Məhkəmə qərarları › İş №2(3-6)-242/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-242/2026

31.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-242/2026 31.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh İbrahimova Piruzə Abusət qızına qarşı “kompensasiya verilməklə mənzilin boşaldılaraq təhvil verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən cavabdeh İbrahimova Piruzə Abusət qızının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi İskəndərov Saleh Etibar oğlunun, cavabdeh İbrahimova Piruzə Abusət qızının vəkili (nümayəndəsi) nümayəndə3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia haqqında məlumat

1. İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi MMC-nin adından cavabdehə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə” ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin faktiki istifadəsində olan, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan, ümumi sahəsi 54,93 kv.m təşkil edən ** saylı evin boşaldılaraq sökülməsi üçün MMC-yə təhvil verilməsi və bunun əvəzində MMC tərəfindən cavabdehə 170.000 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2020-ci il tarixli, *** saylı sərəncamı ilə Bakı şəhərinin Yasamal rayonunun Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4,20 hektar torpaq sahəsi, həmin torpaq sahəsində yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün MMC-nin icarəsinə verilmişdir. Sərəncamın 1-ci maddəsinə əsasən həmin ərazidə yerləşən, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi, bununla əlaqədar olaraq həmin sahələrin sahibləri ilə qarşılıqlı razılaşma əsasında onların qanunvericiliyə uyğun olaraq köçürülməsi MMC-yə həvalə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən qeyd edilən 4,20 hektar torpaq sahəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinə baxışı keçirilmiş və ##.##.2020-ci il tarixli rəy verilmişdir. Rəydə qeyd edilmişdir ki, həmin ərazidə yerləşən yaşayış evlərinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, Yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmış, yükdaşıyan divarlarda müxtəlif istiqamətli bir və ikitərəfli çatlar yaranmış, torpaqla təmasda olan daxili divarlarda nəmlik, xarici divarlarında isə suvaq qatları və hörgü məhlullarıaşınmış, evlərin əksəriyyətinin ağac materialından olan qapı və pəncərələri köhnəlmiş, tikililərin dam örtüklərinin uzun müddət təmirsiz istismarı nəticəsində atmosfer suları əksər tikililərin daxilinə sızaraq tavanlarda və divarlarda rütubət izləri yaratmış, bəzi tikililərin ağac konstruksiyasından olan döşəmə və tavan hissələri çürüyərək deformasiyaya uğramış, tikililərin kommunikasiya sistemləri – elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdə. Daxili həyətlərdə vətəndaşlar tərəfindən evlərin üzərində tikinti norma və qaydalarının tələblərinə əməl olunmadan əlavə tikililər inşa edilmişdir. Bu tikililər metal borular və mövcud daş hörgülərin üzərində müxtəlif tikinti materiallarından olmaq yerinə yetirilmişdir. İnşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir ki, bu da zəlzələ təhlükəsi mövcud olan bu region üçün çox faciəvi nəticələrin baş verməsinə səbəb ola bilər. Yaşayış evlərimövcud tikinti norma və qaydalarına cavab vermir. Yaşayış evləri memarlıq nöqteyi-nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Sərəncam əsasında ayrılmış torpaq sahəsində yaşayan təxminən 250 mülkiyyətçi ilə MMC arasında razılıq əldə olunmuş, həmin şəxslər köçürülmüş, tikilməli olan yeni binaların əksəriyyəti tamamlanmışdır. Lakin razılığa gəlinməsi mümkün olmayan sakinlər səbəbindən layihə üzrə tikilməli olan bəzi binaların inşasına başlamaq mümkün olmamışdır ki, onlardan biri də iş üzrə cavabdehdir. Cavabdehə digər ev sahibləri kimi, sahib olduğu və faktiki sahəsi 54,93 kv.m. olan tikilinin əvəzinə yeni tikiləcək binada təmirli, sahəsi 71,5 kv.m. olan yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 600 manat kirayə haqqı təklif edilmiş, lakin cavabdeh bu təklifi qəbul etməyərək, ona pul şəklində kompensasiyanın verilməsini MMCdən tələb etmişdir. Bundan sonra iddiaçı MMC-nin təmsilçiləri cavabdeh ilə görüşərək, MMC tərəfindən ona 170.000 manat məbləğində kompensasiya verilməsini təklif etmiş, lakin cavabdeh bu təkliflə də razılaşmayaraq, qeyd edilən məbləğdən qat-qat artıq məbləğdə kompensasiyanın ödənilməsini tələb etmişdir. Göründüyü kimi, cavabdeh özü hüquqlarından sui-istifadə edir. Nəticə də, isə MMC maliyyə çətinlikləri ilə üz-üzə qalmışdır. Çünki, MMC, onunla razılığa gəlmiş sakinlərin hər birinə əlavə (tikintinin gecikməsini əhatə edən) müddət üçün kirayə haqqı ödəmək məcburiyyətdə qalmışdır. Buna görə də, MMC, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar haqqında məlumat

3. İddiaçı MMC-nin nümayəndəsi İskəndərov Saleh Etibar oğlu məhkəmə iclaslarında iştirak edərək, iddia tələbini müdafiə etmiş və Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Nümayəndə öz izahatında əlavə olaraq qeyd etmişdir ki, cavabdehin ödənilməsini tələb etdiyi 350.000 manat məbləğində kompensasiya sökülməli olan evə münasibətdə həddindən artıq çoxdur.

4. Məhkəmə iclaslarında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, MMC-dən ev istəmir, pul şəklində kompensasiyanın ödənilməsini tələb edir, amma hesab edir ki, MMC-nin təklif etdiyi 170.000 manat kompensasiya məbləği ilə razı deyil, çünki, onun evinin sahəsi 54,93 kv.metr deyil, 76 kv.metrdir və o, öz evini ən azı 350.000 manata sata bilər. Buna görə də, əgər onun evi MMCyə lazımdırsa MMC ona 350.000 manatı ödəməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə iddianın təmin edilməsini, iddiaçı MMC tərəfindən cavabdehə 170.000 manat məbləğində kompensasiya ödənilməklə, cavabdehə məxsus evin boşaldılaraq sökülməsi üçün iddiaçı MMC-yə təhvil verilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehə məxsus mübahisəli tikili özbaşına tikilidir. Cavabdehin həmin tikilidən istifadə etməsinin hüquqi əsası yoxdur. Həmin tikili iddiaçı MMC-nin qanuni istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudlarında yerləşir və tikilinin mövcud vəziyyəti insanların, o cümlədən cavabdehin özünün həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır. Cavabdehin özbaşına tikilidən istifadə etmək üçün qanuni əsasın olmamasına baxmayaraq iddiaçı MMC, qiymətləndirici şirkət tərəfindən verilmiş “qiymətləndirmə rəyində” qeyd edilmiş həmin tikilinin orta bazar dəyəri olan 141.000 manatdan çox məbləğdə – 170.000 manat məbləğdə kompensasiyanı cavabdehə ödəməyə hazır olduğunu bildirir, lakin cavabdeh, MMC tərəfindən ona 350.000 manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. Cavabdehin bu kimi hərəkəti MMC ilə razılığa gəlmiş digər tikililərin sahiblərinin hüquqlarını pozur. Bundan başqa, MMC, onunla razılığa gəlmiş digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirə bilmədiyi üçün həmin şəxslərə əlavə kirayə haqqı ödəmək məcburiyyətində qalır ki, bununla da, MMC, əsassız olaraq maddi zərərlə üzləşir. Göründüyü kimi cavabdeh hüquqlarından sui-istifadə edir. MMC-nin cavabdehə təklif etdiyi kompensasiyanın məbləği isə ilə bağlı isə qeyd edilməlidir ki, kompensasiyanın məbləği qeyd olunan sahə ilə bağlı mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır, eləcə də tərəflərin maraqlarının mütənasibliyi qorunur. Göstərilənlər nəzərə alındıqda isə müəyyən edilir ki, iddia əsaslıdır. d) apellyasiya şikayəti haqqında məlumat

7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Əsasları cavabdehin Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə kompleks məhkəmə mühəndis-texniki və məhkəmə-əmtəəşünaslıq (əmlakın qiymətləndirilməsi) ekspertizaları təyin etmiş və ekspertizaların aparılmasını qiymətləndirici təşkilata– “xxxx” MMC-yə həvalə etmişdir. Halbuki, adı çəkilən təşkilatın (qiymətləndiricinin) məhkəmə qərardadında qoyulmuş sualların bir qismi üzrə hər hansı tədqiqat aparmaq səlahiyyəti yoxdur. Azərbaycan Qiymətləndiricilər Palatasının rəsmi saytına nəzər yetirildikdə isə məlum olur ki, “xxxx” MMCnin fəaliyyət istiqamətləri: daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi; təbii sərvətlərin qiymətləndirilməsi; daşınar əmlakın qiymətləndirilməsi və dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsindən ibarətdir. Göründüyü kimi, cavabdehə məxsus evin faktiki sahəsinin, həmçinin evin insanların yaşaması üçün təhlükəli olub-olmaması, tikilinin dayanıqlılığı, onun texniki vəziyyətinin qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab verib-verməməsi, tikinti konstruksiyalarının yükdaşıma qabiliyyəti və istismar göstəricilərinin dayanıqlılıq səviyyəsinin müəyyən edilməsi üzrə sualların cavablandırılması qiymətləndiricinin fəaliyyət sahəsinə aid olmamışdır. Bundan başqa, “xxxx” MMC-nin Rayon Məhkəməsinə təqdim etdiyi qiymətləndirmə hesabatından görünür ki, qiymətləndirici qiymətləndirməni ən sadə (bəsit) formadan istifadə etməklə, bina.az saytında yer almış 3 ədəd mənzilin qiymətinə istinadən həyata keçirmiş, müvafiq saytdan çıxarışları hesabatın mətninə köçürməklə kifayətlənmiş və bunu müqayisəli yanaşma metodu adlandırmışdır. Qiymətləndirmə hesabatında anoloji qiymət kimi mübahisəli evin yerləşdiyi ünvanına yaxın ərazidə yerləşən yaşayış binalarında olan mənzillərin dəyəri göstərilmişdir ki, belə yanaşma ümumiyyətlə, qəbul edilə bilməz. Çünki, hazırkı qiymətləndirmə obyekti mənzil yox, fərdi yaşayış evidir. Bu mənada qiymətləndirmə eyni ərazidə yerləşən fərdi yaşayış evinin (1 kv.m.-nin) dəyərinin müqayisəsi üzrə aparıla bilərdi. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat

9. Cavabdeh vəkili (nümayəndəsi) nümayəndə3 apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, əvvəlcə iddiaçı MMC ilə 170.000 manat məbləğində kompensasiya üçün qismən razılıq alınmışdır. Lakin sonradan məlum olmuşdur ki, həmin ərazidə yaşayan digər sakinlərə mənzillərdən köçürülmək üçün MMC tərəfindən daha yüksək məbləğdə kompensasiya təklif edilmişdir və bu səbəbdən də razılıq pozulmuşdur.

10. İddiaçı MMC-nin nümayəndəsi Saleh İskəndərov apellyasiya baxışı iclaslarında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, cavabdeh məbləği mübahisələndirsə də MMC evin sahəsinə görə daha yüksək məbləğ hesabladığı şəxslərə qarşı humanistlik prinsipini sərgiləmiş və həmin ərazidə yaşayan sakinlərin hamısına demək olar ki, oxşar məbləğlər təklif edərək razılığa gəlmişdir. Nəzərə alınmalıdır ki, cavabdehı məxsus yaşayış sahəsi, qanunu tikili deyil, qanunsuz, yəni özbaşına tikilidir və tikilinin sahəsi cavabdehin bildirdiyi kimi, 76 kv.metr deyil, 54,93 kv.metr təşkil edir. Özbaşına tilinin hər 1 kv.metrinə görə də MMC-nin təklif etdiyi kompensasiyanın məbləği təxminən 3.090 manat təşkil edir ki, bu da kifayət qədər yüksək məbləğdir. Cavabdehin isə hər 1 kv.metr üçün tələb etdiyi məbləğ real deyil, hətta Bakı şəhərinin mərkəzində belə qiymətlər yoxdur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, iş materiallarından görünür və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən və cavabdehə məxsus tikili, qanunsuz, yəni özbaşına tikilidir. İddiaçı MMC həmin tikilini sökülməsini tələb edir və buna görə ondan cavabdehin xeyrinə 170.000 manat məbləğində kompensasiyanın tutulmasını təklif edir. Cavabdeh isə tikilinin sökülməsinə razı olsa da, MMC-dən onun xeyrinə 350.000 manat məbləğində kompensasiyanın tutulmasını təklif edir.

13. Bakı ŞİH başçısının *** saylı, ##.##.2020-ci il tarixli sərəncamından görünür ki, sərəncam, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,20 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün MMC-nin icarə əsasında istifadəsinə verilməsi haqqındadır.

14. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” **** saylı, ##.##.2020-ci il tarixli müqavilədən görünür ki, yuxarıda qeyd edilən sərəncamda nəzərdə tutulmuş 42.000 kv.m torpaq sahəsi 49 il müddətinə MMC-yə icarəyə verilmişdir. Torpaq sahəsinin icarə haqqı ##.##.2020-ci il tarixdən hesablanır və icarəçi hər il 146.764 manat icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür.

15. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin ##.##.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinə vizual baxış keçirilmiş, müəyyən edilmişdir ki, evlərin əksəriyyətinin ağac materialından olan qapı və pəncərələri köhnəlmişdir. Dam örtüklərinin uzun müddət təmirsiz istismarı nəticəsində atmosfer suları əksər tikililərin daxilinə sızaraq tavanlarda və divarlarda rütubət izləri yaratmışdır. Baxış keçirilən bəzi tikililərin ağac konstruksiyasından olan döşəmə və tavan hissələri çürüyərək deformasiyaya uğramışdır; Kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir. Daxili həyətlərdə vətəndaşlar tərəfindən evlərin üzərində tikitni norma və saydalarının tələblərinə əməl olunmadan əlavə tikililər inşa edilmişdir. Yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir. Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin kəsişməsində yerləşən yaşayış evlərinin yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdədir, qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir.

16. “xxxx” MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş ##.##.2025-ci il tarixli, CC/***/**-**** nömrəli “Qiymətləndirmə hesabatından” görünür ki, cavabdehə məxsus tikilinin orta bazar dəyəri 141.000 manat təşkil edir.

17. Cavabdeh bildirir ki, ona məxsus həmin tikilinin faktiki sahəsi 54,93 kv.metr deyil, 76 kv.metrdir.

18. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Cavabdeh həmin tikilinin faktiki sahəsinin 76 kv.metr olmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutu (məsələn: hər hansı bir mütəxəssisin tikili üzrə apardığı ölçü işlərini özündə əks etdirən hesabatı) məhkəmələrə təqdim etməmişdir.

20. Əksinə, “xxxx” MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş ##.##.2025-ci il tarixli “Qiymətləndirmə hesabatından” qeyd edilmişdir ki, mübahisəli tikilinin faktiki sahəsi 54,93 kv.metrdir.

21. Belə olan halda qəbul edilməlidir ki, cavabdehin bildirdiyi bu dəlil əsassızdır. Tikilinin faktiki sahəsi cavabdehin bildirdiyi kimi, 76 kv.metr deyil, 54,93 kv.metrdir.

22. Buna görə də, Məhkəmə cavabdehin bu dəlilini əsaslı saymır.

23. Cavabdeh daha sonra bildirir ki, “xxxx” MMC-nin Rayon Məhkəməsi tərəfindən onun qarşısında qoyulmuş “cavabdehə məxsus evin insanların yaşaması üçün təhlükəli olubolmaması, tikilinin dayanıqlılığı, onun texniki vəziyyətinin qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab verib-verməməsi, tikinti konstruksiyalarının yükdaşıma qabiliyyəti və istismar göstəricilərinin dayanıqlılıq səviyyəsinin müəyyən edilməsi haqqında” sualları cavablandırmağa səlahiyyətinə və fəaliyyət sahəsinə aid deyil.

24. Bununla bağlı Məhkəmə qeyd edir ki, “xxxx” MMC tərəfindən Rayon Məhkəməsinə verilmiş ##.##.2025-ci il tarixli “Qiymətləndirmə hesabatından” görünür ki, cavabdehin qeyd etdiyi suallar Rayon Məhkəməsi tərəfindən “xxxx” MMC qarşısında qoyulmuş və MMC həmin sualları cavablandırmışdır.

25. Məhkəmə bildirir ki, “xxxx” MMC həmin sualları cavablandırıb, cavablandırmasından asılı olmayaraq, iddiaçı MMC, maraqlı şəxs olaraq mübahisəli tikilinin sökülməsini tələb etməkdə, Rayon Məhkəməsi bu tələbi təmin etməkdə haqlı olmuşlar. Çünki mübahisəli tikilinin yerləşdiyi ərazi Bakı ŞİH başçısının ##.##.2020-ci il tarixli sərəncamına əsasən iddiaçı MMC-yə icarəyə verildiyindən MMC, həmin ərazi MMC-nin qanuni sahibliyində olan əmlak sayılır. Yuxarıda qeyd edildiyi kimi cavabdeh də tikilinin sökülməsinə etiraz etmir, o, tikilinin sökülməsi ilə bağlı iddiaçı MMC tərəfindən ona verilməli olan kompensasiyanın məbləği ilə razılaşmır.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə isə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (maddə 164.1.). Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 165.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4.).

27. Buna görə də, Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili formal mülahizə xarakteri daşıyır.

28. Cavabdehin, iddiaçı MMC tərəfindən ona 170.000 manat deyil, 350.000 manat məbləğində kompensasiyanın ödənilməsi ilə bağlı dəlili ona əsaslanır ki, onun evinin sahəsi 54,93 kv.metr deyil, 76 kv.metrdir və o, öz evini ən azı 350.000 manata sata bilər.

29. Yuxarıda artıq qeyd edildiyi kimi, işin halları ilə müəyyən edilmişdir ki, cavabdehə məxsus mübahisəli özbaşına tikilinin sahəsi 76 kv.metr deyil, 54,93 kv.metrdir (bax: hazırkı qətnamənin 17-21-ci bəndlərinə). Buna görə də, cavabdehin müzakirə edilən bu dəlilinin əsaslığı, həmin tikilinin cavabdehin bildirdiyi kimi onun tərəfindən 350.000 manata satılması imkanın mövcud olub-olmamasında asılıdır.

30. Bunları və MPM-in yuxarıda qeyd edilən 14.2 və 77.1-ci maddələrinin tələblərini nəzərə alan Məhkəmə bildirir ki, sübut etmə yükünü daşıyan cavabdeh həmin tikilinin onun tərəfindən 350.000 manata satılması imkanının mövcud olmasını təsdiq edə biləcək sübutları (məsələn: hər hansı alıcı ilə onun arasında bağlanmış “İlkin alğı-satqı müqaviləsini” və ya bu kimi müqavilənin bağlanması istiqamətində onunla həmin şəxs arasında əldə olunmuş razılaşmanı) məhkəmələrə təqdim etməmişdir.

31. Buna görə də, Məhkəmə cavabdehin bu dəlilini əsaslı saymır.

32. Daha sonra cavabdeh bildirir ki, iş üzrə “Qiymətləndirmə hesabatı” vermiş “xxxx” MMC mübahisəli tikilinin yerləşdiyi ünvanına yaxın ərazidə yerləşən yaşayış binalarında olan mənzillərin dəyərini əsas götürmüşdür, halbuki mübahisəli tikilinin dəyərinin müəyyən edilməsi üçün mənzillərin deyil, fərdi yaşayış evlərinin qiymətləri əsas götürülməli idi.

33. Cavabdehin bu dəlilinin əsaslılığı ilə bağlı Məhkəmə qeyd edir ki, “qanuni tikili” sayılan fərdi yaşayış evlərinin qiyməti “qanuni tikili” sayılan mənzillərin qiymətindən adətən yüksəkdir. Mübahisə predmeti olan tikili özbaşına tikili olduğu üçün “qanunsuz tikili” sayılır. Təbiidir ki, “qanuni tikili” sayılan mənzillərin qiyməti də “qanunsuz tikililərin” qiymətindən yüksəkdir, o ki qala “qanuni tikili” sayılan fərdi yaşayış evlərinin qiyməti ilə müqayisədə.

34. Buna görə də, Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır.

35. Bütün bu göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdeh yaranmış vəziyyətdən sui-istifadə edir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2020-ci il tarixli qərarda hüquqdan sui-istifadə ilə bağlı təsbit edilmiş hüquqi mövqeyi nəzərə alan Məhkəmə bildirir ki, hüquqdan sui-istifadə edən, mübahisəli özbaşına tikilinin statusuna, dəyərinə və sair göstəricilərinə uyğun olmayan kompensasiyanın ödənilməsini tələb edən cavabdehin mövqeyi əsaslı hesab edilə bilməz.

37. Rayon Məhkəməsi qeyd olunan halları düzgün qiymətləndirərək iddianı təmin etmiş, cavabdehin etirazlarını isə əsaslı hesab etməmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər formal xarakter daşıyır. Cavabdeh, Rayon Məhkəmənin gəldiyi nəticəni təkzib edən əsaslı hüquqi arqumentlərdən məhrumdur. g) apelyasiyanın nəticəsi

38. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur

39. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir.

41. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ: Cavabdeh İbrahimova Piruzə Abusət qızının apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh İbrahimova Piruzə Abusət qızı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı “xxxx” MMC hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar