 50.000 manat beh müqaviləsi bağlansın. Lakin İddiaçı evi almaq üçün heç bir hərəkət etməmiş behi verməkdən yayınmışdır. Bir neçə müddətdən sonra, iddiaçı yenə onun mənzilinə gələrək mənzildə gözü qaldığını və onu almaq istədiyini bildirmişdir. Qeyd edir ki, iddiaçı ilə arasında həmin mənzilin 225.000 manata satılması razılaşdırılmışdır, yəni hissə-hissə ödəniş məsələsi olmamışdır. İddiaçı ona demişdir ki, 50.000 manat beh müqaviləsi bağlayaq, sonra isə qalan pulu isə alqı-satqı müqaviləsi bağlananda gətirəcəkdir. Lakin heç bir beh məbləği verməmişdir. Daha sonra, bildirmişdir ki, pulun bir hissəsi hazırdır, bir hissəsini isə bankdan götürəcək və müqavilə bağlanan zaman gətirəcək, yəni alqı-satqı zamanı verəcəkdir. Yenə də o, prosesi uzatmış alqı-satqı müqaviləsi bağlamaqdan yayınmışdır. İddiaçı dəfələrlə zəng edərək yalandan beh verəcəyini demiş, lakin yenə də beh verməmişdir. Fərqli-fərqli bəhanələrlə gələ-bilmədiyini bildirmişdir. Ona dəfələrlə yeni ev aldığını və həmin evin sahibinə beh verməli olduğunu bildirmişdir. Lakin İddiaçı yenə də “bugün-sabah” deyərək onu aldatmışdır. Daha sonra, 2024-cü ilin yanvar ayında, notariusa getməmişdən 3 gün əvvəl İddiaçı ona 1.000 manat beh vermişdir. Nəticədə o, yeni ev alacağı şəxsə evi başqa adama satmasın deyə beh vermişdir. Sonda o, gəlmişdir (qaynı ilə) və mənzil barədə alqı-satqı müqaviləsinin bağlanması üçün o, yoldaşı ilə birlikdə notariusa getmişdir. Notarius ondan evi neçəyə satdığını soruşmuş, oda 225.000 manat bildirmişdir. O, isə müqavilədə 175.000 manat görsənəcəyini bildirmişdir. Notarius iddiaçıya təklif etmişdir ki, olan pulu versin, qalan pulu isə bank vasitəsi ilə (ipoteka) versin və ya alqı-satqının qiymət 225.000 manat göstərilməklə, nisyə alqı-satqı müqaviləsi bağlansın. Notarius da evin dəyərinin düzgün göstərilməsə müqaviləni təsdiq etməyəcəyini bildirmiş və onu da bu barədə məlumatlandırmışdır. Lakin iddiaçı buna razı olmamışdır. Bundan sonra, mübahisənin oduğunu görərək onlara çölə çıxmalarını bildirmişdir. Həmin vaxt iddiaçı ona 175.000 manat pulu alqı-satqı müqaviləsində göstərilməklə satmağı və qalan 50.000 manatı isə mənzilə çıxarış aldıqdan sonra onu ipoteka ilə yüklü edərək bankdan pul götürüb ödəyəcəyini demişdir. Lakin o, haqlı olaraq bununla razılaşmamış, hüquqi əsası olmayan pulu (50.000 manat) sonra necə hansı əsasla ondan tələb edə bilərdi? Yəni, aralarında necə ola bilər ki, belə bir razılaşma olsun? Bildirir ki, bundan sonra da iddiaçı “whatsapp”da səslər göndərərək nisyə alqı-satqı müqaviləsində 225.000 göstərilməklə, 185.000 ödəyəcəyini qalanını isə evi təhvil aldıqdan sonra verəcəyini demişdir. Lakin dəfələrlə danışıqlarına baxmayaraq iddiaçı alqı-satqı müqaviləsini bağlamaqdan yayınmış beləliklə, danışıqlar onun tərəfindən pozulmuşdur. Artıq 2024-cü ilin mart ayında o, evini başqa şəxsə satdıqdan sonra iddiaçı ona zəng edərək “evi satmısan behimi qaytar” demişdir. O, isə ona bildirmişdir ki, verdiyi behi ev alacağı adama vermişdir, onunda behi onda batmışdır. Həmçinin qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə məhkəmə iclasında qeyd etdikləri bir-birinə zidd məlumatlardır, belə ki, iddiaçı ərizədə alqı-satqı müqaviləsinin bağlanmamasına səbəb kimi cavabdehin 225.000 manatın müqavilədə göstərilməsi tələbi, qətnamədə isə cavabdehin alqı-satqı üçün 230.000 manat istəməsi göstərilmişdir. Göründüyü kimi, iddiaçı yalan və saxta vədlərlə evi alacağına onu inandırmış, əsl niyyəti isə dələduzluqla evi 175.000 manata almaq, 50.000 manatı isə ödəməmək həmçinin alqı-satqı müqaviləsi olmuşdur. Qeyd edir ki, yuxarıda qeyd etdiklərini notarius təsdiq edə bilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-3125/2025 saylı qətnaməsi əsassız və Mülki Məcəllənin müddəlarına zidd olaraq qəbul edilmişdir. Əgər tərəflər etiraf ediblərsə ki, həqiqətən də şifahi formada beh müqaviləsi bağlayıblar, bu o deməkdir ki, bu artıq avans deyil, beh müqaviləsidir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki halları tam və hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tərəflərin davranışlarını və məsuliyyətini müəyyən etməmişdir. Bu isə məhkəmənin gəldiyi nəticənin qanunsuz və əsassız olmasına səbəb olmuşdur. Bu səbəbdən, məhkəmənin faktiki halları düzgün müəyyən etməməsi apellyasiya instansiyası tərəfindən qətnamənin ləğvi üçün müstəqil əsas təşkil edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şiakyəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Maddə 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia tam təmin edildiyindən, apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları mülki qanunvericilikdə müəyyən edilmişdir. Mülki Məcəlləyə əsasən öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri də beh müqaviləsidir. Mülki qanunvericiliyin behə verdiyi anlayışa görə beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Qanunverici beh müqaviləsinin etibarlı olması üçün onun formasını da müəyyən etmişdir. Belə ki, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduğu halda isə beh müqaviləsi notariat qaydasında təsdiq edilməlidir. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən Mülki Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Göründüyü kimi qanunverici beh müqaviləsinin etibarlı əqd olması üçün onun qanunla müəyyən edilmiş formasına əməl edilməsini tələb edir, əksi baş verdiyi halda verilmiş pul vəsaitini avans kimi ödənilmiş sayır. Hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair danışıqlar aparılmış, hər bir tərəf bağlamaq istədiyi müqavilənin şərtlərini irəli sümüş, bu istiqamətdə müvafiq razılaşma əldə edilmiş, iddiaçı tərəfindən cavabdehə bu razılaşmanın təminatı qismində 1000 manat məbləğində pul vəsaiti verilmiş, lakin sonradan tərəflər arasında olan anlaşılmazlıq nəticəsində alqısatqının rəsmiləşdirilməsi baş tutmamışdır. Apellyatorun şikayətindən isə görünür ki, onun danışıqlar zamanı qarşı tərəfdən tələb etdiyi behin məbləği 50.000 manat olmuşdur. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, araşdırma zamanı cavabdehin iddiaçıdan aldığı 1000 manat pul vəsaitinin beh deyil, avans olması müəyyən olunduğundan, cavabdeh, satmaq istədiyi mənzilinin alqı-satqısı üçün nəzərdə tutulmuş, gələcəkdə baş tutacaq alqı-satqının təminatı qismində, iddiaçıdan aldığı 1000 manat məbləğində pul vəsaitini, tərəflər alqı-satqı müqaviləsini bağlamaq fikrindən daşındıqdan sonra, özündə saxlamaqla əsassız varlanmışdır. Belə ki, mülki qanunvericiliyə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan kollegiya iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyatorun şikayətinin dəlillərini əsassız hesab edib, cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(007)-3125/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-186/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-186/2026
23.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver