Məhkəmə qərarları › İş №2(3-6)-2875/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2875/2026

22.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2875/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Iddiaçının oğlu Rəşad Həsənov cavabdehin ##.##.2020-ci il tarixdə törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir.

2. Ucar Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-*/**** saylı hökmünə əsasən ##.##.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə cinayət işinə dair yolnəqliyyat hadisəsini törədən şəxs Cavabdeh CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- **/**** saylı qərarına əsasən Ucar Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-*/**** saylı hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırki iş üzrə iddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır.

3. «xxxx» IKF tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ** saylı arayışa əsasən qəbir üstü baş daşının hazırlanması firmanın məzar daşı ustası X1 verilmişdir. Həmin məzar daşının «Ukrayna mərməri qəbir daşı» hazırlanması üçün qara mərmər daş və zəhmət haqqı müqabilində 4.000 manat pul ödənilmişdir. Həmin yadigar baş daşı Lənkəran rayonu Aşağı Nüvədi kənd qəsəbə qəbristanlığında mərhumun qəbri üzərində qurulmuşdur.

4. X2 ##.##.2025-ci il tarixli arayışından görünür ki, X5 mərhum X5 müvafiq yas mərasimlərinin keçirilməsi üçün öz dükanından 4.200 manat dəyərində ərzaq vermişdir.

5. X11 ##.##.2025-ci il tarixli arayışından görünür ki, X5 mərhum X5 müvafiq yas mərasimlərinin keçirilməsi üçün öz dükanından 2.300 manat dəyərində ərzaq vermişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 23.380 manat, mənəvi zərərə görə 50.000 manat olmaqla, cəmi 73.380 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum oğlu evli olmaqla himayəsində iki azyaşlı uşaqları, evdar qadın olan arvadı, o, və arvadı (hər ikisi təqaüdçüdürlər) və özü olmaqla 6 nəfərdən ibarət ailə olmuşlar. Ailələrinin yeganə qazanc gətirəni olmaqla onların hamısının əsas qayğıkeşi olmuşdur. Oğlu, mərhum Rəşad Həsənov dövlət qurumunda işləməklə yüksək – 2.090 manat əmək haqqı almışdır. Oğlunun vəfat etdiyi günə qədər 37 yaşı olmuşdur. Oğlunun əmək pensiyası yaşına 28 il (yəni 336 ay) qalmışdır. Övladının sağ ikən 336 ay ərzində alacağı əmək haqqını nəzərə aldıqda ailələrinə cavabdehin cinayət əməli nəticəsində 700.000 manat həcmində ziyan dəymişdir. Oğlunun ölüm faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı ilə bağlı 50 dəfədən çox Lənkəran rayonu Aşağı Nüvədi kəndindən Bakı şəhərinə, o cümlədən DIN, Respublika Baş prokurorluğu, DIN Yol-nəqliyyat hadisələrinin istintaqı şöbəsində (Binəqədi rayonunun ərazisindədir) olmuş, bununla bağlı gedib-gəlməyinə 2.500 manat, cinayət işinin baxılmasından ötrü Ucar rayon Məhkəməsinə verildikdən sonra 30 dəfədən çox Ucar rayonuna gedib-gəlmiş, buna görə 4.400 manat, Şəki Apellyasiya Məhkəməsinə 6 dəfə getməyinə görə 480 manat, işlə bağlı verdiyi şikayət ərizələri və teleqramlara 3.500 manat (bundan 1.000,14 manatı ancaq qəbzlərə, qalan vəsaitləri şikayətlərin yazılmasına vermişdir) ümumilikdə 10.800 manat pul xərcləmişdir. Oğlunun hüzr mərasiminə isə 8.500 manat, onun baş daşına 4000 manat pul xərcləmişdir. Bu, 23380 manat təşkil edir. Oğlu, mərhum Rəşad Həsənovun baş vermiş yol nəqliyyat hadisəsi zamanı ölməsi ilə bağlı onlara – ailələrinə maddi ziyandan başqa itirilmiş gəlir və mənəvi ziyan da dəymişdir.

8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim V.V.Musayeva) iddia qismən təmin edilmiş, cavabdehdən vurulmuş maddi ziyana görə 5.000 manat, mənəvi zərərə görə isə 10.000 manat olmaqla, cəmi 15.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tələbin bir hissəsi – xüsusilə mərhumun başdaşı ilə bağlı çəkilmiş xərclər, habelə cinayət işinin istintaq və məhkəmə mərhələləri ilə əlaqədar olaraq iddiaçının müxtəlif rayonlara (Ucar, Şəki) gedibgəlməsi9. ilə bağlı yol-nəqliyyat xərcləri, həyat təcrübəsinə və işin hallarına uyğun olaraq müəyyən dərəcədə əsaslı və hüquqi baxımdan məqbul hesab edilə bilər. Iddiaçı, iddia tələbində cinayət işinə dair həm istintaq zamanı, həm də məhkəmə prosesləri gedən dövr ərzində gedib-qayıtmağına görə ümumilikdə 7.380 manat məbləğində yol xərci çəkdiyini iddia etsə də, bunu təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Lakin, buna baxmayaraq məhkəmə hesab etmişdir ki, qanunvericiliyə əsasən “hamıya məlum olan hallar sübuta yetirilməyə ehtiyac olmayan hallar” sırasına aiddir. Hazırkı iş üzrə iddiaçının 3 ildən artıq müddətdə müxtəlif məhkəmə instansiyalarında keçirilmiş iclaslarda iştirakı, o cümlədən cinayət işi ilə bağlı araşdırmalar zamanı fərqli bölgələrdə – Ucar və Şəki kimi rayonlarda məhkəmə və ya istintaq orqanlarına gedib-gəlməsi iş materiallarından birbaşa çıxmasa belə, təqdim olunan izahatlar, işin konteksti və ümumi məhkəmə təcrübəsi bu faktı real və mümkün hal kimi göstərir. Həmçinin, bu kimi hallarda yalnız xərc qəbzlərinin və ya bilet nümunələrinin təqdim olunmaması həmin faktın real baş verməsini təkzib etmir. Əksinə, məhkəmə praktikasında da birmənalı şəkildə qəbul edilir ki, hüquqi qiymət vermə zamanı faktın sübut olunması ilə yanaşı, onun məntiqi və sosial əsaslandırılması da nəzərə alınmalıdır. Iddiaçının bölgələrarası dəfələrlə səfərlər etməsi şəraitində nəqliyyat və digər zəruri xərclər qaçılmazdır və bu da məhkəmə tərəfindən hamıya məlum olan fakt kimi qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının yol xərcləri çəkməsi həyatın adi gedişinə, sosial məişət reallıqlarına və məhkəmə prosesinin təbiətinə uyğun olduğundan, həmin xərcin real çəkildiyi qənaətinə gəlinir və bu hissədə maddi ziyan tələbi əsaslı sayılır. Lakin, məhkəmə iddiaçının çəkdiyi yol xərcinin tələb edilən həddə yox, 1.000 manat həcmində qiymətləndirilməsini ağlabatan hesab etmişdir.

10. Mərhumun başdaşı ilə əlaqədar olaraq iddiaçı tərəfindən ümumilikdə 4.000 manat məbləğində xərc çəkildiyi sübuta yetirildiyindən məhkəmə həmin məbləğin əvəzi iddiaçıya ödənilməsi hissəsində iddianı təmin etmişdir.

11. Bununla yanaşı, məhkəmə maddi ziyan tələbinin digər hissəsi, yəni iddiaçının göstərdiyi digər xərclər hissəsində tələbi rədd edərkən həmin xərclərin (yas mərasimləri, poçt göndərişləri, teleqramlar və sair) məbləği və həmin xərclərin hüquqi məsuliyyət doğuran zərər kimi qiymətləndirilməsinin əsassız olması, teleqram qəbzləri və yas mərasimi üçün ərzaq xərclərinə dair təqdim olunmuş sənədlər əsasında iddia edilən zərərin dəqiq məbləğinin və hüquqi əsasının müəyyən olunması üçün kifayət qədər hüquqi qüvvəyə malik olmadığına, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmədiyinə əsaslanmışdır.

12. Mənəvi ziyanla bağlı hissəsinə münasibətdə isə məhkəmə mənəvi zərərin aşkar olduğuna əsaslanmış və mənəvi zərərin məbləğinin 10.000 manat məbləğində müəyyən olunmasını ağlabatan və ədalətli hesab etmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1108.1-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli, * saylı, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsi xahiş edilmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışları zamanı gediş-gəliş üçün 1.000 manat xərcləməsinə, ümumiyyətlə idtidai və məhkəmə istintaqına gediş-gəlişlərinə dair mülki iş üzrə sübut və dəlil təqdim etməyib. Iddiaçının cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışları zamanı gedibgəlməsi məcburi hal olmayıb. Iddiaçı tərəfindən «xxxx» IKF-in adından olan ##.##.2025-ci il tarixli ** saylı arayışda 4.000 manat pulun konkret olaraq iddiaçı İddiaçı tərəfindən ödənilməsi göstərilməmişdir, ödəniş qəbzi isə təqdim edilməmişdir. «xxxx» IKF adında şirkət ümumiyyətlə Vergi Ödəyicisi kimi qeydə alınmamışdır. Birinci instansiya məhkəməsi öz qətnaməsində bu sübuta ümumiyyətlə qiymət verməmişdir. Cinayət işi üzrə araşdırma dövründə İddiaçı, öz həmyerliləri və qohumlarının etibarından sui-istifadə edərək 106 nəfər Lənkəran rayonunun Nüvədi kənd sakinlərinin adından müxtəlif dövlət orqanlarına mərhum X5 guya Cavabdeh digərləri ilə birlikdə qəsdən öldürmələri məzmunlu saxta məzmunlu ərizələr imzaladaraq göndərmişdir ki(sonradan ərizədə adları göstərilən şəxslər cinayət işi üzrə ifadə verərək İddiaçı onları aldadaq etibardan sui istifadə etdiklərini təsdiqləmişlər), bu cür yalan, şər, böhtan xarakterli ərizələrin göndərilməsini təşkil edən şəxsin Vergi Ödəyicisi kimi qeydə alınmayan «xxxx» IKF şirkəti adından təqdim etdiyi arayış mötəbər sübut hesab edilə bilməz. Yol nəqliyyat hadisəsi nəticəsində ölməsi səbəbi ilə ##.##.2021-ci il tаrixdə «xxxx» sığоrtа şirkəti tərəfindən mərhumun ailə üzvlərinə ümumilikdə 268.968,62 manat birdəfəlik “kompensassiya” pulu ödənmişdir. Bundan əlavə, iş yerindən İddiaçı şəxsən özünə 4.000 manat, ##.##.2021-ci il tаrixdə 9.651 manat mərhum Rəşad Həsənovun bank kartına yüklənməklə, 5000 mаnаt isə icbаri sığоrtаdаn оlmаqlа ümumilikdə 287.619,61 manat pul vəsaiti verilmişdir. Ödənilən pul vəsaitinin ödənilməsinin məqsədi zərərçəkmiş şəxsin ailə üzvlərinin maddi itkilərinin kompensasiya olmuşdur. Bundan başqa, mərhum X5 ailəli və övladı olmuş, onlar ailəliklə Abşeron rayonu Xırdalan şəhəri Gənclər şəhərciyində yaşamışlar. Göründüyü kimi, iddiaçının ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Oğlunun avtoqəza nəticəsində həyatını itirməsi onun bu hüquqdan sui-istifadə edərək (hərfi yanaşaraq) əslində heç ona aid edilməyən sığorta ödənişi aldıqdan sonra, ibtidai istintaq və məhkəmə zamanı cavabdehə qarşı əsassız iddiaların irəli sürüldüyü halda mənəvi ziyanın ödənilməsini təkrar tələb etməsi, hüquqdan sui-istfadə edilməsi anlayışına gəlir və məhkəmə tərəfindən nəzərə alınmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsizərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

20. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

21. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.

22. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi Maddə 181.3. Maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.2. zərər çəkmiş şəxsin dəfninə çəkilən xərclər...

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia qismən təmin olunduğundan, qətnaməni isə yalnız cavabdeh mübahisələndirdiyindən qətnamənin əsaslığı yalnız iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Iş materialları ilə müəyyən edilir ki, iddiaçının oğlu Rəşad Həsənov cavabdehin ##.##.2020-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmiş, cavabdeh bununla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş və Ucar Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə məhkum edilmişdir.

28. Həmin hökmdən görünür ki, iddiaçı məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində iştirak edərək cavabdeh ilə barışmamış, sonuncuya qarşı mülki iddia irəli sürmüş, həmçinin hökmü apellyasiya qaydasında mübahisələndirmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin törətdiyi cinayət əməli nəticəsində oğlunun ölümü ilə bağlı iddiaçı mənəvi sarsıntı və iztirab keçirdiyinə görə cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

30. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, «xxxx» sığоrtа şirkəti tərəfindən mərhumun ailə üzvlərinə ümumilikdə 268.968,62 manat birdəfəlik “kompensassiya” pulunun ödənilməsi, iddiaçının oğlunun iş yerindən iddiaçının şəxsən özünə 4.000 manat, ##.##.2021-ci il tаrixdə 9.651 manat mərhum Rəşad Həsənovun bank kartına yüklənməsi iddiaçının və onun ailə üzvlərinin keçirdiyi mənəvi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına kömək etsə də, cavabdehin həmin ödənişlərdə hər hansı rolu olmamışdır.

31. Belə ki, istehsalatda bədbəxt hadisə nəticəsində sığorta olunan iddiaçının oğlunun ölümü ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsi, habelə şəgötürən və iş yoldaşları tərəfindən mərhumun ailəsinə maddi dəstək göstərilməsi cavabdehin məsuliyyətini aradan qaldıran hallar kimi qiymətləndirilə bilməz.

32. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 10.000 manat məbləğində dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə ədalətli qətnamə qəbul etmişdir.

33. Iddiaçı tərəfindən mərhumun başdaşı ilə bağlı 4.000 manat məbləğində çəkdiyi xərc «xxxx» IKF tərəfindən verilmiş arayış ilə təsdiq edilir. Kollegiya qeyd edir ki, həmin IKFnin vergi ödəyicisi qismində qeydə alınmaması cavabdeh tərəfindən iddiaçının oğlunun dəfni ilə bağlı faktiki çəkdiyi xərcin əvəzinin ödənilməsi öhdəliyini aradan qaldırmır. Iş materiallarında olan fotoşəkil ilə müəyyən edilir ki, mərhumun dəfn olunduğu yerdə başdaşı quraşdırılmışdır.

34. Iddiaçı cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışları zamanı müxtəlif regionlara gediş-gəliş üçün vəsait sərf etməsi ilə bağlı birbaşa sübutlar təqdim etməsə də, kollegiya nəzərə alır ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışları 3 ildən artıq davam etmiş, iddiaçı həmin araşdırmalarda zərəçəkmiş şəxsin hüquqi varisi qismində iştirak etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gediş-gəliş xərcini 1.000 manat məbləğində müəyyən etməsi işin hallarına uyğun olmuşdur.

35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

36. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar