Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-191/2026 02.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, İddiaçı1 Cavabdeh ASC-yə (Bakı şəhəri Xəzər rayon icra şöbəsinə) qarşı “hesabat nəticələrinin ona təqdim edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5069/2025 nömrəli 26 dekabr 2025-ci il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aliment öhdəlikləri üzrə qalan cəmi borcunun cavabdeh tərəfindən hesablanmasına və həmin hesabatın nəticələrinin cavabdeh tərəfindən ona təqdim edilməsinə dair məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5069/2025 nömrəli 26 dekabr 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. İddiaçıların verdiyi şikayət məhkəmənin 06 yanvar 2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş üzrə yeni qərardad qəbul edilməklə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Məhkəmə iddia ərizəsini icraata qəbul etməkdən imtina edərkən qeyd etmişdir ki, “İddiaçı1 iddia ərizəsində aliment öhdəlikləri üzrə qalan cəmi borcunun cavabdeh tərəfindən hesablanmasına və həmin hesabatın nəticələrinin cavabdeh tərəfindən ona təqdim edilməsi ilə bağlı tələb qoymuşdur. İddiaçıya izah olunmalıdır ki, aliment borcu ilə bağlı məktubu müvafiq icra şöbəsi verməlidir.” Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddia səhv cavabdehə (Cavabdeh ASC) qarşı qaldırılmışdır, hazırkı tələbə cavab verməli olan şəxs Xəzər rayon İcra şöbəsidir. Əvvəla qeyd olunmalıdır ki, həmin dəlil formaldır, çünki iddia ərizəsinin qrafaya salınmış “tərəflər” bölməsində Cavabdeh ASC göstərilsə də, “Ərizənin mətni” bölməsində cavabdehin Xəzər rayon İcra şöbəsi olması açıq ifadə olunmuşdur. İddia ərizəsinin mətnindən və məzmunundan da açıq şəkildə aydın olur ki, iddiaçının tələbi məhz icra orqanına qarşı yönəlib. İş materiallarından göründüyü kimi iddiaçı iddia ərizəsində (PDF forması) cavabdeh qismində Bakı şəhəri Xəzər rayon İcra şöbəsini cavabdeh qismində göstərsə də, iddia ərizəsi elektron formada tərtib olunarkən cavabdeh qismində Cavabdeh ASC göstərilmişdir. Ona görə də iddia ərizəsinin məhz həmin əsasla icraata qəbul edilməsindən imtina oluması düzgün nəticə olmamışdır. Bununla yanaşı, Kollegiya hesab edir ki, hazırkı tələb üzrə cavabdeh Xəzər rayon İcra şöbəsi hesab olunsa belə, iddia ərizəsi icraata qəbul oluna bilməz. Çünki hazırki iddia tələbinin mahiyyəti iddiaçının aliment öhdəlikləri üzrə qalan borcunun cavabdeh tərəfindən hesablanması və həmin hesabatın nəticələrinin ona təqdim edilməsindən ibarətdir. Kollegiya qeyd edir ki, hazırki tələb məhkəmə qaydasında baxılmalı tələb deyildir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən, alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə isə borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Göründüyü kimi, aliment borcunun hesablanması, borcun müəyyən edilməsi üçün icra məmuruna müraciət edilməlidir. İcra məmurunun hərəkət və ya hərəkətsizliyindən isə icra orqanın yerləşdiyi yer üzrə birinci instansiya məhkəməsinə şikayət oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. İddiaçı1 Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə qarşı “hesabat nəticələrinin ona təqdim edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-5069/2025 nömrəli 26 dekabr 2025-ci il tarixli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. İddiaçı1 Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə qarşı “hesabat nəticələrinin ona təqdim edilməsi tələbinə dair” iddia ərizəsinin icraata qəbulundan imtina edilsin və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiçıya izah edilir ki, hazırki tələblə onun müvqafiq icra şöbəsinə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-191/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-191/2026
02.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver