Məhkəmə qərarları › İş №2(3-6)-2036/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2036/2026

07.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2036/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “fərdi yaşayış evinin qazla təchiz edilməsi, qazın alğı-satqısına dair müqavilənin bağlanması və qaz sayğacının quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh İstehsalat Birliyinin verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun nümayəndəsi Cəfərli Hüseyn Məhərrəm oğlunun və iddiaçının nümayəndəsi (övladı) X3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 200 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin təbii qazla təchiz edilməsindən Birliyin imtinasının əsassız hesab edilərək, evin təbii qazla təchiz edilməsi, bununla bağlı onunla müvafiq müqavilənin bağlanması, ünvana qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdeh Birliyin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.1995-ci il tarixli sərəncamı ilə Ramana qəsəbəsində yerləşən 19,8 ha torpaq sahəsi Abşeron Rayon S.Əliyev adına Südçülük-maldarlıq üzrə Dövlət kənd damazlıq Müəssisəsinin işçilərinə fərdi yaşayış evlərinin tikilməsi məqsədi ilə həmin Müəssisəyə ayrılmış və Müəssisənin ##.##.2000-ci il tarixli, * saylı əmri ilə həmi torpaq sahəsi işçilərə paylanmış, o cümlədən iddiaçıya 0,20 ha torpaq sahəsi verilmişdir. Bundan sonra iddiaçı həmin torpaq sahəsində yaşayış evi inşa etdirmiş və ailə üzvləri ilə birlikdə uzun müddətdir ki, həmin evdə yaşayır. Ev, “xxxx” ASC tərəfindən elektrik enerjisi ilə, “xxxx” ASC tərəfindən isə su ilə təchiz edilir və bununla bağlı həmin Təşkilatlar tərəfindən evdə müvafiq sayğaclar da qoyulmuşdur. İddiaçı, evin təbii qazla təchiz edilməsi məqsədi ilə cavabdeh Birliyə dəfələrlə müraciət etsə də, Birlik bundan imtina edir. Sonuncu dəfə, Birlik, imtinasını onunla əsaslandırmışdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş və ##.##.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə (maddə 13. bənd 10-1) görə tikintisinə müvafiq icazə alınmadan inşa edilmiş tikintilər təbii qazla təchiz oluna bilməz. İddiaçıya məxsus torpaq sahəsi iddiaçıya qanuni əsasla ayrılsa da, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, bunun üçün tələb olunan müvafiq icazələr alınmadan inşa edilmişdir. Birliyin bu kimi imtinası əsassızıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, torpaq sahəsi iddiaçı tərəfindən qanuni əsasla əldə edilmişdir. Belə olan halda həmin torpaq sahəsi üzərində inşa edilmiş tikili də qanunsuz tikili hesab edilmir. b) cavabdehin iddia tələbinə dair münasibəti haqqında məlumat

3. Cavabdeh Birliyin nümayəndəsi iddia tələbinə qarşı yazılı etirazla Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş ##.##.2023-cü il tarixli, ***-VIQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10-1-ci bəndə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbi əsassız hesab edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə iddiaçıya məxsus torpaq sahəsinin müvafiq dövlət orqanlarının qərarı əsasında ayrıldığı, həmin torpaq sahəsində fərdi yaşayış evinin inşa edildiyi, iddiaçının uzun müddətdir həmin evdə yaşadığı, yaşayış evinin elektrik enerjisi ilə təmin olunduğu və cavabdehin təbii qazla təchiz etməkdən imtinasını yalnız “Qaz təchizatı haqqında” Qanuna sonradan edilmiş dəyişikliklə əsaslandırdığı müəyyən edilir. İddiaçı ilə bağlı hüquq münasibətləri isə həmin dəyişiklikdən əvvəl yaranmışdır və sonradan qəbul edilmiş və vətəndaşın vəziyyətini ağırlaşdıran normanın geriyə tətbiq edilməsi yolverilməzdir. Bu səbəbdən cavabdehin imtinası qanunsuz, iddia tələbi isə əsası hesab edilməlidir. d) apellyasiya şikayəti haqqında məlumat

6. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddiaçının müraciətinə cavab olaraq verilmiş imtinanın və iddia tələbinə qarşı verilmiş etirazın əsasları eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı mübahisəli fərdi yaşayış evi tikintisinə müvafiq icazə alınmadan inşa edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1-ci bəndinə əsasən belə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına yol verilmir. Bundan başqa, təbii qazla təchizat yalnız qanunvericilikdə nəzərdə tutulmuş texniki şərtlər və qoşulma qaydalarına riayət edilməklə həyata keçirilə bilər. Buna baxmayaraq, Rayon Məhkəməsi bunları nəzərə almamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakları barədə məlumat

8. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. İddiaçının nümayəndəsi (övladı) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa habelə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, iş materiallarında olan sənələrdən görünür ki, Abşeron Rayon S.Əliyev adına Südçülük-maldarlıq üzrə Dövlət kənd damazlıq Müəssisəsinin işçilərinə fərdi yaşayış evlərinin tikilməsi məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinin ##.##.1995-ci il tarixli sərəncamı ilə Ramana qəsəbəsində yerləşən 19,8 ha torpaq sahəsi həmin Müəssisəyə ayrılmışdır. Müəssisənin ##.##.2000-ci il tarixli, * saylı əmri ilə həmi torpaq sahəsi Müəssisənin işçiləri arasında paylanmış, o cümlədən iddiaçıya 0,20 ha torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsində yaşayış evi inşa etdirmiş və ailə üzvləri ilə birlikdə təxminən 24 ildir ki, həmin evdə yaşayır. Ev, “xxxx” ASC tərəfindən elektrik enerjisi ilə, “xxxx” ASC tərəfindən isə su ilə təchiz edilir və bununla bağlı həmin Təşkilatlar tərəfindən evdə müvafiq sayğaclar da qoyulmuşdur.

12. İddiaçının evin təbii qazla təchiz edilməsi məqsədi ilə cavabdeh Birliyə müraciət etməsi ilə əlaqədar Birliyin iddiaçıya ünvanladığı ##.##.2025-ci il tarixli **-*-*/*-Ş-****-*/**** nömrəli imtina məktubundan görünür ki, Birlik iddiaçıya bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evi, bunun üçün tələb olunan müvafiq icazələr alınmadan inşa edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş və ##.##.2023-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyin (maddə 13.bənd 10-1) tələblərinə görə isə belə olan halda həmin ev təbii qazla təchiz oluna bilməz.

13. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 10-1-ci bəndinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.

14. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur (maddə 80.1.). Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur (maddə 80.2.). Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır (maddə 80.3.). Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır (maddə 80.4.).

15. Məhkəmə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən evin inşa edilməsi üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsində qeyd edilən icazələrin alması tələb olunmur.

16. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, ona məxsus fərdi yaşayış evinin təbii qazla təmin edilməsi üçün Birliyə sonuncu dəfə 2025-ci ildə müraciət etsə də, həmin yaşayış evi artıq 2001-ci ildən mövcuddur. Belə olan halda müəyyən edilir ki, Qanunda sonradan edilmiş dəyişiklik iddiaçının vəziyyətini pisləşdirir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin VII tələbinə görə isə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

17. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdeh Birliyin iddiaçıya verdiyi və yuxarıda qeyd edilən imtinasını əsassız hesab edərək, iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apellyasiya baxışının nəticəsi

18. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

19. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

20. Buna görə Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.

21. Məhkəmə həmçinin bildirir ki, cavabdeh Birliyin apellyasiya şikayəti təmin edilmədiyindən o, hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir. İş üzrə iddiaçı isə hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

22. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh Cavabdeh İstehsalat Birliyi hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPMə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar