Məhkəmə qərarları › İş №2(3-6)-1907/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1907/2026

02.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1907/2026 02.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılov Bayramqulu İslam oğlunun cavabdeh Cavabdeh ASC-yə qarşı “işıq xətlərinin köçürülməsi və sayğac quraşdırılmaqla, işıq xəttinin çəkilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işıq xətlərinin köçürülməsi və sayğac quraşdırılmaqla, işıq xəttinin çəkilməsi) Hakimlər: X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X5 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İsmayılov Bayramqulu İslam oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İsmayılov Bayramqulu İslam oğlunun cavabdeh Cavabdeh ASC-yə qarşı “işıq xətlərinin köçürülməsi və sayğac quraşdırılmaqla, işıq xəttinin çəkilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:

1. İddiaçı İsmayılov Bayramqulu İslam oğlu cavabdeh Cavabdeh ASC-yə qarşı «işıq xətlərinin köçürülməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ASC tərəfindən onun qanuni tikilmiş tikilinin üstünə sonradan çəkilmiş elektrik enerjisi xəttlərinin, ona maneə törətdiyi üçün oradan götürülərək başqa yerə köçürülməsi, həmin tikiliyə sayğac qoyaraq işıq xəttinin çəkilməsi və ödədiyi dövlət rüsumunun cavabdeh Cavabdeh ASC tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və qardaşı İsmayılov Davud İslam oğlunun ailəsi Bakı şəhəri, ünvan 3 ünvanında yaşayırlar. Birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla ikinci qrup əlildirlər. 2005-ci ildə qardaşı ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə ərizə ilə müraciət edərək, ailələrini dolandırmaq üçün evlərinin yaxınlığında onlara mağaza altı torpağın verilməsi üçün Binəqədi RİH-ə göstəriş verilməsini xahiş etmişdir. Çox keçmədən, Binəqədi RİH-dən onların yaşadıqları əraziyə gələrək 35 kv.m torpaq sahəsi ölçülərək onlara verilmişdir. Əlavə olaraq tikinti tikmək üçün 1.000 manat pul yardımı etmişlər. Az sonra həmin torpaq üçün Binəqədi RİHin sərəncamı onlara göndərmişlər. Həmin torpaq sahəsində o, qeyri-yaşayış sahəsi tikmişdir. Bir müddət sonra qonşuluqda yaşayan X4 həmin tikilinin sökülməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı Tamara Kərimova ərizəsini geri götürmüş və məhkəmə iddia ərizəsini baxılmamış saxlamışdır. Az sonra Tamara Kərimovanın oğlu X1 həmin tikilinin dükan kimi işlədilməsinə maneə törətmişdir. O, «maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən həmin tələbi təmin edilmişdir. 2012-ci ildə yenidən X4 şikayəti əsasında Binəqədi RİH ona qarşı «tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Binəqədi RİH-in iddiası məhkəmə tərəfindən rədd edilmişdir. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə, sonuncu məhkəmənin qətnaməsi isə Ali Məhkəmənin qərarı ilə dəyişiklik edilmədən saxlanılmışdır. Ona həmin torpaq sahəsi verilərkən və o, həmin tikilini inşa edən zaman, ona sərəncamla verilən həmin ərazidən heç bir elektrik enerjisi xətti keçmirdi. Çünki, həmin ərazidən, yəni 1980-ci ildə çəkilən işıq xətti o, tikilini tikməmişdən neçə illər əvvəldən başqa şəxslərin tikdirdiyi tikililərə görə oradan götürülərək yolun başqa hissəsinə köçürülmüşdür. Bir neçə il əvvəl dirəklərin arasındakı məsafənin uzaq olmasını əsas gətirərək həmin elektrik enerjisi xətti yenidən köhnədən qalmış elektrik enerjisi dirəyinə bağlanmışdır. Bu azmış kimi, onun etirazına baxmayaraq, yeni 0,4 kv-luq işıq xətti çəkilmişdir. Nəticədə işıq idarəsinin əməkdaşlarının qeyri-qanuni hərəkətlərinə və maraqlarına görə onun dövlət tərəfindən, sərəncamla verilən tikilisi elektrik enerjisi xəttinin altında qalmışdır. Bu qanunsuzluğa görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin göstərişi və Binəqədi RİH-in sərəncam və razılığı ilə inşa etdirdiyi tikiliyə nəinki çıxarış ala bilmir, hətta elektrik xətti çəkdirə bilmir. Dəfələrlə Cavabdeh ASC-yə etdiyi müraciətlərinə cavab ala bilməmişdir. Müraciətində cavabdehdən xahiş etmişdir ki, sonradan həmin əraziyə çəkilən elektrik enerjisi xətti ona maneə törətdiyi üçün həmin yerdən götürülsün. ##.##.2025-ci il tarixdə o, yenidən cavabdehə ərizə ilə müraciət etmişdir. ##.##.2025-ci il tarixli, 13-13/2-2/01-3-İ 3126-5/2025 saylı məktubla imtina cavabı almışdır. Cavabda göstərilir ki, ona elektrik verilişi xəttinin yerinin dəyişdirilməsi üçün «ASAN xidmət» mərkəzinə müraciət etməsi tövsiyə olunmuşdur. Əgər işıq xəttinin yerinin dəyişdirilməsi cavabdehin günahı və marağı ucbatından baş vermişdirsə, o niyə «ASAN xidmət»ə müraciət etməlidir və əlavə pul ödəməlidir.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddiaçı İsmayılov Bayramqulu İslam oğlunun cavabdeh Cavabdeh ASC-yə qarşı «işıq xətlərinin köçürülməsi və s.» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı qeyri-qanuni hərəkətlərə yol verilməmiş, əksinə, təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının inşa etdiyi tikilinin üzərindən keçən elektrik enerjisi verilişi xətti ona torpaq sahəsi ayrılmamışdan öncədən mövcuddur, elektrik verilişi xətti texniki təqdim edilmiş sənədlərdə olan göstəricilərlə eynilik təşkil edir, həmin ərazidə yeri dəyişdirilməmiş, dəyişdirilməsi üçün iddiaçıya müvafiq prosedur izah edilərək bununla bağlı müəyyən sənədləşmə işləri aparılsa da, sonda iddiaçı 11.320,37 manat pul vəsaiti ödəməyərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, Cavabdeh ASC tərəfindən onun qanuni tikilmiş tikilinin üstünə sonradan çəkilmiş elektrik enerjisi xətlərinin, ona maneə törətməsi və oradan götürülərək başqa yerə köçürülməsinə dair tələblərinin əsaslı olmasına dair hüquqi mövqeyini sübut edə bilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:

5. İddiaçı İsmayılov Bayramqulu İslam oğlu qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi məhkəməyə sübut kimi saxta bir hava xəttinin pasportunu təqdim edib. Çünki, keçən bir il ərzində cavabdehin nümayəndəsi məhkəmə iclaslarında dəfələrlə demişdir ki, həmin sözügedən hava xəttinə aid olan texniki pasport Cavabdeh ASC-də yoxdur və ona görə də onlar bunu məhkəməyə təqdim edə bilmirlər. Lakin cavabdehin yeni nümayəndəsi bu hava xəttinə aid arxivi bəlli olmayan sənəd təqdim etdi. Həmin sənəd ona təqdim olunanda ona məlum oldu ki, bu sənəd tamamilə saxta sənəddir. Bu zaman o, məhkəmədə vəsatətlə çıxış edərək bildirdi ki, bu sənədin saxta olub-olmamasını araşdırmaq üçün məhkəmə ekspertizası təyin edilsin. Çünki, bu iş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 294-cü maddəsinin (sübutları saxtalaşdırma) tərkib hissəsi olduğundan iş araşdırılmalı və hüquqi qiymət verilməlidir. Lakin vəsatətinə məhkəmə tərəfindən hüquqi qiymət verilməyərək baxılmadı. O həmin təqdim olunan sənədin saxta olmasını aşağıdakı faktlarla sübut edə bilər: Cavabdehin ona göndərilən məktubunda göstərilir ki, həmin xətt həmin əraziyə 1980-ci ildə çəkilmişdir. Bu təqdim olunan pasportda isə göstərilir ki, 1988-1990-cı ildə çəkilmişdir. Hava xəttinin pasportu ##.##.2019-cu ildə tərtib olunub. Hava xəttinin pasportunda bütün qeydlər 1988-ci ildən 2019-a qədər eyni qələmlə və eyni şəxs tərəfindən aparılmışdır. Lazım gələrsə məhkəmə ekspertizası təyin edib yoxlatdırmaq olar. 1988-ci ildə latın əlifbası olmadığı halda yazılar latın əlifbası ilə qeyd olunmuşdur. Möhür latın qrafikasında yazılmışdır və vurulmuşdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ##.##.2015-ci il tarixli sərəncamına əsasən “xxxx” ASC-nin adı dəyişdirilərək Cavabdeh ASC adlandırıldı. Belə olan halda 1980-1988-1990-cu illərdə “xxxx” ASC kimi qeyd olunmalı idi. Çünki o vaxt hələ Cavabdeh ASC yaranmamışdı. İşıq xəttinin sxemi 1980- 1990-cı illərə uyğun düzgün tərtib olunmamış, sonrakı dövrlərə uyğun tərtib edilmişdir. Əlavə olaraq bildirir ki, sxemdə küçənin adı Əli Məmmədov kimi göstərilmişdir. Hansı ki, həmin küçəyə Əli Məmmədov adı 1992-ci ildən sonra verilib. Cavabdeh tərəfindən 1988- 1990-cı illərinə uyğun “xxxx” ASC-yə aid heç bir arxiv sənədlərini məhkəməyə təqdim edə bilmədilər. Lakin onun əvəzinə yeni dövrə aid saxta sənəd təqdim olundu. Təqdim olunan pasportda cavabdeh özü də açıq şəkildə etiraf edir ki, 4 dəfə hava xətti dəyişdirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İsmayılov Bayramqulu İslam oğlu çıxış edərək bildirmişdir ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, apellyasiya şikayətinin dəlillərinə etiraz edir və təmin olunmamasını xahiş edir.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

11. «xxxx»:

Bənd 3.2. Dövlət elektroenergetika müəssisəsinin, enerji təchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçıların, o cümlədən subabonentlərin tikinti obyektlərinin elektrik qurğuları istismara buraxılmazdan əvvəl, onlar təhvil-təslim sınaqlarından keçirilərək, quraşdırma təşkilatından aktla sifarişçi tərəfindən qəbul edilməlidir. 200 kVt-dan yuxarı elektrik qurğularına münasibətdə sifarişçi öz elektrik qurğularına baxış keçirmək və istismara buraxılış aktı almaq üçün həmin qurğuları, eləcə də bu Qaydaların 3.2-1-ci bəndində qeyd edilən sənədləri X12 Agentliyinə təqdim etməlidir. X12 Agentliyi tərəfindən sifarişçinin, tikinti-quraşdırma işlərini yerinə yetirən müəssisənin və ETM-in nümayəndələrinin iştirakı ilə görülən işlərə baxış keçirilir və texniki şərtlərin, enerji təchizatı layihəsinin, elektrik xətlərinin çəkilməsi və elektrik qurğularının quraşdırılması qaydalarının tələblərinin tam yerinə yetirilməsi müəyyən edildiyi halda, X12 Agentliyi tərəfindən “Energetika haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elektrik qurğusuna istismara buraxılış aktı verilir. Bənd 3.2-1. X12 Agentliyi tərəfindən 200 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi ərizə və aşağıdakı sənədlər əsasında keçirilir: 3.2-1.1. enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər; 3.2-1.2. Enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi; 3.2-1.3. tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı; 3.2-1.4. elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti; 3.2-1.5. kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu; 3.2-1.6. transformatorun və avadanlıqların sınaq-sazlama protokolu; 3.2-1.7. elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı; 3.2-1.8. elektrik sayğacının quraşdırılması aktı; 3.2-1.9. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1-18.2.4-cü maddələrində qeyd edilən sənədlər. 3.2-2. 200 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Bənd 3.3. Elektrik qurğularının istismara buraxılış qaydaları yeni tikilmiş və ya əsaslı təmir edilmiş yaşayış binalarının, yaşayış evlərinin elektrik xətlərinə və elektrik avadanlıqlarına da aid edilir. Bənd 3.4. Elektrik qurğularının istismara buraxılışı, yaşayış evlərinin elektrik xətləri və elektrik avadanlıqları istisna olmaqla, yalnız sifarişçidə müvafiq elektrotexniki heyətin və elektrik təsərrüfatına cavabdeh şəxsin olduğu halda mümkündür. Yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür. Bənd 3.5. Yeni elektrik qurğularına gərginliyin verilməsi yalnız uçot cihazları quraşdırılıb yoxlanıldıqdan 200 kVt-dan yuxarı elektrik qurğularına münasibətdə isə, X12 Agentliyi tərəfindən istismara buraxılış aktı verildikdən, elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlandıqdan sonra yerinə yetirilir. Bənd 3.6. Elektrik qurğularının quraşdırılmasında çatışmazlıqlar, qoşulma üçün verilmiş texniki şərtlərdən, “Elektrik qurğularının quraşdırılması qaydaları”ndan və başqa normativ sənədlərdən kənara çıxmalar aşkar edildikdə, yaxud həmin qurğulara xidmət etmək üçün hazırlanmış elektrotexniki heyət olmadıqda, göstərilən çatışmazlıqlar aradan qaldırılmayana kimi onların istismara buraxılmasına icazə verilmir. Bənd 3.7. İşi mövsümi xarakter daşıyan istehlakçıların (düşərgələr, istirahət evləri, istirahət zonaları və s.) elektrik qurğuları hər il işə qoşulmazdan əvvəl enerji təchizatı müəssisəsi tərəfindən onlara baxış keçirilməlidir və bu zaman istehlakçı elektrik qurğularının sınaq və təftiş protokollarını enerji təchizatı müəssisəsinin əməkdaşına təqdim etməlidir. İşi mövsümi xarakter daşıyan elektrik qurğularına enerji təchizatı müəssisəsi tərəfindən texniki baxış keçirildikdən və şəbəkəyə qoşulması barədə akt tərtib edildikdən sonra həmin qurğuya gərginlik verilir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

16. İşin halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ * saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində İsmayılov Bayramqulu İslam oğlunun adına qeydiyyata alınmışdır.

17. Binəqədi rayonu Enerji Təchizatı və Satışı İdarəsinin ##.##.2025-ci il tarixli, **/** saylı məktubundan görünür ki, İdarənin əməkdaşları tərəfindən İsmayılov Bayramqulu İslam oğlunun yaşadığı ünvanda sonuncu ilə görüş keçirilmiş və şikayəti yerində araşdırılmışdır. Məlumat üçün nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2024-cü il tarixli, *** saylı Qərarına əsasən elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılması qadağan edilmişdir. İddiaçının qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış obyektinin yaxınlığından 582-589, 10 kV hava xətti keçdiyi üçün mühafizə zonasına düşür. Həmin hava xətti 1980-ci ildən istifadəyə verilib və gərginlik altındadır. Eləcə də, qeyd olunmuşdur ki, 10 kV-luq h/xnin altından 0,4 kV-luq ÖİN xətti keçir.

18. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qonşuların notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, qonşular Cavabdeh ASC tərəfindən salınan işıq naqillərinin 2020-ci ildən bu günədək dəfələrlə dəyişdirildiyi və son dəyişiklik zamanı iddiaçının mənzilinin üzərindən salındığını qeyd etmişlər.

19. Hazırda iddiaçının tələbi 2 hissədən ibarətdir: 1) Cavabdeh Cavabdeh ASC tərəfindən iddiaçının inşa etdiyi tikilinin üstünə çəkilmiş elektrik enerjisi xəttlərinin götürülərək başqa yerə köçürülməsi; 2) İddiaçı tərəfindən inşa edilmiş tikiliyə sayğac qoyularaq işıq xəttinin çəkilməsi.

20. Məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ilkin olaraq araşdırılmalı məsələ cavabdeh tərəfindən çəkilmiş elektrik enerjisi xətlərinin iddiaçı tərəfindən tikilinin inşa edilməsindən əvvəl və ya sonra çəkilməsinin müəyyən edilməsi, həmçinin elektrik enerjisi xəttlərinin iddiaçıya hər hansı maneçilik törədib-törətməməsinin müəyyən edilməsidir.

21. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış qətnamələrlə ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin inşa edilməsi və tikilinin inşa edildiyi torpaq sahəsi ilə faktlar müəyyən edilmişdir. Bu səbəbdən həmin halların yenidən araşdırılmasına ehtiyac yoxdur.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

23. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən müəyyən edilir ki, “Bələdiyyə torpaqlarının müvəqqəti icarəyə verilməsi” barədə müqaviləyə əsasən ##.##.2005-ci il tarixdə M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətində olan Ağa Nemətulla küçəsi 9 ünvanında yerləşən 35 kv.m torpaq sahəsində “dəmir budka və bağ bostan” təyinatı məqsədi ilə istifadə edilməsi üçün torpaq sahəsi İsmayılov Bauramqulu İslam oğlunun istifadəsinə verilmişdir.

24. Cavabdeh ASC-nin ##.##.2025-ci il tarixli, 13-13/2-0/01-3-İ3126-5/2025 saylı məktubundan görünür ki, İsmayılov Bayramqulu İslam oğlunun Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağa Nemətulla küçəsində elektrik verilişi xəttinin yerinin dəyişdirilməsi barədə müraciətinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, qeyd olunan ərazidə 10 kV-luq hava elektrik verilişi xətti 1980-ci ildə quraşdırılıb istismara verilmişdir. Məlumat üçün bildirilmişdir ki, qeyd olunan ərazidə 0,4 kV-luq ÖİN elektrik verilişi xətti keçir. Əlavə olaraq bildirilmişdir ki, elektrik verilişi xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə «ASAN xidmət» mərkəzinə müraciət etməsi tövsiyə olunmuşdur.

25. Göründüyü kimi, iş materiallarının araşdırılması zamanı müəyyən edilir ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsinə verildiyi dövrdə qeyd olunan ərazidə 10 kV-luq hava elektrik verilişi xətti artıq quraşdırılıb istismara verilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda cavabdeh orqan tərəfindən iddiaçının hüquqlarının pozuntusu halı öz əksini tapmamış, bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Hava xəttinin ##.##.2019-cu il tarixli pasportundan görünür ki, 1988-ci ildən 2019-cu ilə qədər bu xətlərin yenilənməsi həyata keçirilmişdir. Başqa sözlə, işıq dirəyinin dəyişdirilməsi halı baş verməmişdir.

26. İş materiallarına əlavə edilmiş texniki sənədlərdən görünür ki, iddia ərizəsində mübahisələndirilən elektrik xətti eyni ərazidən keçməklə, texniki sənədlərdə göstərilmiş ərazidə yerləşir. Elektrik enerjisi xəttində (kabellərdə) təmir işləri görülsə də, həmin xəttin yeri dəyişdirilməmişdir.

27. İş materiallarına qonşuluqda yaşayan şəxslərin ərizələri əlavə edilmişdir. Ərizələrin məzmunundan görünür ki, qonşuların bildirdiklərinə görə “xxxx ASC tərəfindən salınan işıq naqilləri 2020-ci ildən bu günədək dəfələrlə dəyişdirilmiş və son dəyişiklik zamanı qonşuluqda yerləşən İsmayılov Bayramqulu İslam oğluna məxsus Bakı şəhəri, ünvan 4 ünvanında olan 108.20 kv.metr olan mənzil üzərində salınmışdır.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qonşuların ərizələrində qeyd etdiyi hallar digər sübutlarla öz təsdiqini tapmadığı üçün mötəbər sübut qismində qiymətləndirilə bilməz.

29. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh ASC-nin ##.##.2025-ci il tarixli, 13-13/2-0/01-3-İ3126-5/2025 saylı məktubunda iddiaçıya elektrik verilişi xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə «ASAN xidmət» mərkəzinə müraciət etməsi tövsiyə olunmuş, bundan sonra sifarişçi İsmayılov Bayramqulu İslam oğlu ilə icraçı Cavabdeh ASC adından «Asan Xidmət»lə iş departamenti arasında ##.##.2025-ci il tarixli, **-****/** saylı xidmət göstərilməsi haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən sifarişçinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ağa Nemətulla küçəsində yerləşən sifarişçiyə məxsus fərdi yaşayış evinin yerləşdiyi ərazidən keçən 10 kV-luq EVX-nin yerinin dəyişdirilməsi işlərini tapşırılması, icraçının isə xidmətlərin göstərilməsinə dair qiymətlərin razılaşdırılması protokolunda göstərilən işlərin görülməsi və avadanlıqların quraşdırılmasını öz öhdəsinə götürməsinə dair müqavilə bağlanmışdır. Müqavilədə müqavilənin predmetindən başqa, xidmətlərin göstərilmə qaydası, tərəflərin öhdəlikləri və onların məsuliyyəti, müqavilənin qiyməti və hesablama qaydası, müqavilənin müddəti, məxfilik məsələləri, mübahisələrin həlli qaydası və s. şərtlər təsbit olunmuşdur. Müqaviləyə qiymətlərin razılaşdırma protokolu, eləcə də, baxış aktı əlavə olunmuşdur. Müqavilə üzrə ödəniləcək yekun məbləğ 11320 AZN təşkil edir.

30. Göründüyü kimi, iddiaçıya maneçilik yaratdığı iddia edilən elektrik verilişi xəttinin yerinin dəyişdirilməsi ilə bağlı icraçı Cavabdeh ASC adından «Asan Xidmət»lə iş departamenti arasında ##.##.2025-ci il tarixli, ******/** saylı xidmət göstərilməsi haqqında müqavilə tərtib edilmiş müqaviləyə elektrik dirəyinin dəyişdirilməsi ilə bağlı smeta, həmçinin baxış aktı əlavə edilmiş, sözügedən akta Cavabdeh ASC əməkdaşları ilə yanaşı İsmayılova Zeynəb adlı şəxs də imzalamışlar. Müqavilə və smetadan müəyyən edilir ki, həmin işin icra edilməsi üçün cəmiyyətə 11.320,37 manat pul vəsaiti ödənilməlidir. Lakin iddiaçı imkanının olmamasını əsas gətirərək müqavilənin imzalanmasından boyun qaçırmışdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh ASC tərəfindən iddiaçıya elektrik verilişi xəttinin yerinin dəyişdirilməsi və ona yaradılan maneələrin aradan qaldırılması ilə bağlı müəyyən istiqamətlər verilmiş, bu istiqamətdə addımlar atılsa da sonlanmamışdır.

32. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı hazırkı iddia tələbində bu maneələrin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həllini tapmasına çalışsa da, iddiaçının tələbinin təmin edilməsi üçün faktiki və hüquqi əsaslar müəyyən edilmir.

33. İddiaçının digər tələbi inşa edilmiş qeyri-yaşayış sahəsinə sayğac qoyularaq işıq xəttinin çəkilməsi barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, bu tələb iddiaçının ilkin çəkilmiş elektrik enerjisi xəttlərinin, ona maneə törətdiyi üçün oradan götürülərək başqa yerə köçürülməsi tələbindən törəmə olduğu üçün, həmçinin ilkin tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün hər hansı digər əlavə araşdırmanın aparılmasına ehtiyac yoxdur, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı İsmayılov Bayramqulu İslam oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Vahid Sadıqov Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar