Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2954/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Iddiaçı Iddiaçı iştirakı ilə, Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “təbii qaz xəttinin çəkilməsi və sayğacının quraşdırılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı Iddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Cavabdeh Istehsalat Birliyinə (bundan sonra, cavabdeh) qarşı “təbii qaz xəttinin çəkilməsi və sayğacının quraşdırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qaz xətti çəkilişinin və qaz sayğacı quraşdırılmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qanuni mülkiyyətçisidir. Sözügedən yaşayış evi ##.##.2025-ci il tarixli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir (Daşınmaz əmlakın reyestr nömrəsi: 30801314474-10301). Evi aldığı zaman həmin ünvanda qaz sayğacı və xətti mövcud olmamışdır. Iddiaçı qazdan istifadə etməyib və faktiki olaraq qaz təchizatı təmin edilməmişdir. Buna görə də, iddiaçı ##.##.2025-ci il tarixdə “ASAN Xidmət” vasitəsilə qaz xəttinin və qaz sayğacının quraşdırılması məqsədilə müvafiq qaydada müraciət etmiş, lakin cavabdeh tərəfindən ona ##.##.2026-cı il tarixli IMT-***/**-**** nömrəli imtina məktubu təqdim edilmişdir. Cavabdeh qurumun əməkdaşları tərəfindən baxış keçirilərək bildirilmişdir ki, guya əvvəlki dövrlərdə həmin ünvanda qaz sayğacı olmuş, lakin sonradan oğurlanmış, sistemdə isə 16528 manat borcun olması qeyd edilib. Halbuki, həmin borc iddiaçı tərəfindən yaradılmayıb, çünki o, həmin əmlakı yalnız ##.##.2025-ci il tarixdə əldə etmişdir. Borcun yaranması dövründə iddiaçı həmin evin sahibi olmamış və qazdan istifadə etməmişdir. Bundan əlavə, cavabdeh qurumun əməkdaşları tərəfindən dəfələrlə yerli baxış keçirilmiş, həmin ünvanda qaz sayğacının və qaz xəttinin olmadığı müəyyən edilmişdir. Buna baxmayaraq, cavabdeh qurum məsələni həll etməyərək müxtəlif bəhanələrlə prosesin uzadılmasına yol vermişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun kommunal xidmətlərdən istifadə etmək hüquqları pozulmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qətnaməsi ilə (hakim Vüqar Nağıyev) iddia təmin olunaraq, iddiaçı Iddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 156,4 kv.m olan fərdi yaşayış evi üzrə qazın alqı-satqı müqaviləsinin bağlanması və sayğacın quraşdırılması öhdəliyinin cavabdeh Cavabdeh Istehsalat Birliyinə həvalə olunması, həmçinin 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, cavabdehin qaz xəttinin çəkilməsini tələb etdiyi tikiliyə əvvəllər müvafiq xəttin çəkilməsi, abonent kodunun verilməsi, iddiaçının da iş üzrə müvəqqəti təminat tədbiri kimi verdiyi ərizəsində bu halı təsdiq etməsi, qeyd olunan abonent kodu üzrə ödənilməmiş borc məbləğinin olması, bu səbəbdən hazırkı iddianın əsassız olması və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Izahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o, daşınmaz əmlakın qanuni mülkiyyətçisidir, evi aldığı zaman əvvəlki mülkiyyətçi evin qaz və su xəttinin olmadığını bildirmiş, o buna etiraz etməmiş, alqı-satqı baş tutmuşdur. Evi aldıqdan sonra cavabdeh qruma müraciət etsə də, qaz xəttinin çəkilməsindən əsassız imtina olunmuşdur. Halbuki, eyni dövrdə onun müraciəti əsasında evə su xətti çəkilmişdir. Müvəqqəti təminat tədbiri barədə ərizəsində mübahisəli ünvanda qaz xəttinin oğurlanması barədə qeydləri yalnız cavabdeh qrumun əməkdaşlarının sözlərinə əsaslanaraq yazmışdır. O, ümumiyyətlə həmin evi aldığı gündən evdə qaz xətti və sayğıcı olmamışdır. Hazırda isə, ahıl şəxs olduğu, qarşıdan qış mövsumu gəldiyindən qısa müddətə qaz xəttinin çəkilməsinə ehtiyyacı vardır. Birinci instansiya məhkəməsində icraat zamanı müvafiq sorğu verilmiş, cavabdeh cavab məktubunda təsdiq etmişdir ki, onun mülkiyyətində olan fərdi yaşayış evi üzrə istehlakçı hesabı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə gəlməmiş tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ilkin olaraq qeyd edilməlidir ki, mübahisəli yaşayış sahəsinin (ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 156,4 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,03 ha torpaq sahəsi) ## ###### 2025-ci il tarixdən etibarən iddiaçının xüsusi mülkiyyətində olması işin mübahisə olunmayan hallarıdır. Iddiaçı ## ###### 2025-ci il tarixdə cavabdehə müraciət edərək mülkiyyətində olan həmin fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş etmiş, lakin cavabdehin ##.##.2026-cı il tarixli, IMT-******-**** nömrəli “Müraciətə baxılmanın nəticəsi haqqında” məktubu ilə bundan imtina edilmiş, əsas kimi - cavabdeh qurum tərəfindən aparılmış araşdırma nəticəsində ünvan 2 ünvanın əvvəllər qaz təchizatı ilə təmin olunduğu, həmin ünvanda G4 markalı, ******** saylı qaz sayğacının quraşdırıldığı göstərilmişdir. Bununla yanaşı, cavabdeh ##.##.2026-cı il tarixli, **-*-*-*/*-B-***-*/**** nömrəli “Müraciətə baxılması barədə” digər məktubunda, mübahisəli ünvan üzrə G-4 markalı, ******** nömrəli qaz sayğacının əvvəllər istismarda olmuş olduğu, həmin ünvana aid *************** saylı abonent kodunun mövcud olduğu və hazırda həmin abonent üzrə 16583,22 manat məbləğində borcun olduğu göstərmişdir. Işdə olan X2 adına olan *************** saylı abonent saldosundan görünür ki, ünvan 1 ünvanında Elster G-4T diafraqmalı, №******** saylı qaz sayğacı mövcud olmuş və həmin sayğac ##.##.2020-ci il tarixdə quraşdırılmışdır. Işdə olan birinci instansiya məhkəməsinin sorğusuna Cavabdeh Istehsalat Birliyinin ##.##.2026-cı il tarixli, **-*-*/*-****/**** nömrəli sorğuya məktubundan görünür ki, vətəndaş Iddiaçı mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi, M.Maqomayev küçəsində yerləşən 0,03 ha torpaq sahəsində 156,4 m2 sahədən ibarət ** saylı fərdi yaşayış evi üzrə X9 Informasiya Sistemində (AGIS) istehlakçı hesabı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 156,4 kv.m olan fərdi yaşayış evi ##.##.2025-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd olunan fərdi yaşayış evində qaz sayğacının möcud olması əsas ilə yeni qaz sayğacının qurşdırılmasına cavabdeh tərəfindən imtina olunsa da, sorğu əsasında müəyyən edilmişdir ki, hazırda iddiaçının mülkiyyətində olan həmin fərdi yaşayış evi üzrə X9 Informasiya Sistemində (AGIS) istehlakçı hesabı mövcud deyildir. Beləliklə aydın olur ki, mübahisə predmeti olan fərdi yaşayış evi təbii qaz xətti ilə təchiz olunmamış və həmin evə sayğac quraşdırılmamışdır. Nəticə olaraq məhkəmə qeyd etmişdir ki, hazırkı halda fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olmasına və onun abonent kimi qeydiyyata alınmamasına baxmayaraq, cavabdeh tərəfindən qaz xəttinin çəkilməsindən imtina olunması əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda da qeyd edildiyi kimi, işdə olan sübutlara əsasən - ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 156,4 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,03 ha torpaq sahəsi ## ###### 2025-ci il tarixdən etibarən iddiaçının xüsusi mülkiyyətindədir (iddiaçı həmin daşınmaz əmlakı ## ###### 2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir). Iddiaçı ## ###### 2025-ci il tarixdə cavabdehə müraciət edərək həmin fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina edərək, həmin evin (ünvanın) əvvəllər qaz təchizatı ilə təmin olunmasını və qaz sayğacının quraşdırılmasını, ünvan üzrə borcun olmasını və s. qeyd etmişdir. Eyni zamanda cavabdeh tərəfindən də aparılmış araşdırma (baxış) zamanı fərdi yaşayış evinin faktiki qaz xəttinin və sayğacının olmaması müəyyən edilmişdir (qeyd edilməlidir ki, müvafiq yaşayış sahəsinin su təchizatına və kanalizasiya şəbəkəsinə qoşulması da məhz ##.##.2025-ci il tarixli müqaviləyə əsasən həyata keçirilmişdir). Bunun davamı olaraq, cavabdeh birinci instansiya məhkəməsinin sorğusuna cavab məktubunda da qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi üzrə X9 Informasiya Sistemində (AGIS) istehlakçı hesabı mövcud deyildir. Belə olan halda, ünvanı dəqiq göstərilməyən (saldoda ünvan ümumi formada - ünvan 1 qeyd edilmişdir) saldoya əsasən iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin əvvəllər qaz xətti ilə təmin olunması barədə mövqeyi anlaşılmaz olmaqla əsaslandırılmamışdır. Bununla yanaşı, cavabdehin istinad etdiyi həmin saldoda və aktlarda abonent kimi adı keçən X2 mübahisəli yaşayış sahəsini iddiaçıya satan şəxs olmaması görünür (işdə olan alqısatqı müqaviləsinə əsasən satıcı X4 olmuşdur). Göründüyü kimi, iş üzrə müəyyən edilmiş faktiki vəziyyət cavabdehin imtina məktublarında göstərdiyi əsaslarla ziddiyyət təşkil edir. Cavabdeh mübahisəli ünvanın əvvəllər qaz təchizatı ilə təmin olunduğunu və həmin ünvanda G-4 markalı, ******** nömrəli qaz sayğacının quraşdırıldığını bildirsə də, aparılmış baxış zamanı iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində faktiki olaraq qaz xəttinin və qaz sayğacının olmadığı müəyyən edilmişdir. Eyni zamanda, həmin ev üzrə AGIS-də istehlakçı hesabının mövcud olmaması da cavabdehin öz rəsmi məlumatı ilə təsdiqlənmişdir. Bu halların məcmusu göstərir ki, cavabdeh iddiaçının müraciətinə baxarkən faktiki vəziyyəti və konkret daşınmaz əmlakın fərdiləşdirici məlumatlarını lazımi qaydada araşdırmadan, başqa şəxsin adına olan və mübahisəli əmlakla əlaqəsi sübuta yetirilməyən abonent məlumatlarını əsas götürməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı mübahisəli fərdi yaşayış evini qanuni əsasla əldə etmiş və onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Iddiaçının cavabdehin istinad etdiyi abonent hesabının yaranmasına, həmin hesab üzrə qaz istehlakına və 16583,22 manat məbləğində borcun formalaşmasına hər hansı aidiyyətinin olması iş materialları ilə müəyyən edilmir. Həmçinin, cavabdeh tərəf apellyasiya şikayətinin dəlili kimi iddiaçının müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə ərizəsində hazırkı mübahisəli ünvanda əvvəllər qaz xəttinin olmasını təsdiq etdiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı həmin dəlilə etiraz edərək cavabdeh qurumun əməkdaşlarının ünvana baxışı zamanı ona bildirdikləri əsasında ərizəsində sayğacın oğurlanmasını göstərə biləcəyini, faktiki olaraq isə yaşayış sahəsini əldə etdiyi zaman orada təbii qaz xəttinin olmamasını bildirmişdir. Həmçinin qeyd edilməlidir ki, cavabdehin istinad etdiyi abonent hesabının və həmin hesab üzrə borcun məhz mübahisəli fərdi yaşayış evinə aid olduğu, eləcə də həmin yaşayış evinin əvvəllər qazlaşdırıldığı şərti olaraq qəbul edilsə belə, bu hallar özlüyündə iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün hüquqi əsas yaratmır. Belə ki, qazdan istifadəyə görə yaranmış borc daşınmaz əmlakın özünə bağlı öhdəlik deyil, qazı istehlak etmiş və qaz təchizatı münasibətlərinin tərəfi olmuş konkret istehlakçının öhdəliyidir. Hazırkı halda isə iddiaçının həmin abonent hesabı üzrə istehlakçı olması, mübahisəli borcun yaranmasında iştirak etməsi və ya əvvəlki istehlakçının qaz təchizatı münasibətlərindən irəli gələn öhdəliklərini hər hansı hüquqi əsasla öz üzərinə götürməsi müəyyən edilməmişdir. Başqa sözlə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun sonradan başqa şəxsə keçməsi əvvəlki abonentin qaz istehlakından yaranmış şəxsi pul öhdəliyinin də avtomatik olaraq yeni mülkiyyətçiyə keçməsi nəticəsini doğurmur. Əks yanaşma əvvəlki istehlakçının özünün istifadə etdiyi qazın dəyərinin ödənilməsi üzrə öhdəliyinin, qanunda və ya müqavilədə nəzərdə tutulmayan əsasla, həmin münasibətdə iştirak etməmiş üçüncü şəxsin üzərinə qoyulması demək olardı. Odur ki, cavabdeh əvvəlki abonentin qaz istehlakından yaranmış borcun ödənilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada məhz həmin abonentdən tələb etmək hüququna malik olsa da, bu borcun mövcudluğunu yeni mülkiyyətçinin qaz təchizatına qoşulmasına maneə kimi istifadə edə bilməz. Beləliklə, cavabdehin mövqeyinin hər iki mümkün variantda əsassız olduğu nəticəsinə gəlinir: bir tərəfdən, iş materialları *************** saylı abonent hesabının və ******** nömrəli qaz sayğacının məhz iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə aid olduğunu mötəbər şəkildə təsdiq etmir; digər tərəfdən isə, belə aidiyyətin mövcudluğu şərti olaraq qəbul edilsə belə, əvvəlki abonentin qaz istehlakından yaranmış borc iddiaçının öhdəliyi hesab edilə və faktiki qaz xəttinin və qaz sayğacının mövcud olmadığı vəziyyətdə onun mülkiyyətində olan yaşayış evinin qazla təchiz edilməsindən imtina oluna bilməz. Hər bir halda faktiki vəziyyət onu göstərir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi qazla təmin olunmur, cavabdeh bu sahədə təbii inhisar subyekt kimi iddiaçı ilə müqavilə bağlayaraq qazlaşdırmanı həyata keçirməkdən əsassız olaraq imtina edir. Halbuki, Rəqabət Məcəlləsinin 36.1 və 36.1.2-ci maddəsinə əsasən, təbii qazın boru kəmərləri ilə nəqli (Azərbaycan Respublikası ərazisindən tranzit nəqli və Azərbaycan Respublikasının hüdudlarından kənara ixracı istisna olmaqla), saxlanması, paylanması və (və ya) təchizatı xidmətləri təbii inhisar fəaliyyəti sahələrinə aiddir. Həmin Məcəllənin 40.5.7, 40.5.8, 40.5.9 və 40.5.11-ci maddələrinin tələblərinə əsasən, müştərinin mənafeyinə mənfi təsir göstərə bilən və ya təbii inhisar vəziyyətindən sərbəst rəqabət vəziyyətinə iqtisadi cəhətdən əsaslandırılmış keçidə mane olan hərəkətlərə yol vermək; müştərilərə münasibətdə rəqabət qanunvericiliyinə və müvafiq təbii inhisar sahəsini tənzimləyən normativ hüquqi aktlara uyğun olmayan aktlar qəbul etmək və onları tətbiq etmək; təbii inhisar fəaliyyətinin nəticəsi olan məhsulu satmaq imkanına malik olduqda müştərilərlə belə məhsulun satışına dair müqavilə bağlamaqdan əsassız olaraq imtina etmək; məhsulların istehsalı (satışı), habelə təbii inhisar subyektinin şəbəkələrinə qoşulma və ya əldə edilən məhsulun həcminin artırılması ilə əlaqədar müştərilərə münasibətdə normativ hüquqi aktlarda nəzərdə tutulmayan fərqli qaydalar müəyyən etmək və onların icrasını tələb etmək təbii inhisar subyektlərinə qadağan edilir. Göründüyü kimi, cavabdehin imtinası Rəqabət Məcəlləsinin təbii inhisar subyektlərinin fəaliyyətinə dair müəyyən etdiyi tələblərlə də uzlaşmır. Belə ki, Məcəllənin 40.5.7–40.5.9 və 40.5.11-ci maddələrinin məzmunundan irəli gəlir ki, təbii inhisar subyekti müştərinin mənafeyinə mənfi təsir göstərən hərəkətlərə yol verməməli, müvafiq sahəni tənzimləyən normativ hüquqi aktlara uyğun olmayan qaydalar tətbiq etməməli, məhsulu təqdim etmək imkanına malik olduğu halda müştəri ilə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə məhsulun satışı və şəbəkəyə qoşulma ilə əlaqədar normativ hüquqi aktlarda nəzərdə tutulmayan fərqli qaydalar müəyyən edərək onların icrasını tələb etməməlidir. Əks yanaşma Rəqabət Məcəlləsinin qeyd olunan normalarının təbii inhisar subyektinin müştəri qarşısında davranışına qoyduğu tələblərə uyğun hesab edilə bilməz. Iddiaçının müraciət etdiyi zaman (##.##.2025-ci il) qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanununun 13.1-ci maddəsinə əsasən, energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 8-ci maddəsinə əsasən, bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. Icraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydalarının 1.4-cü bəndinə əsasən, hər bir sifarişçinin (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1-ci hissəsi nəzərə alınmaqla) bu Qaydanın tələblərinə uyğun olaraq qazpaylayıcı şəbəkəyə qoşulma hüququ vardır. Qeyd olunmalıdır ki, əhalinin qazlaşdırılmasının məqsədi – ölkə əhalisinin təbii qazla dayanıqlı, təhlükəsiz və fasiləsiz təmin olunmasını həyata keçirməklə, yaşayış şəraitinin yaxşılaşdırılması, sosial rifahın yüksəldilməsi, enerji resurslarından səmərəli istifadə olunması və ekoloji tarazlığın qorunmasını təmin etməkdir. Məhz bu istiqamətdə cavabdeh ölkə ərazisində əhalinin təbii qazla fasiləsiz, təhlükəsiz və keyfiyyətli təminatını həyata keçirən səlahiyyətli qurumdur. Cavabdeh yaşayış məntəqələrinin qazlaşdırılması, qazpaylayıcı şəbəkələrin qurulması və istismarı, texniki təhlükəsizlik tədbirlərinin görülməsi, abonent uçotunun aparılması və istehlakçı hüquqlarının qorunması sahəsində dövlət siyasətinin icrasını təmin edir. Bu səbəbdən də, qazlaşdırmadan imtina yalnız obyektiv, qanuni və əsaslandırılmış olmalıdır. Halbuki, mübahisəli yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və onun əmlakından sərbəst və maneəsiz istifədə hüququ özündə həmçinin müvafiq kommunal xidmətlə təmin olunmasını ehtiva edir. Əks hal, əmlak mülkiyyətçilərinin hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb ola bilər. Halbuki, mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini Italiyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Marks Belçikaya qarşı» işdə Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Göründüyü kimi, cavabdehin qanuni əsası olmayan imtinası iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə də əsassız müdaxilə yaradır. Belə ki, mülkiyyət hüququ yalnız əmlaka formal olaraq sahib olmaq hüququ ilə məhdudlaşmır, mülkiyyətçinin əmlakdan onun təyinatına uyğun sərbəst və maneəsiz istifadə etmək imkanını da ehtiva edir. Iddiaçı qanuni əsaslarla əldə etdiyi və xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən yaşayış sahəsi kimi normal istifadə etmək, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə əməl etməklə onu kommunal xidmətlərlə, o cümlədən qaz təchizatı ilə təmin etmək hüququna malikdir. Belə məhdudiyyətin qanunda nəzərdə tutulmuş konkret hüquqi əsası müəyyən edilmədiyindən, o əsaslı və hüquqa uyğun hesab edilə bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı “təbii qaz xəttinin çəkilməsi və sayğacının quraşdırılması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-2954/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2954/2026
25.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver