Məhkəmə qərarları › İş №2(3-6)-2367/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2367/2026

19.08.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2367/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2367/2026 (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü və payların müəyyən edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili vəkil2, cavabdeh Cavabdeh, cavabdeh Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında olan nikah pozulmuşdur.

2. İddiaçı hesab edir ki, birgə nikah dövründə cavabdehin adına olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və yerləşdiyi 0,0425 ha torpaq sahəsinin birgə nikah dövründə əldə etdikləri üçün tərəflər arasında qanunvericiliyin tələblərinə əsasən bərabər bölünməlidir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh mülkiyyətində olan birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və yerləşdiyi 0,0425 ha torpaq sahəsinin ½ hissəsinə iddiaçı İddiaçı payının müəyyən olunması və həmin hissəyə mülkiyyət hüququ tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh Cavabdeh ilə ##.##.1999-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından ##.##.2000-ci il təvəllüdlü X2 və ##.##.2002-ci il təvəllüdlü X1 adlı övladları var. Cavabdehlə əvvəllər münasibətləri normal olsa da, sonradan kəskin pisləşdiyindən aralarında olan nikahın pozulması üçün Cavabdeh Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Birgə nikah dövründə ümumi vəsait hesabına ##.##.2019-cu il tarixində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, A.Bakıxanov küçəsi, 8-ci döngə, **C saylı fərdi yaşayış evin yerləşdiyi 0,0425 ha torpaq sahəsi əldə etmişlər. Sözü gedən bu əmlak birgə nikah dövründə ümumi gəlirlər hesabına alınmışdır. Tərəflər arasında nikah pozulduqdan sonra qeyd olunan əmlak birgə istifadə edilirdi və 2025ci ilin oktyabr ayında cavabdeh Cavabdeh iddiaçı İddiaçı whatsap vasitəsilə sms yazaraq həmin əmlak ona məxsus olmasını bildirərək əmlakın İddiaçı tərəfindən istifadəsinin dayandırılmasını tələb etmiş və əks təqdirdə hüquq mühafizə orqanlarına şikayət edəcəyini qeyd etmişdir. Daha sonra isə əsassız olaraq həmin şikayəti ünvanlanmışdır. Bununla bağlı bildirmək istəyir ki, birgə nikah dövründə əldə edilmiş əmlak nikah pozulduqdan sonra bir istifadə edilməsi davam etdirilmiş və bütün kommunal ödənişlər daim İddiaçı tərəfindən həyata keçirilmişdir. Həmçinin əmlakın ancaq Cavabdeh məxsus olması və sair mübahisəsi belə olmamışdır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh mülkiyyətində olan birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və yerləşdiyi 0,0425 ha torpaq sahəsinin ½ hissəsinə iddiaçı İddiaçı payının müəyyən olunması və həmin hissəyə iddiaçı İddiaçı mülkiyyət hüquqlarının tanınması qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəricəni Mülki Məcəllənin 213.1, 213.2, 222.3, 225.1, 225.2-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 33.1, 33.2, 33.3, 34.1, 34.2, 36.1, 36.2, 36.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə və Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 3.3, 3.6, 3.9, 9.1, 9.5-ci bəndlərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti və ona əlavə verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti və ona əlavə belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə araşdırması zamanı cavabdeh Cavabdeh tərəfindən təqdim edilmiş etiraz dəlillərinə və hüquqi əsaslandırmalara tam və hərtərəfli hüquqi qiymət verilməmiş, iddia müddətinin tətbiqi ilə bağlı əsaslı arqumentlər və iş materiallarında olan sübutlar natamam araşdırılmışdır. Bu hal məhkəmənin tərəflərin hüquq bərabərliyi prinsipini təmin etmədiyini və çəkişmə prinsipinə uyğun ədalətli araşdırma aparmadığını göstərir. Belə ki, Whatsapp yazışması ilə sübut olunur ki, hələ 2022-ci ilin iyun ayında iddiaçı, İddiaçı sözügedən əmlak üzərində mülkiyyət hüququna aşkar müdaxilə mövcud olmuşdur. Belə ki, sözügedən evdən başqasının istifadə edilməsinə icazə verilməsi və ya belə icazəsinin verilməsindən imtina edilməsi mülkiyyət hüququna xas səlahiyyətlərdir. Həmin yazışmadan görüdüyü kimi, iddiaçı cavabdehin anasının həmin evdən istifadə etməsinə qarşı olmuşdur, həmin evin yarısına mülkiyyət hüququnun olduğunu qeyd etmişdir, lakin cavabdehin anasının həmin evdən istifadə etməsinə mane ola bilməmişdir. Bu fakt isə iddiaçının mülkiyyət hüququnun pozulması anı kimi qəbul edilməli və iddia müddətinin başlanğıcı üçün hüquqi fakt kimi çıxış etməlidir. Həmçinin, # #### 2022-ci il tarixdə iddiaçı, İddiaçı tərəfindən göndərilmiş digər mesajda qeyd edilir: - ... Dəqiq nə istəyirsən? O (cavabdehin anası nəzərdə tutulur), 11 iyunda gəlib 11 iyulda gedəcək? nə vaxt ora qayıda bılərəm? İddiaçının özünün mesajından məlum olur ki, hətta həmin evə getməsi üçün onun cavabdehdən icazə alması lazımdır. Yəni həmin evə nə zaman getməsi, həmin evdə kimin qalması ondan asılı deyildir, onun iradə ifadəsi nəticəsində müəyyən olunmur. Bu fakt da sübut edir ki, əgər həmin tarixdə iddiaçı həmin daşınmaz əmlakın mülkiyyətçisinə xas olan hüquqlarını həyata keçirə bilmir, cavabdeh həmin daşınmaz əmlakın yeganə mülkiyyətçisi kimi çıxış edərək həmin əmlak üzərində mülkiyyətçiyə məxsus bütün hüquqları həyata keçirir. Digər tərəfdən iddiaçı tərəfindən kommunal ödənişlərin ödənilməsini təsdiq edən kart hesabından çıxarış barədə qeyd edilməlidir ki, həmin çıxarış olduqca məhdud dövrü (2025-07-10 tarixdən 2025-11-04 tarixədək) əhatə edir. Yəni 3-4 ay ərzində kommunal ödənişlərin ödənilməsi ona əsas verə bilməz ki, iddiaçı həmin əmlak üzərində mülkiyyətçiyə xas bütün hüquqları həyata keçirir. Həmçinin, qeyd edilməlidir ki, həmin daşınmaz əmlakın həm elektrik, həm su, həm də qaz abonenti kimi cavabdeh çıxış edir, yəni xətlərin hamısı cavabdehin adınadır. Bundan əlavə, xüsusilə qeyd edilməlidir ki, cavabdeh tərəfindən hər hansı kommunal ödənişin həyata keçirilməsi onun mülkiyyət hüquqlarının pozulmaması anlamına gəlmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə baxışında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi.

13. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə, məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

17. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi

18. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır.

19. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir.

20. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.

21. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir.

22. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

23. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur

24. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı

25. Bənd 3.3. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir.

26. Bənd 3.6. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.

27. Bənd 3.9. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə nikaha daxil olanadək ərarvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.

28. Bənd 9.1. Ailə qanunvericiliyi pozulmuş hüquqların müdafiəsi üçün Ailə Məcəlləsində müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddətinin şamil edilmədiyi barədə qayda nəzərdə tutur (8.1-ci maddə). Məcəllə ailə münasibətlərindən irəli gələn yalnız ər-arvadın ümumi əmlakının bölünməsi tələblərinə iddia müddətinin tətbiqini mümkün sayır və Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən bu müddət 3 il təşkil edir. İddia müddətini müəyyən edən bu norma Mülki Məcəllədə nəzərdə tutulmuş qaydalara əsasən tətbiq edilir (Ailə Məcəlləsinin 8.2-ci maddəsi).

29. Bənd 9.5. Beləliklə, ər-arvadın əmlak bölgüsünə dair mübahisələrə baxarkən məhkəmələr nəzərə almalıdır ki belə mübahisələr üzrə hər bir halda nikahın pozulması ilə iddia müddətinin axımı başlanmır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırki apelyasiya baxışının predmetini qətnamənin əsaslılığının və qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

39. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tərtib olunmuşdur və qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsinə hər hansı hüquqi əsas yoxdur.

40. Kollegiya ilk növbədə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaq, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, iş üzrə gəlinən nəticəni də əsaslı hesab edir; belə ki, iddiaçı birgə nikah dövründə, birgə vəsait hesabına əldə olunmuş əmlakların tələb etməkdə haqlı olmuşdur.

41. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2022ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia təmin edilmiş və tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir.

42. ƏMDX DƏDKR PHŞ-nin ##.##.2025-ci il tarixli, 3-21-3-30/2-53770/2025- ************ saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və yerləşdiyi 0,0425 ha torpaq sahəsi ** saylı 4Ə/*** reyestr nömrəli ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir.

43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

44. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir.

45. Göstərilən Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

46. Beləliklə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəlləsinin 225ci maddələrinin tələblərindən göründüyü kimi əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması.

47. Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.

48. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ərarvadın ümumi birgə mülkiyyəti sayılır.

49. İş materiallarından da göründüyü kimi mübahisə predmeti olan əmlak: ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi 0,0425 ha torpaq sahəsinin tərəflərin arasında nikahlarının bağlandığı və qüvvədə olduğu dövrdə əldə olunmuşdur.

50. Kollegiya hesab edir ki, birgə nikah dövründə əldə edilən əmlakların tərəflərin ümumi gəlirləri hesabına əldə edilib-edilməməsi məsələsi isə artıq onun əksini iddia edən tərəflərin sübutetmə yükü ilə bağlı olmalıdır. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür.

51. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

52. Belə ki, məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yənisubutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

53. Kollegiya apelyasiya şikayətinin “iddia müddətinin ötürülməsi” hissəsində aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

54. Belə ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Eyni zamanda, Mülki Məcəllənin 367.1-ci maddəsində göstərilir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.

55. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məcəllənin 377.1-ci maddəsində göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır.

56. Göründüyü kimi qanunverici, əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirib. Qeyd edilməlidir ki, şəxsin öz əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Şəxsin öz əmlak hüququnun pozulduğunu bilməli olduğu hal isə elə hüquqi faktdır ki, şəxsin bu hüquqi fakt barədə məlumatının olmaması mümkünsüzdür.

57. Başqa sözlə, qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Prosessual mənada iddia hüququ, yəni pozulmuş hüququn müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək imkanı isə hər hansı vaxtla (anla) məhdudlaşdırılmadan həmişə saxlanılır və mövcud olur.

58. Bu baxımdan kollegiya hesab edir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Məsələyə başqa cür yanaşma isə, yəni nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması, ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri-mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb ola bilər.

59. Hazırkı halda cavabdeh Ailə Məcəllənin 36.9-cu maddəsində nəzərdə tutulan 3 illik iddia müddətinin axımının başlanması anı ilə bağlı hesab etmişdir ki, iddiaçı ən azından 2022ci ilin iyun ayından hüququnun pozulduğunu bilmişdir. Belə ki, 0# #### 2022-ci ilə dair “Whatsapp” sosial şəbəkəsində aparılan yazışmalar zamanı görünür ki, iddiaçının mənzildən müstəqil istifadə imkanı olmamışdır. Kollegiya qeyd edir ki, istinad olunan yazışmalarda konkret olaraq həmin vaxtdan başlayaraq iddiaçının mənzilə münasibətdə hər hansı hüququnun pozulması müəyyən edilmir. Yəni, iddiaçı müvafiq evdə qeyd olunan tarixlərdə də yaşamaqla, mənzilin kommunal xərclərini ödəmiş və təsərrüfat aparmışdır. Digər bir tərəfdən, işin hallarına əsasən müəyyən olunur ki, tərəflər arasında ər-arvad münasibətləri pozulduqdan sonra iddiaçı cavabdehin adına olan mənzildə yaşamağa davam etmiş və hətta tərəflər arasındakı nikaha Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə xitam verilsə də, cavabdeh hazırki tarixədək iddiaçıya qarşı “mənzildən çıxarılma” və sair barədə iddia qaldırmamış, habelə onun mənzildən istifadəsinə mane olmamış, bunu hər hansı formada məhdudlaşdırmamışdır.

60. Belə olan halda kollegiya qeyd edir ki, 0# #### 2022-ci il tarixdən başlayaraq tərəflər arasında iddiaçının mənzildən çıxması ilə bağlı “Whatsapp” sosial şəbəkəsində danışıqların aparılması açıq-aşkar iddiaçının mənzilə münasibətdə hüququnun pozulması anlamına gəlməyə əsas vermir. Çünki hazırki cavabdehin faktiki olaraq hər hansı hərəkətləri nəticəsində iddiaçının mənzilə hüququ pozulmadığı üçün 3 illik iddia müddətinin axımı başlamamışdır.

61. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

62. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar mövqe (yəni oxşar mübahisədə 3 illik iddia müddətinin axımının başlanması ilə bağlı Ali Məhkəmənin yanaşması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı qərarında da qeyd olunmuşdur (Ali Məhkəmənin qərarı iş materiallarına əlavə olunmuşdur).

63. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

64. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

65. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

66. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

67. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

68. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar