Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-29/2026 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-8140/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1na qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 30.000 manat pulun və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5.000 manat məbləğində mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)- 8140/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış, iddiaçıya Cavabdeh2 rəsmi qeydə alındığı yer üzrə Ağcabədi Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8140/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasının əsası kimi iddia ərizəsinin aidiyyəti üzrə düzgün verilmədiyi, aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə verməli olduğu göstərilmişdir. Hesab edir ki, qərardad qanunla müəyyən edilmiş tələblərə və prosessual prinsiplərə zidd olaraq qəbul edilmiş, nəticə etibari ilə onun ədalətli məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Belə ki, hazırkı iş üzrə iki cavabdeh mövcuddur. Bunlardan biri fiziki şəxs – Cavabdeh2, digəri isə hüquqi şəxs qismində çıxış edən ünvan 1 ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36-dır. İddia ərizəsində hər iki cavabdehə qarşı müstəqil və əsaslandırılmış tələblər irəli sürülmüşdür. Məhkəmə isə qərardadında yalnız fiziki şəxs cavabdehin qeydiyyat ünvanına istinad edərək, ikinci cavabdeh – notariat orqanının hüquqi ünvanını və iş üzrə rolunu tamamilə nəzərə almamışdır. ünvan 3rşı irəli sürülmüş tələb formal xarakter daşımır. Notariat kontorunun xüsusi notariusu bilə-bilə həqiqətə uyğun olmayan borc və ipoteka müqavilələri təsdiq etmiş, bununla da qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Məhz bu qanunsuz hərəkətlər nəticəsində ona ciddi mənəvi zərər dəymişdir. Buna görə də ona dəymiş mənəvi zərərin yalnız fiziki şəxs cavabdehdən deyil, həmçinin, bu qanunsuz hərəkətləri həyata keçirmiş notariat ofisindən də tutulması tələbi irəli sürülmüşdür. Bu tələb faktiki hallara və hüquqi əsaslara söykənir. Məhkəmənin qərardadında Bakı şəhəri 11 saylı Notariat Ofisinin “formal cavabdeh” kimi qiymətləndirilməsi nə prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur, nə də məhkəmənin səlahiyyətlərinə daxildir. Məhkəmə işə mahiyyəti üzrə baxmadan, sübutları araşdırmadan və tələblərin hüquqi mahiyyətini qiymətləndirmədən belə bir nəticəyə gələ bilməz. Bu cür yanaşma məhkəmənin obyektivlik və qərəzsizlik prinsiplərinə ziddir. İddia ərizəsi ərazi aidiyyəti baxımından da düzgün verilmişdir. Bakı şəhəri 11 saylı Notariat ofisinin hüquqi ünvanı Binəqədi rayonu ərazisində yerləşir. Bir neçə cavabdeh olduqda iddia onlardan birinin olduğu yer üzrə verilə bilər. Bu səbəbdən iddianın Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilməsi tam qanunauyğun olmuş və bunun əksinə qərar qəbul edilməsi əsassızdır. Görünən odur ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını, iddia tələblərinin mahiyyətini və cavabdehlərin hüquqi statusunu lazımi qaydada araşdırmadan, heç bir əsas olmadan iddiaya baxmaqdan imtina etmişdir. Bu isə onun Konstitusiya ilə təmin edilən məhkəmə müdafiəsi hüququnun pozulması deməkdir. Bu səbəbdən qərardad ləğv edilərək, tərəfindən verilmiş iddia ərizəsi icraata qəbul edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-8140/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 36.2. rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər; 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası hazırki işin halları baxımından ilk növbədə vurğulayır ki, iddiaçı 30.000 manat pulun Cavabdeh2, 5.000 manat məbləğində mənəvi zərərin isə cavbadehlər Cavabdeh2 və Bakı şəhəri 11 saylı Notariat ofisindən müştərək qaydada tutulmasını tələb edir. Lakin birinci instansiya məhkəməsi Bakı şəhəri 11 saylı Notariat Ofisinin formal olaraq cavabdeh kimi göstərilməsi qənaətinə gəlmiş və Cavabdeh2 Ağcabədi rayonu üzrə qeydiyyatda olmasını əsas gətirərək, iddia ərizəsini geri qaytarmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış borc və ipoteka müqaviləsi məhz Bakı şəhəri 11 saylı Notariat ofisində təsdiq edilmişdir. İddiaçı başqa icraatda həmin müqavilələrin etibarsızlığını mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3181/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilərək, qeyd edilən müqavilələr etibarsız hesab edilmişdir. İddiaçı həmin qətnaməyə əsaslanaraq hazırki iddiasını irəli sürmüş və Cavabdeh2 qeyd edilən münasibətlər çərçivəsində əsassız varlanma nəticəsində əldə etdiyi 30.000 manat pulun tutulmasını tələb edir. Eyni zamanda, həmin notariat kontorunun xüsusi notariusunun bilə-bilə həqiqətə uyğun olmayan borc və ipoteka müqaviləsini təsdiq etdiyini, onun və Cavabdeh2 belə hərəkətləri nəticəsində ona mənəvi zərərin vurulduğunu iddia edir və məhz bu əsasla cavabdehlərdən müştərək qaydada mənəvi zərərin tutulmasını xahiş edir. Qeyd edilənlər Cavabdeh1 formal olaraq cavabdeh kimi müəyyən edilməsini istisna edir və ona qarşı real tələb irəli sürüldüyünü təsdiq edir. Bu da öz növbəsində MPM-in 36.2-ci maddəsinin tələbləri baxımından iddianın iddiaçının seçiminə əsasən cavabdehlərdən biri olan həmin Noratiat ofisinin hüquqi ünvanının olduğu yerə görə, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsini mümkün edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərazi aiddiyəti əsası ilə iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Hazırki iddia bu əsasla geri qaytarıla bilməz. Bu səbəbdən İddiaçı şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-8140/2025 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-8140/2025 saylı qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-29/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-29/2026
26.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver