Məhkəmə qərarları › İş №2(3-6)-283/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-283/2026

24.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-283/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ödənilməsi gecikdirilmiş məbləğə illik 5% dərəcəsi tətbiq edilməklə pul tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ödənilməsi gecikdirilmiş məbləğə illik 5% dərəcsi tətbiq edilməklə pul tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ödənilməsi gecikdirilmiş məbləğə illik 5% dərəcəsi tətbiq edilməklə pul tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməsi gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 32.830 ABŞ dollarının icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və dövlət rüsumunun əvəzi kimi 258 manatın tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən ödənilməsi gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 31.162,5 ABŞ dollarının icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və dövlət rüsumunun əvəzi kimi 258 manatın tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- ****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsinə əsasən, Cavabdeh 140,700 ABŞ dolları pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icraya yönəldilmiş, ##.##.2020-ci il tarixli icra vərəqəsi verilmişdir. Dövlət adından çıxarılan qətnaməni qəsdən icra etmədiyi üçün Göyçay Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmünə əsasən, cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin bundan sonra cavabdeh müxtəlif bəhanələrlə, müxtəlif yollardan istifadə edərək borcu ödəməkdən boyun qaçırmışdır. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Borcun qaytarılmalı olduğu tarixdən indiki vaxta qədər faiz dərəcəsi ilə hesablanmış məbləğ borcun ödənilməli olduğu tarixdən (aprel 2020-ci il) indiki vaxta qədər gecikdirilmiş məbləğə uyğun olaraq 32.830 ABŞ dolları (140700 : 100 x 5 = 7035 ABŞ dolları) (gecikdirilmiş müddət – 4 il 8 aya uyğun – 7035 ABŞ dolları x 4 il 8 ay = 32.830 ABŞ dolları) təşkil edir. Belə olan halda, aydın olur ki, 4 il 8 ay müddətinə gecikdirilmiş vaxt üçün ödənilməmiş 140.700 ABŞ dolları məbləğində borca görə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan illik beş faiz hesabı ilə 32.830 ABŞ dolları məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Beləliklə, iş üzrə təqdim edilmiş sübutlardan və qanunvericiliyin yuxarıda sadalanan normalarından belə aydın olur ki, 4 il 8 ay müddətinə gecikdirilmiş vaxt üçün ödənilməmiş 140.700 ABŞ dolları məbləğində borca görə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulan illik beş faiz hesabı ilə 32.830 ABŞ dolları məbləğində faiz borcu cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə ödənilməsi gecikdirilmiş məbləğə illik 5% dərəcəsi ilə hesablanmış 31.162,25 (otuz bir min yüz altmış iki ABŞ dolları iyirmi beş sent) ABŞ dolları məbləğində pul (icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə) və 248,93 (iki yüz qırx səkkiz manat doxsan üç qəpik) manat dövlət rüsumunun əvəzinin tutulması, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə iddiası əsaslı sayılmalıdır. Tutulmalı məbləğin hesablanması qaydası barədə məhkəmə qeyd edir ki, hesablanma borcun ödənilməli olduğu 2020-ci ilin aprel ayından borcdan 11.760 ABŞ dollarının qaytarıldığı ##.##.2021-ci il tarixə qədər 140.700 ABŞ dollarına uyğun, ##.##.2021ci il tarixindən sonra isə ödənilməmiş qalan 128.940 ABŞ dollarına uyğun olaraq aparılmalıdır. Belə olan halda, 2020-ci ilin aprel ayından ##.##.2021-ci il tarixə qədər faiz borcu gecikdirilmiş məbləğə uyğun olaraq 6448,75 ABŞ dolları (140.700:100x5=7035 ABŞ dolları, 7035:12=586,25 ABŞ dolları, 585,25x11 ay= 6448,75 ABŞ dolları), ##.##.2021-ci il tarixdən iddia ərizəsinin verildiyi ##.##.2025-ci il tarixə qədər 24.713,5 ABŞ dolları (128.940:100x5=6447 ABŞ dolları, 6447:12=537,25 ABŞ dolları, 537,25x46 ay= 24.713,5 ABŞ dolları), ümumilikdə isə, 31.162,25 ABŞ dolları təşkil edir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 445.2, 445.2.1, 445.2.2, 445.7, 448.1, 448.2, 448.3, 448.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

5. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

6. Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, mövcud iş üzrə faktiki hallar Konstitusiya Məhkəməsinin müəyyən etdiyi bu meyarlarla uyğun gəlmir. Belə ki, cavabdeh borclu müqavilə öhdəliyini bilərəkdən pozaraq kreditorun vəsaitindən faydalanmamış, gecikmə onun iqtisadi-sosial vəziyyətinin çətin olması və real maliyyə imkanının olmaması səbəbindən yaranmış, kreditor isə digər hüquqi əsaslardan çıxış edərək tələbinin təmin edilməsinə nail olmaq imkanına malik olmuşdur. Çünki hüquqlarını təmsil etdiyimiz Cavabdeh Bu halda borclunun əsassız faydalanması elementi mövcud olmadığından Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi üçün zəruri hüquqi şərt yaranmamışdır. Bu isə Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarında göstərilən hüquqi mövqenin – 445.7-ci maddənin məqsədinin yalnız borclunun əsassız faydalanmasının qarşısının alınmasına yönəlməsi – ilə birbaşa ziddiyyət təşkil edir. Beləliklə, birinci instansiya məhkəməsi borclunun faktiki maliyyə imkansızlığını və gecikmənin səbəblərini araşdırmadan, eləcə də kreditorun digər hüquqi tələb imkanlarının mövcudluğunu qiymətləndirmədən avtomatik olaraq qanuni faizi tətbiq etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

7. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

8. Göyçay Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 200.700 (iki yüz min yeddi yüz) ABŞ dolları pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə cavabdeh Cavabdeh və onun nümayəndəsi və vəkili vəkil2 İzafət oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilərək, Göyçay Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, 2(046)- ****/**** saylı qətnaməsi dəyişdirilmiş, həmin qətnamə ilə cavabdeh Cavabdeh alınıb iddiaçı İddiaçı verilməsi qət edilmiş borcun miqdarı 140.700 (bir yüz qırx min yeddi yüz) ABŞ dolları məbləğində müəyyən edilmiş, cavabdeh Cavabdeh 140.700 (bir yüz qırx min yeddi yüz) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə alınıb iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı icra sənədindən görünür ki, həmin qətnamə ##.##.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli, **/**** №-li ekspert rəyi ilə tədqiqatın nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cavabdeh Cavabdeh tutulmalı olan 140,700 ABŞ dolları pul vəsaitunin ##.##.2025-ci il tarixənədək gecikdirilmiş vaxt üçün gecikdirilmiş faiz məbləği 57.339.16 manat təşkil edir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

13. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin təmin edilən hissəsində ləğv olunması xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

14. Azərbaycan Respublikası Mülki Məcəllənin

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi barədə” ## #### 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

17. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir.

18. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh ödənilməsi gecikdirilmiş pul öhdəliyinə görə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz məbləğinin tutulmasını tələb etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək cavabdehdən 31.162,25 ABŞ dollarının icra olunduğu günə Azərbaycan manatı ilə olan məzənnəsi üzrə tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərək iddia tələbini həmin həddə qismən təmin etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya instansiya məhkəməsində iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyindən görünür ki, cavabdehdən tutulmalı olan 140.700 ABŞ dolları məbləğində pul vəsaitinin ## ###### 2025-ci il tarixinədək gecikdirilmiş icrasına görə hesablanmış faiz məbləği birinci instansiya məhkəməsinin təmin etdiyi məbləğdən artıq müəyyən edilmişdir (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli, **/**** №-li ekspert rəyinə əsasən cavabdeh Cavabdeh tutulmalı olan 140700 ABŞ dolları pul vəsaitunin ##.##.2025-ci il tarixənədək gecikdirilmiş vaxt üçün gecikdirilmiş faiz məbləği 57.339.16 manat (57339,16÷1,70≈33728,82 dollar )təşkil edir). Lakin məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmiş, qətnamədən yalnız cavabdeh şikayət etmişdir. Bu səbəbdən apellyasiya baxışı cavabdehin şikayətinin hüdudları daxilində aparılır və apellyasiya instansiyası məhkəməsinin iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırmaq, yaxud birinci instansiya məhkəməsi tərəfindən tutulmuş məbləği artırmaq səlahiyyəti yoxdur. Belə olan halda, ekspert rəyində faiz məbləğinin daha yüksək müəyyən edilməsi cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Əksinə, həmin rəy birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğin iddia tələbi həddində olduğunu göstərir. Birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmamış və iddiaçının tələb etdiyi məbləğ həddində qərar qəbul etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlillər də iş materialları ilə öz təsdiqini tapmır, həmin dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin yanlış olduğunu göstərən mötəbər və yol verilən sübutlarla təsdiqlənmir və qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hüquqi əsas yaratmır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, sübutlara düzgün hüquqi qiymət vermiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

20. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar