Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2421/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi, Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nə qarşı “əmlakdan istifadəyə maneələrin aradan qaldırılması, vurulmuş maddi və mənəvi ziyan” tələbinə dair iş üzrə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(*-***)- ****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat Ağentliyi, Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış evinin darvazasına bitişik şəkildə quraşdırılmış dayanacağın və darvazanın qarşısında çəkilmiş sanı nişanlanma xəttinin cavabdeh AYNA tərəfindən yığışdırılması, mülkiyyətinə edilən müdaxilə ilə əlaqədar 2000 (iki min) manat maddi ziyanın, 5000 manat mənəvi ziyanın cavabdeh AYNAdan tutularaq ödənilməsi, həmçinin digər cavabdehin qanunsuz harakatlari nəticəsində ona vurulmuş 500 manat maddi ziyanın, 2000 manat mənəvi ziyanın cavabdeh Sabunçu PRI-nin DYPŞ-dən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin qəbul edilməkdən imtina edilməsi, iddiaçı İddiaçı hazırki iddia tələbi ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah olunması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı İddiaçı şikayət verərək qərarla razı olmadığını və işə mahiyyəti üzrə Sabunçu rayon Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin rədd edilməsi əsassızdır. Məhkəmə hesab etmişdir ki, mübahisəyə inzibati məhkəmədə baxılmalıdır. Lakin mübahisənin mahiyyəti mülki hüquq münasibətlərindən irəli gəlir və bu səbəbdən işə mülki məhkəmədə baxılması qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə işin faktiki hallarını və hüquqi mahiyyətini düzgün qiymətləndirməmiş, nəticədə aidiyyət məsələsində səhvə yol vermişdir. Bu isə iddiaçının məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmuşdur. Göstərilənləri nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün geri qaytarılmasının məqsədəuyğun olduöunu hesab etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiaçının nümayəndə-vəkili məhkəməyə ərizə ünvanlayaraq mübahisləndirilən qərardadın məhkəmə aidiyyəti ilə bağlı olduğunu, bu təqdirdə şikayətin birbaşa kassasiya instansiya məhkəməsinə göndərilməli olduğu halda apellyasiya instansiyasına göndərilməsinin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının tələbini inzibati hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirərək Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə (ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması) istinadən iddia ərizəsinin icraata qəbulundan imtina etmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ##### 2015-ci il tarixli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati İcraat” haqqında Qanunun 2.0.1-ci maddəsinə, habelə həmin Qanunun tədbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2005-ci il tarixli *** nömrəli Fərmanına əsasən inzibati orqan dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (yəni Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları), onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşdən görünür ki, iddiaçı inzibati orqanların hərəkətləri nəticəsində dəymiş zərərin ödənilməsini tələb edir, göründüyü kimi mübahisənin predmeti İPM-in 2.2.7-ci maddəsində göstərilən inzibati hüquq münasibətləri ilə bağlı olmaqla, mübahisəyə .inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilir ki, mülki prosessual qanunvericilik mülki işlər üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin mahiyyətini və tərəflər arasındakı münasibətləri nəzərə alaraq, iddia ərizəsini icraata qəbul etməkdən imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Şikayətin dəlilləri ilə kollegiya razılaşmır və onları qərardadın ləğvi üçün əsas hesab etmir. Beləliklə, qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edilmədən, Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(3-6)-2421/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2421/2026
17.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver