Məhkəmə qərarları › İş №2(3-6)-2035/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2035/2026

13.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2035/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “qaz xətti ilə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçıya məxsus yaşayış evi müvafiq məlumatlandırma icraatı aparılmadan, yəni yerli icra hakimiyyəti orqanına müvafiq məlumat verilmədən inşa edildiyindən, cavabdeh orqan evin qazla təchiz edilməsindən imtina etmişdir. Bu zaman cavabdeh orqan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2023-cü il #######ın #-dən qüvvəyə minmiş 13-cü maddəsinin 10 1-ci bəndinə istinad etmişdir. Hazırda iddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinin imtinasının əsassız hesab edilməsi, ünvan 1ndə yerləşən 250 k.v. metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “qaz xətti ilə təmin edilmə öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Istehsalat Birliyinin imtinasının əsassız hesab edilməsi, ünvan 1ndə yerləşən 250 k.v. metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, İK Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş ##.##.1991-ci il tarixli B/S saylı orderə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin Bağlar sahəsində ***L saylı sahədə yerləşən 0.12 ha. torpaq sahəsindən 250 k.v. metr hissəsi iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsində iddiaçı, 2022-ci ilin sentyabr ayında fərdi ev inşa edərək ailəsi ilə birlikdə həmin vaxtdan göstərilən ünvanda yaşayır. Ev tamamilə birgə yaşayış qaydalarına yararlıdır. Mənzildə işıq və su sayğacları vardır və iddiaçı onlardan istifadə edir. Məlumat üçün bildirir ki, iddiaçı fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi üçün əvvəlcə “Asan Kommunal”a müraciət edib, lakin onlar tərəfindən qanunamüvafiq qaydada cavab verilməyib. Bundan sonra ididaçı yenidən istifadəsində olan fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi barədə cavabdehə, yəni Cavabdeh Istehsalat Birliyinə qaz xəttinin çəkilməsi barədə ##.##.2025-ci il tarixində ərizə ilə müraciət etmişdir, lakin cavabdeh təşkilatın əməkdaşları şifahi şəkildə bildirmişlər ki, “X2 Cəmiyyəti” Azərbaycan Respublikasının Qanununda ##.##.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə 13. Bənd 10-1) görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə olan, lakin belə icazə alınmadan inşa edilmiş və tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərinin qaz xətlərinin şəbəkəyə qoşulması qadağan olunmuşdur. İddiaçı yazılı qaydada ##.##.2025-ci il tarixində Cavabdeh Istehsalat Birliyinə müraciət etmiş, ərizəsinə qanunvericiliyə uyğun olaraq Cavabdeh Istehsalat Birliyi tərəfindən 15 (on beş) iş günü müddətində cavab verilmədiyi üçün iddiaçı bir vətəndaş kimi onu imtina olaraq qəbul edir. Yuxarıda göstərilən səbəblərdən hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının istifadəsində olan yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar sahəsində yerləşən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinin təmin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia ərizəsinə əlavə edilmiş mülkiyyət haqqında çıxarışdan da görünür ki, torpaq sahəsi iddiaçının istifadəsindədir. Mülkiyyət isə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi ilə qorunur. İddiaçı inşa etdirdiyi fərdi yaşayış evini şəhərsalma qaydalarına uyğun inşa etdirmişdir və çəkiləcək kommunal xətlər tam nəzərə alınıb, heç bir mühafizə zolağına düşmür. Bundan başqa cavabdehin imtina etdiyi əsaslardan biri də sənaye təyinatlı ərazilərdə məskunlaşmanın və özbaşına zəbt olunma hallarının qarşısını almaq məqsədi ilə qaz xətti ilə təmin etmə yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış daşınmaz əmlaklara münasibətdə təmin edilməsidir. Torpaq sahəsinin ümumi ölçüsü 250 k.v. metr təşkil edir. Bundan başqa cavabdehin imtinasından biri də “Azəriqaz" Istehsalat Birliyinin Azərbaycan Respublikasının Qanununda ##.##.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliklə bağlıdır. Bu da əsassız imtinadır. Çünki iddiaçı həmin qanuna dəyişiklikdən çox qabaq həmin fərdi yaşayış evini inşa etdirərək burada yaşamışdır. Bunu sübut edən evinə çəkilmiş su xəttidir. Cavabdeh Istehsalat Birliyinin imtinası qanunsuz və əsassızdır. Cavabdeh bu hərəkəti ilə iddiaçının Azərbaycan Respubklikasının Konstitusiyasında təsbit edilmiş konstition hüquqlarını kobud surətdə pozur. Ona görə də cavabdehin imtinası əsassızdır. İddia təmin edilməli, məhkəmə cavabdehin imtinasının əsassız hesab etməli, 250 k.v. metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz xəttinin çəkilməsi vəzifəsi cavabdehə həvalə olunmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilməsi, tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması xidməti üçün Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edilmiş tarifin iddiaçı tərəfindən ödənilməsi ilə ünvan 1 ünvanında yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin texniki təhlükəsizlik qaydalarına riayət etməklə qazlaşdırılması vəzifəsinin cavabdeh Cavabdeh Istehsalat Birliyinin üzərinə qoyulması, ünvan 1 ünvanında yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı iddiaçı ilə qazın alqı-satqı müqaviləsinin bağlanılması və həmin ünvanda qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdeh Cavabdeh Istehsalat Birliyinin üzərinə qoyulması və 100 (yüz) manat dövlət rüsumunun cavabdeh Cavabdeh Istehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, torpaq sahəsini 2021-ci ildən alıb, yaşayış evinin tikintisini 2022-ci ildə bitirmişdir. İş materiallarında iddiaçının torpaq sahəsinə sahiblənməsi və ya yaşayış evinin tikintisinə başlamasının dəqiq tarixləri bəlli deyil. Mübahisəli yaşayış evi özbaşına tikilidir. Lakin, işə əlavə edilmiş notarial qaydada təsdiq edilmiş etibarnamənin surətindən görünür ki, torpaqla bağlı qeydiyyat əməliyyatlarının iddiaçıya həvalə edilməsinə dair həmin etibarnamə ##.##.2021-ci ildə rəsmiləşdirilmişdir. Qeyd olunanları və həmçinin iddiaçı tərəfindən bunun əksini təsdiq edən sübutların təqdim edilmədiyini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, 2023-cü il #######ın #-dən qüvvəyə minmiş “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 10-1-ci bəndi zamana görə bu mübahisəyə tətbiq edilməməlidir. Belə ki, iddiaçının 2021-ci ildən etibarən torpaq sahəsinə sahiblənməsi nəzərə alınarsa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2023-cü il #######ın #-dən qüvvəyə minmiş 13-cü maddəsinin 10-1-ci bəndi iddiaçının vəziyyətini pisləşdirdiyindən geriyə tətbiq edilməməlidir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “ünvan 1ndə yerləşən 250 k.v. metr torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qanunvericliyə uyğun olaraq sənədi yoxdur (çıxarış). Qanunvericliyə uyğun olaraq sənədsiz mənzilin qazlaşdırılması qanunsuz və təhlükəlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş ## ### 2023-cü il tarixli, 893 VIQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10-1-ci bəndə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcələsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Odur ki, qeyd olunan məhkəmə mübahisəsi getdiyi anda və qərar çıxarılarkən Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa 10-1-ci bəndi əlavə olunmasına baxmayaraq məhkəmə bunu diqqətə almamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək, əsassız qərar qəbul etmişdir. Göründüyü kimi lazımı icazələr almadan, mülkiyyət sənədləri olmadan tikinti işləri aparıldığı halda qazla təmin olunmanı qanunvericilik qadağan edir. Lakin birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və qərar qəbul edərkən qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Həmçinin Azərbaycan dövləti özbaşına tikililərin qarşısını almaq və sənədsiz evlərin sənədləşməsini sürətləndirmək üçün belə bir qanun qəbul etdiyi halda bu kimi məhkəmə qərarları dövlət siyasətinə və qanunlarına zidd mövqe tutur.Qeyd olunan işlər 2025ci ilin əvvəlinə kimi Baki İnzibati Məhkəmədə baxılıb və iddialar təmin olunmamışdır. Lakin rayon məhkəmləri bu kimi işlərə baxmağa başladığı andan özündən əvvəlki tarixlərdə çıxarılmış və hətda Ali Məhkəmənin bu işlərə mövqeyini ifadə edən qətnamələrdən bəhrələnməmişlər. Qərardan da göründüyü kimi mənzilin qazlaşdırılması üçün ilkin növbədə qanunvericliyə uyğun olaraq texniki şərtdir. Lakin məhkəmə təlükəsizlik və qanunvericiliyin tələbinə əməl etmədən bir başa mənzilin qazlaşdırılması üçün qərar çıxarır və qaz paylayıcını da məcbur edir ki, təhlükəsizliyə və qanunvericiliyin tələbinə əməl etmədən mənzili qazlaşdır. Bakı şəhərində bəzi binalar varki 50 ildən çox yaşı vardır, lakin lahiyəsində qazın verilməsi ilə bağlı şərtlərə əməl edilmədiyi üçün onlara texniki şərt verilmir və mənzillər təhlükəsizlik səbəbindən qazlaşdırılmır. Çünki heç bir komunal xidmət insan həyatdında artıq ola bilməz. Digər tərəfdən qazlaşma üçün ilkin sənəd texniki şərtdir. Lakin məhkəmə ancaq müqavilə münasibətlərindən çıxış edərək mülki konteksdən işə yanaşır. Ancaq qərar və normaların məzmunundan aydın olur ki, texniki şərtlə tikinti normalarına uyğun olan mənzilə qaz verildikdən sonra müqavilə bağlamaq olar. İşə inzibati konteksdən və ya mülkü konteksdən yanaşmaq nə qanunları dəyişir nədə təhlükəsizlik qaydalarını. Hər iki məhkəmə qərar çəxararkən “Qaz təchizatı haqqında” Qanunun 10-1-cı maddəsinə uyğun qərar çıxarmalıdır. Məhkəmə hesab etmişdir ki, mənzil qazlaşma ilə bağlı “Qaz təchizatı haqqında” Qanunun 10-1-ci maddəsi qüvvəyə mindiyi vaxtdan əvvəlki tarixlərdə tikildiyindən qanun bu mənzilə tətbiq edilməməlidir. Lakin məhkəmə nəzərər almır ki, hazırda hüquqi aktın geriyə qüvvəsi ona görə iddiaçıya şamil edilməməlidir ki, iddiaçı fərdi yaşayış evinə dair müvafiq icazələr alma və ya evi özünün xüsusi mülkiyyətində keçirmə imkanından məhrum edilməmişdir. Yəni ki, mübahisə bir növ iddiaçının hərəkətsizliyinə görə yaranmışdır. Qanunun geriyə qüvvəsi o halda tətbiq olunurki iddiaçı artıq öz hüquqlarını yeni qanunla bərpası mümkün olmayacaq şəkildə itirmiş olsun. Hazırkı “Qaz təchizatı haqqında” Qanunun 10-1-cı maddəsi iddiaçının hüquqlarını məhdudlaşdıran akt kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçının fərdi yaşayış evini xüsusi mülkiyyətinə keçirdikdən sonra evini ümumi qaydada qazlaşdıra bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi qərar çıxararkən həmin zaman qüvvədə olan və dəyişikliklə əlavə edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-1 ci bəndinin tələbini nəzərə almamışdır. Odur ki, iş materialarında olan sübutlara düzgün qiymət verməməklə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Eyni zamanda Məhkəmə qeyd etmişdir ki, bu maddə 2023- cü il oktyabr ayının 1-dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilib-edilməməsi, artıq tikilmiş, uzunmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqinə aydınlıq gətirilməlidir”. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 149-cu maddəsinin VII hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Normativ hüquqi aktlar haqqında” Qanun: 2.2-ci maddəsinə görə normativ hüquqi aktların hüquqi qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin II, III, IV, V, VI hissələri və 151-ci maddəsi ilə müəyyən edilir. 87.1-ci maddəsinə görə normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir. 87.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 87.3-cü maddəsinə görə törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Mülki Məcəllə: 400.1-ci maddəsinə görə əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir. Rəqabət Məcəlləsi: 36.1.2-ci maddəsinə görə təbii qazın boru kəmərləri ilə nəqli (Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı istisna olmaqla), saxlanması, paylanması və (və ya) təchizatı xidmətləri - təbii inhisar fəaliyyəti sahələridir. 40.5.9-cu maddəsinə görə təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək məhsulların istehsalı (satışı) zamanı təbii inhisar subyektlərinə qadağan edilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun: 1-ci maddəsinə görə istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxsdir. 3-cü maddəsinə görə Azərbaycan Respublikası ərazisində istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. 8-ci maddəsinə görə bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Qanun: (bu Qanun Azərbaycan Respublikasının 8 iyul 2025-ci il tarixli 233-VIIQ nömrəli Qanunu ilə ləğv edilmişdir) 13-cü maddəsinin 10-1-ci bəndinə görə (bu bənd ##.##.2023-cü ildən qüvvəyə minmişdir) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Qüvvədə olan “Qaz təchizatı haqqında” Qanun: 14.9-cu maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”nın 1.2.2-ci bəndinə görə sifarişçi-qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən şəxsdir. Həmin Qaydanın 1.5-ci bəndinə görə bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan(yəni, ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan) tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Həmin Qaydanın 1.6-cı bəndinə görə bu Qaydanın 1.1.3-cü yarımbəndində nəzərdə tutulan tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlərindən qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər. Həmin Qaydanın 2.3-cü bəndinə görə tikinti obyektinin qazpaylayıcı şəbəkəyə qoşulması onun sifarişçisinin müraciət etdiyi tarixdən etibarən 20 (iyirmi) gündən gec olmayaraq təmin edilir. Həmin Qaydanın 2.15-ci bəndinə görə tikinti obyektindən və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsindən qazpaylayıcı şəbəkəyə qoşulma nöqtəsinədək qaz xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini qaz paylayıcısı həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.4-cü yarımbəndində nəzərdə tutulan qoşulma xidmətinə görə ödənişdən əlavə heç bir ödəniş etmir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının ##.##.2024-cü il tarixli * nömrəli qərarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ərazi planlaşdırması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması 271 manat, ərazi planlaşdırması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə fiziki qoşulması 160 manat təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Həmin Qaydalarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydalarının 6.4-cü bəndi nəzərdə tutur ki, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Azərbaycan SSR Bakı şəhəri İcraiyyə komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin Maştağa bağlar sahəsindəki ** saylı Kooperativi tərəfindən verilmiş ##.##.1991-ci il tarixli B/S saylı orderin surətindən görünür ki, X4 Bakı şəhəri İcraiyyə Komitəsinin # #### 1991-ci il tarixli, */** nömrəli qərarına əsasən Maştağa Bağlar sahəsində ** nömrəli BTK nəzdində 0,12 ha. torpaq sahəsində olan ***L nömrəli bağ ayrılmışdır. Iş materiallarında olan X4 İddiaçı verdiyi etibarnamənin surətindən görünür ki, etibar edən etibar edilənə Bakı şəhəri, IK X10 və Istismarı Birliyi tərəfindən verilmiş ##.##.1991-ci il tarixli B/S saylı orderə əsasən etibar edənin adına olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinin bağlar sahəsində ***L saylı sahədə yerləşən 0.12 ha. torpaq sahəsindən 250 k.v.m hissəsini özəlləşdirməyi, sərəncam verməyi, RİH-də, Bələdiyyədə, DTXK-də etibar edəni təmsil etməyi, tikməyi, DƏDRXİ-dən çıxarışı almağı, kommunal xətlərin çəkilməsi, ödənilməsi daxil olmaqla evi və torpağı satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, bank əməliyyatlarını aparmağı, buna dair müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq bütün hərəkətləri yerinə yetirməyi etibar etmişdir. Iş materiallarında olan Bakı Regional Qaz Istismarı Idarəsinin baş mühəndisi tərəfindən İddiaçı ünvanlanmış müraciətin baxılması haqqında məktubun surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin qazlaşdırılması üçün mülkiyyət hüququnu təsdiqləyən sənədlərlə “Asan Kommunal” Mərkəzinə müraciət etməyi tövsiyə olunub. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin internet informasiya sistemindən alınmış çıxarışdan görünür ki, İddiaçı Sabunçu rayonu ərazisində **********A**** saylı abonent kodu ilə qeydiyyatdadır. Iş materiallarına əlavə edilmiş Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ Sabunçu rayon Su Kanal Idarəsi tərəfindən verilmiş fakturadan görünür ki, İddiaçı Sabunçu rayonu, Maştağa Savalan, ev-206/100 ərazisində ************* saylı abonent kodu ilə qeydiyyatdadır. Beləliklə iş materiallarından görünür ki, iddiaçıya məxsus yaşayış evi müvafiq məlumatlandırma icraatı aparılmadan, yəni yerli icra hakimiyyəti orqanına müvafiq məlumat verilmədən inşa edildiyindən, cavabdeh orqan evin qazla təchiz edilməsindən imtina etmişdir. Bu zaman cavabdeh orqan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2023-cü il #######ın #-dən qüvvəyə minmiş 13-cü maddəsinin 10.1-ci bəndinə istinad etmişdir. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi özbaşına tikilidir. Bununla belə iş materiallarından görünür ki, torpaqla bağlı qeydiyyat əməliyyatlarının iddiaçıya həvalə edilməsinə dair etibarnamə ##.##.2021-ci ildə rəsmiləşdirilmişdir. Belə olan halda müəyyən edilir ki, iddiaçı torpaq sahəsinə məhz 2021-ci ildən etibarən sahiblənmişdir. Bu isə 2023-cü il #######ın #-dən qüvvəyə minmiş “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 10-1-ci bəndi zamana görə bu mübahisəyə tətbiq edilməsini istisna edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının 2021-ci ildən etibarən torpaq sahəsinə sahiblənməsi nəzərə alınarsa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2023-cü il #######ın #-dən qüvvəyə minmiş 13-cü maddəsinin 10-1-ci bəndi iddiaçının vəziyyətini pisləşdirdiyindən geriyə tətbiq edilməməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən norma ilə bağlı 2023-cü il oktyabr ayının 1-dən əvvəl tikilmiş tikinti obyektlərinə, fərdi yaşayış evlərinə tətbiq edilibedilməməsi, artıq tikilmiş, uzunmüddətli istifadədə olan tikililərə, xüsusi ilə fərdi yaşayış evlərinə münasibətdə tətbiqinə aydınlıq gətirmişdir. Hazırda cavabdeh tərəf isə apellyasiya şikayətində qeyd edir ki, qanunvericliyə uyğun olaraq sənədsiz mənzilin qazlaşdırılması qanunsuz və təhlükəlidir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki mübahisəyə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 2023-cü il #######ın #-dən qüvvəyə minmiş 13-cü maddəsinin 10-1-ci bəndi məhz iddiaçının vəziyyətini pisləşdirdiyindən tətbiq edilməməlidir. Digər tərəfdən mənzilin sənədinin (çıxarışın) olmaması onun texniki cəhətdən təhlükəli olması demək deyil. Daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədin olmaması hüquqi problemdir, binanın texniki təhlükəsizliyi isə faktiki/mühəndislik məsələsidir. Birinci instansiya məhkəməsi də düzgün olaraq, ünvan 1 ünvanında yerləşən iddiaçının faktiki istifadəsində olan fərdi yaşayış evinin texniki təhlükəsizlik qaydalarına riayət etməklə qazlaşdırılması nəticəsinə gəlmişdir. Məhkəmə Kollegiyası göstərilən nəticələrə gələrkən qeyd etməyi də zəruri sayır ki, iş materiallarından görünür ki, mübahisəli bağ sahəsi Maştağa bağlar sahəsinə aid ərazidə yerləşməklə və iddiaçının da 2021-ci ildən etibarən sahiblyindən olmaqla cavabdehin balansında olan qaz kəmərlərinin mühafizə zonasına və ya qaz təminatı ilə bağlı xüsusi təyinatı olan əraziyə düşməsinə dair məhkəməyə sübutlar təqdim edilməməsini də nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddiaçının subyektiv hüququ olmamasını göstərsə də, işin araşdırılmış halları onu deməyə əsas verir ki, mübahisəli torpaq sahəsi etibarnamə əsasında faktiki iddiaçının sahibliyində olduğundan hazırki iddianı qaldırmağa da subyektiv hüququ olmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, Qət etdi:

Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar