Məhkəmə qərarları › İş №2(3-6)-226/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-226/2026

17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-226/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ İş № 2(3-6)-226/2026 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3838/2025 nömrəli 29 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şirvan Şəhər Məhkəməsinin 4(032)-143/2022 nömrəli 13 iyun 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 iyun 2022-ci il tarixdən hesablanmışdır.

2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-51/2023 nömrəli 26 dekabr 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, onun, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməsi, bəraət alması ilə əlaqədar İddiaçı cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilməsi hökm edilmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-251/2024 nömrəli 22 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya protestinin təmin edilməməsi, İddiaçı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1608/2024 nömrəli 30 iyul 2024-cü il tarixli qərarı ilə kassasiya protestinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi ziyana görə 100.000 manat, birbaşa maddi zərərə görə isə 16.000 min manat olmaqla, cəmi 116.000 manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü ilə (Hüseynov Nahid Nəsir oğlunun sədrliyi ilə) ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. İstintaqın gəldiyi nəticəyə görə o ittiham olunurdu ondan ötrü ki, guya- «satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda ümumi təmiz çəkisi 1310,429 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, elektron tərəzi ilə 04 ədəd bükümlərə ayıraraq 03 ədəd bükümü yaşadığı evdə, 01 dəd bükümü isə üzərində daşıyaraq saxlamış, 11 iyun 2022-ci il tarixdə saat 18 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Xaqani küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı 0,429 qram çəkidə heroin əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə, həmin tarixdə saat 19 radələrində yaşadığı ünvan 1 ünvanına baxış zamanı isə qonaq otağındakı divanın arxasından bir ədəd politietilen torbada 03 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 260 qram, 410 qram və 640 qram eyni tərkibli heroin və 01 ədəd üzərində heroinin izi olan lektron tərəzi aşkar edilərək götürülmüşdür.» İstintaqın gəldiyi nəticəyə görə, bu hərəkətlərim ilə onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətdiyi qənaətinə gəlinmişdir. Ancaq yuxarıda qeyd etdiyi kimi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 1(099)-51/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona bəraət verilmişdir. Məhkəmənin həmin hökmü ilə ona cinayət təqibi zamanı qanunsuz tutulma, təqsirləndirilən şəxs qismində cəlb edilmə, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməyi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sözügedən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 1 (106)-251/2024 saylı hökmü ilə (sədrlik edən Abdullayev llkin Qismət oğlu, hakimlər X1 və X2 ibarət tərkibdə) apellyasiya protesti təmin edilməyərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sözügedən hökmü dəyişdirilməyərək qüvvədə saxlanılmışdır. Daha sonra Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru tərəfindən kassasiya protesti verilərək, Şirvan Apellyasiya Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 1 (106)-251/2024 saylı hökmünün ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 iyul 2024-cü il tarixli 1(102)-1608/2024 saylı Qərarı ilə kassasiya protesti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 1(106)-251/2024 hökmü dəyişdirilmədən öz qüvvəsində saxlanmışdır. O qanunsuz olaraq xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 1 il 5 ay 15 gün müddətində faktiki olaraq azadlıqdan məhrum edilməklə həbsdə saxlanmışdır. Bu müddət ərzində o mənəvi, psixi və fiziki iztirablar çəkmişdir. Belə ki, ən dəhşətli sarsıntı və iztirab onun azadlığının əlindən alınmasıdır. Təbii ki, dünyada azadlıqdan qiymətli və dəyərli hər hansı bir anlayış yoxdur. Hüquq-mühafizə orqanlarının təqsiri üzündən o azadlığını uzun müddətə itirmişdir. Normal ədalət mühakiməsi yaradılmalı olduğu halda bu edilməmişdir. Təhqiqat və istintaq orqanının, prokurorluğun yol verdiyi kobud səhvlərə görə məhz dövlət məsuliyyət daşıyır. O bütün ömrü boyu vicdanla yaşamış və fəaliyyət göstərmişdir. Ətrafda olanlar və onu tanıyanlar, qohumların onu vicdanlı bir şəxs kimi tanımışlar. Onun barəsində cinayət işinin başlanması və həbs qətimkan tədbiri seçilməsi cəmiyyətdə olan imicinə mənfi təsir göstərmişdir. Cəmiyyətdə hamı onu bir cinayətkar kimi qəbul etmişdir. Onun əvvəlki vəziyyətinin bərpa edilməsi mümkün deyil və bütün ömrü boyu cinayətkar damğası altında yaşayacaq. Ən başlıcası isə qanunsuz olaraq həbs edilməyi birbaşa olaraq onun ailəsinin dağılmasına səbəb olmuşdur. Belə ki, o ailəli olmaqla birgə nikahlarından 16 noyabr 2016-cı il tarixdə X7 adlı 1 azyaşlı uşağı vardır. Həyat yoldaşı müəllimədir. Qanunsuz olaraq həbs edildiyindən sonra ATV kanalında Şirvan şəhərində 17 nəfərin narkotik və oğurluqla əlaqədar olaraq tutulduqları barədə rəsmi xəbər verilmiş və həmin verilişə milyonlarla vətəndaş baxmışdır. Həmin verilişdə onun fotoşəkili də nümayiş etdirilmişdir ki, məhz həmin xəbərdən sonra həyat yoldaşı X8 ailəni tərk edərək atası evinə getmiş, daha sonra Şirvan Rayon Məhkəməsində ondan boşanmaq barədə iddia qaldırmış və Şirvan Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(032)-642/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək onunla həyat yoldaşı X8 arasında 22 may 2015-i il tarixdə Şirvan Şəhər Qeydiyyat Şöbəsində bağlanılmış 247 nömrəli nikah akt qeydi pozulmuş və birgə nikahlarından 16 noyabr 2016-cı il tarixdə anadan olmuş övladı X4 iddiaçı X5 himayəsində saxlanılması qət edilmişdir. Ona vurulan mənfi sarsıntılardan biri də səhv etmiş hüquq-mühafizə əməkdaşlarının yol verdiyi səhvlərə görə heç kəsin məsuliyyətə cəlb edilməməsi, ondan bir zərər çəkən şəxs kimi üzr istənilməməsidir. Keçirdiyi mənfi sarsıntıları heç bir pulla ödəmək mümkün deyildir. Lakin mövcud qanunvericiliyin tələblərinə əsasən mənəvi sarsıntılar, iztirablar maddiləşdirilməlidir. Ona vurulan mənəvi sarsıntıları 100.000 manat həcmində dəyərləndirir. 1 il 5 ay 15 gün müddətində həbsdə qalmağı ilə əlaqədar hər ayda orta hesabla 1000 götürsək, təqribən 16.000 manat real qazancı əldən çıxmış və ailəsinə, valideynlərinə heç bir maddi yardı göstərə bilməmişdir. Sırf qanunsuz həbs edildiyi ilı bağlı olaraq ailəsi dağılmışdır.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 oktyabr 2025-ci il tarixli 2(006)-3838/2025 nömrəli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 18500 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti iddiaçının hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. İddia tələbinin maddi zərərə aid hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı ona 16.000 manat maddi ziyanın vurulduğunu tələb etsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz.

9. Məhkəmə iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 1 il 6 ay 15 gün müddətinə həbs qətimkan tədbirinə görə 18.500 manat (bir ay üzrə 1000 manat x 18 ay 15 gün) məbləğində müəyyən etmişdir.

10. Məhkəmə gəldiyi nəticəni «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa, Mülki Məcəllənin 1101.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

11. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 68, İ hissə. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.

17. Maddə 68, İİ hissə. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

18. Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

19. Maddə 68, İV hissə. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

25. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

26. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir

27. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Cavabdeh tərəfindən qətnamə yalnız iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir.

36. Qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. İddiaçı barəsində 11 iyun 2022-ci il tarixdən 26 dekabr 2023-cü il tarixədək olan müddət ərzində, yəni ümumilikdə 1 il 6 ay 15 gün müddətinə qanunsuz olaraq cinayət işi üzrə icraat aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi nəticəsində ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.

39. Kollegiya qeyd edir ki, iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, azadlıqdan məhrum edilməklə əsassız məhrumiyyətlərə məruz qalmış, barəsində 2022-ci ildə tutulma istintaq hərəkəti, daha sonra isə seçilmiş həbs qətimkan tədbiri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli hökmü bəraət hökmü ilə ləğv edilərək dərhal həbsdən azad edilmişdir. Bu müddət onun faktiki olaraq azadlığının qanunsuz məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla azadlıq hüququ məhdudlaşdırılmışdır.

40. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli sayır.

41. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.

42. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

43. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3838/2025 nömrəli iş üzrə 29 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar