Məhkəmə qərarları › İş №2(3-6)-2863/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2863/2026

14.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2863/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı Ialchyn Khudaverdievin, cavabdehlər cavabdeh2 və cavabdeh1 iştirakı ilə, iddiaçı Ialchyn Khudaverdievin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Ialchyn Khudaverdiev və cavabdeh cavabdeh1 apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Satıcı cavabdeh1 ilə alıcı Ialchyn Khudaverdievin arasında notariat qaydasında ##.##.2025-ci il tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı-müqaviləsi bağlanıb. Müqaviləyə görə, satıcı Nəsimi rayonu, R.Rza küçəsi, ev 70-də yerləşən, sahəsi 31,70 kv.m təşkil edən ** nömrəli mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzilin qiyməti kimi 69.000 manat pulu satıcıya ödəməyi öhdəsinə götürüb. 2.Bundan başqa, üç tərəfin - cavabdeh2 (birinci tərəf), cavabdeh1 (ikinci tərəf) və Ialchyn Khudaverdievin (üçüncü tərəf) arasında ##.##.2025-ci il tarixli 3M-**** reyestr nömrəli “öhdəlik müqaviləsi” adlandırılan müqavilə bağlanıb. 3.“Öhdəlik müqaviləsi” adlandırılan müqavilənin 1-ci bəndinə görə, birinci tərəf bu müqavilə imzalandığı andan 3 ay müddətində Nəsimi rayonu, R.Rza küçəsi, ev 70-də yerləşən ** nömrəli mənzilin bölgü sxemini apararaq 45-48 kv.m-lik mənzilin çıxarışını almağı öhdəsinə götürür. 4.“Öhdəlik müqaviləsi” adlandırılan müqavilənin 2-ci bəndinə görə, müqavilənin 1ci bəndində göstərilən müddətdə həmin bənddə nəzərdə tutulan öhdəliyin həmin sahə üçün çıxarış verilməsi barədə 1-ci tərəf tərəfindən verilmiş iddia və ya xahişə rədd cavab verilərsə, 2-ci tərəf ##.##.2025-ci il tarixdə bağlanmış *Ə-*** nömrəli alqı-satqı müqaviləsi üzrə satmış olduğu ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilin alqı-satqı müqaviləsini 3-cü tərəfin 2ci tərəfin bu öhdəlikdə göstərilən ünvanına bildirişli məktubla və ya hazırkı öhdəlikdə göstərilmiş telefon nömrəsinə sms vasitəsilə və ya bu öhdəlikdə göstərilmiş elektron ünvanı vasitəsilə təqdim etdiyi ilkin tələbi əsasında bu tələbin verilməsindən bir ay müddətində ləğv edərək həmin alqı-satqı müqaviləsi əsasında ödəmiş olduğu 69.000 manat pul vəsaitini və rüsumları geri qaytarmağı öhdəsinə götürür. Poçt bildirişinin burada göstərilmiş ünvan üzrə yaşayış olmayacağı təqdirdə çatmamasına və ya burada göstərilmiş telefon nömrəsinin və ya elektron ünvanın ləğv edilməsi səbəbindən bu vəsaitlərlə ikinci şəxsin məlumatlandırılmasının mümkün olmayacağına görə məsuliyyət 2-ci şəxsin üzərinə düşür və bu hallar mövcud olarsa, bunlar ikinci şəxsi bu müqavilənin hazırkı bəndində göstərilmiş öhdəliyi bu bənddəki müddətdə icrasından azad etmir. 5.“Öhdəlik müqaviləsi” adlandırılan müqavilənin 3-cü bəndinə görə, bu müqavilənin 2-ci bəndində göstərilmiş öhdəlik bu bənddə göstərilmiş müddətdə 2-ci tərəf tərəfindən könüllü icra edilməyəcəyi təqdirdə, 2-ci şəxs həmin məbləği və əlavə olaraq 100.000 manat təzminat ödəməyi öhdəsinə götürür və 3-cü şəxsin bu barədə 2-ci şəxs barədə məhkəmə qarşısında iddia qaldırmaq hüququ yaranır. 6.“Öhdəlik müqaviləsi” adlandırılan müqavilənin 4-cü bəndinə görə, 1-ci şəxs bu öhdəlikdə göstərilmiş mənzil bölgüsünü apararaq 45-48 kv.m-lik mənzilə çıxarış aldıqdan sonra həmin mənzili 3-cü şəxsə 101.000 manata satmağı öhdəsinə götürür. 7.“Öhdəlik müqaviləsi” adlandırılan müqavilənin 5-ci bəndinə görə, tərəflər razılığa gəldilər ki, 1-ci şəxs bu müqavilənin 4-cü bəndində göstərilmiş öhdəliyi icra etməkdən hər hansı səbəbdən boyun qaçıracağı təqdirdə 2-ci şəxs bu müqavilənin 2-ci bəndində göstərilən mənzil barədə alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğləri həmin bənddə göstərilən şərtlər daxilində və müddətdə geri qaytarır, əlavə olaraq 1-ci və 2-ci şəxslər maddi və mənəvi zərər kimi 100.000 manat təzminat ödəməyi öhdələrinə götürürlər. Bu məbləğlərin ödənilməsi barədə öhdəliyin könüllü icra edilməməsi 3-cü şəxsə 1-ci və 2-ci şəxslər barədə iddia qaldıraraq həmin mənzil üzrə ödənilmiş məbləğləri və 100.000 manat təzminatı ödəməyi tələb etmək hüququ yaradır. 8.“Öhdəlik müqaviləsi” adlandırılan müqavilədə müəyyən edilmiş öhdəliklər cavabdehlər tərəfindən pozulub. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edib. Məhkəmə icraatı 9.Iddia ərizəsində tələb olunub ki, “öhdəlik müqaviləsi” adlandırılan müqavilə üzrə öhdəlik cavabdehlər tərəfindən pozulduğuna görə, göstərilən pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulsun: 1) ##.##.2025-ci il tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdeh cavabdeh1 ödənilmiş 69000 manat; 2) alqı-satqı və öhdəlik müqaviləsi üzrə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 437 manat; 3) təzminat kimi 100.000 manat; 4) kirayə xərci olaraq əldən çıxmış fayda kimi 1.200 manat; 5) iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 461 manat. 10.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilərək göstərilənlər qət olunub: 1) cavabdeh1 ilə Ialchyn Khudaverdievin arasında bağlanmış ##.##.2025-ci il tarixli 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsi ləğv edilmiş hesab edilsin; 2) 69.000 manat, habelə notariat xərcinin əvəzi kimi 322 manat, cəmi 69.322 manat cavabdehlərin birindən - cavabdeh1 iddiaçının xeyrinə tutulsun; 3) cərimə kimi 4.000 manat və əldən çıxmış faydanın əvəzi kimi 1.200 manat, cəmi 5.200 manat cavabdehlərin hər iksindən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Iddianın qalan hissəsi təmin edilməyib. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. 11.Iddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. 12.Cavabdeh cavabdeh1 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 13.Məhkəmə iclasında iştirak edən iddiaçı Ialchyn Khudaverdiev özünün apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. 14.Məhkəmə iclasında iştirak edən cavabdehlər cavabdeh2 və cavabdeh1 cavabddeh tərəfin apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Məhkəmənin mövqeyi 15.Işin faktiki halları birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edildiyindən, hazırkı qətnamə isə eyni faktiki hallara əsaslandığından onların təkrar qeyd edilməsinə zərurət yoxdur. 16.Birinci instansiya məhkəməsi ##.##.2025-ci il tarixli 4Ə-*** reyestr nömrəli alqısatqı müqaviləsinin ləğv edilmiş hesab edilməsini, həmin müqavilə üzrə ödənilmiş 69.000 manatın, habelə müqavilənin təsdiqi zamanı çəkilmiş notariat xərcinin əvəzi kimi 322 manatın, cəmi 69.322 manatın tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Bu nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421 və 425-ci maddələrinin göstərişlərinə uyğundur. Belə ki, cavabdeh tərəf ##.##.2025-ci il tarixli 3M-**** reyestr nömrəli “öhdəlik müqaviləsi” adlandırılan müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etməyib. Işin bu halı birinci intansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. “Öhdəlik müqaviləsi” adlandırılan müqavilənin şərtlərinə görə, belə halda alqısatqı müqaviləsi ləğv edilir, həmin müqavilə üzrə ödənilmiş pul geri qaytarılır, habelə müqavlənin bağlanması üçün çəkilmiş xərclərin əvəzi ödənilir. 17.Birinci instansiya məhkəməsi cərimə kimi 4.000 manat tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Bu nəticə Mülki Məcəllənin 425, 462 və 467-ci maddələrinin göstərişlərinə uyğundur. Belə ki, “öhdəlik müqaviləsi” adlandırılan müqavilədə həmin müqavilə ilə müəyyən edilmiş öhdəliyin icra edilməməsinə görə 100.000 manat təzminat ödənilməsi razılaşdırılıb. Müqavilədə “təzminat” yazılsa da, bu ifadə ilə dəbbə pulunun bir növü olan cərimə nəzərdə tutulub. Belə ki, təzminat – hər hansı bir şəxsin hüquqazidd hərəkəti və ya hərəkətsizliyi nəticəsində digər şəxsə vurulmuş maddi və ya mənəvi zərərin əvəzinin pulla və ya digər ekvivalent üsulla ödənilməsidir. Gələcəkdə vurula bilən zərərin həcmi əvvəlcədən müqavilə ilə müəyyən edilə bilməz. Zərərin qiymətləndirilməsi çətin olduqda, tərəflər müqavilədə öhdəliyin pozulmasına görə dəbbə pulu (cərimə və ya peniya) müəyyən edə bilər. Bu halda zərərçəkmiş tərəf zərərin dəqiq məbləğini sübut etmək məcburiyyətində qalmır, birbaşa müqavilədə göstərilən dəbbə pulunu tələb edir. 100.000 manat ödəmək öhdəliyinin yaranması üçün müqavilədə müəyyən edilmiş əsas təsdiq edir ki, o, hüquqi təbiətinə görə dəbbə pulunun bir növü olan cərimədir. Belə ki, “öhdəlik müqaviləsi” adlandırılan müqavilədən görünür ki, 100.000 manat ödəmək öhdəliyi o halda yaranır ki, həmin müqavilə ilə müəyyən edilmiş öhdəlik pozulmuş olsun. Mülki Məcəllənin 462.1-ci maddəsindən görünür ki, belə əsasla yaranan pul öhdəliyi dəbbə pulu (cərimə, penya) sayılır. Cərimənin müqavilədə “təzminat” adlandırılması onun hüquqi təbiətini dəyişmir. Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunub: “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır”. 100.000 manat cərimə tənasübsüz surətdə yüksək olduğundan onun məbləğinin azaldılaraq 4.000 manat müəyyən edilməsi işin hallarına uyğundur. 18.Birinci instansiya məhkəməsi əldən çıxmış faydanın əvəzi kimi 1.200 manat tutulması qət etməklə düzgün nəticəyə gəlib. Bu nəticə Mülki Məcəllənin 21-ci maddənin göstərişinə uyğundur. Belə ki, iddiaçı 1.200 manat pul tutulması barədə tələbi onunla əsaslandırıb ki, mənzil 2 ay müddətində ona təhvil verilməyib, əgər mənzil ona təhvil verilsəyidi onu aylıq 600 manat kirayə haqqı ödənilməsi şərtilə kirayəyə verib 2 ay üçün 1.200 manat gəlir əldə edə bilərdi. Iddiaçının istinad etdiyi hal sübut olunur. Belə ki, cavabdehlər alqı-satqı müqaviləsi üzrə ödənilmiş pulu iddiaçıya qaytarmamış və ya mənzili iddiaçıya təhvil verməmişlər. 19.Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də hər iki apellyasiya şikayəti rədd olunmaqla qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 20.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar