Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2388/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı Hərbi Prokurorluğunun ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı müraciət mülki xarakterli olduğu üçün pozulmuş hüquqların bərpası ilə bağlı hərbi qulluqçu Cavabdeh yaşayış və ya hərbi xidmət yeri üzrə rayon məhkəməsinə müraciət olunması bildiriulmişdir. Mülki iş əlavə olunan 2 ədəd CD diskdə olan səs yazılarında iddia ərizəsində tələb olunan pul vəsaiti ilə bağlı hər hansı bir məlumatın olmadığı müəyyən olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ondan nisyə götürdüyü kənd təsərrüfatı məhsullarına görə borclu olduğu 870 manat və həmin pulun tələb edilməsi ilə bağlı taksi ilə dəfələrlə onun yaşadığı ünvana getməsi ilə bağlı çəkdiyi 300 manat, eləcə də lombarddan götürdüyü 1400 manata görə ödədiyi 450 manat məbləğində pulun – ümumilikdə 1620 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bir ildən artıqdır ki, Bakı şəhəri Qala qəsəbəsindəki hərbi şəhərcikdə yerləşən N nömrəli hərbi hissənin əməkdaşı X1 ondan 1100 manatlıq müxtəlif adda kənd təsərrüfatı malları alaraq pulunu qısa müddətdə ödəyəcəyinə söz verməsinə baxmayaraq, bu günə kimi iddiaçı İddiaçı 70 manat, 100 və 150 manat olmaqla 3 dəfəyə 320 manat ödəmiş, 780 manat borc qalmışdır. İddiaçı məcbur olub ayrı-ayrı adamlardan borca pul götürmüşdür. İddiaçı pulunun alınması ilə bağlı dəfələrlə taksi sifariş edərək onun arxasınca xidmət etdiyi hərbi hissəyə getmiş və bununla əlaqədar 300 manatdan çox əlavə pul xərcləmişdir. Bundan başqa, iddiaçı Sumqayıt şəhərində lombarda qızıl-zinət əşyalarını qoyaraq 1400 manat pul götürərək ayrı-ayrı adamlardan götürdüyü borcları ödəmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh Cavabdeh iddiaçıya hədə-qorxu gələrək onu Masallıda taparaq başını kəsəcəyi ilə hədələmiş və sonda telefonunu bloka ataraq zənglərinə cavab verməmişdir. Cavabdeh iddiaçını dəfələrlə hədələmiş, başına oyun açacağını bildirərək, səs yazısında iddiaçıya borclu olduğunu bir daha təsdiq etmişdir (səs yazıları əks olunan disk əlavə edilir). Bundan sonra İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə bu barədə məlumat vermiş və həmin müraciət Bakı Hərbi Prokurorluğunda araşdırılaraq, müraciətin mülki mübahisə predmeti olduğu qeyd edilmiş, pozulmuş hüququnun bərpa edilməsi üçün hərbi qulluqçu Cavabdeh yaşayış və ya hərbi xidmət yeri üzrə rayon məhkəməsinə müraciət etmək hüququnun olması barədə izah verilmişdir. Ona görə də iddiaçı məcbur olub qeyd olunan şikayətlə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. O, izahatında həmçinin, cavabdehə kənd məhsulları satdığını, özünün həmin məhsulları cavabdehə yolladığını, cavabdehin isə aralarındakı razılaşmaya əməl etməyərək məhsulların dəyərini ona ödəmədiyini, borcun tələb edilməsi ilə bağlı dəfələrlə taksi ilə onun olduğu ünvana getdiyini, onun borcunu ödəməməsi səbəbilə lombarddan pul götürməyə məcbur olduğunu bildirmiş, taksiyə çəkdiyi xərclər habelə lombarddan pul götürməsi ilə bağlı hər hansı sübutunun olmadığını qeyd etmişdir. Kənd məhsulları ilə bağlı cavabdehlə arasında olan razılaşmanı iş materiallarında olan səs yazılarının sübut etdiyini, həmin səs yazılarından birinin onun özünə deyil dostuna göndərildiyini qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahisələndirilən halları ondan ibarətdir ki, iddiaçı cavabdehlə aralarında şifahi razılıq əldə edildiyini qeyd edərək, razılığa əsasən özünün kənd məhsullarını cavabdehə verməli olduğunu, cavabdehin isə həmin məhsulların qarşılığında onların dəyərini ödəməli olduğunu bildirmişdir. İddiaçı cavabdehlə arasında olan şifahi razılığa uyğun olaraq kənd məhsullarını cavabdehə verdiyini, lakin cavabdehin razılıq üzrə öhdəliklərini yerinə yetirməyərək ondan aldığı kənd məhsullarının əvəzini indiyədək ödəmədiyini qeyd edir. Habelə özünün cavabdehdən pul məbləğini almaq üçün dəfələrlə taksidən istifadə edərək onun yaşadığı yerə getdiyini və cavabdehin pulu ödəmədiyinə görə özünün lombarddan pul götürmək məcburiyyətində qaldığını bildirir. Bu səbəblə iddiaçı cavabdeh Cavabdeh ona şifahi razılıq əsasında vermiş olduğu kənd məhsullarının, çəkdiyi yol xərcinin və lombarddan götürdüyü pul vəsaitinin tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatının tamlığı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan materialların və faktların tədqiqi ilə təmin olunur. Bu kontekstdə mülki mühakimə icraatı qaydasında baxılan mübahisələrdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir. Dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Bu baxımdan qeyd olunmalıdır ki, iddiaçı tərəfindən əvvəla cavabdehlə arasında bildirdiyi şifahi razılığın mövcud olması sübuta yetirilməlidir. Çünki hazırkı mülki iş üzrə tərəflər arasında hüquqların və vəzifələrin əmələ gəlməsi əsası olaraq şifahi razılaşmanın mövcud olması qeyd olunmuşdur. Belə ki, iddiaçı İddiaçı cavabdehlə arasında şifahi razılığın olmasını bildirərək, cavabdehin öz öhdəliklərini yerinə yetrimədiyini və bu səbəblə ona cavabdeh tərəfindən maddi zərər vurulduğunu qeyd edir. Qeyd olunmalıdır ki, iddiaçı cavabdehlə aralarında şifahi razılıq əldə olunmasını sübuta yetirən dəlil olaraq iş materiallarına əlavə etdiyi səs yazılarının əks olunduğu 2 ədəd CD diskə istinad edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında olan səs yazısı məhkəmə iclasında dinlənilmişdir. Lakin həmin səs yazısında hazırkı mülki iş üzrə iddia tələbini sübuta yetirən hər hansı ifadə müəyyən edilməmişdir. Habelə qeyd olunmalıdır ki, səs yazılarının mövcud olduğu 2-ci CD disk isə birbaşa olaraq iddiaçı və cavabdeh arasındakı dialoqları əks etdirmir, həmin səs yazısı cavabdeh və onun dostu arasında olan dialoqlardan ibarətdir. İş materiallarında isə iddiaçı və cavabdeh arasında iddia olanan razılaşmanın mövcud olmasını sübuat yetirən başqa sübut da mövcud deyildir. İddiaçı özü izahatında digər iddia tələblərinə də dair hər hansı sübutunun olmadığını qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 1620 manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.4, 218.3, 260-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” ## ##### 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə cavabdeh X1 ondan nisyə götürdüyü kənd məhsullarına görə borclu olduğu 870 manat və həmin pulun tələb edilməsi ilə bağlı taksi ilə dəfələrlə onun yaşadığı ünvana getməsi ilə bağlı çəkdiyi 300 manat, eləcə də lombarddan götürdüyü 1400 manata görə ödədiyi 450 manat məbləğində pulun, ümumilikdə 1620 manat pulun tutularaq ona verilməsi barədə iddia tələbi üzrə mülki işə baxılaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Qətnaməni ## ##### 2026-cı il tarixdə Bakı əhəri Xəzər Rayon Məhkəməsindən imza edərək əldə etmişdir. Odur ki, apellyasiya şikayəti vermək müddətini ötürməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd olunan qətnaməsini aşağıda qeyd olunan əsaslara görə qanunsuz və əsassız hesab edərək apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Belə ki, qətnamədə onun Azərbaycan Respublikası MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88-ci maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Belə ki, cavabdeh X1 ondan aldığı müxtəlif adda kənd təsərrüfatı məhsullarını almasını təsdiq edən səs yazılarını məhkəməyə təqdim etməsinə baxmayaraq cavabdehin məhkəmədə iştirakını təmin etmədən və çəkişmə prinsipinə riayət etmədən məhkəmə material üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Qeyd edir ki, eyni xarakterli işə Füzuli Rayon Məhkəməsində baxılaraq onun xeyrinə qətnamə çıxarılmışdır. Orada da məhkəməyə ancaq səs yazılarını təqdim etmişdir. Necə olur ki, məhkəmələrin birində təqdim olunmuş səs yazısı sübut növü kimi tədqiq edilərək qərar qəbul edilir. Digər məhkəmədə isə səs yazısı sübut növü kimi qəbul edilib tədqiq edilmir. O, az savadlı və zəhmətkeş bir insandır. Halal zəhməti ilə dolanır. Kiminsə haqqına girmir. Onun kimi adamların pozulmuş hüquqları məhkəmə tərəfindən qorunmalı olduğu halda, hakim cavabdehi məhkəmə iclasına dəvət etmədən ona haqq qazandırıraraq iddiasını təmin etmir. Məhkəmə onun tərəfindən təqdim edilmiş sübutları qanunla müəyyən edilmiş qaydada tədqiq etməmişdir. Məhkəmə qətnamə qəbul edərkən cavabdehin məhkəmədə iştirakını təmin etmədən iddiaçının göstərdiyi xüsusatları tam, obyektiv və hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə tərəflərin bərabərliyini təmin etməmişdir. Ona görə də Bakı əhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə qəbul edildiyindən ləğv edilib iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahi edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Mahmudov Rusiyaya qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Apellyator cavabdehin ona kənd təsərrüfatı məhsullarının nisyə alqı-satqısı ilə yaranmış borc, həmin borcun qaytarılması ilə bağlı çəkdiyi xərclərlə birlikdə cəmi 1620 manat pul vəsaitini verməli olduğunu iddia etsə də, tələbində istinad etdiyi hallara dair hər hansı bir mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmiş, bununla da, tələbində istinad etdiyi halları ilkin olaraq özünün sübut etmək vəzifəsini yerinə yetirməmişdir. Kollegiya iddiaçının təqdim etdiyi səs yazıları ilə bağlı qeyd edir ki, tədqiq olunan bu yazılar iddia tələbinin əsaslı olmasına görə təmin edilməsi qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Belə ki, səs yazılarında iddiaçının tələbində istinad etdiyi hallara, yəni tərəflər arasında kənd təsərrüfatı məhsullarının nisyə alqı-satqısı ilə bağlı hüquq münasibətlərinin yaranmasına, cavabdehin iddiaçıya pul vəsaiti ödəməli olmasına dair hər hansı bir məlumat öz əksini tapmamışdır. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbini rədd edərkən düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə ilə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-2388/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2388/2026
10.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver