Məhkəmə qərarları › İş №2(3-6)-2204/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2204/2026

26.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2204/2026 26.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Nağıyev Elvin Hidayət oğlunun cavabdeh Əliyev Zakir Paşa oğluna qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Işin halları

1. Kia Motors tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli təmir kartından görünür ki, İddiaçı məxsus “KIA SPORTAGE” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin karobka hissəsinin təmiri üçün 300 manat, ehtiyat hissələri üçün 143,10 manat xərc tələb olunur. Ümumi xərc 443,10 manatdır.

2. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, yağ karobka adlı məhsul üçün 46 manat ödəniş edilmişdir.

3. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, üç ədəd məhsul üçün ümumilikdə 365 manat ödəniş edilmişdir.

4. ##.##.2025-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən 300 manat və 143,10 manat olmaqla, ümumilikdə 443,10 manat pul köçürülmüşdür.

5. 25-ci Polis Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, pul, borc və mülki məsələlər barədə polisə daxil olmuş ərizə və müraicətlər polisdə baxılmadan işə tikilir. Ona görə də, ona usta Zakir tərəfindən vurulmuş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraicət etməsi bildirilmişdir.

6. Birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən onun hesabına köçürmüş 400 manat vəsaitlə bağlı qəbzlər və təmir üçün ödənilən ümumilikdə 250 (180+70) manat ödənişlərlə bağlı ##.##.2025- ci il tarixli mədaxil qəbzləri təqdim edilmişdir.

7. Birinci instansiya məhkəməsinə iddiaçı tərəfindən fotoşəkillər və videogörüntülər yerləşdirilmiş bir ədəd disk daşıyıcı təqdim edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun xeyrinə olaraq maddi ziyana görə 2000 (iki min) manat, mənəvi ziyana görə 1000 (min) manat, dövlət rüsumuna görə ödədiyi 50 (əlli) manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, vəkilə ödədəiyi 300 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh avtomobil təmiri ustası (“most” ustası) kimi tanıyır. ##.##.2025-ci il tarixdə səhər saatlarında “KIA SPORTAGE” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində zəif səs olduğu üçün təmir etdirmək məqsədilə hazırda cavabdeh olan ustanın yanına aparıb. Avtomobili tam saz vəziyyətdə idi, yalnız hərəkətdə olduğu zaman ara-sıra çox zəif səs gəlirdi. Ona görə də, narahat olduğu üçün ustaya göstərdi. Cavabdehin avtotəmir yeri Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində, “Neon” şadlıq sarayının yaxınlığında yerləşir. Cavabdeh avtomobilinə baxaraq deyib ki, avtomobil qalsın, 5-6 saata təmir edəcək. Cavabdeh avtomobilini təmir etmək üçünona 225 manat dəyərində ehtiyat hissələri aldırıb, özü üçün zəhmət haqqı olaraq 650 manat məbləğində pul istəyib. Həmin məbləğdən 250 manat nağd şəkildə ona verib, 400 manat da kartına köçürüb. ##.##.2025-ci il tarixdə axşamüstü avtomobilini cavabdehdən almaq üçün onun iş yerinə gedib. Cavabdeh avtomobili təmir etdiyini, hər şeyin qaydasında olduğunu deyib. O da avtomobili sürərək, yaşadığı ünvana gətirib. Gətirəndən 2 saat sonra avtomobili təmizləmək istəyəndə məlum olub ki, avtomobilin altından yerə yağ axır. Dərhal cavabdehə zəng edərək, yenidən onun yanına gedib və ona vəziyyəti deyib. Cavabdeh avtomobilin onda qalmasını, təmir edəcəyini, sabah gəlib götürməsini bildirib. Eyni zamanda, cavabeh avtomobilin yağını dəyişmək məqsədilə avtomobilin “korobka”sını söküb. Məlum olub ki, cavabdeh ümumiyyətlə “korobka” ustası deyil, əslində “most” ustasıdır. O, bacarmadığı işi boynuna götürüb və nəticədə avtomobil nasaz vəziyyətə düşüb. Daha ona usta kimi inamı qalmadığından, avtomobili “KIA” Scrvisə aparıb. Orada avtomobili yenidən təmir etdirib. “ŞASSE” avto hissələr satan mağazadan lazım olan ehtiyat hissələri alıb və avtomobilini təmir etdirib. Servisdə olan təmirə görə zəhmət haqqı və ehtiyyat hissələrin alınması üçün ümümilikdə 1100 manat xərci çıxıb. Həmin xərclərdən 443,10 manat Servisə ödəyib, “ölüxana” adlanan yerdən aldığı ehtiyat hissələri (publik, nasos və salnik) üçün 575 manat məbləğində pul ödəyib. Təmir yerinə və ehtiyat hissələri almaq üçün əlavə olaraq taksilərə və evakuatorlara da pul ödəyib. Ümumilikdə cavabdehin təqsiri üzündən, avtomobili yararsız vəziyyətə salması səbəbindən ona 2000 (iki min) manat maddi ziyan dəyib. Həmin məbləğdə maddi ziyanı cavabdehdən tələb edir. Cavabdehin qanunsuz hərəkətləri barədə Nizami RPI-nin 25-ci Polis Şöbəsinə etdiyi şikayətinə cavab veriblər ki, bu məsələ mülki xarakterli olduğuna görə mülki qaydada məhkəməyə müraciət etməlidir. Belə hesab edir ki, cavabdeh üzərinə düşən ödəliyi yerinə yetirməyib, avtomobil ustası kimi bacarmadığı işə baş qoşub, əslində onu aldadıb, avtomobilini təmir etmək əvəzinə daha da pis vəziyyətə salıb, istehlakçı olaraq ona maddi və mənəvi ziyan vurub. Dəfələrlə ondan dəymiş ziyanı tələb etməyinə baxmayaraq, bundan müxtəlif bəhanələrlə imtina edir. Ona görə də, məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Eləcə də, cavabdehin hərəkətləri nəticəsində get-gələ düşdüyünə, əsəblərinin pozulmasına və çəkdiyi sarsıntılara, iztirablara görə də, mənəvi ziyana görə kompensasiya ödənilməlidir. Mənəvi ziyana görə cavabdehdən onun xeyrinə olaraq 1000 (bir min) manat pul tələb edir. Əlavə olaraq ödədiyi 50 (əlli) manat dövlət rüsumu da cavabdehdən onun xeyrinə tutulmalıdır. Bunlardan başqa, belə hesab edir ki, cavabdeh Cavabdeh qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldur və vergi ödəyicisi olaraq vergi ödəməkdən də yayınır. Ondan tələb etməyinə baxmayaraq zəhmət haqqı olaraq ödədiyi 650 manat (250 manat nağd şəkildə verib və 400 manat kartına köçürüb) məbləğində pul üçün ona heç bir qəbz verməyib. O, vergi ödəməkdən yayındığına görə də məsuliyyət daşımalıdır.

11. Cavabdeh ##.##.2025-ci ildə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçının qeyd etdikləri işin halların uyğun deyil, iddiaçı tərəfindən tamamilə yalan və uydurmadır. Iddiaçının məqsədi gördüyüm işlərin müqabilində ödəyəcəyi 250 manat pulun ödənişindən yayınmaqdır. Belə ki, ##.##.2025-ci il tarixdə həqiqətəndə iddiaçının müraciəti əsasında avtomobilinin mostunun təmiri ilə məşğul olub. Təmirlə bağlı ehtiyat hissələrinin (podşipniklərin) alınması, frezde yonulması, qabaq razdatkanın differensialinin yonulması, rasdatkanın şlizinin təmiri üçün ilkin olaraq pul iddiaçı tərəfindən onun kart hesabına ödəyib. Lakin iş yekunlaşdıqdan sonra yerdə qalan xidmət haqqı olaraq 250 manat pulu ödənilməyib. O, most ustası olmaqla hər hansı korobkanın təmiri işləri seximdə aparılmır, iddiaçı guya onun iddiaçının avtomobilinin korobkasına müdaxilə etdiyini əsas gətirərək əlavə xərcə düşdüyünü, ərizədə qeyd etdiyi 250 manatın ona ödənilmədiyi halda ödənildiyini iddia edir. Avtomobili təmir etdikdən sonra 1-2 saat sürüb yoxlanması ona bildirilib (yonulma və ferzde şlizlərin uyğunlaşması üçün). Iddiaçı bundan sonra avtomobili sürərək gedib, 2 saat sonra avtomobilin aşağı hissədən yağ axdığını bildirib. O isə avtomobilin sexə gətirilməsini və yağın hansı səbəbdən axmasını müəyyən etmək üçün dəvət edib. Iş vaxtı bitdiyindən və sexdə başqa maşın təmir olunduğundan iddiaçıya deyib ki, sexdə olan maşın təmir olunub çıxdıqdan sonra sabah günorta onun maşınına baxacaqdır (qaldırıcı kranın üzərində başqa maşın sökülərək təmir olunduğundan). Lakin iddiaçı növbəti gün avtomobilinin açarlarını götürüb, avtomobili ondan xəbərsiz sürüb aparıb. Halbuki, avtomobilinin aşağı hissəsindən yağ buraxdığını bildiyi halda onu idarə etməkdən çəkinməliydi. Lakin işlərini yekunlaşdırıb avtomobilə baxış keçirmək istəsə də, avtomobili dayanacaqda görməyib və iddiaçıya zəng edərək, avtomobili aparmasını səbəbini soruşub, avtomobili həmin vəziyyətdə idarə etməyin düzgün olmadığını bildirib. Iddiaçı isə başqa ustaya getdiyini, onun pulu barədə məsələni sonra danışacaqları bildirib. Iddiaçının avtomobilinin most hissəsi, ehtiyat hissələri alınmaqla və əlavə yonulma frez işləri aparılmaqla həmin gün tərəfindən təmir olunub. Təmirlə bağlı ödədiyi işlərə görə müvafiq qəbzlər verilib. Qeyd edir ki, iddiaçının avtomobilinin korobkası ilə bağlı hər hansı təmir işləri aparılmayıb. Görünür ki, iddiaçı mostu təmir etdikdən sonra hər hansı formada korobkanın da təmirə ehtiyacı olduğunu bilməyib və avtomobilini düzgün istismar etmədiyindən yağ buraxmasına baxmayaraq avtomobili sürüb və nəticədə iddiaçının qeyd etdiyi hallar baş verib. Lakin həmin hallar barədə tam məlumatsızdır, iddia ərizəsində qeyd olunanlara əsasən bilib. Belə ki, korobkadan most üzərində iş aparılarkən hər hansı yağ axıntısı müşahidə edilməyib. Lakin korobkanın qeyd edilən hissələrinin servisdə dəyişdirilməsi (işlənmiş-publik, nasos və salnik) onu deməyə əsas verir ki, iddiaçının avtomobilinin korobkası elə nasaz imiş və onun təmirinə ehtiyac var imiş. Sadəcə bunu most təmirilə bağlı olmadığı halda bunun onun günahı ucbatından baş verdiyini iddia etməsi əsassızdır. Əgər korobkadan yağ axırdısa və iddiaçı bunu bilirdisə onu sürməməli və yoxlanılaraq bu səbəb aradan qalxmalıydı, yalnız bundan sonra həmin avtomobil sürülə bilərdi. Iddiaçı bunu bildiyi halda öz təqsiri ucbatından özü-özünə ziyan vurub. Lakin ziyan onun təqsiri ucbatından deyil və iddiaçının öz hərəkətləri nəticəsində baş verib. Korobka təmiri üçün iddiaçının servisdə ödədiyi pul ona aid edilə bilməz. O, most işlərini görüb və gördüyü işlərlə bağlı iddiaçının hər hansı etirazı yoxdur. Əksinə gördüyü işlərin müqabilində ona 250 manat zəhmət haqqı ödənilməyib. Hazırki iddianı verən İddiaçı məhz bu pulu ona ödəməkdən yayınmaq üçün məhkəməyə müraciət edib. Sexdə olarkən onun ustalardan narazı olduğu hallarla rastlaşdığını və bu yolla görülən işin haqqını ödəməkdən yayınmaq məqsədilə məhkəməyə müraciət etdiyi barədə sexdə olan digər ustaların yanında bu haqda danışıyıb. Iddiaçı öz təqsirini onun üstünə yıxmaqla özü-özünə vurduğu ziyanı ondan tələb etməsini əsassız hesab edir. Yuxarıda qeyd edilən faktları həmin vaxtda sexdə olan ustalar da təsdiq edə bilərlər. Ödəniş qəbzinə gəldikdə iddiaçı 250 manat ödəmədiyindən ona müvafiq qəbz verilməmişdir, iddiaçı xidmət haqqı ödəmədən sexin qarşısında saxladığı avtomobilinin yağ buraxdığını iddia etdiyindən heç bir halda sürüb aparmamlıydı. Iddia tələbində göstərilən maddi və mənəvi ziyan vurulubsa iddiaçının öz təqsiri ucbabından baş verib. Bilə-bilə ki, avtomobilin altından yağ buraxır və bu vəziyyətdə onu idarə etməməliydi. Lakin iddiaçı buna məhəl qoymayıb və avtomobili sürüb, nəticədə özü-özünə ziyan vurub. Baxmayaraq ki, onun avtomobilinin most hissəsi tərəfindən təmir olunub. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 854,1 manat məbləğində maddi ziyan, 100 manat mənəvi ziyan, cəmi 954,1 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri üzrə cavabdeh Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15,90 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat məbləğində pulun tutularaq iddiaçı Nağıyev Elvin Hidayət oğluna ödənilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun 34,1 manatının iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 390.1, 405.1, 421.2, 421.3, 442, 448.1, 1096.1, 1096.2, 1097.1, 1115, 1128.1, 1129.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.3, 218.3, 103.1, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsi işə səthi baxaraq, təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş, işlə bağlı dindirilən şahid ifadələri ilə təkzib edilən halları nəzərə almamaqla əsassız qətnamə qəbul etmişdir. Bildirir ki, ##.##.2025-ci il tarixdə şifahi razılaşmaya əsasən iddiaçı idarə etdiyi “Kia Sportage” markalı **- TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin most hissəsinin təmir edilməsi üçün mənə müraciət etmişdir. Qeyd edim ki, iddiaçının avtomobilinin korobkası ilə bağlı hər hansı təmir işləri aparılmamışdır. Təmirlə bağlı ehtiyat hissələrinin alınması, frezde yonulması, razdatkanın şlizinin təmiri üçün ilkin olaraq 400 manat pul iddiaçı tərəfindən onun kart hesabına ödənilmişdir. Təmirlə bağlı ödədiyi işlərə görə müvafiq qəbzlər verilmişdir. Iş yekunlaşdıqdan sonra yerdə qalan 250 manat pulu ödənilməmişdir. Təmir vaxtı iddiaçı sexdə olmuş və təmirin aparıldığını özü müşahidə etmişdir. Avtomobilin most hissəsi tərəfindən təmir edildikdən sonra iddiaçı ilə bərabər sükan arxasında oturaraq avtomobil sürülmüş və yoxlanılmışdır. Həmin vaxt hər hansı korobkadan yağ buraxıldığı müəyyən edilməmiş, müşahidə olunmamışdır. Axşam 19-00 saatlarında avtomobil iddiaçıya tam hazır vəziyyətdə təhvil verilmişdir. Gecə saat 23-00 radələrində iddiaçı ona zəng etmiş və avtomobilin aşağı hissəsindən yağ axdığını bildirmişdir.Avtomobilin sexə qaytarılması və sabah ona baxacağı iddiaçıya bildirilmişdir. Avtomobil həmin vaxt öz hərəkət ilə sexə gətirilmişdir. Sabahki gün artıq sexdə başqa avtomobilin təmiri aparıldığından bir az gözləməsi iddiaçıya bildirilmişdir. Lakin iddiaçı səhərisi gün avtomobilinin açarlarını sexdə olan yerdən ona xəbər etmədən götürüb avtomobilini xəbərsiz sürüb aparmışdır. Halbuki avtomobilinin aşağı hissəsindən yağ buraxdığını bildiyi halda onu idarə etməkdən çəkinməliydi. Lakin işlərni yekunlaşdırıb avtomobilə baxış keçirmək istəsə də avtomobili dayanacaqda görməmiş və iddiaçıya zəng etmişdir ki, avtomobili niyə aparıb. Onu bu halda idarə etmək olmazdı. Iddiaçı isə bildirmişdir ki, başqa ustaya gedir. Buna baxmayaraq məhkəmə vaxtı iddiaçı ifadəsində sonradan bildirir ki, avtomobili guya sexin qabağından evakuator vasitəsilə aparmışdır. Əksinə avtomobili sürüb getdikdən sonra avtomobillə nə baş verdiyini yalnız onun özü bilir. Qəti şəkildə bildirir ki, avtomobil sexdən evakuator vasitəsilə aparılmayıb, iddiaçı özü sürüb aparıb. Təqdim edilən video görüntüdə avtomobilin yükləndiyi yer sexin nə qarşısı, nə də yaxınlığındadır, tamamilə məlum olmayan başqa yerdədir. Iddiaçı 2013-cü il istehsal ili olan avtomobilinin sürətlər qutusunun da təmirə ehtiyacı olduğunu bildiyi halda və avtomobilini düzgün istismar etmədiyindən iddiaçının qeyd etdiyi hallar onu öz günahı ucbatından baş vermişdir. Lakin sürətlər qutusunun (korobkanın) qeyd edilən hissələrinin servisdə dəyişdirilməsi (“ölüxana” deyilən yerdən alınmış, işlənmiş publik,nasos və salnik) onu deməyə əsas verir ki, iddiaçının avtomobilinin sürətlər qutusu elə nasaz imiş və onun təmirinə ehtiyac var imiş. Sadəcə bunu most təmirilə bağlı olmadığı halda bunun onun günahı ucbatından baş verdiyini iddia etməsi əsassızdır. Iddiaçıya vurulmuş maddi ziyanın onun təqsiri ucbatından deyil və iddiaçının öz hərəkətləri nəticəsində baş vermişdir. Iddiaçı bildirir ki, guya onun avtomobilini təmir etmək əvəzinə onu pis vəziyyətdə qoyduğunu, onu aldatdığını, guya dəfələrlə ziyan tələb etdiyini desə də, bunları sübut edəcək faktları göstərmir, əksinə dərhal 25-ci polis idarəsinə müraciət etmişdir. Daha sonra məhkəməyə müraciət etmişdir. 25-ci polis bölməsində də həmin vaxt verdiyi izahatda da hər hansı təqsirinin olmadığını qeyd etmişdir. Bildrimişdir ki,iddiaçı özü səhərisi gün sexə gəlib təmirdən imtina etmiş və özü sürüb maşını getmişdir. Sonradan məhkəmədə bilmişdir ki, xxxxə müraciət edib. “xxxx”də sürətlər qutusunun təmiri üçün iddiaçının ödədiyi pul cavabdehə aid edilə bilməz. O most işlərini görmüş və gördüyü işlərlə bağlı iddiaçının hər hansı etirazı yoxdur. Əksinə gördüyü işlərin müqabilində ona 250 manat xidmət haqqı ödənməmişdir. Nizami Rayon Məhkəməsi iddiaçının cəlb etdiyi şahidlərin (servis əməkdaşları və qardaşı, dostu) ifadələrini əsas götürməklə, video görüntüdə avtomobilin sexdən aparıldığını təsdiq etməyən halları əsas götürməklə səhv nəticəyə gələrək əsassız qətnamə çıxarılmışdır. Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi əsassız olduğundan ləğv edilməlidir. Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. Iddiaçı ifadəsində qeyd edir ki,avtomobilin kardanı çıxarılmış vəziyyətdə ustaya yaxınlaşıb və avtobobildə səs olduğunu bildirmişdir. Sonuncu dəfə iddiaçı avtomobilini cavabehin sexinə gətirməmişdən əvvəl 1 ay əvvəl servisdə olmuşdur. Mümkün haldır ki, sürətlər qutusuna həmin servisdə müdaxilə olunmuşdur. Bunu nə təsdiq, nə də inkar etmək olar. Sürətlər qutusu yağ axıtdığına görə və ya müdaxilə olunduğuna görə servisdə yenidən təmir edildiyini də həm təsdiq, həm də inkar etmək olar. Iddiaçı sexdə olarkən bildirmişdir ki, sürətlər qutusunu mostdan gələn səsə görə başqa yerdə sökdürüb, səs ondan gəlməyib, yenidən karopkanı yığıblar. Sonra iddiaçı bildirib ki, həmin ustaya pul verib, sonra polisə müraciət edərək ustadan pulunu geri alıb. Əgər iddiaçı sexdə ustanın most ustası olaraq qəbul etmişdirsə və most ustası olaraq təmir etdirmişdirsə sürətlər qutusu mostdan ayrılması zamanı söküldüyünü, yağ tökülməsini təsdiq edəcək sübutları təqdim edə bilmir. Təmir vaxtı gün ərzində sexdə olarkən sürətlər qutusuna müdaxilə olmadığını izləyən iddiaçı evakuatoru və yağ axmasını telefona çəkdiyi halda korobkanın söküldüyüni nədən çəkməməsi suallar doğurur. Bildirilir ki, korobka yerə qoyulmasa, most açılmır. Korobka yerə qoyulur, sonra mostla birlikdə qaldırılıb yerinə qoyulur. Korobkanın çıxarılması və yerə qoyulduğu vaxt ona müdaxilə edilmir. Tam olaraq mostdan ayrılır və sonra birləşdirilir. Bu səbəbdən iddiaçının korobkaya müdaxilə edildiyi dəlilləri əsassızdır. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd(mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmənin gəldiyi qənaət ondan ibarət olmuşdur ki, cavabdeh iddiaçının avtomobilin most hissəsini təmir edərkən, avtomobil üzərində müəyyən işlər görərkən avtomobilin korobkasından yağ axmasına səbəb ola bilən ziyan vurmuşdur. Halbuki şahid ifadələrində cavabdehin günahı ucbatından ziyan vurulduğu təsdiq edilmir. Əksinə iddiaçı özü cavabehlə razılşma üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmiş, özünün hərəkətləri nəticəsində (avtomobili sürməməli və yerində baxılmalı,səbəblərini araşırmalı olduğu halda) cavabdehə bildirmədən sürüb aparması nəticəsində avtomobilin təmirinə əlavə xərclər çəkmişdir. Belə olan halda, cavabdeh tərəfindən vurulmayan maddi ziyanın əvəzi iddiaçını özünə aid edilməli olduğu halda məhkəmə bunu cavabdehin üzərinə qoymuşdur. Maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən bildirir ki, şahid ifadələri və təqdim edilmiş digər sübutların tərəflərin hüquqi münasibətlərinə düzgün tətbiq edilməmiş, işin faktiki halları ilə uyğunsüzluq təşkil edir. Korobkanın təmirə ehtiyacı olması faktı mostun təmirilə bağlı deyil və mostun çıxarılması və yenidən yerinə qoyulması ilə əlaqələndirilməsi şahid-mütəxəssis ifadələri ilə də təkzib edilir. Cavabdeh tərəfindən mülki hüquq pozuntusu (delikt) törədilmədiyindən iddia edilən maddi ziyanı və iş üzrə digər xərclərinin ondan tutulmasını əsassız hesab edir. Bu əsaslarla çıxarılmış qətnamə qanuni hesab edilməməlidir. Iddiaçı tərəfindən avtomobilin yenidən təmir edilməsi üçün servis mərkəzinə 443,10 manat və əlavə ehtiyyat hissələrinə 365 manat və 46 manat,ümumilikdə 854.1 manat vəsait ödənildiyi qeyd edilmişdir. Əlavə olaraq bildirir ki, iddiaçı maşıını təhvil alarkən hər hansı yağ axılması müşahidə edilməmişdir. Yəni elə bir şey olsa idi, təmirdən çıxmış avtomobil sürülüb yoxlanıldıqdan sonra sexin qarşısında olarkən yağ axılmalı və bu görünməli idi. Lakin bu baş verməmişdir. Istisna etmək olmaz ki, avtomobilin sürətlər qutusu nasaz olmuş və most təmirindən sonra özünü biruzə vermişdir. Ya da iddiaçı təmirdən sonra avtomobil idarə edərkən istismar qaydalarını pozmuş və ya korobkanı harasa toxundurmuş, ya da güc altında aşağı sürətlə resursunu bitirmiş (friksionlar və publik) uzun müddət idarə etmişdir. Bu hallar heç araşdırılmamışdır. Yəni dəyişilən hisssələrin yeyilməsi və yarasız hala salınması ona müdaxilə ilə yarana bilməzdi. Friksionlar və publik hissə yağ axılması nəticəsində sıradan çıxması mümkün deyildir. Hazırda servisdə təmir olunan korobkaya “ölüxana” deyilən yerdən köhnə işlədilmiş publik,nasos qoyulmuşdur. Bu isə o deməkdir ki, istənilən zaman karobka sıradan çıxa bilər. Belə olan halda təqsir ustanın deyil iddiaçıya aiddir, çünki işlənmiş ehtiyat hissəsinin qoyulmasına qarantiya verilə bilməz. Deməli, başqa ustaya gedərkən karobka həmin vaxt xarab olarsa həmin ustanı günahkar saymaq olarmı? Bu mənada iddiaçının 2013-cü il istehsalı olan avtomobilində karobkanın və digər mexanizmlərinin köhnəliyi (işlənmiş hissələrin qoyulması) ona dəlalət edir ki, avtomobil saz olaraq hesab etmək olmaz. Hər an istənilən mexanizm sıradan çıxa bilər, bu halda sonuncu usta hər şeyə görə günakhar hesab ediləcək. Bu çür yanaşma ilə tərəflərdən kimin günahkar və təqsirli olması müəyyən edilə bilərmi? Digər tərəfdən iddiaçı ifadəsində özü etiraf edir ki, guya bacısı oğlu Toğrul adlı şəxs filtr və yağı alıb və dəyişə bilməyib, halbuki Toğrul adlı bacısı oğlu yoxdur, yanında oğlu Pərvin şagird olaraq çalışır. Yəni şəxsən tərəfindən faktiki olaraq korobkaya müdaxilə edilməsini (yağ və filtrinin dəyişməsini) tərəfindən edildiyini təsdiq etmir. Belə olan halda mostun təmirilə bağlı iddiaçı ilə şifahi razılaşmanı tam olaraq yerinə yetirib təhvil vermişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmişdir.Iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilməməsinə baxmayaraq işin hallarına uyğun olmayan qətnamə qəbul edərək iddianı qismən təmin etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmədə “xxxx” MMC-nin əməkdaşı mütəxəssis Muhammad Sadaqat izahat verərək göstərmişdir ki, X2 iddiaçının avtomobilini təmir edib, mostu təmir etmək üçün karobka çıxarılanda ona ziyan dəyməməlidir. Hazırki vəziyyətdə isə korobkaya ziyan dəyməsi səbəbini bilmir. Sadəcə servisə gələndə korobkadan yağ axırdı. O, mostu da təmir edir. Korobkanın bir hissəsi “yeyilmişdi”. Həmin hal istifadə zamanı yaranır. Mostu təmir etmək üçün korobka çıxarılıb təkrar yerləşdiriləndə korobkaya ziyan dəyə bilər, ancaq onun təbrübəsində belə hal olmayıb. Mütəxəssisin ifadəsində qeyd olunanlar bir daha sübut edir ki, karobkaya ziyan dəyməsinin səbəbini bilmir və cavabdehin günahı ucbatından yaranmasını təsdiq etmir, əksinə karobkanın bir hissəsinin yeyildiyini (istismar və istifadə nəticəsində)qeyd edir.Most təmir edilərkən karobkanın çıxarıldığını və bunun nəticəsində ziyan dəyməsinin mümkün olmasını qeyd etsə də, bunun cavabdeh tərəfindən most təmir edilərkən edildiyini təsdiq etməmişdir. Halbuki mütəxəssis olaraq most təmirindən sonra karobkanı təmir etdiyindən bunu müəyyən etmək olardı. Lakin mütəxəssis olaraq “xxxx” MMC-nin əməkdaşıMuhammad Sadaqat bunu təsdiq etməmişdir. Məhkəmə “xxxx” MMC-nin əməkdaşıMuhammad Sadaqatın ifadəsini sübut kimi qəbul edərək tərəfindən iddiaçıya ziyan vurulduğunun mümkün olduğunu qeyd etmişdir. Göründüyü kimi, ehtimallarla məhkəmənin bu qənaətə gəlməsi əsassızdır və qəbul edilə bilməz. Digər şahid - mütəxəssis mütəxəssis2 izahatında qeyd edir ki, Korobkanın içində flüksionnu paketlərdə, yumru dəmirlərdə problemlər və avtomobildə yağ axıtma var idi. Most söküləndə koropka zədələnə bilməz. Onlar publik, yağ nasosu alıblar, fluksion paketi təmin ediblər. Işlənmiş ehtiyat hissələri olduğu üçün “ölüxana” adlı yerdən götürüblər. Most arxa hissəyə aiddir. Mostun götürülməsinin korobkanın içinə aidiyyəti yoxdur. Mostu sökəndə koropkanın içinə problem yaratmır. Normal işləsələr, bir problem olmaz. Avtomobil sürülürdü, amma çox uzun müddət sürülə bilməzdi. Göründüyü kimi, şahid -mütəxəssis mütəxəssis2 da ifadəsində birbaşa qeyd edir ki, Most söküləndə korobka zədələnə bilməz, mostun götürülməsinin korobkanın içinə aidiyyəti yoxdur/ Mostu sökəndə korobkanın içinə problem yaratmır. Avtomobil sürülürdü, amma çox uzun müddət sürülə bilməzdi. Buna baxmayaraq bunlar iddiaçının əleyhinə deyilsə də, cavabdeh olaraq məsuliyyəti onun üzərinə qoyulmaqla məhkəımə təkrar olaraq səhv nəticəyə gəlmişdir. Şahid kimi dindirilmiş iddiaçının qardaşı şahid2 və iddiaçının dostu şahid1 ifadəsində göstərmişdir ki, avtomobildə yağ axıldığının şahidləri olmuşlar. Halbuki iddiaçı axşam saat 23-00-da maşını sexin qabağına sürüb gətirərkən maşının altından yağ axdığını bildirmişdir. Iddiaçı mütəxəssilərin dediyi kimi avtomobili bunu bildiyi halda sürməməli, istismar etməməli, yağ axmasının qarşısı alınmalı olduğu halda öz təqsiri ucbatından buna əməl etməməklə avtomobili sürməklə saz vəziyyətdə olan(ola bilər ki,elə nasaz olub) sürətlər qutusunun təmirinə iddiaçı əlavə xərclər çəkmişdir. Həmin xərclər ona aid edilməməli olduğu halda şahid ifadələri düzgün dəyərləndirilməmiş, sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Iddiaçıya zərər vurulması onun tərəfindən törədilməsi və təqsirli hesab edilməyi üçün əsaslar olmadığından məhkəmə qətnaməsi əsaslı hesab edilə bilməz və ləğv edilməlidir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nizami Rayon Məhkəməsinin qətnaməsində avtomobilin most hissəsini cavabdeh iddiaçıya təmir edib təhvil verdiyi gündən bir gün sonra iddiaçı avtomobilin aşağı hissəsində yağ axması barədə cavabdehə müraciət etdiyini, avtomobilə baxış keçirməsi üçün ona təhvil versə də, həmin vaxt cavabdeh avtomobilə baxış keçirə bilmədiyindən servis mərkəzinə müraicət etdiyini qeyd edir, lakin avtomobilin servisə aparılması hissədə səhv nəticəyə gələrək avtomobilini sexdən iddiaçı tərəfindən sürülərək aparıldığını (bunu etməməli olduğu halda, yağ axdığını bildiyi halda) və yolda iddiaçının günahı ucbatından baş verdiyini və yalnız ondan sonra avtomobili evakuator vasitəsilə aparmasını nəzərə almamışdır. Məhkəmənin cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi, buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olması qənaətinə gəlməsi tərəfindən qanunsuz hərəkətlərin edilməməsi, və mütəxəssislər tərəfindən verilmiş izahatlarda təqsirinin sübut və təsdiq edilmədiyi halda haqlı sayıla bilməz. Məhkəmə bu hissədə səhv buraxmaqla hüquqlarının pozulmasıyla nəticələnən qətnamə çıxarmışdır. Məhkəmə sübutları düzgün qiymətləndirmədiyindən səhv nəticəyə gələrək iddia tələbini təmin etməklə ədalətsiz qətnamə qəbul etmişdir. Hesab edir ki, mülki işə baxılan zaman Nizami Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəllənin 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə əməl etməyərək həmin maddələrin müddəalarına riayət olunması üçün lazımi diqqət yetirməmişdir. Həmin işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Ona görə də apellyasiya şikayətinin dəlilləri Nizmai Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 385-387 maddələrində nəzərdə tutulan halların pozulması qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Belə ki, iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi ondan ibarətdir ki, məhkəmə iş üzrə obyektiv araşdırma aparılmamışdır. Məhkəmə işə aid olmayan və iddiaçı tərəfindən maraqlı olan şəxslərin ifadələrinə və izahatlarına əsaslanmışdır. Həmin ifadələrdə isə tərəfindən ziyan vurulduğu öz təsdiqni tapmamışıdr. Əksinə məhkəmə iddiaçı tərəfindən gördüyü işlər müqabilində xidmət haqqının ödənilmədiyini və bu əsasdan nasaz sürətlər qutusuna çəkdiyi xərcləri ondan tutulmasına dair gətirdiyi dəlilləri natamam araşdırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

19. Maddə 21.1 hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasınş

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 3

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

22. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

23. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

24. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

25. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

27. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

31. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

32. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 384.0.2 apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi qismən – iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat məbləğində pul iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı alınaraq cavabdeh Cavabdeh ödənilməlidir.

42. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

43. Iş materiallarından müəyyən olunur ki, tərəflər arasında şifahi razılaşmaya əsasən iddiaçının “Kia Sportage” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin reduktor körpüsü hissəsinin təmiri cavabdeh tərəfindən həyata keçirilmişdir. Tərəflər arasında avtomobilin məhz reduktor körpüsü hissəsinin təmiri barədə razılaşmanın olması mübahisələndirilmir. Bununla yanaşı, tərəflərin avtomobilin sürətlər qutusu hissəsinin təmiri barədə razılığa gəlmələri və ya cavabdehin həmin hissəyə texniki müdaxilə etməsi iş materialları ilə təsdiq olunmur.

44. Iddiaçı avtomobili cavabdehdən təhvil aldıqdan sonra avtomobilin alt hissəsindən yağ axdığını müşahidə etdiyini bildirərək cavabdehə müraciət etmiş, bundan sonra avtomobil “X1” MMC-nin servis mərkəzinə aparılmış və burada sürətlər qutusunun təmiri ilə bağlı işlər görülmüşdür. Iddiaçı həmin təmirə görə çəkdiyi xərcləri cavabdehin hərəkətləri nəticəsində ona vurulmuş maddi zərər kimi tələb etmişdir.

45. Belə ki, Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

46. Hazırkı iş üzrə iddiaçı tərəfindən avtomobilin sürətlər qutusunda yaranmış nasazlığın məhz cavabdehin həyata keçirdiyi reduktor körpüsünün təmiri nəticəsində meydana gəldiyi mötəbər sübutlarla təsdiq edilməmişdir. Əksinə, iş materiallarında olan mütəxəssis izahatından görünür ki, reduktor körpüsünün sökülməsi və təmiri öz-özlüyündə sürətlər qutusunun daxilindəki hissələrin sıradan çıxmasına səbəb olmamalıdır. Mütəxəssislər tərəfindən sürətlər qutusunun bəzi hissələrinin yeyilməsi və işlənmiş ehtiyat hissələri ilə əvəz edilməsi də qeyd edilmişdir.

47. “X1” MMC-nin əməkdaşı Məhəmməd Sədaqətin izahatında avtomobilin ona təhvil verəndə sürətlər qutusundan yağ axıdıldığını, reduktor körpüsünü təmir edən zaman sürətlər qutusunun çıxarıldığını, reduktor körpüsünü təmir edərkən sürətlər qutusuna ziyan dəyməsinin mümkün olduğunu qeyd etmişdir. Digər mütəxəssis mütəxəssis2 izahatında isə reduktor körpüsünün sökülməsi ilə sürətlər qutusunun daxilində yaranmış nasazlıq arasında birbaşa əlaqənin olmadığı, reduktor körpüsünün sökülməsi zamanı normal texniki iş aparıldığı halda sürətlər qutusunun daxilində problem yaranmamalı olduğu bildirilmişdir.

48. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçı avtomobilin altından yağ axdığını bildikdən sonra avtomobili idarə etmiş və sonradan onun servis mərkəzinə aparılması təmin edilmişdir. Bu hal da avtomobilin sürətlər qutusunda yaranmış nasazlığın məhz cavabdehin hərəkətləri nəticəsində baş verdiyi barədə qəti nəticəyə gəlməyə imkan vermir.

49. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı cavabdehin qanunsuz hərəkəti ilə avtomobilə dəymiş zərər arasında səbəbli əlaqənin mövcudluğunu sübut etməli olduğu halda, bu halı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.

50. Bununla yanaşı, iddiaçının “X1” MMC-də sürətlər qutusunun təmirinə görə ödədiyi 443,10 manat, habelə ehtiyat hissələrinin alınmasına görə ödədiyi 365 manat və 46 manat məbləğində xərclərin cavabdehin hərəkətləri nəticəsində yaranmış zərərin aradan qaldırılması üçün zəruri xərclər olması sübuta yetirilmədiyindən cavabdehdən tutulmasına əsas da mövcud deyil.

51. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin 854,10 manat məbləğində maddi zərərin cavabdehdən tutulması barədə nəticəsi iş üzrə müəyyən edilmiş hallara və sübutların məcmusunun hüquqi qiymətləndirilməsinə uyğun hesab edilə bilməz.

52. Iddiaçının 100 manat məbləğində mənəvi zərərin tutulması tələbinə münasibətdə də kollegiya hesab edir ki, cavabdehin hüquqa zidd hərəkəti və onun nəticəsində iddiaçının əmlakına zərər vurulması sübuta yetirilmədiyindən, həmin hərəkətlər nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi barədə nəticəyə gəlmək üçün də hüquqi əsas yoxdur. Bu səbəbdən mənəvi zərərin ödənilməsi tələbi də təmin edilə bilməz.

53. Beləliklə kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsaslıdır. Birinci instansiya məhkəməsi sübutları tam və hərtərəfli qiymətləndirməmiş, cavabdehin hərəkəti ilə iddiaçının çəkdiyi xərclər arasında səbəbli əlaqənin mövcudluğunu kifayət qədər əsaslandırmadan iddianı qismən təmin etmişdir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

55. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edildiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı alınaraq cavabdeh Cavabdeh ödənilməlidir.

57. Həmçinin, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dğvlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat məbləğində pul iddiaçının özünə aid edilsin.

58. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələndirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi qismən – iddianın təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi rədd edilsin. Iddia ərizəsinin verilməsinə görə ödənilmiş dğvlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat məbləğində pul iddiaçının özünə aid edilsin.

Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar