Məhkəmə qərarları › İş №2(3-6)-2645/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2645/2026

09.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2645/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı cavabdeh "xxxx" publik hüquqi şəxsinə qarşı iddiasına dair iş üzrə QƏTNAMƏ İş № *(3-6)-2645/2026 (Açar sözlər: torpaq sahəsinə sahiblik faktının tanınması; dövlət mülkiyyətində olan torpaq) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh "xxxx" publik hüquqi şəxsinə qarşı "torpaq sahəsinə sahiblik faktının tanınması" tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## ######## 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh "xxxx" publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə sahiblik faktının tanınması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin hüquq müəyyənedici sənədin itirildiyi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınması, mülkiyyətə çıxarış və texniki pasport verilməsi məqsədi ilə torpağa və üzərində mövcud olan fərdi yaşayış evinə məhkəmə tərəfindən sahiblik hüququ müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, torpaq sahəsinin ölçüsünün 0,0288 ha (=288 kv.m) kimi qəbul edilməsi, Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova 68A ünvanda yerləşən 288 kv.m torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə onun sahiblik hüququnun tanınması, Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinə * saylı Bakı Ərazi İdarəsinin üzərinə mülkiyyət hüququn tanınması öhdəliyi qoyulması, qətnamənin surətinin Daşınmaz Əmlakın Kadastr və Reyestr Xidmətinə göndərilməsi və torpaq sahəsi üzrə mülkiyyət hüququna çıxarışın verilməsi, həmçinin mövcud ev üçün texniki pasport sənədləşdirmə aparılması üçün əsas hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Ermənistan SSR Masis rayonundan qaçqın olaraq, **/* nömrəli ##.##.1989-cu il tarixli keçmiş Lenin Rayon İcraiyyə Komitəsinin sədrinin sərəncamı ilə anası və II qrup əlil qardaşları, o cümlədən bacısı Şəlalə Novruzova ilə birlikdə Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 9, mənzil 33 ünvanına daimi qeydiyyata alınmış və həmin İcraiyyə Komitəsinin sədrinin sərəncamı ilə ona, iki əlil qardaşlarına və bacısına, hər birinə 600 m² torpaq sahəsi ayrılmışdır. Lakin sərəncam (ilkin hüquq müəyyənedici sənəd) itirildiyindən İddiaçı və bacısı Şəlalə Novruzova mülkiyyətlərini sənədləşdirə bilməmiş və mülkiyyət hüquqları ilə bağlı rəsmi prosedurları hazırda həyata keçirə bilmirlər. Əlavə olaraq diqqətə çatdırılır ki, yaxın qonşuları torpaq sahələrinin yaşayış təyinatlı olması səbəbilə mülkiyyət hüquqlarını qeydiyyata alaraq mülkiyyətlə bağlı bütün hüquqi prosedurları həyata keçirə bilirlər. Bununla belə, o, illərdir fasiləsiz, açıq və maneəsiz şəkildə torpaqdan və daşınmaz əmlakdan istifadə edir, kommunal və digər ödənişləri həyata keçirir. Onun bu əmlakdan faktiki istifadəsi qonşular tərəfindən təsdiq olunur.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Leyla Məmmədbəyova 68A ünvanında yerləşən 288 kv.m torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin İddiaçı sahibliyində olması faktının müəyyən edilməsi, ödənilmiş 100 manat dövlüt rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 157.8, 158.2-ci maddəsinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66.1, 68, 93.1, 93.2, 111.1, 111.3-cü maddəsinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli * nömrəli Qərarının 7, 7.1, 7.2, 13-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəllənin 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı iddia etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova 68A ünvanında yerləşən 288 m² torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə sahiblik faktının müəyyən edilməsi üçün zəruri olan mötəbər və kifayət qədər sübutların mövcudluğu tam araşdırılmamışdır. İş materiallarında torpaq sahəsinin hüquqi statusunu, sərhədlərini və iddiaçının həmin əmlaka sahibliyinin davamlı, mübahisəsiz və hüquqi əsaslı olmasını təsdiq edən kifayət qədər sübutlar mövcud deyildir. Sahiblik faktının müəyyən olunması belə bu mülkiyyət hüququnu yaratmır. Həmçinin məhkəmə əmlak üzərində hüquqmüəyyənedici sənədlər olmadan yalnız istifadə, kommunal ödəniş sənədləri və şahid ifadələri əsasında sahiblik faktını müəyyən etdiyi üçün bu hal da maddi hüquq normalarının pozulmasıdır. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının ##.##.2025-ci il tarixli *-**-*F/*-****/**** nömrəli məktubundan görünür ki, keçmiş Lenin rayon XDS İK-nin (indiki Sabunçu rayon İH) arxiv fondu üzrə ##.##.1989- cu il tarixli **/* nömrəli qərarı Dövlət Arxivinin ünvan 1 ünvan üzrə X2, oğlu İddiaçı, qızı Novruzova Şəlalənin, oğlu Novruzov Rəşadın və oğlu Novruzov İrşadın daimi qeydiyyata alınması ilə bağlıdır. Lakin həmin qərarda vətəndaş İddiaçı torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, torpaq dövlət mülkiyyətindədir, iddiaçıya verilməsi mümkün deyil.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 35 ildir ki, həmin ərazidə yaşayırlar. İllərdir ki, bələdiyyəyə pul ödəyirlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

12. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.

13. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

14. Maddə 148.2. daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

15. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.

16. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

17. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

18. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

19. Maddə 166.3. Əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

20. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

21. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

22. Maddə 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativhüquqi aktlardan ibarətdir.

23. Maddə 2. Yerin təkindən, su obyektlərindən, meşədən, bitki və heyvanlar aləmindən, mədəni və təbii landşaftlardan, atmosfer havasından istifadə və onların mühafizəsi üzrə münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

24. Maddə 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

25. Maddə 47.4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

26. Maddə 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

27. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

28. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

29. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

30. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

31. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməməlidir.

40. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

41. Qeyd edilməlidir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq medafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, irsi, habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni məhdudiyyətləri) nəzərdə tutur.

42. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş materiallarında olan Lenin Rayon İcra Komitəsinin sədrinin **/* nömrəli ##.##.1989-cu il tarixli sərəncamına, o cümlədən yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, “Azəriqaz” İB-nin, “xxxx” ASC-nin və Sabunçu Rayon Sukanal İdarəsinin saldolarından, qonşuların aktına istinad etmiş, iddiaçının sərəncam üzrə ona verilmiş torpaqdan illər boyunca fasiləsiz istifadə etdiyi qənaətinə gəlmişdir.

43. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etsə də, öz tələblərinin əsası kimi istinad etdiyi halları, yəni mübahisəli torpaq sahəsinin hər hansı bir hüquqla ona məxsus olması, torpaq sahəsi üzərində hər hansı bir yolla hüququnun yaranması barədə mötəbər sübut təqdim etməmişdir. İddiaçı ona mübahisəli torpaq sahəsi üzərində hüquq verən sərəncamın mövcud olduğunu, lakin onu itirdiyini bildirmiş, birinci instansiya məhkəməsi isə bu arqumenti mübahisəsiz şəkildə qəbul etmişdir. Halbuki işə baxan məhkəmə ilk növbədə belə bir sərəncamın, həqiqətən, mövcud olduğunu, sadəcə müəyyən səbəblərdən itirildiyini müəyyən etməli olsa da, sadəcə iddiaçının mülahizəsi üzrə qərar qəbul etmişdir. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli * nömrəli Qərarının 7 və 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb alınmadığı aydınlaşdırılmalıdır.

44. Əvvəla, ilkin araşdırma nəticəsində belə görünür ki, iddiaçı tərəfindən istinad edilən sərəncam üzrə qeyd etdiyi ünvan ünvan 2östərilən, işdəki digər materiallarda əks olunan və məhkəmənin üzərində sahiblik hüquqlarının mövcudluğunu tanıdığı torpaq sahəsi isə Bakıxanov qəsəbəsi, L.Məmmədbəyova 68A ünvanında yerləşən 288 kv.m torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi olmuşdur ki, bunların heç biri üzərində hüquqları dövlət qeydiyyatına alınmamışdır. İşə baxan məhkəmə isə ilk baxışdan görünən bu ziddiyyəti araşdırmamış, mövcudluğu, ümumiyyətlə, şübhə doğuran və hazırki işlə bağlılığı müəyyən olunmamış sənədə istinad edərək əsassız qətnamə qəbul etmişdir.

45. Bu halda məhkəmənin işdəki digər dolayı sübutlara – komunal xidmətlərin göstərilməsi barədə müqavilələrə, şahid ifadələrinə və digər sənədlərə istinad etməsinin əhəmiyyəti yoxdur, belə ki, bu sənədlər şəxsin daşınmaz əmlak üzərində hüquqlarını təsdiq edən və qanunvericiliklə dairəsi müəyyən olunmuş əsasların mövcudluğu halında biri digərini tamamlayan dəlil kimi çıxış edə bilərdi. Hazırki halda isə sözügedən sənədlərlə ən başda istinad olunan sərəncam arasında ziddiyət mövcuddur.

46. Eyni zamanda qeyd edilməlidir ki, iş üzrə cavabdeh orqanın nümayəndəsi tərəfindən istinad olunan baza məlumatlarına əsasən, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətidir və torpaq qanunvericiliyinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

47. Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir.

48. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 38. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

49. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları araşdırmadan və qanunvericiliyin bu barədə tələblərini nəzərə almadan iddia tələbini təmin etmişdir.

50. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 30 ildən çox müddətə fasiləsiz formada mübahisəli torpaq sahəsinə sahiblik etməsinə də istinad edildiyi halda belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnun əldəetmə müddətini müəyyənləşdirən 178.6-cı maddəsinin hüquqi qüvvəsi 2000-ci il ########ın #-dən qüvvəyə minmişdir. Göründüyü kimi həmin əldə etmə müddəti göstərilən tarixdən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Belə olan halda iddiaçının iddia etdiyi həmin 30 illik müddətin tamamlanmamış olması onun həmin dəlilinin də əsassız hesab edilməsini şərtləndirir.

51. Kollegiya həmçinin vurğulayır ki, iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsinə dair 30 illik fasiləsiz sahiblik etməsinə dair hüququnun qeydə alınmasını həmin torpaq sahəsi dövlət mülkiyyətinə məxsus olduğundan müvafiq icra hakimiyyəti orqanına müraciət etməklə qeydiyyata alınmasını tələb edə, daha sonra müvafiq qaydada qeydiyyata alınmaqdan imtina olunacağı halda iddia tələbi irəli sürməklə inzibati icraat qaydasında mübahisələndirə bilər.

52. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi həm maddi, həm də prosessual normaların kobud pozuntusuna yol vermiş, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Buna görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməməlidir.

53. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

54. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

56. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar