Məhkəmə qərarları › İş №2(3-6)-2403/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2403/2026

07.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2403/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı İsmayılov Əvəz Zeyvəli oğlunun, İddiaçının nümayəndə-vəkili vəkil2 İsmayıl oğlunun, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndə-vəkili vəkil1 iştirakı ilə İddiaçı İsmayılov Əvəz Zeyvəli oğlunun cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İsmayılov Əvəz Zeyvəli oğlu və cavabdeh Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: X6, X1 və İsmayılov Əvəz Zeyvəli oğlu ilə Cavabdeh aralarında əldə olunmuş şifahi razılaşmaya əsasən sonuncu X6, X1 və İsmayılov Əvəz Zeyvəli oğluna sonuncuların vəsaiti hesabına Çin Xalq Respublikasından avtomobil ehtiyyat hissələri alaraq kargo vasitəsilə gətirib burada satacağı və onlara gəlir verəcəyini bildirərək, pul vəsaiti almış və həmin avtomobil ehtiyyat hissələrini sifariş verərək, böyük bir hissəsini götürsə də, götürdüyü öhdəliyi yerinə yetirə bilməmişdir. Hazırda iddiaçı cavabdehdən 89.929 ABŞ dollar məbləğində pul vəsaitini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İsmayılov Əvəz Zeyvəli oğlu cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tərəfindən 89.929 ABŞ dollar (152.879 manat) məbləğində pulun ona geri ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 1 ünvanında yaşayır. Qeyd edir ki, uzun müddətdir ki, avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olmuşdur. Bir müddət işi ilə əlaqədar olaraq həmin sahədən uzaqlaşmışdı. Artıq müəyyən yaşa gəldikdən sonra boş qalmamaq üçün yenidən avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olmaq qərarına gəlmişdir. 2000-ci illərdən tanıdığı Əzizxan adlı şəxsin oğlu Nazim adlı şəxsin avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olduğunu bildikdən sonra Nazimin mobil nömrəsini taparaq əlaqə saxlamışdır. Nazimlə mobil telefon vasitəsilə bir müddət danışıb nə işlə məşğul olduğunu soruşduqda, Nazim ona Çindən avtomobil ehtiyyat hissələri gətirərək satdığını, həmin işdə yaxşı qazanc olduğunu və satılan malların demək olar ki, 1/3 hissədə üstündə xeyir qaldığını bildirmişdir. Əgər istəsə, bu işə qoşula biləcəyini və ona kömək edə biləcəyini bildirmişdir. O da özündə az miqdarda pul olduğu üçün dostları Şaiq və Sadiqlə bu barədə danışmışdır. Şaiq və Sadiqə Nazim ilə danışdığını və Çindən avtomobil ehtiyyat hissələri gətirərək satışı həyata keçirəcəyi vədini verdiyini demişdir. Eyni zamanda aralarında olan danışıq ondan ibarət olmuşdur ki, onlar üçün o, Şaiq və Sadiq pul qoyacaqlar. Nazim isə Çindən malları sifariş verib özünə məxsus ofisə yığıb satışını təmin edərək əldə olunan gəlirdən 25%-ni götürəcəkdir. Nazim ilə danışıqlar əsasında iş barədə razılığa gəlmişdir. O, Nazimə müəyyən miqdarda pul verəcəkdi, Nazim isə Çindən həmin malların sifarişini verib gətiriləndən sonra satacaqdı. Bu işə Nazim pul qoymamışdır. Bu işlə bağlı Nazim və o, İsmayıllı rayonuna gedərək Sadiqlə söhbət etmiş və Sadiq ilə söhbət edəndə eyni təkliflər irəli sürülmüşdür. Aralarında olan razılaşma dəqiqləşdirildikdən sonra Nazim onlara Sadiq, o və Şaiqin birgə 50.000 manat pul qoya biləcəklərini demişdir. Lakin bir müddət keçdikdən sonra Nazim onlara 3 nəfərə 50.000 manat pul deyil, adambaşına 50.000 manat olmaqla, ümumilikdə 150.000 manat pul qoyaraq avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul ola biləcəklərini bildirmişdir. Bu razılaşmadan sonra o, Nazimlə 2022-ci ilin oktyabr ayında görüşərək Nazimlə birgə Şaiqin yaşadığı Nəsimi rayonu, 4-cü mikrorayon ünvanında yerləşən evə getmişdir. Orada Nazim və Şaiqlə iş barəsində bir sıra söhbətlər etmişdir. Daha sonra Şaiq 20.000 ABŞ dollarını ona vermiş, o da pulu Nazimə verərək bildirmişdir ki, saysın, düzdürsə,onlar çıxıb getsinlər. Yəni, Şaiq öz evində 20.000 ABŞ dollarını Nazimə vermişdir. Nazim də pulun düzgün olduğunu demiş və pulu cibinə qoymuşdur. Bundan sonra Nazimlə o, Nazimin Binəqədi rayonu, DSK yolunda yerləşən ofisinə gəlmişlər. Digər şəriki Sadiq də həmin ofisə gəlmişdir. Sadiq də burada Nazimə 20.000 ABŞ dollar pul vermişdir. İş üçün ilk əvvəl ümumilikdə onlar şərik olaraq 40.000 ABŞ dollar pulu Nazimə vermişlər. Bir daha qeyd etmək istəyir ki, Nazimə verilən 40.000 ABŞ dollar məbləğində pulun 20.000 ABŞ dollarını Şaiq, 20.000 ABŞ dollarını isə Sadiq Nazimə vermişdir. Bundan sonra Nazim Çindən avtomobil ehtiyyat hissələrini sifariş vermişdir. Təxminən 1 həftə sonra Nazim ona zəng edərək malların sifarişinin davam etdirilməsi üçün əlavə olaraq 30.000 ABŞ dollar lazım olduğunu demişdir. O, ilk növbədə şərikləri Sadiq və Şaiq ilə bu barədə zəng edib danışmışdır. Nazim eyni zamanda onunla danışdıqdan sonra Sadiqə və Şaiqə zəng edərək, pul lazım olduğunu demişdir. Daha sonra onlar üç şərik- o, Sadiq və Şaiq 30.000 ABŞ dollar pulu Nazimə vermişlər. Qeyd etmək istəyir ki, həmin 30.000 ABŞ dollar pulun 18.200 ABŞ dollarını Şaiq, 11.800 ABŞ dollarını isə Sadiq Nazimə vermişdir. Həmin 30.000 ABŞ dollar məbləğində pulu Sadiq Nazimin ofisində Nazimə vermişdir. Nazimin dediyinə görə əlavə mallar sifariş vermişdir. Bir müddət sonra Nazim yenidən zəng edərək oradan çıxan malların konteyneri tam doldura bilmədiyinə görə kargo baha gəlməsin deyə sifariş vermələrini və pul lazım olduğunu bildirmişdir. Belə olduğu halda o, Cavabdeh 11.126 ABŞ dollar məbləğində pul vermişdir. Bundan sonra Sadiq Nazimə təxminən 2022-ci ilin dekabr ayında 20.574 ABŞ dollar məbləğində pul vermişdir. Qeyd etmək istəyir ki, yuxarıda göstərilən pul məbləğlərini topladıqda 2022-ci ilin dekabr ayınadək onlar Nazimə ümumilikdə 101.700 ABŞ dollar məbləğində pul vermişlər. Bildiyi qədərilə, Nazim pulları qardaşı və “xxxx” vasitəsilə Çinə göndərmişdir. 2023-cü ilin əvvəllərində Nazim yenidən zəng edərək, onlardan 58.000 ABŞ dollar məbləğində pul istəmişdir. Artıq mallar ortada olmadığı üçün və sifarişdən uzun müddət keçdiyi üçün onlarda şübhələr yaranmağa başlamışdır. Ona görə də qərara gəlmişdirlər ki, Nazimə pul ödənişini dayandırsınlar və onlara vəd etdiyi malları verdikdən sonra fəaliyyətlərinə davam etsinlər. Bundan sonra Nazim narazılıq etməyə başlamışdır. Onlar Nazimə bildirmişdirlər ki, Nazimə məxsus ofisə vergidən yayınmamaq üçün kassa qoysunlar. Nazim ilk olaraq bununla razılaşsa da, Sadiqin kürəkəni Elvin Vergi Xidmətinə gedərək, sənədləşdirmə işləri ilə maraqlanmış və onlardan kassa qoyulan yerə dair çıxarış və ya hər hansı bir sənəd istəmişdirlər. Onlar da bu sənədləri Nazimdən istədiklərində, Nazim onlara vergini özü həll edəcəyini deyərək, kassa qoyulmasına ehtiyac olmadığını bildirmişdir. Onlar da etiraz edərək malların qoyulacaqsa, kassasının qoyulmasını, hər şeyin qanuni olmasını bildirmişdirlər. Lakin Nazim yenə etiraz etdiyi üçün narazılıqlar yaranmışdır. Həmin vaxtlarda mallar Çindən Nazimə məxsus **** saylı kodla "xxxx" kargo şirkətinə gəlmişdir. Bundan sonra Nazim malların az hissəsinin kargoda olduğunu və gedib özlərinin götürmələrini deyərək, münasibətləri korlamışdır. Nazim ofisinə kassa aparatı qoymayaraq, vergidən yayınmağa çalışırdı. Onlar artıq nə edəcəklərini bilmədikləri üçün məcbur qalıb özləri gedib malları kargodan çıxartmışlar. Buna görə Sadiq kargoya gedərək oraya əlavə 9.728 ABŞ dollar ödəyərək, kargodan gələn malların bir hissəsini çıxartmışdır. Qeyd etmək istəyir ki, 9.728 ABŞ dollar kargoya ödəmək üçün bu pulu o, Sadiqə vermişdir. Həmin malları onun evinə boşaltmışdılar. Gələn ikinci partiya malların 33.000 ABŞ dolları kargo pulunu ödəyərək, malları çıxardıqdan sonra mallar çox olduğu üçün onlar Sumqayıt şəhərində anbar tutaraq, malları oraya boşaltmışlar. Kargoya ödənilən 33.000 ABŞ dollar məbləğində pul onun pulu idi. Bundan sonra Nazim malların satışını təmin etməmişdir. Nazim ona verilən 101.700 ABŞ dollar puldan 28.000 ABŞ dollarını özünə götürərək, malları sifariş vermişdir. Belə ki, Nazim özü mobil telefon vasitəsilə danışan zaman ona 28.000 ABŞ dollar pulu götürərək, öz şəxsi maraqları üçün xərclədiyini və onların başına oyun açacağını bildirmişdir. 2023-cü ilin aprel ayınadək mallar Sumqayıt şəhərində qalmışdır. Onların bu işdən anlayışları olmadığı üçün böyük məbləğdə ziyana getmişlər. Daha sonra o, tanışlarına başlarına gələn hadisə barədə danışmış və təsadüfən yaxınlarından biri Nazimin qonşusu Abuzər adlı şəxs bu barədə Nazimlə danışa biləcəyini demişdir. Bir müddət sonra Abuzər ona zəng etdikdə, o da olanları Abuzərə danışaraq, Nazimin dediyi vədə əməl etmədiyini bildirmişdir. Abuzər Nazimi tanıdığını və narahat olmamalarını, Nazimlə danışacağını bildirmişdir. Təxminən 2023-cü ilin aprel ayında Abuzər ona Nazimin ofisinə getmələrini bildirmişdir. O razılaşaraq Nazimin ofisinə getmiş, orada münasibətlər soyuq olsa da, Abuzər, o və Nazim iş barədə ətraflı söhbət etmişlər. O, əvvəl aralarında olan razılaşmanı rəsmiləşdirmək üçün notariat ofisinə getməyi məsləhət görsə də, sonradan orada bunun üçün rüsum tutulduğu deyildiyinə görə danışıqlarını videogörüntüyə çəkmişlər. Nazim həmin gün verilən puldan xərclədiyi 28.000 ABŞ dollar pulu qaytaracağını və əvvəldən razılıqlarına uyğun olaraq Sumqayıt şəhərindəki anbarda olan malları götürüb sataraq onların pullarını verəcəyini bildirmişdir. Həmçinin, Nazim malların kargodan çıxarılması üçün olan 23.000 manat pulu da özünün verəcəyini bildirmişdir. Bu razılaşmadan sonra o, yenidən Nazimə inanmış və Sumqayıt şəhərində olan malları çəkilişlə Nazimin ofisinə boşaltmışdır. Həmin malların kargo pulundan 7.352 ABŞ dollarını (12.500 manat) Nazim ödəmişdir. Mallar uzun müddət anbarda qaldığı üçün üzərinə cərimələr də gəlmişdir. Həmin pulu isə Nazim ödəməmişdir. Cavabdehla əvvəlcədən olan razılaşmalarına görə, karqoya ödəniləcək pulun hamısını Nazim verməli idi, lakin Nazim karqoya ödəmək üçün verdiyi yuxarıda qeyd etdiyi 7.352 ABŞ dolları (12.500 manat) puldan başqa, karqoya ödəmək üçün onlara heç bir pul vəsaiti verməmişdir. Beləliklə, onlar üç şərik olaraq X6 20.000 ABŞ dolları və 18.200 ABŞ dolları olmaqla, ümumilikdə 38.200 ABŞ dolları, X1 20.000 ABŞ dolları, 11.800 ABŞ dolları və 20.574 ABŞ dolları olmaqla, ümumilikdə 52.374 ABŞ dolları Cavabdeh və o, 9.728 ABŞ dolları və 33.000 ABŞ dolları olmaqla, ümumilikdə 42.728 ABŞ dolları karqoya vermişlər. Bundan başqa, karqoya Cavabdeh ödəməli olduğu halda, ödəmədiyinə görə o, 10.000 ABŞ dolları pul ödəmişdir. Nazimə həm malın pulu, həm də karqonun pulu ilə birlikdə 143.302 ABŞ dolları məbləğində pul vermişlər. Qeyd etmək istəyir ki, həmin 143.302 ABŞ dolları məbləğində puldan Nazimin özünün də “Whatsapp” yazışmasında qeyd etdiyi kimi 46.021 ABŞ dolları dəyərində iri yük avtomobillərinin ehtiyyat hissələrini onlar üç şərik olaraq qəbul etmişlər və həmin mallar da satılaraq, hər birinə müəyyən məbləğlərdə pul çatmışdır. Bildirir ki, həmin vaxtı Sadiq Əhmədov xəstə olduğundan Şaiq və o, onlara çatan pulları- 32.000 ABŞ dolları pulu Sadiqə vermişlər. Bundan başqa, Nazim yuxarıda qeyd etdiyi kimi, onlara karqoya ödəmək üçün 7.352 ABŞ dolları (12.500 manat) pul vermişdir. Nazimin onlara ödəməli olduğu borcun ümumi məbləği 89.929 ABŞ dolları (152.879 manat) məbləğində puldur. Qeyd etmək istəyir ki, X6 və X1 Cavabdeh ilə o tanış etmiş və onlar da ona görə Cavabdeh yuxarıda göstərilən pulları vermişlər. Cavabdeh isə əvvəlcədən olan aralarındakı razılaşmaya əməl etmədiyinə görə Şaiq Mirzəyev və Sadiq Əhmədov ondan Cavabdeh verdikləri pulları Nazimdən alıb onlara verməsini tələb etmişlər. O da Cavabdeh, ümumilikdə üç şərik Şaiq Mirzəyevin, Sadiq Əhmədovun və onun Nazimə verdikləri 89.929 ABŞ dolları (152.879 manat) məbləğində pulu Nazimdən geri qaytarmasını istədikdə hər dəfə Nazim müxtəlif bəhanələrlə pulları geri qaytarmaqdan boyun qaçırdığına görə Şaiq Mirzəyevin və Sadiq Əhmədovun Cavabdeh verdikləri pulları o özü məcbur qalıb Şaiqə və Sadiqə geri qaytarmalı olmuşdur. Bildirir ki, o, Şaiq Mirzəyevə Cavabdeh verdiyi yuxarıda qeyd etdiyi 38.200 ABŞ dollarını və Sadiq Əhmədova Cavabdeh verdiyi yuxarıda qeyd etdiyi 52.374 ABŞ dollarını özlərinə geri qaytarmışdır. Buna görə də o, Şaiq Mirzəyevin və Sadiq Əhmədovun Cavabdeh verdikləri pulları geri qaytardığından yuxarıda qeyd etdiyi Nazimin onlara ödəməli olduğu borcun ümumi məbləği 89.929 ABŞ dolları (152.879 manat) məbləğində pul Nazim tərəfindən ona ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 14.000 (on dörd min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı İsmayılov Əvəz Zeyvəli oğluna ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən olmuşdur ki, cavabdeh tərəfindən həm Binəqədi rayon polis idarəsində, həm də Azərbaycan Respublikasının DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatlardan aydın olur ki, cavabdeh 14.000 manat dəyərində olan malı götürmüş, həmin maldan 11.000 manat məbləğində satış etmiş, qalan 3.000 manat dəyərində mal isə özündə qalmışdır. Tərəflərin razılaşmasına əsasən karqo şirkətinə 23.000 manat ödənişindən sonra diğər malları cavabdehə verilməli idi. Lakin müəyyən olunmuşdur ki, karqonun pulu ödənilməmiş və mallar orada qalmışdır. Beləliklə, 14.000 manatın cavabdehdə olması sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı iddiasında tələb etdiyi qalan məbləğin cavabdehdə olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Həmin qətnamədən iddiaçı İsmayılov Əvəz Zeyvəli oğlu və cavabdeh Cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobil ehtiyat hissələrinin Çindən gətirilməsi üçün Cavabdeh ümumilikdə 101.700 ABŞ doları məbləğində pul verilmişdir. Bu işlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılarkən Cavabdeh həmin idarədə izahat verərək Əvəz İsmayılovun, Sadiq Əhmədovun və Şaiq Mirzəyevin ona hissəhissə olmaqla ümumilikdə 101.084 ABŞ doları məbləğində pul ödəmələri öz təsdiqini tapmışdır. Cavabdeh izahatında bildirmişdir ki, həmin ehtiyat hissələrindən Sadiq təxminən 46.000 ABŞ dolları məbləğində özünə götürmüş, qalan mallar isə onun anbarına gətirilərək ona təhvil verilmişdir. Cavabdeh özü izahatında bununla bağlı olaraq Əvəz İsmayılovla birlikdə də təhvil-təslim aktı tərtib etdiklərini bildirmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 14.000 (on dörd min) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İsmayılov Əvəz Zeyvəli oğluna ödənilməsi barədə qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə cavabdeh Cavabdeh 14.000 (on dörd min) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İsmayılov Əvəz Zeyvəli oğluna ödənilməsindən ibarət nəticəyə gəlməsi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin ## ###### 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarında öz əksini tapmış izahatından başqa heç bir əsaslı və tutarlı sübut ilə öz təsdiqini tapmır. Həmin Qərara əsasən araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, təxminən o, Əvəzdən 14.000 manatlıq mal götürmüşdür. Ondan 11.000 manata yaxın malı satmış satmış və təxminən 3.000 manatlıq mal qalmışdır. Halbuki, Cavabdeh Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılarkən Əvəz İsmayılovun, Sadiq Əhmədovun və Şaiq Mirzəyevin ona hissə-hissə olmaqla ümumilikdə 101.084 ABŞ doları məbləğində pul ödəmələrini bildirmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılarkən Cavabdeh Sadiq tərəfindən avtomobil ehtiyat hissələrindən təxminən 46.000 ABŞ doları məbləğində özünə götürdüyünü, qalan maların isə onun anbarına gətirilərək ona təhvil verildiyini bildirmişdir. Qalan malların da qiyməti Abuzər adlı şəxs tərəfindən aparılan video çəkilişdə Cavabdeh etiraf etdiyi 56.000 ABŞ dolları təşkil edən maların qiyməti ilə üst-üstə düşür. 56.000 ABŞ doları məbləğində malın Əvəz İsmayılov tərəfindən Cavabdeh verilməsini təsdiq edən video çəkilişlər diskə köçürülərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin Hakimi Rəşad Qoşqarlıya təqdim edilsə də, həmin video çəkilişlər hakim tərəfindən nə məhkəmə hazırlıq iclaslarında, nə də Məhkəmə baxışı iclaslarında tədqiq edilməmişdir. Bu video çəkilişlər çəkiliş zamanı Əvəz İsmayılovun səsləndirdiyi kimi ## ##### 2023-cü il tarixində aparılmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılarkən Cavabdeh Əvəz İsmayılovun, Sadiq Əhmədovun və Şaiq Mirzəyevin ona hissəhissə olmaqla ümumilikdə 101.084 ABŞ doları məbləğində pul ödəmələri, gətirilmiş avtomobil ehtiyyat hissələrindən Sadiq tərəfindən 46.000 ABŞ doları məbləğində malın özünə götürülməsi və video çəkilişdə də razılaşdırılaraq təsdiq edildiyi kimi qalan 56.000 ABŞ doları məbləğində malın isə Nazimin anbarına gətirilərək ona təhvil verilməsi barədə izahatı isə ##.##.2023-cü il tarixində verilmişdir. Bu da video çəkilişdəki Əvəz İsmayılov və Cavabdeh arasındakı 56.000 ABŞ doları məbləğində malın Nazimə təhvil verilməsi ilə bağlı razılaşmanı doğrudan da təsdiq edir. Nazimin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatla doğrudan da, 56.000 ABŞ doları məbləğində malın Əvəz İsmayılov tərəfindən ona təhvil verilməsi Nazimin özü tərəfindən öz təsdiqini tapır. Bundan başqa, Cavabdeh ona verilən 101.700 ABŞ doları məbləğində puldan 28.000 ABŞ dolarını da özünə götürmüşdür. Bunu da Cavabdeh səs yazısında inkar etməmişdir. Həmin səs yazısının Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən həmin səs yazısı tədqiq edilməmişdir. Cavabdeh tərəfindən karqoya ödənilməli olan, lakin ödənilməyən təxminən yerdə qalan 6.000 ABŞ doları məbləğində pul da Əvəz İsmayılov tərəfindən karqoya ödənilmişdir. Həmin pulu da Cavabdeh Əvəz İsmayılova ödəməlidir. Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə avtomobil ehtiyyat hissələrinin adları və qarşılarından qiymətləri yazılmış 3 vərəqdən ibarət kağızlar qanunun tələbinə görə elektron məhkəmə sistemi vasitəsilə təqdim edilməli olduğu halda, əlbəəl təqdim edilmişdir. Həmin kağızlar ##.##.2023-cü il tarixdə Əvəz İsmayılov və Cavabdeh tərəfindən tərtib və təsdiq edilsə də, həmin kağızlar tərtib və təsdiq edilərkən kağızlarda göstərilən malların qarşısında onların qiymətləri yazılmamışdı. Cavabdeh sənəd hesab etdiyi həmin kağızlarda qeyd edilən qiymətlər onun tərəfindən sonradan saxtalaşdırılaraq yazılmışdır. Belə ki, Cavabdeh hər bir malın (avtomobil ehtiyyat hissələrinin) gömrük dəyərini və hər bir malın (avtomobil ehtiyyat hissələrinin) gömrük dəyərinə uyğun olaraq ödənilməli olan gömrük ödənişlərini və bunlara müvafiq olaraq da hər bir malın real bazar qiymətini bilərəkdən nəzərə almadan və həmin qiymətlər saxtaladırılaraq hər bir malın qiyməti real bazar qiymətindən olduqca aşağı qiymətə kağızlarda yazılmışdır. Kağızlarda Cavabdeh tərəfindən yazılmış qiymətlər toplandıqda ümumilikdə 12.500 manat təşkil edir. Bu isə reallıqdan tamamilə uzaq bir rəqəmdir. Bütün bunlarla bağlı olaraq iddiaçı tərəf olaraq onlar Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində cavabdeh Cavabdeh məhkəməyə təqdim etdiyi siyahılarda göstərilən tarix ##.##.2023-cü il üzrə üç vərəqdən ibarət siyahılarda göstərilən hər bir malın (avtomobil ehtiyyat hissələrinin) xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası üzrə kodunun müəyyən edilməsindən, hər bir malın (avtomobil ehtiyyat hissələrinin) gömrük dəyəri müəyyən edilməsindən və hər bir malın (avtomobil ehtiyyat hissələrinin) gömrük dəyərinə uyğun olaraq ödənilməli olan gömrük ödənişlərinin müəyyən edilməsindən ötrü Qərardad qəbul edərək Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə sorğu göndərilməsi,məhkəmə-texniki ekspertizasının və məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətlər versələr də, vəsatətlərinə ümumiyyətlə baxılmamışdır. Göstərilənlərə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qarşısında hal-hazırda 14.000 manatın ödənilməsi öhdəliyi yoxdur. Belə ki, iş materiallarında olan ##.##.2023-cü il tarixli və ##.##.2024-cü il tarixli cinayət təqibinin başlanılması haqqında rədd qərarlarından görsənir ki, iddiaçıdan 14.000 manatlıq mal götürmüş. Həmin malın dəyərindən iddiaçıya 7.000-8.000 manat və bir müddətdən sonra 5.000 manat ödəniş etmişdir. İddiaçı özü məhkəmə iclasında ona hissə-hissə 12.500 manat pul vəsaitinin ödənilməsini etiraf etmişdir (5.000 manat, 2.500 manat və 5.000 manat). Həmin malın sonradan, (12.500 manat iddiaçıya ödənildikdən sonra) satışından əldə edilmiş 11.000 manatı öz bank ödənişlərinə sərf etmişdir. Yerdə qalan 3.000 manatlıq mal avtomobil üçün buferlərə aiddir. Bugün də həmin 3.000 manatlıq mal, yəni 14 ədəd avtomobil buferi ondadır. Bu halı da məhkəmədə bildirmişdir. 14 ədəd avtomobil buferini iddiaçı tərəfindən geri götürülmür. Beləliklə də, tərəfindən məhkəmə iclasında ##.##.2023-cü il tarixli və ##.##.2024cü il tarixli cinayət təqibinin başlanılması haqqında rədd qərarlarında ifadəsinə aydınlıq gətirmişdir. İddiaçıya 14.000 manat borcunun olmadığını sübut etmişdir. İddiaçı da ona 12.500 manatın ödənilməsi etiraf edilmişdir. Lakin məhkəmə bu sübutları tam araşdırmamış və yanlış nəticəyə qəlmişdir. Binəqədi Rayon Məhkəməsi gəldiyi nəticə üçün işin hallarını araşdırmalı olsa da, bunu etməmişdir. İşi tam araşdırmadan gəlinən nəticə isə qanunsuz və əsassızdır. Onun ifadəsini, yəni iddiaçıdan 14.000 manatlıq malın götürülməsi və ondan 12.500 manatın sonuncuya ödənilməsi, cavabdehin isə etirafını, yəni 12.500 manatın ondan almasını düzgün anlamamışdır. Məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan ##.##.2023-cü il tarixli və ##.##.2024-cü il tarixli cinayət təqibinin başlanılması haqqında rədd qərarlarında ifadəsinə düzgün qiymət verməmiş, onu yalnış anlamışdır. Həmin qərarlarda iddiaçıdan satış üçün 14.000 mal (avtomobil hissələri) götürdüyünü bildirmiş və həmin mala dair iddiaçıya ümumilikdə 12.500 manat ödəniş etmişdir. Bu halı iddiaçı məhkəmə iclasında etiraf etmişdir. 14.000 maldan 11.000 manat malı satdıqdan sonra öz bank öhdəliyinə görə banka ödəniş etmişdir. Birinci instansiya məhkəməsi qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir. Məhkəməyə təqdim edilən sübutlar (ifadəsi, səs yazılar, iddiaçının etirafı) tam araşdırılmamış və düzgün qiymətləndirilməmişdir. Göstərilənlərə əsasən Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)- ****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı İsmayılov Əvəz Zeyvəli oğlu və nümayəndəsi-vəkili vəkil2 İsmayıl oğlu tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh və nümayəndəsivəkili vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2019cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində, 129-cu maddəsinin III hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X8 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə cavabdehdən tutulmalı vəsaitin məbləği hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, tərəflər arasında 2022-ci ildə avtomobil ehtiyat hissələrinin Çin Xalq Respublikasından gətirilməsi və onların Azərbaycan Respublikasında satılması ilə bağlı faktiki münasibətlərin mövcudluğu iş materialları ilə təsdiq olunur. Tərəflərin izahatlarından, hüquq-mühafizə orqanlarında verilmiş izahatlardan, eləcə də apellyasiya baxışı zamanı tədqiq edilmiş səs yazısından müəyyən olunur ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçı və onun digər şərikləri tərəfindən verilmiş pul vəsaitləri hesabına avtomobil ehtiyat hissələrinin alınması və gətirilməsi ilə bağlı fəaliyyət həyata keçirmişdir. Belə ki, iş materiallarında olan CD diskdə olan 2023-cü ilin aprel ayında qeydə alınmış səs yazısının məzmunundan görünür ki, cavabdeh Cavabdeh Abuzər adlı şəxsin də iştirak etdiyi söhbət zamanı cavabdeh Cavabdeh 56.000 ABŞ dollar məbləğində malın iddiaçı tərəfindən ona verildiyi və həmin malların hazırda özündə olduğunu təsdiq etmişdir. İddiaçı isə həmin məbləğdən 750 manatının ona ödənilməsini etiraf etmişdir. 750 manat çıxılmaqla 56.000 ABŞ dollar məbləğində pulun qaytarılması üçün iddiaçı tərəfidən cavabdehə 4 ay müddət verilmişdir. Beləliklə, cavabdehin özünün verdiyi izahat və etirafları ilə iddiaçıdan 56.000 ABŞ dollar dəyərində əmlak qəbul etməsi və həmin əmlakın dəyərini qaytarmaq öhdəliyini üzərinə götürməsi təsdiq olunur. Cavabdehin sonradan həmin öhdəliyi tam icra etməsi isə iş materialları ilə təsdiq edilmir. Lakin bu səs yazısından sonra, həmin ilin sentyabr ayında tərəflər arasında tərtib edilmiş sadə yazılı formada cavabdeh tərəfindən alınması etiraf edilən malların siyahısı və bunun müqabilidə cavabdeh iddiaçıya 12.500 manat pulun ödənilməsi (iddiaçı tərəfindən təhvil alınması) görünür. Beləliklə də, cavabdeh iddiaçıya ##.##.2023-cü il tarixdə 12.500 manat pulun ödənilməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəf “##.##.2023-cü il tarixdə Əvəz İsmayılov və Cavabdeh tərəfindən həmin kağızlar tərtib və təsdiq edilərkən kağızlarda göstərilən malların qarşısında onların qiymətləri yazılmaması, Cavabdeh sənəd hesab etdiyi həmin kağızlarda qeyd edilən qiymətlərin onun tərəfindən sonradan saxtalaşdırılaraq yazılmasına dair” apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, əvvəla iddiaçı tərəf bununla bağlı sübut təqdim etməmiş, həmçinin də iddiaçı həmin sənədi imzalamaqla sənəddə göstərilən halların mövcudluğunu təsdiq etmişdir. Belə olan halda həmin dəlil əsaslı sayıla bilməz. Məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, hüquq-mühafizə orqanlarında aparılmış araşdırma zamanı cavabdeh tərəfindən verilmiş ##.##.2023-cü il və ##.##.2024-cü il tarixli izahatlarda da iddiaçıdan avtomobil ehtiyat hissələrinin götürülməsi faktı etiraf edilmişdir. ##.##.2024-cü il tarixli izahatın məzmunundan görünür ki, cavabdeh iddiaçıdan 14.000 manat dəyərində mal götürdüyünü, həmin malların bir hissəsini satdığını və müəyyən ödənişlər etdiyini bildirmiş, lakin Azərbaycan Respublikasının DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi ##.##.2023-cü il tarixli izahatında 101.084 ABŞ dolları pulu aldığını etiraf etmişdir. Kollegiya qeyd edir ki, cavabdehin müxtəlif vaxtlarda verdiyi izahatlarda məbləğlərin və əmlakın dəyərinin fərqli göstərilməsi onun iddiaçı ilə faktiki münasibətlərinin və borcun mövcudluğunun inkar edilməsi üçün əsas ola bilməz. Əksinə, həmin izahatların hər birində cavabdeh iddiaçıdan müəyyən məbləğdə mal və ya vəsait aldığını və bunun müqabilində müəyyən öhdəliklərinin yarandığını qəbul etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin yalnız 14.000 manat dəyərində malın cavabdehdə qalması barədə nəticəyə gəlməsi iş materiallarında olan sübutların məcmu halında qiymətləndirilməsi baxımından əsaslı hesab edilə bilməz. Çünki iş üzrə tədqiq edilmiş səs yazısı və Azərbaycan Respublikasının DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cavabdehin öz izahatları onun iddiaçı qarşısında yalnız 14.000 manat həcmində öhdəliyinin olması ilə məhdudlaşmayan daha geniş faktiki münasibətlərin mövcudluğunu göstərir. İddiaçının apellyasiya şikayətində göstərilən 101.700 ABŞ dollar məbləğində pul vəsaitinin cavabdehə verilməsi, cavabdehin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində həmin vəsaitlərin ona verilməsini təsdiq etməsi, habelə gətirilmiş malların tərəflər arasında bölüşdürülməsi ilə bağlı dəlillərə gəldikdə isə, kollegiya hesab edir ki, həmin hallar iddiaçının hazırkı tələbinin tam həcmdə təmin olunması üçün özlüyündə kifayət etmir. Belə ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda ümumilikdə digər şəriklərlə birlikdə 101.700 ABŞ dollar verildiyi bildirilsə də, həmin məbləğin bütövlükdə cavabdehin hazırda qaytarmalı olduğu pul məbləği olması iş materialları ilə tam və mötəbər şəkildə müəyyən edilmir. Əksinə, iddiaçının öz izahatlarından da görünür ki, həmin vəsait hesabına müəyyən miqdarda avtomobil ehtiyat hissələri gətirilmiş, həmin malların bir hissəsi tərəflərə təhvil verilmiş və onların satışından müəyyən məbləğdə vəsait əldə olunmuşdur. Bu səbəbdən iddiaçının apellyasiya şikayətində göstərilən 101.700 ABŞ dollarının bütövlükdə borc kimi qəbul edilərək 89.929 ABŞ dollarının tutulması barədə tələbinin tam təmin edilməsi üçün həmin məbləğin formalaşmasına dair bütün ödənişlərin, əldə edilmiş malların, onların faktiki dəyərinin, satılmış mallardan əldə edilmiş vəsaitlərin və cavabdehtərəfindən edilmiş ödənişlərin tam və mötəbər şəkildə müəyyən edilməsi tələb olunur. Hazırkı iş materialları isə belə bir nəticəyə gəlməyə kifayət etmir. Buna görə də Məhkəmə Kollegiyası hesab edir ki, hazırki mübahisədə tərəflər arasında faktiki olaraq etiraf edilmiş məbləğlə 56.000 ABŞ dolları ilə bağlı ##.##.2023-cü il tarixli səs yazısından sonrakı dövdə aralarında olan münasibətlərə, yəni pulun alınıb-verilməsi məsələlərinə hüquqi qiymət verilməlidir. Apellyasiya baxışı zamanı tədqiq edilmiş sübutlar əsasında 56.000 ABŞ dolların dəyərində malın cavabdeh tərəfindən qəbul edilməsi və həmin məbləğin qaytarılmasının razılaşdırılması, (750 manat məbləğ istisna olmaqla), habelə cavabdehin bu öhdəliyi üzrə yalnız 2023-cü ilin sentyabr ayında 12.500 manat məbləğində ödəniş etməsi kimi halları işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Kollegiya xüsusilə qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçıya ümumilikdə 12.500 manat ödəniş etdiyindən onun qarşısında hər hansı borcu qalmamışdır. Lakin bu dəlil iş materialları ilə təsdiq olunmur. Belə ki, cavabdehin özünün hüquq mühafizə orqanlarında verdiyi izahatında 14.000 manat dəyərində mal qəbul etməsi, həmin malın müəyyən hissəsini satması və sonradan ödənişlər etməsi göstərilsə də, apellyasiya baxışı zamanı tədqiq edilmiş digər sübutlardan, xüsusilə tərəflər arasındakı danışığın səs yazısından cavabdehin iddiaçıdan 56.000 ABŞ dollar dəyərində mal qəbul etməsi və həmin məbləği qaytarmaq öhdəliyini üzərinə götürməsi müəyyən olunur. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh Binəqədi RPİ-də verdiyi izahatında 14.000 manat dəyərində mal qəbul etməsini qeyd etsə də, bundan əvvəl Azərbaycan Respublikasının DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatıda 101.084 ABŞ dolları dəyərində pul almasına dair izahat verməsinə istinad etməmiş, bunun səbəbi kimi bu izahatın təzyiq altında verməsini göstərsə də, bu faktın mövcudluğuna dair sübut növləri (aidiyyatı oqalanla bu halla bağlı şikayət etməsi və bu halın araşdırılması) təqdim etməmişdir. Azərbaycan Respublikasının DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahatıda 101.084 ABŞ dollar dəyərində pul almasına dair izahat verməsinə Məhkəmə Kollegiyası hazırki mübahisədə həmin izahat verilməmişdən əvvəl tərəflər arasında 2023-cü ilin aprel ayında yalnız 56.000 ABŞ dolları məbəlğində malların alınması ilə bağlı razılaşma olmasını nəzərə almışdır. Belə ki, 56.000 ABŞ dollar məbləğin tərəflər arasında razılaşdırıldığı halda cavabdehin Azərbaycan Respublikasının DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verdiyi izahağtıda 101.084 ABŞ dollar dəyərində pul almasına dair izahatında göstərilənlər ağlabatan deyil. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən sentyabr ayında edilmiş 12.500 manat ödənişin cavabdehin bütün öhdəliyinin icra edilməsi kimi qiymətləndirilməsi mümkün deyildir. Əksinə, həmin ödəniş mövcud öhdəliyin yalnız müəyyən hissəsinin icrası kimi nəzərə alınmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin “iddiaçı 12.500 manatın ödənilməsini məhkəmə iclasında etiraf etmişdir” barədə dəlili də fərqli hüquqi nəticəyə səbəb olmur. Çünki həmin hal yalnız 12.500 manat məbləğində ödənişin həyata keçirildiyini təsdiq edə bilər. Həmin ödənişin 56.000 ABŞ dollar dəyərində öhdəliyin tam icrası olması nəticəsinə gəlməyə əsas vermir. Cavabdehin “14 ədəd avtomobil buferinin, yəni təxminən 3.000 manat dəyərində malın” hazırda onun yanında qalması barədə dəlilinə gəldikdə isə, kollegiyanın qənaətinə görə həmin hal da onun iddiaçı qarşısında müəyyən öhdəliyinin mövcudluğunu aradan qaldırmır. Əksinə, həmin malların cavabdehdə qalması və onların iddiaçıya qaytarılmaması tərəflər arasındakı əmlak münasibətlərinin tam başa çatmadığını göstərir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, cavabdehin “11.000 manatlıq malı sataraq həmin vəsaiti banka olan öhdəliklərinin ödənilməsinə sərf etməsi” barədə dəlili də əsaslı hesab edilə bilməz. Belə ki, cavabdehin öz öhdəliyi hesabına əldə etdiyi malın satışından əldə edilmiş vəsaiti şəxsi və ya digər öhdəliklərinin icrasına yönəltməsi həmin vəsaitin iddiaçı qarşısında mövcud öhdəliyin icrasına yönəldilməsi anlamına gəlmir. Cavabdehin həmin vəsaitdən başqa məqsədlə istifadə etməsi iddiaçının tələb hüququnu aradan qaldırmır. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “məhkəmə onun izahatını düzgün anlamamışdır” barədə dəlili də qəbul edilə bilməz. Çünki apellyasiya instansiyası tərəfindən cavabdehin izahatları yalnız ayrı-ayrı ifadələr şəklində deyil, iş üzrə digər sübutlarla, o cümlədən səs yazısı və tərəflərin faktiki münasibətləri ilə birlikdə qiymətləndirilmişdir. Həmin sübutların məcmusundan cavabdehin iddiaçı qarşısında 14.000 manat məbləğində öhdəliyinin olması ilə məhdudlaşan nəticə çıxarmaq mümkün deyildir. İddiaçının video və səs yazılarının birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilməməsi barədə apellyasiya dəlilinə gəldikdə isə, kollegiya qeyd edir ki, apellyasiya baxışı zamanı həmin sübutlar tədqiq edilmiş və onların məzmunu iş üzrə digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilmişdir. Bu baxımdan, həmin sübutların birinci instansiya məhkəməsində tədqiq edilməməsi apellyasiya instansiyası tərəfindən iş üzrə düzgün və obyektiv nəticəyə gəlməyə mane olmur. Eyni zamanda, iddiaçının Dövlət Gömrük Komitəsinə sorğu göndərilməsi, məhkəmətexniki və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının təyin edilməsi barədə vəsatətlərinin təmin edilməməsi ilə bağlı dəlilləri də iddianın tam təmin edilməsi üçün əsas yaratmır. Belə ki, hazırkı mübahisənin həlli üçün həlledici əhəmiyyət daşıyan hal malların gömrük və ya bazar dəyərinin müəyyən edilməsi deyil, cavabdehin konkret hansı məbləğdə əmlak və ya pul qəbul etməsi, həmin əmlakın hansı hissəsinin qaytarılması və tərəflər arasında hansı məbləğin qaytarılması barədə razılaşmanın mövcudluğunun müəyyən edilməsidir. Apellyasiya baxışı zamanı bu məsələlər üzrə kifayət qədər sübutlar mövcud olduğundan əlavə ekspertiza keçirilməsi zəruri hesab edilməmişdir. Bununla yanaşı, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi 14.000 manat məbləğində vəsaitin tutulması barədə nəticə də işin apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarına uyğun deyildir. Çünki birinci instansiya məhkəməsi əsasən cavabdehin hüquq-mühafizə orqanı olan Binəqədi RPİ-də verdiyi verdiyi izahatlara əsaslanmış, lakin tərəflər arasında ondan əvvəl razılaşdırılmış və səs yazısında əks olunan razılaşmanı və cavabdehin 56.000 ABŞ dollar dəyərində malı qəbul etməsinə dair etirafına diqqət yetirməyərək lazımi hüquqi qiymət verməmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmiş 56.000 ABŞ dollar məbləğində öhdəlik tərəflərin razılığına əsasən azərbaycan manatının məzənnəsi ilə tərəflərin razılaşdığı ekvivalent üzrə 95.200 manat təşkil etdiyi qəbul edilir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin həmin öhdəlik üzrə 95.200 manatdan 750 və 12.500 manat ödəməsi nəzərə alındıqda, onun iddiaçı qarşısında ödənilməmiş borcu 81.950 manat təşkil edir (95200- (750+12500) ) Beləliklə, iş üzrə müəyyən edilmiş sübutların məcmusu cavabdehin iddiaçı qarşısında 81.950 manat məbləğində pul öhdəliyinin olmasını təsdiq edir. İddiaçının 89.929 ABŞ dollar və ya 152.879 manat məbləğində pulun tutulması barədə tələbinin qalan hissəsinə gəldikdə isə, kollegiya hesab edir ki, həmin hissədə iddianın təmin edilməsi üçün zəruri olan sübutlar kifayət qədər mötəbər və qarşılıqlı əlaqəli şəkildə müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin 28.000 ABŞ dollarının verilməsiə dair iddiaçı tərəfin dəlilinə qiymət verərək hesab edir ki, bu məbləğlə bağlı tərəflər arasında münasibət 2023-cü ilin aprel ayına kimi baş verməsini iddiaçı iddia tələbində də göstərmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, tərəflər arasında 2023-cü ilin aprel ayında razılaşdırılmış və səs yazısında əks olunan razılaşma və cavabdehin 56.000 ABŞ dollar dəyərində malı qəbul etməsinə dair etirafı bu razılaşmaya qədər olan, tərəflər arasında təyinatı və ödənilməsi ilə bağlı mübahisə edilən 28.000 ABŞ dolların hazırda tələb edilməsi üçün hüquqi əsas yaratmır. İddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə verilmiş pul vəsaitlərinin hamısının cavabdehin hazırda qaytarmalı olduğu borc kimi qəbul edilməsi, gətirilmiş malların və onların satışından əldə edilmiş vəsaitlərin nəzərə alınmaması əsassız varlanmaya səbəb ola bilər. Buna görə də iddia tələbinin tam təmin edilməsi üçün əsaslar mövcud deyildir. Nəticə etibarilə, iddiaçının apellyasiya şikayəti 81.950 manat məbləğində vəsaitin tutulması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək cavabdeh Cavabdeh 81.950 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İsmayılov Əvəz Zeyvəli oğluna ödənilməlidir. İddiaçının tələbinin bundan artıq hissəsi isə sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Cavabdehin apellyasiya şikayətinə gəldikdə isə, yuxarıda göstərilənlərdən göründüyü kimi, cavabdehin 14.000 manat məbləğində öhdəliyinin də olmadığı, yaxud 12.500 manat ödəniş etməklə bütün öhdəliyini tam icra etdiyi barədə dəlilləri əsaslı deyildir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı müəyyən edilmiş sübutlar cavabdehin iddiaçı qarşısında ödənilməmiş pul öhdəliyinin mövcudluğunu təsdiq etdiyindən onun apellyasiya şikayəti təmin edilməməlidir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi müəyyən edilmiş faktiki hallara və iş üzrə tədqiq edilmiş sübutların məcmusuna tam uyğun olmadığından dəyişdirilməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə rədd edilməlidir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı vəsaitin məbləği hissəsində dəyişdirilməklə cavabdeh Cavabdeh iddiaçı İsmayılov Əvəz Zeyvəli oğlununa xeyrinə ödənilməli olan məbləği 81.950 manat müəyyən edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı İsmayılov Əvəz Zeyvəli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi cavabdeh Cavabdeh 14.000 (on dörd min) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı İsmayılov Əvəz Zeyvəli oğluna ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh iddiaçı İsmayılov Əvəz Zeyvəli oğlunun xeyrinə ödənilməli olan vəsaitin məbləği 81.950 (səksən bir min manat, doqquz yüz əlli) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar