Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2013/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «sonralar aradan qalxmış əsasa söykənən əsassız varlanma») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Şirvan şəhər prokurorluğunun ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilib ki, Şirvan şəhər polis şöbəsindən daxil olmuş məlumatda Şirvan şəhər sakini İddiaçı 102 XZM-yə zəng edərək Cavabdeh avtomobil alması, ödənilməmiş cərimələrə görə avtomobilinin YPX inspektoru tərəfindən avtomobilin duracağa yerləşdirilməsi və Cavabdeh onu təhqir etməsi səbəbi ilə intihar edəcəyini bildirməsi qeyd edilmiş və faktla bağlı araşdırılma aparılmışdır. Məsələ ilə ilə əlaqədar Cavabdeh izahat verərək bildirib ki, İddiaçı tanıyır, ona məxsus "Chevrolet Cobalt" markalı, **- YF-*** dövlət qeydiyyat nişanlı avtomobili şəxsi ehtiyacları üçün lizinq müqaviləsi əsasında ilkin olaraq 4150 manat ödəməklə almışdı, sonradan imkanı olmadığı üçün həmin avtomobili internetdə satışa qoymuşdu. İddiaçı ondan avtomobili kreditə istəmiş, 36 aylıq kreditlə gündə 40 manat ödəməklə avtomobili sonuncuya satmışdır. Ona həmin pulun 10 manatı qazanc olaraq çatırdı, belə ki, gündəlik 20 manat lizinq borcuna görə yığılırdı, 10 manat isə avtomobilin xərclərinə görə hesablanırdı. İddiaçı dəfələrlə ödənişi gecikdirir və 900 manat ödənilməmiş borcu yaranmışdı, həmçinin avtomobilin üzərində 510 manat cərimə cəzası var idi. İddiaçı avtomobilin cərimələrini ödəmədiyi üçün YPX əməkdaşları tərəfindən Bakı şəhərində saxlanılmışdı və avtomobil duracağa yerləşdirilmişdi. Avtomobilin ödənilməmiş cərimələrini İddiaçı telefonla danışıq zamanı tələb etsə də, sonuncu həm borcu, həm də cəriməni qərəzli şəkildə ödəməyəcəyini bildirmişdir. Bundan sonra o, avtomobilin cərimələrini ödəyib duracaqdan çıxartmış və həmin avtomobili tanımadığı bir şəxsə satmışdır. İddiaçı avtomobil duracaqda olan zaman dəfələrlə onu öldürməklə təhdid edib həmçinin telefonla danışıq zamanı ünvanına söyüşlər demişdir. Həmin avtomobil lizinqdə olduğu üçün o, ödəniş etmək qabiliyyətində deyildi və buna görə də avtomobili 1850 manat ilkin ödənişlə satmışdır. Həmçinin, avtomobilin qalan borcunu alan şəxs özü lizinq şirkətinə ödəyəcəyini bildirmişdir.
2. “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli, **** saylı mütəxəssis rəyində göstərilib toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində, buraxılış ili 2023- cü il olan, ban No XWBJA69V9RA000615, mühərrik No B15D213232562AUZX0180, gümüşü metal rəngli "Chevrolet Cobalt" minik markalı nəqliyyat vasitəsinin qiymətləndirmə tarixinə olan bazar dəyəri tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təxminən 23000 manat müəyyən olunmuş, həmçinin həmin nəqliyyat vasitəsinin 10 ay müddətində gündəlik taksi fəaliyyəti nəticəsində amortizasiyası nəzərə alınmaqla dəyəri 18 000 manat kimi qeyd edilmişdir. Belə ki, nəqliyyat vasitəsi 10 ay müddətində gündəlik taksi fəaliyyəti nəticəsində təxminən 5000 manat dəyər itirmişdir (amortizasiyaya uğramışdır).
3. ##.##.2024-##.##.2026-cı il tarixlərini əhatə edən ödəniş qəbzlərinə əsasən İddiaçı sözügedən dövrdə A*****R*****N***** qızı, O*****M*****N***** oğlu, A*****A*****E***** qızı adlı bank hesablarına ümumilikdə 11650 (gündəlik təqribi 30, 40, 50) manat olmaqla ödənişlər (son ödəmə ##.##.2024) olunmuşdur.
4. ## ###### 2024-cü il tarixli daxili lizinq müqaviləsinə əsasən "Chevrolet Cobalt" minik markalı nəqliyyat vasitəsi satıcı “xxxx” MMC tərəfindən alıcı Cavabdeh ilə avtomobilin dəyəri 25850 manat təşkil edən ilkin ödəniş lizinq ödənişi kimi 3500 manat olmaqla satıcıya ödənilməsi öhdəliyi ilə 60 ay müddətinə illik 16 % həcmində mükafat hesablanma şərtləri ilə müqavilə bağlanmışdır.
5. ## ###### 2024-cü il tarixli daxili lizinq müqaviləsi üzrə hesabdan çıxarışa əsasən ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək cəmi 5954.5 manat mədaxil olunmuşdur.
6. Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2025-ci il tarixli məktubunda göstərilib ki, "Chevrolet Cobalt LTZ" minik markalı, buraxılış ili 2023 olan, **-YF-*** dövlət qeydiyyat nişanlı avtomobil hazırda “xxxx” MMC-nin mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilin kredit ödənişi nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 14000 manatın və 126 manat dövlət rüsumuna görə xərcin, cəmi 14126 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
8. İddiada göstərilib ki, artıq 5 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur və bu səbəbdən 2024cü ilin mart ayının əvvələrində kreditlə avtomobil almaq qərarına gələrək internetdə xatırlamadığı səhifədə cavabdeh İsmayıl Orucov adlı şəxsin kreditlə avtomobil satdığını görmüş, cavabdehin nömrəsinə zəng edib ##.##.2024-cü il tarixdə Bakı şəhərində, LİDER TV-nin yanında görüşümüşlər. Telefonla danışıq zamanı cavabdeh ondan "Chevrolet Cobait" markalı avtomobilin satılması müqabilində ilkin olaraq 2000 manat ödəniş etməsini istəmiş və 30 ay müddətində hər ayda 1200 manat olmaqla kreditə verəcəyini bildirmişdir. İddiaçı 2000 manat ödənişi cavabdehlə görüş zamanı vermiş, cavabdeh onu ofisinə yönləndirmiş, telefonda tanımadığı şəxslə danışıb 77-YF- 718 dövlət qeydiyyat nişanlı "Chevrolet Cobait" markalı avtomobilin açarını ona verməyi tapşırmışdır. Cavabdehin işçisi həmin gün saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, “3 korona" deyilən yerin yaxınlığındakı ofisdən ona avtomobilin açarını təqdim edərək sözügedən avtomobili vermişdir. Beləliklə, o, ##.##.2024-cü il tarixdə yenidən Bakı şəhərinə gələrək, cavabdehin göstərişinə əsasən "xxxx” MMC-nin binasına getmiş, orada aldığı avtomobili idarə etmək üçün ona bir aylıq etibarnamə verilmişdir. Həmin tarixdən sözügedən avtomobili etibarnamə əsasında idarə edib taksilik fəaliyyəti ilə məşğul olmuşdur. Avtomobilin gündəlik ödənişi 40 (qırx) manat olmaqla cavabdehin ona göndərdiyi müxtəlif bank kartlarına ödəmiş və ödənişdən sonra çekləri cavabdehin işçisi olan Aygün adlı şəxsə çəkib göndərib. Aygün adlı şəxs cavabdehin işçisi idi və onu bir dəfə ofisdə görmüş, ona görə də onu ordan tanımışdır. Həmin şəxs ödəniş qəbzlərini və digər avtomobillərin sənədlərin saxlayırdı. Daha sonra 2025-ci ilin yanvar ayının ortalarında Bakı şəhərində YPX əməkdaşı onu yol hərəkəti qaydalarını pozmaqla saxlamış və sənədlərə baxdıqda ödənilməmiş cəriməyə görə avtomobilin üzərində həbs olduğunu bildirərək avtomobili duracağa yerləşdirmişdir. O, avtomobili duracağdan çıxartmaq üçün cavabdehə zəng edərək vəziyyəti öyrənmək istəsə də cavabdeh telefonu açmamış, sonradan cavabdeh zəng edərək onun 900 manat borcunun olduğunu və ödəmədiyi təqdirdə avtomobili verməyəcəyini bildirmişdir. İddiaçı isə qarşı tərəfə səhv etdiyini, ona 210 manat borcunun olduğunu bildirmişdir. Daha sonra sözügedən-14000 manat ödədiyi avtomobilin, cavabdeh tərəfindən digər bir şəxsə satması iddiaçıya məlum olmuşdur. Bu səbəbdən də ilk olaraq DİN-in 102 XZM-yə zəng edərək cavabdeh X1 tərəfindən avtomobilin alqı-satqısı şərti əsasında aldadıldığını bildirmiş, lakin Şirvan şəhər prokurorluğu tərəfindən ##.##.2025-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və ona işin mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia tələbi qismən təmin edilərək cavabdeh Cavabdeh 4795.5 manat, dövlət rüsumu olaraq ödənilmiş pulun 66 manat hissəsi, ümumilikdə 4864.5 manat alınaraq iddiaçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edib ki, iddia tələbi qismən təmin edilməlidir. İddiaçı ilə cavabdeh arasında rəsmi, yazılı, yəni qanunla nəzərdə tutulmuş qaydada və formada bağlanmamış lizinq münasibətləri olmuş, cavabdeh iddiaçıya sonda avtomobil onda qalmaq şərti ilə avtomobili satmış, lakin avtomobilin 10 aylıq istifadəsindən sonra isə aralarında olan münasibətlər pozulmuş, nəticədə cavabdeh avtomobili iddiaçıdan almışdır. Bütün bu müddət ərzində iddiaçı avtomobili gündəlik Bakı-Şirvan istiqaməti üzrə taksi fəaliyyəti ilə məşğul olaraq, gündəlik 40 manat pulu cavabdehin şəxsən özünün, həmçinin sonuncunun göstərişi ilə, işçilərinin hesab kartına atmasını bildirir. Cavabdeh özü məhkəmə iclasında iştirak edərək izahat verməsə də, onun prokurorluq orqanı tərəfindən aparılan araşdırma zamanı verdiyi ifadəsinə istinadən sonuncunun iddiaçıya avtomobili satması, həmçinin lizinq şirkəti tərəfindən təqdim edilən sənədlər, ödəniş cədvəllərinə əsasən 2024-cü ilin # #### tarixindən 2025-ci ilin ## ###### tarixinədək ödənilən lizinq ödənişlərinin mütəmadiliyi bir daha onlar arasında iddiaçının izahatında bildirdiyi münasibətlərin olmasını təsdiqləyir. Həmçinin iddiaçı tərəfindən təqdim edilən pul köçürmələrinə dair qəbzlərin həqiqətən də cavabdehə məxsus və ya onun göstərişi ilə müvafiq hesablara iddiaçının pul köçürmələrini etməsi, həm cavabdehin istintaq orqanı tərəfindən dindirilən zaman verdiyi ifadəsi, həmçinin də bu 10 aylıq müddət ərzində lizinq şirkətinə ödənişlərin mütəmadi daxil olması, cavabdehin də bu halı əvvəllər mübahisələndirməməsi səbəbindən məhkəmə sübut qismində qəbul edərək hüquqi qiymətləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə lizinq şirkəti tərəfindən təqdim edilən ödəniş cədvəlinə əsasən ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək 5954.5 manat məbləğində ödənişin edilməsini nəzərə alaraq, həmçinin tərəflər arasında lizinq münasibətlərinin rəsmi qaydada rəsmiləşdirilməməsinə baxmayaraq məhkəmə faktiki olaraq lizinq şirkəti tərəfindən hər ay mütəmadi olaraq iddiaçıya etibarnamələr verməklə faktiki olaraq “sublizinq”i təsdiqləməsi kimi qiymətləndirərək, nəqliyyat vasitəsinin iddiaçı tərəfindən faktiki istifadə və ondan faydalanma halını da (taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etməyini) nəzərə alıb, münasibətlərin pozulduğu təqdirdə lizinq ödənişlərinin geri qaytarılmasının heç bir qanuni əsasının olmamasını diqqətə alaraq həmin ödənişlərin iddiaçının cəmi ödəmiş olduğu məbləğdən çıxılmasını məqsədəmüvafiq hesab edir. Tələbin qalan hissəsinə münasibətdə isə məhkəmə cavabdehin izahatında “iddiaçı tərəfindən gündəlik verilən 40 manat pulun 20 manat hissəsini lizinq ödənişinə, 10 manat avtomobilin xərclərinə, 10 manat hissəsi isə öz qazancıma hesablayırdım” ilə əlaqədar bildirdiklərini diqqətə alıb, tərəflər arasında heç bir rəsmi müqavilə bağlamadan, buna heç bir səlahiyyəti və hüququ olmadan əsassız olaraq iddiaçıya avtomobili sonda onda qalmaq şərtilə satmağının heç bir hüquqi əsas olmadan varlanma məqsədi daşıması kimi qiymətləndirərək məhz onun 10 ay ərzində gündəlik verilən 40 manat hissədən faydalandığı gündəlik 20 manat hissədə qazancın iddiaçıya qaytarılmasını ədalətli hesab edir. Həmçinin cavabdehin avtomobilin iddiaçının ona 900 manat hissədə borcu olmasına dair bildirdiklərinə münasibətdə iddiaçının etiraz etməməsini də nəzərə alır, lakin cavabdehin iddiaçının törətmiş olduğu inzibati xətalar üzrə cərimələrini onun əvəzindən ödəməsinə dair məhkəməyə heç bir sübutu təqdim etməməsini də nəzərə alaraq məhkəmə əsassız hesab edir. Bundan əlavə iddiaçı tərəfindən dediyinə görə cavabdehə şəxsən avtomobilin alqı-satqısı üçün ilkin ödəniş kimi ödəmiş olduğu 2000 manat məbləğin də nə cavabdeh tərəfindən etiraf edilməsini, iddiaçı tərəfin də bunu sübuta yetirə bilməməsini nəzərə alaraq məhkəmə təsdiq edilməməsi əsası ilə rədd edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə özü-özlüyündə ziddiyyətli sübutlara əsaslanan tələb üzrə yalnız mahiyyəti rədd olan qərar qəbul edə bilər.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh Cavabdeh (nümayəndəsi və vəkili Vəkil Firidun oğlu) apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin təmin olunmamasını xahiş edərək göstərib ki, işə baxan hakimin təqribən bir necə ay bu işdən əvvəl Şirvan şəhərində hakim işləməsi, iddiaçının da oradan olması və orada yaşaması, həmçinin verdiyi vəsatətlərin təmin olunmaması hakimin işə ədalətli və qanuni baxacağına dair şübhə yaratdığına görə onun işə baxmasına etiraz edilmiş və bu barədə elektron məhkəmə vasitəsilə sistemə etiraz ərizə əlavə olunmuşdur. Lakin məhkəmə tərəfindən cavabdehin etirazına heç bir hüquqi qiymət verilməmişdir. Etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikirini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə,onun izahatını dinləməlidir. İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Məhkəmə qətnaməsində cavabdehin etirazının necə həll olunması ilə bağlı hər hansı bir hüquqi qiymət yoxdur. Bu da MPM-nin 22-ci maddəsinin tələblərinin pozulmasıdır. İşə baxan məhkəmə qərarını çəkişmə prinsipinə əsasən müzakirə edilən dəlillərlə, tərəflərin verdiyi izahatlarla, sənədlərlə əsaslandırmamışdır. Məhkəmə qətnaməsində göstərilir ki: İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2024-cü il-##.##.2026-cı il tarixlərini əhatə edən ödəniş qəbzlərinin surətindən məlum olur ki,iddiaçı tərəfindən sözügedən dövrdə müxtəlif bank kartlarına ümumilikdə 11650 manat ödəniş etmişdir. Məhkəmə həmin kartların kimə məxsus olmasını aydınlaşdırmaq üçün ##.##.2025-ci il tarixli qərardadı ilə müvafiq banklara sorğu ünvanlamış və qərardadda qeyd olunan kartların kimə məxsus olması haqqında məlumat verməsini qərara almışdır. Banklar isə məkəmənin qeyd olunan qərardadına cavab verərək bildirmişlər ki, plastik kartların 16 rəqəmli nömrələrinin tam şəkildə banka təqdim etsinlər və bundan sonra məhkəmə qərarına tam və ətraflı cavab veriləcəkdir. Məhkəmə isə bankların xahişinə əsasən qeyd olunan plastik kartları 16 rəqəmi haqqında banka məlumat vermək əvəzinə ##.##.2026-cı il tarixdə həmin məlumatların bankdan götürülməsi üşün qərardad qəbul etmiş və qərardadın dərhal icra olunmasına nəzarət Nəsimi və Yasamal rayon icra şöbələrinə həvalə edilmişdir. Məhkəmə tərəfindən qəbul olunmuş hər iki qərardadın icra olunması barədə hec bir əməli tədbir görülmədən qanunsuz qətnamə qəbul edilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə baxan məhkəmə qərar qəbul edərkən MPM-nin 77.1-ci maddəsinin tələblərini də kobud surətdə pozmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən də açıq surətdə görünür ki, qəbzlərdə qeyd olunan ad,soyad və ata adı cavabdehə məxsus deyil, kimə məxsus olunmasının araşdırılmasını tələb edilməsinə baxmayaraq məhkəmə bu faktı araşdırmadı. Bununla da MPM-77.1-ci maddəsinin sübutetmə vəzifəsi ilə bağlı tələblərini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 747-4.1. Sublizinq- sublizinq müqaviləsi ilə rəsmiləşdirilir. Maddə 747-4.2. Sublizinq zamanı, əvvəllər lizinq verəndən lizinq müqaviləsi üzrə alınmış lizinq müqaviləsinin obyektini lizinq müqaviləsi üzrə lizinq alan üçüncü şəxslərə (sublizinq müqaviləsi üzrə lizinq alana) haqq ödənilməklə və sublizinq müqaviləsinin şərtlərinə uyğun müddətə sahibliyə və istifadəyə verir. Maddə 747-5.1. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqısatqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Maddə 748.1. Lizinq müqaviləsi yazılı formada bağlanılır. Maddə 748-1.8. Lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
23. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə mübahisələndirilən hissədə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də həmin hissədə qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
26. Əvvəla, cavabdehin nümayəndəsi və vəkilinin işə baxan hakimin təqribən bir necə ay bu işdən əvvəl Şirvan şəhərində hakim işləməsi, iddiaçının da oradan olması və orada yaşaması, həmçinin verdiyi vəsatətlərin təmin olunmaması hakimin işə ədalətli və qanuni baxacağına dair şübhə yaratdığına görə onun işə baxmasına etiraz etməsi və bu barədə elektron məhkəmə vasitəsilə sistemə etiraz ərizə əlavə olunması, lakin məhkəmə tərəfindən cavabdehin etirazına heç bir hüquqi qiymət verilmədiyi barədə dəlillər iddianı əsassız, apellyasiya şikayətini isə əsaslı edə bilməz. Çünki cavabdeh yaxud vəkili bəyan etdiklərinə dair məhkəməyə heç bir sübut təqdim etməyib. Cavabdehin, xüsusən işdə xüsusi prosessual statusu olan vəkilin yoxlanılmayan və həqiqiliyi təsdiq olunmayan bu cür dəlillərdən istifadə edərək məhkəmə hakimiyyətinin subyekti olan hakim barədə bu cür mənfi fikir formalaşdırması yolverilməz sayılır. Başqa sözlə, vəkil müvəkkilinin ona hansısa formada təsiri nəticəsində apellyasiya şikayətində vəkil etikası ilə bir araya sığmayan dəlilləri göstərə bilməz. Cavabdehin yaxud vəkilin mövqeyindən belə çıxır ki, hansısa hakim işlədiyi regionda doğulan və orada yaşayan şəxslərlə bağlı işlərə baxa bilməz yaxud baxması ona etiraz etmək üçün əsas yaradır. Əlbətdə ki, bu cür yanaşma hüquqauyğun sayılmadığı üçün qeyd olunan dəlillərdən istifadə özü qəbuledilməzdir. Göstərilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən hakimə edilmiş etirazın əsaslarına dair sübut təqdim edilmədiyindən, hətta ayrıca akt şəklində qərardad da qəbul edilmiş(bax.cild 2;i.v;86-93) vəkilin elekton kabinetinə ##.##.2026-cı ildə yerləşdirilmişdir. Bütün bunları gördüyü və bildiyi halda vəkil apellyasiya şikayətində hakim tərəfindən etiraza hüquqi qiymət verilmədiyini əsassız olaraq bir daha da qeyd edib.
27. Bundan əlavə, cavabdeh cinayət təqibi zamanı aparılan araşdırma zamanı izahatında avtomobilin 10 ay müddətində iddiaçının sahibliyində və istifadəsində olduğunu, iddiaçının ona gündəlik 40 manat ödədiyini, lakin 900 manat ödənilməmiş borcu yarandığını, dolayısı ilə ona bu dövrdə 11000(on bir min) manatdan artıq ödəniş edildiyini təsdiq etmişdir. Bu cür vəziyyətdə iddiaçının ödədiyi vəsaitlərin hansısa şəxslərin bank kart hesablarına ödəməsinin də əhəmiyyəti qalmır. Çünki cavabdeh özünün etiraf etdiyi məbləğdə iddiaçıdan vəsait qəbul etdiyini inkar etmir. Buna görə də qeyd olunan bank kartlarının kimlərə məxsus olmasının yoxlanılmasına və müəyyən edilməsinə də lüzum və zərurət yox idi. Başqa sözlə, cavabdeh iddiaçının ona ödədiyi vəsaiti ayrı-ayrı şəxslərə məxsus bank kartları vasitəsi ilə çatdırılmasını heç vaxt mübahisələndirməyib.
28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın mübahisələndirilən hissədə təmin olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən və əsassız varlanmadan əmələ gələn öhdəliklər, hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə sui-istifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.
29. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.