Məhkəmə qərarları › İş №2(3-6)-200/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-200/2026

02.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-200/2026 02.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6544/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı paylı mülkiyyət hüququ əsasında məxsus olan, ünvan 1 ünvanında yerləşən 58,40 kv.m sahədən ibarət fərdi yaşayış evinin və həmin ünvada yerləşən 0,070150 ha torpaq sahəsinin ½ hissəsinin naturada (fiziki formada) bölünməsi və həmin hissənin üzərində iddiaçının tam mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 58,40 kv.m sahədən ibarət fərdi yaşayış evinin və həmin ünvan üzrə yerləşən 0,07 ha torpaq sahəsinin ½ hissəsinin paylı mülkiyyətçisidir. İddiaçı mülkiyyət hüququ ilə bağlı “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən çıxarış (xx.xx.2023 tarixli, ********** qeydiyyat nömrəli, **********74-10301 reyestr nömrəli) və xx.xx.2023 tarixli Texniki Pasport almışdır. Fərdi yaşayış evinin və torpağın digər ½ hissəsi isə iki nəfər paylı mülkiyyətçiyə məxsusdur: Cavabdeh (cavabdeh) və X7 (vəfat etmişdir). Həmin fərdi yaşayış evinin müvafiq hissəsi iddiaçının anası Sevinc Paşayeva tərəfindən xx.xx.2004-cü ildə X1 notariat alqı-satqı müqaviləsi əsasında alınmışdır. Həmin fərdi yaşayış evi və torpaq sahəsi iddiaçı tərəfindən əldə edilməmişdən əvvəlki illərdə tam razılıqla bölünmüşdür. Belə ki, əvvəlki mülkiyyətçilər (Pəlvanəli Əlizadə, Aygün Bafadarova və Aliyə Bafadarova) öz aralarında xx.xx.2002-ci il tarixli Akt əsasında torpaq sahəsini demək olar ki, bərabər şəkildə Balaxanı Bələdiyyəsinin iştirakı və təsdiqi ilə bölmüşlər (surəti əlavə edilir) və mübahisəsiz şəkildə həmin şəkildə yaşanılmışdır. Həmin Akt əsasında baş verən bölgü xx.xx.2003-cü il tarixli Texniki Pasportda da öz əksini tapmış və dəqiq əks olunmuşdur. Bundan sonra keçmiş paylı mülkiyyətçi X6 Bakı şəhəri Sabunçu rayon məhkəməsində iddia qaldıraraq “vərəsəlik hüququnun tanınması, mirasın paylar üzrə bölünməsi, torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və s.” barədə iddia qaldırmışdır. İddia həmin məhkəmənin xx.xx.2003-cü il tarixli, 2- 203/2003 saylı qətnaməsi (hakim S. Səlimova) ilə təmin edilmiş, fərdi yaşayış evi hazırkı paylı mülkiyyət hüququ şəklində bölünmüş, 0,07 ha torpaq sahəsi yarı hissədə, hər kəsin istifadəsinə 3,5 sot olmaqla verilmişdir. Həmin vaxtdan bu günə qədər, yəni 23 ildən artıq bir müddətdə fasiləsiz və mübahisəsiz şəkildə bu şəraitdə yaşanılmışdır. Son illərdə isə paylı mülkiyyətdə olan hissənin bölünməsinə və naturada ayrılmasına zərurət yaranmışdır. Belə ki, Arayışdan da göründüyü kimi həmin ünvanda çoxsaylı şəxslər qeydiyyatdadır. Həmin şəxslərin heç birinin iddiaçıya aidiyyatı yoxdur. Eyni zamanda həmin torpaq sahəsində olan və mülkiyyətində olan evin hissəsi tam yarasız vəziyyətə düşmüş, dəfələrlə sökülməsi barədə aidiyyatı qurumlara müraciət edilmişdir. Hazırda paylı mülkiyyətçi kimi yaşamaq üçün heç bir hüquqi, mənəvi bağlılıq mövcud deyil və bu hal, yəni torpaq sahəsinin naturada ayrılaraq ayrıca mülkiyyət kimi adına rəsmiləşməməsi, iddiaçının mülkiyyət hüquqlarını pozur. Belə ki, istənilən hüquqi əməliyyat zamanı digər paylı mülkiyyətçilərin yazılı razılığı tələb olunur. Məhz bu kimi məsələlərə görə aralarında illərdir narazılıq və mübahisələr mövcuddur. Bu baxımdan iddiaçı paylı mülkiyyətində olan torpaq sahəsinin naturada, fiziki olaraq bölgüsünü tələb edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6544/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsü” tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardad ilə razılaşmayan iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixində qərardaddan şikayət verərək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə həmin məhkəmədə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə qərardad qəbul edərkən qərarın hüquqi əsası kimi əsaslandığı MPM-in 261.0.1 maddəsinə istinad etmiş, lakin həmin maddənin tələbələrini də pozmuşdur. Həmin maddəyə görə işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim işə xitam verir. Lakin hakim qərardadı çıxararkən işə ümumiyyətlə məhkəmədə baxılmalı olmamasını və ya məhz mülki məhkəmə qaydasında baxılmalı olmamasına aydınlıq gətirməmişdir. Əgər işə məhkəmə qaydasında baxılmalı deyildirsə bu zaman aidiyyatı inzibati orqana müraciət etməklə bağlı prosedurlar izah edilməli idi. Əgər işə məhz mülki məhkəmə icra qaydasında baxmalı deyildirsə, o zaman müvafiq məhkəmə icraatı qaydası təsbit olunmalı idi. Hazırki qərardadda isə biz nə qədər belə hüquqi müəyyənliyə rast gəlmirik və bu qərardadın belə əsaslandırılması hüquqi qeyri-müəyyənlik yaradır. Hazırki mübahisədə nə tərəflər eynidir, nə predmet, nə də hüquqi əsaslar. İşin hallarından da görünür ki, müvafiq məhkəmə qətnaməsi ilə 2003-cü ildə qaldırılan iddia zamanı işin “hüquqi əsası vərəsəlik” olmuşdur, yəni keçmiş paylı mülkiyyətçilər vərəsəlik ilə bağlı hüquqi mübahisə açmışlar, hazırda isə mübahisə vərəsəliklə bağlı deyil, sırf əmlak bölgüsü ilə bağlıdır. Əvvəlki məhkəmə qətnaməsi vərəsəlik hüquq münasibətlərini müəyyənləşdirdiyi halda, hazırkı hüquqi mübahisənin hüquqi əsasları Mülki Məcəllənin paylı mülkiyyət hüququna xitam verilməsi ilə bağlı olan əmlakın bölünməsi sahəsində hüquq normaları təşkil edir, bu işdə mübahisənin predmeti də tamamilə fərqlidir. Belə ki, mübahisənin obyekti eyni olduğu halda, hakim hüquqi yanaşmasında və qiymətləndirməsində səhvə yol verərək iddianın obyektini iddianın predmeti ilə eyniləşdirmişdir. Göründüyü kimi mübahisənin obyekti fərdi yaşayış evi və torpaq sahəsi olsa da, predmeti daha geniş bir anlam kəsb edir. Mübahisə obyekti müvafiq fərdi yaşayış evi və torpaq sahəsidir lakin mübahisənin predmeti tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteridir. Bu yanaşma Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2022-ci il tarixdə qərarında da öz təsbitini tapmışdır. Belə ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadın 38-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Həmin Qərardadın 40-cı bəndinə əsasən, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb-verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6544/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6544/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2- 203/2003 nömrəli xx.xx.2003-cü il tarixli qətnaməsindən görünür ki, əsas iddia qismən, qarşılıqlı iddia tam təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Səfəvilər küçəsi ev 1A döngə 1-də yerləşən mülk X2 qanuni mülki hesab edilməsi, həmin mülkə X3, X4 və Cavabdeh vərəsəlik hüququnun tanınması, mübahisəli mülkün ½ payı yəni sahəsi 17,2kv.m və sahəsi 12,7kv m olan iki yaşayış otağı, sahəsi 10,1 kv.m olan mətbəx X3, sahəsi 8,3 kv.m və 12,0 kv.m olan iki yaşayış otağı, sahəsi 7,7 kv.m olan mətbəx isə ¼ payda X5, ¼ pay da Cavabdeh mülkiyyəti hesab edilməsi, aparılmış bölgü üzrə onların hər birinin adına qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhər Ti və MHQİ-yə həvalə edilməsi, həmin mülkün 7 sot olan torpaq sahəsinin yaşayış evlərinin quruluşu istiqamətində, yerin relyefi nəzərə alınmaqla, düz xətt istiqamətində aparılmış bölgü uzrə 3,5 sotu Aygün Bafadarovanın istifadəsinə, 3,5 sotu X5 və Cavabdeh istifadəsinə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ********** qeydiyyat nömrəli .07.2023-cü il tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ¼ hissədə X5, ¼ hissədə Cavabdeh, ½ hissədə isə İddiaçı mülkiyyətindədir. Birinci instansiya məhkəməsi göstərilənləri nəzərə alaraq qənaətini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə payları və həmin payların natura üzrə bölgüsü (faktiki sahədə (istifadə vəziyyətində) xx.xx.2003-cü il tarixli qətnamə ilə aparılmaqla müəyyən edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin payın sadəcə ½ hissəsi İddiaçı keçmişdir, yəni tərəfin dəyişməsinə baxmayaraq faktiki vəziyyətdə dəyişən heç nə yoxdur və əvvəlki qətnamə ilə aparılmış torpaq sahəsi və fərdi yaşayış evinin naturada bölgüsü qüvvədədir. Bununla bağlı tərəflər çıxarış da almışdır Göründüyü kimi, eyni tərəf olmasa da mübahisə predmeti olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin naturada (fiziki) bölgüsü məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə uzun illər əvvəllər aparılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-203/2003 nömrəli xx.xx.2003-cü il tarixli qətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə paylar müəyyən edilmişdir. Hazırki tələb isə ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölgüsü ilə bağlıdır. Eyni zamanda, mübahisə predmeti ilə yanaşı iş üzrə tərəflər eyni deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Kollegiya hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həll edilən mübahisə hazırki iddianın predmeti ilə eynilik təşkil etmədiyindən və mübahisə tərəfləri eyni olmadığından hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması zərurətindən irəli gələrək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6544/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi müəyyən edən 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6544/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6544/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar