Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2473/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçılar iddiaçı2 və Qurbanova İlahə Allahverdi qızının cavabdehlər İbrahimova Güntəkin Murtuza qızına, cavabdeh4, cavabdeh2, cavabdeh5 və cavabdeh1 publik hüquqi şəxsinə qarşı “çıxarışın tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından iddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar iddiaçı2 və Qurbanova İlahə Allahverdi qızı cavabdehlər İbrahimova Güntəkin Murtuza qızına, cavabdeh4, cavabdeh2, cavabdeh5, cavabdeh1 publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanlı yeganə daşınmaz əmlak olan “B” (118,4 m2 ) literli tikiliyə dair ayrıca elektron çıxarış sənədinin (çıxarışda məhv edilmiş “A” (115,5 m2 ) literli tikilini və onun mülkiyyətçilərini qeyd etmədən) tərtib (təqdim) edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə iddia ərizəsinin yolverilməzliyə görə qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, iddiaçıya hazırki tələblə məhkəmə aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır. İddiaçı iddiaçı2 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardad onun qanunla təmin olunmuş hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardadın əsaslandırıcı hissəsinin 3-cü səhifəsinin 4-cü abzasında qeyd edilmişdir ki, iddia tələbi inzibati orqanın üzərinə müəyyən vəzifənin qoyulması ilə bağlı olduğundan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Hesab edir ki, məhkəmənin bu mövqeyi tamamilə əsassızdır. Belə ki, iddia tələbi ona və digər iddiaçıya məxsus ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlak üzərində yerləşən “B” literli, 18.4 m² sahəsi olan tikilinin ayrıca müstəqil daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınması məqsədilə texniki sənədlərin hazırlanması və təqdim olunması vəzifəsinin aidiyyəti qurumun üzərinə qoyulmasından ibarətdir. ##.##.2026-cı il tarixli qərardaddan sonra, ##.##.2026-cı il tarixdə elektron qaydada, ##.##.2026-cı il tarixdə isə məhkəmənin dəftərxanasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş və iş üzrə sənədlərin qəbul edilməsini xahiş edilmişdir. Həmçinin, məhkəmənin dəftərxanasına, ##.##.2026-cı il tarixdə məhkəmənin dəftərxanasına elektron qaydada göndərilmiş ərizəyə əlavə olaraq, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının ##.##.2016-cı il tarixli, *-*(***)-****/**** saylı qanuni qüvvəyə minmiş məhkəmə aktını da təqdim etmiş və həmin məhkəmə aktına istinad edərək bildirilmişdir ki, mübahisə üzrə tələb mülki hüquq münasibətlərindən irəli gəlir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarış inzibati akt hesab edilə bilməz. Çıxarış sənədi hüququn dövlət qeydiyyatına alındığını əks etdirən sənəddir. Çıxarış sənədi qəbul edilməsi arzu olunan və ya inzibati orqan tərəfindən müəyyən hüquqi nəticə yaratmaq məqsədi daşıyan inzibati akt deyildir. Çıxarışın inzibati akt hesab olunmaması həm yuxarı instansiya məhkəmələrinin, həm də məhkəmə plenumlarının tövsiyə xarakterli aktlarında öz təsdiqini tapmış və məhkəmələrə bu barədə müvafiq hüquqi mövqe bildirilmişdir. Qanunun qeyd olunan normasından göründüyü kimi, inzibati akt ümumi (publik) hüquq münasibətlərini tənzimləyən hakimiyyət tədbiri olmalıdır. Halbuki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış belə xarakter daşımır və dispozitiv məzmunlu hakimiyyət tədbiri hesab edilə bilməz. Çıxarış sənədi yalnız daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatına alındığını təsdiq edən və dövlət reyestrində olan məlumatların köçürülməsini əks etdirən rəsmi sənəddir. Çıxarışın inzibati akt deyil, hüququn dövlət qeydiyyatına alındığını təsdiq edən sənəd olması Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ##.##.2016-cı il tarixli, *-*(***)-****/**** saylı qanuni qüvvəyə minmiş qərardadında da öz əksini tapmışdır. Lakin birinci instansiya məhkəməsinin mövqeyindən görünür ki, təqdim etdiyi sənədlər məhkəmə tərəfindən nəzərə alınmamış, dəftərxana vasitəsilə təqdim edilməsinə baxmayaraq iş materiallarına əlavə olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2.2-ci və 2.2.3-cü maddələrinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli Qərarının 31-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) və s. inzibati orqan kimi müəyyən edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * saylı Qərarının: 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır; 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır; 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır; 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0 və 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi “B” (118,4 kv.m) literli tikiliyə dair ayrıca elektron çıxarış sənədinin tərtib (təqdim) edilməsi vəzifəsinin inzibati orqan olmaqla cavabdeh qismində müəyyən edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n üzərinə qoyulmasından ibarətdir. Bu qəbildən olan işlərin görülməsi (hərəkətlərin edilməsi) cavabdeh olan inzibati orqanın qərarı ilə həyata keçirildiyindən fiziki/hüquqi şəxslərin hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanların bununla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bununla da iddiaçının tələbi inzibati xarakterli olmaqla, inzibati orqana qarşı yönəlmişdir. Bu səbəbdən ərizəyə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində deyil, inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəmədə baxılmalıdır. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. İddiaçının istinad etdiyi və məzmun etibarı ilə payın ayrılmasını özündə ehtiva edən iddia tələbinin dəyidirilməsi barədə ərizə isə iddiaçı tərəfindən artıq hazırda mübahisələndirilən qərardad çıxarıldıqdan sonra verilmişdir. Bu da öz növbəsində onun icraata qəbul edilməsini və işə həmin tələb əsas götürülməklə baxılmasını istisna edir. Mövcud vəziyyətdə iddiaçılar iddia tələbinin dəyişdirilməsi barədə ərizə üzrə irəli sürülmüş “paylı mülkiyyətdə olan əşyadan payın ayrılması” tələbinə dair ayrıca iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsi ilə iddiaçıların iddiasını yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı iddiaçı2 şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153-cü, 263-264-cü, 397- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-2473/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2473/2026
23.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver