Məhkəmə qərarları › İş №2(3-6)-234/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-234/2026

17.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-234/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4691/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 2162 ABŞ dolları (3675.40 manat) pul vəsaitinin və məhkəməyə ödənilmiş 58 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə "xxxx" VTB arasında bağlanmış xx.xx.2012-ci il tarixli 109769-1-4996 saylı avtomobil kredit müqaviləsi üzrə zamin qismində tanınmış, bu barədə "xxxx" VTB ilə arasında xx.xx.2012-ci il tarixli, 109770-7-3195 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh avtomobil kredit müqaviləsi üzrə "xxxx" VTB-yə ödəməli olduğu vəsaiti ödəməməsi səbəbindən "xxxx" VTB İddiaçı və Cavabdeh qarşı iddia tələbi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Binəqədi rayon məhkəməsi tərəfindən işə baxılmış va xx.xx.2015-ci il tarixli, 2(001)- 5116/2015 saylı qətnamə qət edilmişdir. Həmin qətnaməyə əsasən, Cavabdeh və İddiaçı müştərək qaydada Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə 22730,86 ABŞ dolları məbləğində əsas, 1620,68 ABŞ dolları məbləğində faiz və 10,40 ABŞ dolları məbləğində cərimə, cəmi 24361,97 (iyirmi dörd min üç yüz altmış bir, doxsan yeddi) ABŞ dolları məbləğində borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq "xxxx" VTB (Azərbaycan) ASC- yə verilməyi, tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan "Chevrolet Captiva-minik" markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməyi və avtomobilin açıq hərracdan satılması, əldə edilən vəsait hesabına yaranmış borcun ödənilməsi qət edilmişdir. Cavabdeh mülkiyyətində olan "Chevrolet Captiva minik" markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilin hərracı mümkün olmamış, borcun bir hissəsi ödənilə bilməmişdir. Beləliklə, borcun tam şəkildə ödənilməsi Cavabdeh və İddiaçı öhdəliyində qalmışdır. Cavabdeh borcun üzərinə düşən hissəsini ödəməkdən imtina etmiş, hələ də məhkəmə qərarını icra etməmişdir. İddiaçı Məmmədov tərəfindən məhkəmə qətnaməsinin icrası məqsədi ilə xx.xx.2025- ci il tarixində "xxxx" VTB ASC-yə 2162 ABŞ dolları kredit ödənişi və 2.94 ABŞ dolları hesaba mədaxil pul vəsaiti ödəmişdir. Hazırda İddiaçı Cavabdeh kredit borcunun bir hissəsini ödəmiş, bu səbəblə maddi vəziyyəti ağırlaşmışdır. İddiaçı kredit boreu üçün ödənilmiş vəsaitin Cavabdeh tərətindən geri ödənilməsini tələb edir. Bu səbəblə İddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, iddiaçını şəxsən tanımır və onunla heç bir zaman heç bir şəkildə sövdələşməyib və ya hər hansı bir əlaqəsi olmamışdır. Bu öz-özlüyündə reqressin rədd edilməsi üçün əsasdır. Belə ki, reqress tələbi üçün borclu ən azından zamin ilə tanış olmalıdır ki, onun (borclunun) icazəsi və ya müraciəti, tələbi və s. ilə zamin hər hansı öhdəliyi üzərinə götürmüş olsun. Bundan başqa, iddiaçı ona təqribi olaraq ilk və son dəfə cari ilin ilk aylarında zəng etmiş və özünü təqdim etmişdir. Ona bildirmişdir ki, ondan bank borcunun ödənilməsini tələb edir. O, telefon danışığı zamanı ona banka heç bir borcunun olmadığını və bank əməkdaşlarının fürsətdən istifadə edərək onu aldatdığını bildirdi. Telefon danışığı zamanı iddiaçı da qeyd etdi ki, borc yoxdursa niyə ödəyir və ona heç bir şəkildə pulu ödədiyini bildirmədi. Bu da özü-özlüyündə reqress üçün qeyri-hüquqi göstəricidir. Belə ki reqress tələbi üçün zamin borclunun icazəsi ilə kreditorun tələbi əsasında borcu ödədiyi təqdirdə məhkəmə qaydasında ödədiyini tələb edə bilər. Mobil telefon danışıqları qeydə alınır və o, heç bir borcunun olmadığını və heç bir şəkildə ödəmə olmasın deyə israrla tələb etdiyi telefon danışıqlarında öz əksini tapır. Zamin öz istəyi ilə hansısa pul məbləğini banka ödəyirsə burada reqresdən söhbət gedə bilməz. Bunun üçün heç bir hüquqi ǝsas yoxdur. Məlum məsələdə Bank VTB vasitəsi ilə atası İddiaçı Müzəffər oğlu 109769-1-4996 saylı xx.xx.2012-ci il tarixli "Avtomobil kredit müqaviləsi" ilə Chevrolet Captiva markalı 90- VC-367 dövlət nişanlı avtomobili cavabdehin adına rəsmiləşdirilməklə almış və bank zamin olaraq avtomobil zaminliyi ilə məşğul olan iddiaçını göstərmişdir. İddiaçı ilə heç bir şəkildə əlaqəsi olmamışdır. Nə şəxsən, nə də vasitəçiliklə cavabdehi tanımırdı, indi də tanımır. Bir neçə il sonra tərəfindən 11 (on bir) min dollar ödəmə olduqdan sonra məlum devalvasiya proseslərində bank bildirmişdir ki, müqavilə ABŞ dollar ilə olduğu üçün yenidən banka 24361 (iyirmi dörd min üç yüz altmış bir) ABŞ dolları borc yaranmışdır. Yəni bankın dediyinə əsasən ödədiyi on bir min ABŞ dolarrının manata olan məzənnəsi ilə ödənməmiş kimi göstərilirdi. O, dərhal atasına avtomobilin ya satılması ya da banka qaytarılmasını xahiş etdi. Maşın tərəfindən satılsa da alan şəxs heç bir ödəmə etmədiyi üçün bank yenidən məhkəməyə müraciət etmiş və borcun qaytarılmasını istəmişdir. Nəticədə bank məhkəmə qaydasında ipoteka premetini, yəni Chevrolet Captiva markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehdən öz razılığı ilə hərraca qoyub satmışdır. İddiaçı məhkəməyə yalan məlumat verərək hərracın baş tutmadığını bildirsə də, məhkəmə qətnaməsində hətta hərracdan artıq qalan pulun cavabdehə ödənilməsi tələbi olduğunu da gizlətmişdir. Belə ki, ilkin məhkəmə də xx.xx.2015-ci il tarixli 2(001)-5116/2015 saylı qətnamə qəbul edilmiş və həm cavabdehdən həm də zamindən (iddiaçıdan) müştərək qaydada 24361 (iyirmi dörd min üç yüz altmış bir) ABŞ dolları müqabilində alınaraq ipoteka predmetinə yönəldilmiş və bununla da Chevrolet Captiva markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərraca çıxarılaraq satılmalı və artıq qalan məbləğin mənə yəni cavabdehə ödənilməli olduğu qət edilmişdir. İddiaçı bu qətnamədən şikayət verməmişdir. Ona görə də onun reqress tələbi əsassızdır. Çünki, həm bank, həm də zamin (iddiaçı) bildirir ki, iddia tələbi ipoteka predmetinə yönəldilən zaman cavabdeh apelyasiya şikayəti vermədikdə borc iddia təmin olmuş və borc silinmiş olur. Cavabdeh bu məhkəmələrin heç birində nə şəxsən, nə də nümayəndəliklə iştirak etməmiş və məhkəmə qətnamələrindən avtomobili qaytardığına razı olduğu üçün şikayət verməmişdir. Avtomobil açıq hərracda satılmış və bank buna dair ona bildiriş ünvanlamışdır. Üzərindən 13 il keçmiş və bu illər ərzində ona nə borc, nə də başqa bir pretenziya barədə heç bir rəsmi məlumat vertilməmişdir və hər hansı bir borc qalığı üçün məhkəmə qaydasında bank tərəfindən tələb irəli sürülməmişdir. xx.xx.2012-ci il tarixli "Avtomobil kredit müqaviləsi" heç bir zaman yenilənməyib. İlkin müqavilə olaraq qüvvədə qalıb. Ona görə də müqavilənin müddəti bitmiş hesab olunub. Bundan başqa borc müqaviləsi üzrə şərtləndirilmiş avtomobil yəni borc müqaviləsinin predmeti kreditora qaytarılıb. Belə olan halda hansı reqresdən və ya borcdan söhbət gedə bilər. Belə ki, borcun predmeti yəni avtomobil kreditor tərəfindən məhkəmə qaydasında alınırsa və kreditora borclu tərəfindən 11 min ABŞ dolları ödənilirsə hansı borcdan söhbət gedə bilər? Bu açıq aşkar bank əməkdaşının saxta yolla iddiaçı ilə əlbir olub ondan hansısa pul vəsaitinin tələb etdiyinin göstəricisi ola bilər və ya iddiaçı bank tərəfindən aldadılmışdır. 24361 (iyirmi dörd min üç yüz altmış bir) ABŞ dolları müqabilində 2162 (iki min bir yüz atmış iki) ABŞ dollarının tələbi və bununla da borcun bank tərəfindən bağlanılması, elə bu qanunazidd hərəkətin göstəricisidir. Bank tərəfindən verilən xx.xx.2025-ci il 55 saylı arayışdan isə zaminlik müqaviləsinin hansı əsasda olduğu və bu işə hansı əsasla aid olduğu isə naməlum və qərəzlidir. Belə ki, arayışda göstərilən məbləğ 86.54 (səksən altı) ABŞ dollarına bərabərdir. Bu rəqəmin hansı müqaviləyə və ya öhdəliyə aid olduğu bilinmir. Bank tərəfindən verilmiş 2162 (iki min bir yüz altmış iki) ABŞ dolları məbləğində qəbz isə hansı predmetə görə ödəndiyi bilinmir. Ödənilsə belə üzərindən on il keçmiş və bu on il ərzində hər-hansı məhkəmə iddiası olmayan tələbə görə pul vəsaitinin əsas borclunun israrlarına rəğmən zamin tərəfindən ödənilməsi isə reqress üçün göstərici ola bilməz. Reqress o zaman qanunauyğun sayılır ki, zamin borcu borclunun tələbinə və razılığına əsasən məhkəmə qaydasında borcun predmeti alınana qədər ödəmiş olsun. Borcun predmeti borclu tərəfindən qaytarılırsa və kreditor təşkilat (bank) borcun predmetinin hərracda satdıqdan sonra üzərindən on il keçdiyi təqdirdə bu illər ərzində heç bir tələb irəli sürmürsə hansı borcdan söhbət gedə bilər? Bütün bu faktlar göstərir ki, zamin əsassız olaraq reqress tələbi irəli sürür belə ki, heç bir borc olmadığı təqdirdə kreditor təşkilata (banka) pul ödəmiş və üstəlik bu borc ilkin məhkəmə qətnaməsi ilə borc müqaviləsi predmetinə yönəldilərək hərracda satıldıqdan sonra ödənmişdir. Borcun tələbinə dair on ildən çox vaxt keçdiyi və bu müddət ərzində bank heç bir şəkildə borclu və ya zamindən borcun ödənilməsini məhkəmə qaydasında tələb etmədiyi təqdirdə hansı zaminlikdən və ya tələbdən söhbət gedə bilər? Bütün bunlar göstərir ki, bank əməkdaşı zaminə-iddiaçıya qarşı qanunsuz tələb irəli sürmüş və əsassız olaraq ondan hansısa naməlum borcu ödəməsini tələb etmişdir. Belə olan halda hansı əsasla cavabdeh borclu kimi zaminə ödəmə etməlidir? Borcun predmeti kreditora qaytarılıbsa və bundan sonra kreditor məhkəmə qaydasında heç bir tələb irəli sürməyibsə söhbət hansı borcdan gedə bilər? İddiaçı ona heç bir məlumat vermədən banka ödəmə etmişdir, tərəfindən dələduzluq, bank özbaşınalığı barədə Banklar Assosiasiyasına, eləcə də məhkəmə qaydasında işin əsassız olaraq icraata alındığı üçün Məhkəmə Hüquq Şurasına şikayət ünvanlanacaq.

4. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4691/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Səidə Məmmədova) ilə iddia təmin edilmiş, 2162 (iki min yüz altmış iki) ABŞ dolları məbləğində pulun (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 58 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə qəbul etmişdir. Belə ki, Bank VTB üzərindən məhkəmə predmeti olan avtomobil hərrac yolu ilə satılmasından on il keçir və on il ərzində bircə dəfə belə ona pretenziya məktubu və ya borcun qalıq hissəsinin olduğu barədə heç bir məlumat verilməyibsə, hansı borc öhdəliyindən söz gedə bilərdi. Məhkəmə bunu araşdırmalı idi. O, on ildə ərzində Bank VTB tərəfindən borc qalığı barədə rəsmi qaydada məlumatlandırılmayıbsa, zamin niyə on ildən sonra borcu ödəyir və reqres tələb edir!? 24361 ABŞ dolları məbləğində borc 2162 ABŞ dolları ilə bağlanır və bu borc guya onun borcu kimi göstərilərək hansısa naməlum açıq qalmış borc müqaviləsinə xitam verilir. Məhkəmə bu nüansı araşdırmalı və buna görə Bank VTB-ni işə cəlb edərək öyrənməli idi. Lakin məhkəmə sözdə banka sorğu məktubu ünvanladığını bildirsə də, nə bank işə cəlb edilmiş, nə də məktuba cavab olmamışdır. Bank VTB tərəfindən verilmiş qəbzin nə əsasla verildiyi də ortada yoxdur. 24 minlik borc 2162 ABŞ dolları ilə bağlanırsa bu artıq özü-özlüyündə absurd xarakter daşıyır. Bu iş kifayət qədər araşdırılmadığından onun hüquqları kobud şəkildə pozulmuşdur. Necə ola bilər ki, o, 24361 ABŞ dolları dəyərində avtomobilə görə Bank VTB-yə 11000 ABŞ dolları ödəniş edib və bundan sonra avtomobil məhkəmə qaydasında Banka qaytarılıb və açıq hərracla satılıb və üzərindən on il keçib yenə də, o, banka borclu qalıb və bank ona bu on il ərzində bir məktub belə ünvanlamadan zamindən borcu tələb edib. On il sonra isə zamin guya bu borcu qaytarıb və yenidən reqres tələbi irəli sürərək ondan ödənişi tələb edib. İddiaçını şəxsən tanımır, iddiaçı ona zəng vuraraq, bankın ondan pul tələb etdiyini bildirmiş, o isə heç bir borcunun olmadığını bildirmişdir. Buna görə də şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz ərizəsi yükləyərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

8. Etiraz belə əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-5116/2015 saylı icra sənədi üzrə 2162 ABŞ dolları məbləğində pul ödəməklə, o, zaminlik müqaviləsindən irəli gələn vəzifələrini icra etmişdir. Mülki Məcəllənin 475.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Bu maddədə işlədilən “həmin öhdəlik üzrə hüquqlar” ifadəsi ilə hazırkı işdə kredit müqaviləsi üzrə bankın hüquqları nəzərdə tutulur. Ona görə də, hazırki iş üzrə iddiaçı olan zamin icra sənədi üzrə ödədiyi pulun ona qaytarılması üçün Cavabdeh qarşı reqres tələb irəli sürməsi və Mülki Məcəllədə nəzərdə tutulan digər hüquqlarından istifadə etməsi qanuni və əsaslıdır. Tərəflərin izahatı:

9. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

10. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi:

11. Mülki iş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(001)-5116/2015 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə 22730,86 ABŞ dolları məbləğində əsas, 1620,68 ABŞ dolları məbləğində faiz və 10,40 ABŞ dolları məbləğində cərimə, cəmi 24361,97 (iyirmi dörd min üç yüz altmış bir, doxsan yeddi) ABŞ dolları məbləğində borc və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə verilməsi, tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan «Chevrolet Captiva minik» markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, əldə edilən vəsait hesabına yaranmış borcun ödənilməsi qət edilmişdir.

12. Binəqədi rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli məktubun surətindən müəyyən olunur ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 51-ci maddəsininin tələblərinə əsasən **-VC-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Captiva minik" markalı avtomobilin qiymətləndirilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir.

13. xx.xx.2025-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı tərəfindən “Bank VTB (Azərbaycan)” ASC-nin xəzinəsinə Cavabdeh adına olan kredit müqaviləsi üzrə 2162 ABŞ dolları məbləğində ödəniş edilmişdir.

14. “Bank VTB (Azərbaycan)” ASC-nin xx.xx.2025-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı Bank VTB Azərbaycan ASC-də 109769-1-4996 saylı 30102.00 (otuz min bir yüz iki, 00 cent) ABŞ dolları məbləğində 26 dekabr 2012-ci il tarixli avtomobil girovlu kredit müqaviləsi üzrə zaminlik öhdəliyi ləğv edilmişdir.

15. “Bank VTB (Azərbaycan)” ASC-nin Binəqədi rayon İcra şöbəsinə xx.xx.2025-ci il tarixli 1154 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-5116/2025 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən, borclu/Cavabdeh, VTB (Azərbaycan) ASC-nin on(lar)a qarşı olan borc tələbini xx.xx.2025-ci il tarixində tam icra etmişdir. Göstərilənlərə və "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən, Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-5116/2025 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

20. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

21. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

22. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

23. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.

24. Maddə 474.2. Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur.

25. Maddə 474.3. Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər.

26. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

27. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.

28. Maddə 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.

29. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

34. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

35. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

36. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

39. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz

41. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

44. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

45. Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh ilə "xxxx" VTB arasında bağlanmış xx.xx.2012-ci il tarixli 109769-1-4996 saylı avtomobil kredit müqaviləsi üzrə İddiaçı zamin qismində tanınmış, bu barədə "xxxx" VTB ilə onun arasında xx.xx.2012-ci il tarixli, 109770-7-3195 saylı Zaminlik müqaviləsi bağlanmışdır.

46. Mülki iş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı tərəfindən “Bank VTB (Azərbaycan)” ASC-nin xəzinəsinə Cavabdeh adına olan kredit müqaviləsi üzrə 2162 ABŞ dolları məbləğində ödəniş edilmişdir.

47. Hazırda iddiaçı zamin olaraq ödədiyi 2162 ABŞ dolları məbləğində pulu reqres qaydasında həmin kreditin müqaviləsi üzrə borclu olan cavabdehdən tələb edir.

48. Belə ki, Mülki Məcəllənin 475.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Bu maddədə işlədilən “həmin öhdəlik üzrə hüquqlar” ifadəsi ilə hazırkı işdə kredit müqaviləsi üzrə bankın hüquqları nəzərdə tutulur. Ona görə də, zaminin - iddiaçının icra sənədi üzrə ödədiyi pulun ona qaytarılması üçün borcluya – cavabdehə qarşı reqres tələb irəli sürməsi qanuni və əsaslıdır.

49. Mülki Məcəllənin həmin maddəsində qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə tələb edə bilər.

50. Cavabdeh apellyasiya şikayətində həm qeyd etmişdir ki, iddiaçı "xxxx" VTB tərəfindən tələb olunan borc barədə onu xəbərdar etməmişdir. Həm də iddiaçının ona zəng etdiyini, bankın borcu tələb etdiyini bildirdiyini qeyd etmişdir. Eyni zamanda cavabdehin rayon məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədə də 2025-ci ilin ilk aylarında iddiaçının ona zəng etdiyini, bankın ondan borcun ödənilməsini tələb etdiyini qeyd etmişdir. Burdan da görünür ki, cavabdeh mövcud borc barədə məlumatlı olmuşdur. Belə olan halda iddiaçı cavabdehə qarşı ödədiyi məbləği tələb etməkdə haqlı olmuşdur.

51. Cavabdeh apellyasiya şikayətində həm də rayon məhkəməsi tərəfindən "xxxx" VTb-nin mülki işə cəlb edilmədiyini mübahisələndirsə də, “AZEMİS” elektron məhkəmə sistemində proses iştirakçıları bölməsindən müəyyən etmək olur ki, "xxxx" VTB mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs kimi mülki işə cəlb olunmuşdur. Eyni zamanda rayon məhkəməsinin "xxxx" VTB-yə göndərdiyi xx.xx.2025-ci il tarixli sorğu da mülki materiallarında mövcuddur (i\v səh. 32). Lakin həmin sorğuya Bank tərəfindən hər hansı cavab daxil olmadığı görünür. Odur ki, şikayətin bu dəlili də əsassızdır.

52. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

54. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

55. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

56. Qeyd olunanlara əsasən Məhkəmə qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla, əsassızdır və təmin edilə bilməz. Rayon məhkəməsi hazırkı iddia tələbini təmin etməkdə haqlı olmuş, mülki iş üzrə düzgün qənaətə gəlmişdir.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

58. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

60. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

61. Hazırkı mülki iş üzrə iddianın qiyməti 2162 ABŞ dolları (3675.40 manat) olduğundan bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

62. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

63. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4691/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar