Məhkəmə qərarları › İş №2(3-6)-3/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3/2026

16.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-3/2026 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə iş üzrə (açar sözlər məhkəmə xərclərinin bölünməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Akif oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə paylı mülkiyyət hüququnun ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-2208/2025 nömrəli əlavə qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməklə paylı mülkiyyət hüququnun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh 1/8 paylı mülkiyyət hüququna xitam verilməsi, cavabdehə payına uyğun olaraq müəyyən ediləcək bazar dəyərində kompensasiya ödənilməsi, həmin pay üzərində mülkiyyət hüququnun iddiaçıya məxsus edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)-2208/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 14.725,0 (on dörd min yeddi yüz iyirmi beş) manat məbləğində kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən mənzilin 1/8 hissəsində mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir. İddiaçı əlavə qətnamə çıxarılması barədə ərizə ilə müraciət edərək, məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tam təmin edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində təsdiq olunmuşdur ki, 500 (beş yüz) manat məbləğində ekspertiza xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında mövcud olan 100 (yüz) manat məbləğində dövlət rüsumu qəbzi ilə birlikdə məhkəmə xərclərinin cəmi 600 (altı yüz) manat təşkil etməsi faktdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinin (məhkəmə xərclərinin tərəflər arasında paylanması) tələbinə əsasən, iddia tam təmin edildiyi üçün, çəkilmiş bütün məhkəmə xərcləri mütləq şəkildə cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin tələblərinə görə, məhkəmə qətnamə ilə birgə məhkəmə xərcləri məsələsini də həll etməlidir. Lakin çıxarılmış qətnamədə bu xərclərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi məsələsi həll edilməmişdir. Bu səbəbdən, çəkdiyi 600 (altı yüz) manat məbləğində məhkəmə xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizənin rədd edilməsini xahiş etmiş və bu barədə yazdığı ərizəsini məhkəməyə təqdim etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)-2208/2025 saylı əlavə qətnaməsi ilə ərizənin qismən təmin edilməsi, Cavabdeh ekspertiza tədqiqatının dəyərinin yarısı - 250,0 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun yarısı - 50,0 manat məbləğində pul olmaqla, cəmi 300,0 (üç yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsi və mülki iş materialları araşdırılan zaman iddiaçının ərizəsində göstərdiyi kimi əlavə qətnamə çıxarılması üçün əsaslar müəyyən edilmişdir. Belə ki, İddiaçı Cavabdeh qarşı «kompensasiya ödənilməklə paylı mülkiyyət hüququnun ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildə Cavabdeh 1/8 paylı mülkiyyət hüququna xitam verilməsi, cavabdehə payına uyğun olaraq müəyyən ediləcək bazar dəyərində kompensasiya ödənilməsi, həmin pay üzərində mülkiyyət hüququnun iddiaçıya məxsus edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)-2208/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 14.725,0 (on dörd min yeddi yüz iyirmi beş) manat məbləğində kompensasiya ödənilməklə, ünvan 1 ünvanında yerləşən mənzilin 1/8 hissəsində mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)-2208/2025 saylı qətnaməsində məhəmə xərclərinin tutulmasına dair dəlillərinə qiymət verilməmişdir. Məhkəmə qeyd etmişdir ki, ərizə təmin edilməli, məhkəmə xərcləri tərəflər arasında bölünməli və ekspertiza tədqiqatının dəyəri artıq iddiaçı tərəfindən ödənilmiş olduğundan, onun dəyərinin yarısı yəni 250,0 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun yarısı yəni 50,0 manat məbləğində pul olmaqla, cəmi 300,0 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107 və 229-cu maddərinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)- 2208/2025 saylı əlavə qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, ərizənin təmin edilərək 100 AZN dövlət rüsumu (tam həcmdə), 500 AZN ekspertiza xərci (tam həcmdə), 30 AZN apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu olmaqla cəmi 630 (altı yüz otuz) manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdehə qarşı "kompensasiya ödənilməklə paylı mülkiyyət hüququnun ləğv edilməsi" tələbi tam təmin edilmişdir. Lakin həmin qətnamədə məhkəmə xərclərinin tutulması məsələsinə qiymət verilməmişdir. Bununla əlaqədar tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 229.1.3-cü maddəsinə əsasən əlavə qətnamə çıxarılması barədə ərizə verilmişdir. Məhkəmə xx.xx.2025-ci il tarixli əlavə qətnamə ilə ərizəni qismən təmin edərək, cəmi 600 AZN (100 AZN dövlət rüsumu + 500 AZN ekspertiza xərci) məhkəmə xərcinin yalnız yarısının — 300 AZN məbləğində vəsaitin cavabdehdən tutulmasına qərar vermişdir. Hesab edir ki, əlavə qətnamənin "ərizənin qalan hissədə təmin edilməməsi" hissəsi MPMin 119.1-ci maddəsinin, habelə maddi və prosessual hüquq normalarının pozulması səbəbindən qanunsuzdur və ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia tələbi əsas qətnamə ilə tam (100%) təmin edilib, MPM 119.1-ə görə, iddia tam təmin edildikdə bütün məhkəmə xərcləri (600 AZN + 30 AZN rüsum) mütənasib olaraq 100% uduzan tərəfdən (cavabdehdən) tutulmalıdır. Birinci instansiya məhkəməsi xərclərin yalnız yarısını (300 AZN) tutmaqla qanunu yanlış tətbiq etmişdir. Bu, Ali Məhkəmənin 2019-cu il, № 3 Bülletenində qeyd olunan, xərclərin aid edilməsində əsas meyarın tələbin haqlı olub-olmaması barədə məhkəmənin gəldiyi nəticə olması haqqında mövqeyinə ziddir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli əlavə qətnaməsinin “ərizənin təmin edilməməsi” hissəsinin dəyişdirilərək məhkəmə xərclərinin qalan 300 (üç yüz) manat hissəsinin, apellyasiya şikayəti üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair yeni qərar qəbul edilməsinini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayıb izahatında birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı olduğunu bildirib şikayətin təmin edilməməsini xahiş etdiyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; 108.1.7. apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə; 108.3. Dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 229.1. İş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Maddə 229.2. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə o zaman baxıla bilər ki, bu Məcəllənin 229.1-ci maddəsində nəzərdə tutulmuş hallar qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək aşkar olunsun. Əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə ərizə qətnamə və ya qərardad qanuni qüvvəyə minənədək məhkəməyə təqdim edilir. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi işə baxmağa mane olmur. Əlavə qətnamə və ya əlavə qərardad ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində qəbul olunur. Əlavə qətnamə və ya əlavə qərardadın çıxarılması qətnamə və ya qərardadın qanuni qüvvəyə minməsini təxirə salmır. Maddə 229.3. Əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə ərizə qismən təmin olunduğundan, iddiaçı tərəfindən əlavə qətnamə ərizənin təmin edilməyən hissəsində mübahisələndirildiyindən əlavə qətnamənin əsaslılığı ərizənin təmin edilməyən hissəsində yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməlidir. Kollegiya ilk növbədə qeyd edir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, hazırkı mülki iş üzrə məhkəmə xərclərinə iddiaçının elektron ödəniş sistemi vasitəsilə ödədiyi 100 manat dövlət rüsumu və iş üzrə Premium Qiymətləndirmə MMC-in apardığı qiymətləndirmənin dəyərinə görə iddiaçı tərəfindən ödənilmiş 500 manat daxil olmaqla bu xərcin məbləği cəmi 600 manat təşkil edir. Hazırkı mülki işdən eyni zamanda müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi tam həcmdə təmin edilmiş, birinci instansiya məhkəməsi öz qətnaməsində məhkəmə xərcləri haqqında məsələni həll etmədiyindən iddiaçının müraciəti əsasında əlavə qətnamə qəbul edilmiş, məhkəmə xərcləri bərabər hissələrdə tərəflərə aid edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılıq yoxdur. Məhkəmə kollegiyası tədiqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, hazırkı mülki iş üzrə iddia tələblərini tam təmin edən birinci instansiya məhkəməsi iş üzrə məhkəmə xərclərini bərabər hissələrdə tərəflərə aid edərkən düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti təmin edilərək əlavə qətnamə məhkəmə xərclərinin iddiaçıya aid edilən hissədə dəyişdirilərək məhkəmə xərcləri tam həcmdə cavabdehə aid edilməlidir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı işdə isə qeyd edildiyi kimi iddia tələbi tam həcmdə təmin edilmişdir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı X1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(003)-2208/2025 saylı əlavə qətnaməsi dəyişdirilərək ödənilmiş dövlət rüsumuna görə 100 manat, iş üzrə keçirilən qiymətləndirmənin dəyərinə görə 500 manat olmaqla cəmi 600 manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. Apellyasiya şikayətinə görə apellyator tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar